Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1374/2024 12.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh4, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma, evin tam olaraq boşaldılması və sökülməsi, daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma, evin tam olaraq boşaldılması və sökülməsi, daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 ünvan 1 ünvanda yerləşən mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanda yerləşən mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 25 kv.metr ümumi sahəsi olan tam təmirli, bütün sayğaclarla təchiz edilmiş mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, həmçinin İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay 350 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh2 ünvan 1 ünvanda yerləşən mənzilinin üzərində mülkiyyət hüququna xitam verilməsi; cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmaları, həmin evin tam olaraq boşaldılması və sökülməsi; sökülmüş mənzilin əvəzində İddiaçı MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 6 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,50 kv.m olan 1 ədəd 3 otaqlı yeni, tam təmirli, bütün sayğaclarla təchiz edilmiş mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi; mənzil İddiaçı MMC tərəfindən Cavabdeh2 təhvil verilənədək İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay 550 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 150 saylı sərəncamı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnsitutunun rəyi nəzərə alınaraq, Bakı şəhəri Yasamal rayonu 623 saylı məhəllə, Z.Əhmədbəyov, M.Naxçıvani, F.İbrahimov küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikilillərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının qeyri-yaşayış sahələrinin tikitisi məqsədilə həmin tikililərin yerləşdiyi 0,9746 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla, həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 350- 550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 220-yə yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, Bakı şəhəri Yasamal rayonu M.Naxçıvani küçəsi 30 ünvandakı daşınmaz əmlakın ümumi sahəsi 18 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh2 ilə iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Ekspertizanın xx.xx.2024-cü il tarixli rəyinə əsasən cavabdehlərin yaşadığı evin faktiki sahəsi 86,10 kv.m olduğu müəyyən edilmişdir. Bu səbəbdən cavabdehə Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 6 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,50 kv.m olan 1 ədəd 3 otaqlı yeni, tam təmirli, bütün sayğaclarla təchiz edilmiş mənzil təklif edilir. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətimizlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinin hüquqdan sui-istifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 24 iyun 2021-ci il tarixli 150 saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi, sərəncamın icra edilməsi iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Mübahisəni sülh yolu ilə həll etmək üçün iddiaçı cavabdehə yaşadığı evin faktiki ümumi sahəsinə uyğun olaraq yaşayış sahəsi verməyi, yəni yeni tikilən binada tam təmirli mənzil verməyi, mənzilə köçənə kimi kirayə haqqını ödəməyi və ya evin faktiki ölçüsünə uyğun olaraq hər kv.m üçün 2.000 manat kompensasiya ödəməyi təklif edir. Əgər cavabdeh bu təklifi qəbul edərsə, mübahisəni sülh yolu ilə həll etmək mümkündür. Lakin cavabdehlər sülh yolu ilə mübahisəni həll etmək istəmirlər. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, ailə üzvləri olan digər cavabdehlərlə birlikdə qardaşı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu M.Naxçıvani küçəsindəki 30 nömrəli fərdi yaşayış evində yaşayır. Orada əlavə tikinti işləri apararaq ailə üzvləri ilə özlərinə yaşamağa şərait yaratmışlar. Evin sökülməsinə yalnız o halda razılıq verirlər ki, iddiaçı onlara yeni mənzil almaq üçün əvvəlcədən ədalətli kompensasiya ödəsin. Çünki, evləri söküldüyü və iddiaçı binanı hər hansı bir səbəbdən tikib təhvil verə bilməyəcəyi təqdirdə onların mənzilsiz qalmaq ehtimalı yüksəkdir. Bu səbəbdən yaşadıqları evin sökülməsinə razı deyildir. Həmçinin evinin ölçülərinin və evin qəzalı vəziyyətdə olub-olmamasını dəqiqləşdirilməsinə ehtiyac var. Belə ki, çıxarışda fərdi yaşayış evinin sahəsi 18 kv.m olan 1 otaqlı olduğu göstərilsə də, sonradan əlavə tikililər hesabına fərdi yaşayış evi 2 otağa düzəldilmişdir. İddiaçının təklif etdiyi hər kv.m üçün 2.000 manat kompensasiya ödənilməsinə razı deyillər. Onlara 400.000 manat ödənilərsə evdən çıxmağa razı olarlar. İddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı MMC-nin hərəkətləri qanunsuz hesab edilməli və tikintinin dayandırılmalıdır. Cavabdeh2 MTK-lara inamı yoxdur. Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli ÖM 024899 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanda sahəsi 18,0 kv.m olan 1 otaqlı mənzil Cavabdeh2 adına xx.xx.2000-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Cavabdeh2 özünə məxsus evin sahəsini əlavə tikililər aparmaqla genişləndirmiş və iki otaqlı mənzilə çevirmişdir. Cavabdeh evin sökülməsinə bu şərtlə razılıq verir ki, evin yerləşdiyi ərazidəki qiymətlərə uyğun olaraq əvvəlcədən ədalətli kompensasiya ödənilsin. İddiaçının təklif etdiyi hər kv.m üçün 2.000 manat kompensasiya ödənilməsi ilə bağlı Cavabdeh2 razı deyildir. Qeyd edir ki, İddiaçı MMC-yə torpaq sahəsi ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 150 saylı sərəncamı olsa da, Tikintilərin dövlət reyestrində İddiaçı MMC-nin tikinti aparmasına icazə verilməsinə dair məlumat yoxdur. İddiaçı MMC hazırda qanunsuz olaraq tikinti işləri aparır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərməklə məlumat versə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 150 saylı sərəncamı ilə İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 079/21 nömrəli müraciətini və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli razılıq məktubu nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələləri rəhbər tutularaq, Bakı şəhəri Yasamal rayonu 623 saylı məhəllə Z.Əhmədbəyov, Naxçıvani və F.İbrahimov küçələrinin əhatəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndərililməsinə icarə verilməsi haqqında "xxxx" MMC-yə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 274 nömrəli sərəncam və aparılmış müvafiq sənədləşmə işləri eyni məqsədlər üçün İddiaçı MMC-nin adına rəsmiləşdirilmişdir. Sifarişçiyə tapşırılmışdır ki, sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasım təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinın 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər icra Hakimiyyəti nəzdində “İnterservis” Müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını və aparılması nəzərdə tutulan tikinti işləri ilə bağlı bu sərəncamdan irəli gələn sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını təmin etsin. xx.xx.2023-cü il tarixli 1762 nömrəli torpağın icarəyə verilməsi haqqında müqavilə ilə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 150 saylı sərəncamına və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2- 2022-4299 nömrəli cizgisinə əsasən Bakı şəhəri Yasamal rayonu 623 saylı məhəllə, Z.Əhmədbəyov, M.Naxçıvani və F.İbrahimov küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,9746 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-yə 49 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin icarə haqqı xx.xx.2023-cü il tarixdən hesablanır və icarəçi hər il 52.909 manat icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli ÖM 024899 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanda sahəsi 18,0 kv.m olan 1 otaqlı mənzil Cavabdeh2 adına xx.xx.2000-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Təqdim olunmuş arayışlardan müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/2134-9/2112 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri Yasamal rayonu M.Naxçıvani küçəsi 30 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehlərin faktiki istifadəsində olan hissəsinin faktiki sahəsinin (içdən-içə) 86,1 kv.m (daxili arakəsmələr və xarici divarlar nəzərə alınmadan) təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyı Nəzarət Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-18-2/2-6605/2024 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 2-ci mərtbəsinin və 1-ci mərtəbəsinin ön hissəsinin sonradan tikinti norma və qaydalarının tələblərinə əməl edilmədən inşa edilmişdir. Evin sonradan inşa edilmiş 1-ci mərtəbəsindəki hissələrdə müxtəlif ölçülü və istiqamətli çatların yaranmış, sonradan inşa edilmiş 2-ci mərtəbənin taxta konstruksiyası isə deformasiyaya uğramışdır. Yaşayış evi texniki cəhətdən yolverilməz vəziyyətdədir. Cavabdehlərə məxsus fərdi yaşayış evinin texniki cəhətdən yolverilməz vəziyyətdə olmasını, evin 2-ci mərtəbəsinin və 1-ci mərtəbəsinin sonradan tikinti norma və qaydalarının tələblərinə cavab vermədən inşa edilməsini, evin sağ yan və arxa fasad hissələrində baxış keçirilən evə bitişik şəkildə inşa edilmiş digər fərdi evlərin sökülməsini və ərazidə hal-hazırda söküntü və tikinti-quraşdırma işlərinin aparıldığını nəzərə alsaq yaşayış evinin istismarı təhlükəlidir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin bazar dəyəri 142.000 manat təşkil edir. ünvan 4 ünvanda fərdi yaşayış evinin təmir vəziyyəti və yerləşdiyi ərazi nəzərə alınmaqla hazırki dövrə olan orta aylıq kirayə haqqı 550 manat təşkil edir. Ərazidə yaşayan digər sakinlərlə İddiaçı MMC arasında bağlanmış müvafiq razılaşma müqavilələri işə əlavə edilmişdir. Mübahisənin qanuni əsasını Mülki Məcəllənin 560-cı maddəsinin normaları çıxış edir. Mülki Məcəlləinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. “"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidirki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4 və X1rşı” xx.xx.2019-cu il tarixli qərarında belə bir hüquqi mövqe ortaya qoyulmuşdur ki: Məhkəmə hesab edir ki, müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. İş üzrə məhkəmə hesab edir ki, heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir (yuxarıda sitat verilən Volçkova və Mironov işi ilə müqayisə edin, 10 DECİSİON SİGUNOVY c. RUSSİE §§ 125-126). Onların ifadə etdikləri yeganə uyğunsuzluq mərtəbədə, hər bir otağın sahəsi, balkonların olmaması və divar şkafları ilə bağlı yeni mənzilin köhnə ilə identik olmaması idi. Bununla belə, nə Moskva şəhər hökumətinin qərarı (yuxarıdakı 36-cı paraqraf), nə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi identik mənzilə köçürülmə və yerləşməyə təminat vermir. Bundan başqa, ərizəçilar həmin binada 2014-cü ilə qədər, yəni bina sökülənə kimi yaşamışlar, onlar bu gecikən sökülmə faktorundan da yararlanmışlar. Nəhayət, 23 aprel 2010-cu il tarixli qərarın icra edilməsi qaydalarına gəlincə, məhkəmə hesab edir ki, bu şikayət təkcə gecikməklə qalmayıb, çünki ilk dəfə 01 avqust 2017-ci ildə qaldırılıb ( yuxarıdakı 27-ci paraqraf), həm də və xüsusən qərarın icra qaydası ərizəçilərin mülkiyyət hüququnun güzəşt edilməsindən və onlara bunun əvəzində yeni mənzilin verilməsindən asılı deyildir.
59. Yekun olaraq məhkəmə təsdiq edir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, fərdi evlərdə yaşayan sakinlərin köçürülməsi ilə bağlı onlara məxsus olan həmin ərazidə yeni tikiləcək çoxmərtəbəli binada yeni təmirli yaşayış sahələri (mənzillər) təqdim edilir. Yaşayış yerləri verilənə qədər hər bir ailəyə yaşayış otaqlarının sayına uyğun olaraq kirayə pulu ödənilməklə, qonşuluqda yerləşən fərdi evlərdən təxminən 220 ailə köçürülüb. Layihələndirilmə düşən ərazidə əksər sakinlər öz əşyalarını götürüb yaşayış evlərini boşaldıblar və çoxunun evləri artıq sökülmüşdür. Lakin, cavabdehlər ilə müvəqqəti olaraq başqa bir yaşayış yerinə köçmək və yeni tikiləcək binada daha yaxşı təmir edilmiş bir mənzilə köçmək üzrə razılığa gəlmək mümkün olmamışdır. İddiaçı, söküləcək fərdi yaşayış evlərinin sakinlərinə yeni tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillər təmin ediləcəyi barədə öhdəlik götürmüşdür. Sökülən evlər üzrə razılığa gəlmiş sakinlər alacaqları yeni mənzillərlə bağlı gözlənti hüquqları yaranmış, lakin cavabdehlərlə razılıq əldə edilməməsi, cavabdehlərin öz mülkiyyət hüququndan sui-istifadə etməsi onların bu gözlənti hüquqlarını məhdudlaşdırır. İddiaçı cavabdehlərin mülkiyyət hüquqlarını pozmur, əksinə, onların mülkiyyətlərini ədalətli şəkildə qoruyur və mütənasib şəkildə kompensasiya edir. Cavabdehlərə, onların mövcud mənzilinin sahəsindən daha geniş olmaqla, müasir tələblərə cavab verən yeni tikilən binada mənzil verilir. Bu, onların mülkiyyətinin daha yaxşı və daha dəyərli bir şəkildə yenilənməsini təmin edir, həmçinin cavabdehlərin yaşayış şəraitinin yaxşılaşmasına imkan verir. İddiaçı, cavabdehlərə məxsus, şəhərin müasir tələblərinə cavab verməyən fərdi yaşayış evinin sökülərək, yerində abadlaşdırılması və yaxşılaşdırılması ilə əlaqədar münasib təklif irəli sürmüşdür. Bu təklif, müasir şəhər planlaşdırması çərçivəsində mülkiyyət dəyərlərinin artırılması və yaşayış standartlarının yüksəldilməsi məqsədinə xidmət edir. Lakin, cavabdehlərlə razılıq əldə edilə bilməməsi nəticəsində, həmin şəxslərin yaşayış sahəsini tərk etməməsi, yeni və standartlara uyğun yaşayış binasının tikintisini gecikdirir və bu prosesi maneə törədir. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması, şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət edir. Bu, həmçinin yaşayış şəraitinin təhlükəsiz və sağlam bir mühitə çevrilməsini təmin edir. Belə bir yanaşma, mülkiyyət hüquqlarının əsassız və ədalətsiz şəkildə məhdudlaşdırılması kimi dəyərləndirilməməlidir. Çünki, burada məqsəd mülkiyyət hüquqlarını pozmaq deyil, əksinə, yaşayış standartlarını qaldırmaq və mənzil şəraitini daha yaxşı, müasir və təhlükəsiz hala gətirməkdir. Bu proses, mülkiyyətçilərin mənafelərinin qorunması və ictimai maraqların təmin edilməsi prinsipləri ilə uyğunlaşdırılaraq həyata keçirilməlidir. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. Məhkəmə qərar qəbul edərkən şəhər sakinlərinin, subyektlərin ümumi mənafe və maraqlarını əsas götürür. Məhkəmə nəzərə alır ki, müqavilə azadlığının tələbləri və mülkiyyətçinin öz mülkiyyəti barədə sərbəst sərəncam vermək hüququ nəzərə alınmaqla sözügedən ərazidə mütləq əksəriyyət mülkiyyətçilərlə İddiaçı MMC arasında razılıq əldə edilmiş, ərazidə kütləvi şəkildə tikinti işləri həyata keçirilir. Razılaşma əldə edilməyən sakinlərin həmin ərazidə yaşamağa davam etməsi faktiki olaraq mümkün deyildir. Məhkəmə mülkiyyətçilərin mülkiyyət hüquqlarının dövlət təminatını nəzərə alsa da, faktiki durumu operativ və effektiv şəkildə tənzimləməyi, razılaşma əldə edilməyən sakinlərin təhlükəsiz və sağlam yaşam şəraitlərinin təmin edilməsi zəruri hesab edir. Bu isə yalnız münasibətlərə ümumi maraqların qorunması üçün qanuni əsaslarla məhkəmə müdaxiləsi ilə mümkündür. Məhkəmə hesab edir ki, cavabdehlər mülkiyyət hüquqlarından sui-istifadə edirlər. Nəticə etibarilə, mülki işin faktiki halları Mülki Məcəllənin 560-cı maddəsinin dispozitiv şərtləri ilə eynilik təşkil edir. Hüquqdan sui-istifadə yolverilməzdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra halhazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Lakin mübahisənin sülh yolu ilə həll edilməsi mümkün olmamışdır. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən iddiaçı tərəfindən cavabdeh tərəfin yaşadıqları evin üzərində hüququ tanınaraq iddiaçı tərəfindən cavabdehlərin hüququnun pozuntusu hallarına yol verilməmişdir. İddiaçının belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadəsində olan evin sökülməsinin əvəzinə ədalətli təkliflər edilir. Bu isə cavabdehlərin istifadəsində olan evdən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli sərəncamları Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehlərin yaşayış üçün yararlı olmayan evdən, onun yerində inşa ediləcək binadan yeni təmirli mənzil sahəsi verilməklə çıxarılması, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə cavabdehlərin və digər insanların yeni mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli evin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün iddiaçıya ayrıldığından, həmçinin sakinlərin köçürülməsinin həyata keçirilməsi iddiaçının ödəsinə qoyulduğundan, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehlərin bütün hüquqları qorunduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 ünvan 1 ünvanda yerləşən mənzilinin üzərində mülkiyyət hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılsınlar, həmin ev tam olaraq boşaldılsın və sökülsün. Sökülmüş mənzilin əvəzində İddiaçı MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 6 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,50 (səksən səkkiz tam yüzdə əlli) kv.m olan 1 (bir) ədəd 3 (üç) otaqlı yeni, tam təmirli, bütün sayğaclarla təchiz edilmiş mənzil Cavabdeh2 mülkiyyətinə verilsin. Mənzil İddiaçı MMC tərəfindən Cavabdeh2 təhvil verilənədək İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 100 (yüz) manat pul İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Vahid Hacıyev