Məhkəmə qərarları › İş №e-2(004)-1422/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1422/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1422/2024 21.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı «ödənilmiş təhsil xərclərinin geri qaytarılması» tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı «ödənilmiş təhsil xərclərinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 71028,48 (yetmiş bir min iyirmi səkkiz manat qırx səkkiz qəpik) manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Proqramın 5-ci bölməsinə əsasən, Dövlət Proqramının ölkənin social-iqtisadi inkişafında strateji əhəmiyyəti nəzərə alınaraq onun icrasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitindən, dövlət budcəsindən ayırmalarından və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna bilər. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2008ci il tarixli 128 nömrəli Qərarı ilə “ Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən etmişdir. Bu Qaydaların 5-ci bölməsi xarici ölkədə təhsil almaq üçün təqüdçü ilə müqavilənin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi barədə müddəalar nəzərdə tutulmuşdur. Belə ki, Qaydaların 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təqüdçü ilə təhsilin təşkili barədə müqavilədə mütləq aşağıdakıları daxil etməklə bağlamalıdır. a) müqavilənin predmeti; b) tərəflərin hüquq və vəzifələri; c) təhsil müddəti və şərtləri; ç) təhsili bitirdikdən sonra təqüdçünün Azərbaycanda beş il ərzində işləmək üçün Azərbaycana qayıtması barədə şərt; d) müqavilənin şərtlərinin icra olunmasına təsir göstərən fors-major hallar. Qaydaların 5.4-cü bəndinə əsasən təqüdçü Komissiya tərəfindən üzürsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulan müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları təsdiq edilmişdir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən, Təhsil Nazirliyinin əmri və Təhsil Nazirliyi ilə təhsil alan arasında bu Qaydalara əlavə olunan forma üzrə bağlanan Müqavilə təhsil alanın təhsili ilə bağlı xərclərin ödənilməsi üçün əsasdır. Qaydaların 2.4-cü bəndində qeyd edilir ki, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. Qaydaların 3.1-ci bəndində təhsil haqqı, viza xərcləri və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri, yaşayış(yataqxana və digər) xərcləri, gündəlik qida xərcləri, zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Qaydaların 6.1-ci bəndinə əsasən, təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında xx.xx.2011-ci ildə müqavilə bağlanmış və onun adı təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1482 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh Kanada, Toronto Universiteti ali təhsil müəssisəsində “mühəndislik” ixtisasi (bakalavr səviyyəsi) üzrə 2011-2016-cı tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 71028,48 AZN vəsait ödəmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2016-cı il tarixli, 571 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə dəfələrlə rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 71028,48 manat pul vəsaitinin geri qaytarlması tələb edilmişdir. Lakin, cavabdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o, ödənişdən yayınmışdır. Hesab edir ki, cavabdeh müqavilə şərtini pozaraq, təhsilini akademik müvəffəqiyyətsizlik səbəbindən başa vura bilmədiyindən ona ödənilmiş dövlət vəsaitini geri qaytarmalıdır. Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iddiası aşağıda qeyd edilənlərə görə əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində onun tərəfindən ödənilmiş vəsaitin geri qaytarılmasının əsası kimi Nazirliyin xx.xx.2016-ci il tarixli, müvafiq əmrinə istinad etməklə (məhkəmənin diqqətinə çatdırmışdır ki, müvafiq əmr məhkəməyə təqdim olunmamışdır, iddiaçı tərəfindən iddia ərizəsinə qoşma kimi təqdim olunmuş müqavilənin surətini və əmrlərin təsdiq olunmuş surəti Cavabdeh ilə bağlı deyildir.) Cavabdeh dövlət proqramından xaric edilməsini göstərmişdir. AR Nazirlər Kabinetinin 27 noyabr 2008-ci il tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi qaydaları”nın 6.1-ci bəndinə əsasən “təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır”. AR Nazirlər Kabinetinin 27 noyabr 2008-ci il tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi qaydaları”nın 6.1-ci bəndinə əsasən “təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır”. Nazirliyin təsviri hissədə göstərilən əmri Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydaların 6.1-ci bəndinə zidd olduğundan və iyerarxiyada daha aşağıda yerləşdiyindən hüquqi cəhətdən qüvvəsiz hesab edilməlidir. Qaydalar Təhsil alanın akademik müvəffəqiyyətsizlik göstərməsi halında həmin müvəffəqiyyətsizlik aradan qaldırılana qədər bütün xərclərin ödənilməsinin müvəqqəti dayandırılmasını göstərmişdir. Beləliklə də normanın əks təfsirinə əsasən təhsil alan müvəffəqiyyətsizliyi aradan qaldırdıqda müvəqqəti dayandırma halı sona çatmaqla xərclərin ödənilməsi həyata keçirilməyə başlanmalıdır. Belə olan halda Nazirliyin ödənişləri müvəqqəti dayandırmayaraq təhsil alanı dövlət proqramından çıxarması qaydaların tələbinə zidd olmuşdur. Habelə, işin faktiki hallarından aydın olur ki, Cavabdeh atasının vəfatı ilə əlaqədar stress keçirməsi və səhhətində yaranan problemlər səbəbindən universitetin klinikasında müalicə almağa başlamış və həkim rəyinə əsasən 8 ay müddətinə (Universitetin tədris ili qaydalarına əsasən) Bakıya qayıtmışdır. Bu dövrdə isə iddiaçı tərəfin tələbinə əsasən xx.xx.2013-cü il tarixdə Universitet tərəfindən ödənilmiş təhsil haqqı (müvafiq dövr üzrə) Nazirliyə geri qaytarılmışdır. Daha sonra cavabdeh universitetə qayıtmış, lakin maddi imkanın yetərsizliyinə görə, təhsilini yarımçıq qoymuşdur. Bununla bağlı Təhsil Nazirliyinə müraciət etmiş, davam etməsi üçün kömək edilməsini xahiş etmişdir, lakin cavab olaraq artıq Dövlət Proqramından çıxarıldığını öyrənmişdir. Eyni zamanda cavabdehin dövlət proqramından çıxarılmasına müqavilənin birtərəfli qaydada xitamı kimi şərh verilməlidir. Əks halda iddiaçının 11 avqust 2011-ci il tarixli müqavilə üzrə əsas öhdəliyinin icrasından imtina etdiyini, digər öhdəliklərini və cavabdehin bütün öhdəliklərini qüvvədə saxladığını deməliyik. Bu cür vəziyyətdə iddiaçı ödənişləri geri tələb etdiyi halda təhsil alandan 2 ay ərzində ölkəyə qayıtmasını, 5 il ölkədə fasiləsiz fəaliyyət göstərməsini və s. tələb etmək hüququnu özündə saxlamış olar. Halbuki müqavilə tərəflərə qarşılıqlı öhdəlik yükləyən sinallaqmatik müqavilədir və hər bir tərəfin əsas öhdəliyi qarşı tərəfin əsas öhdəliyindən asılıdır. Deməli cavabdehin dövlət proqramından xaric edilməsi müqaviləyə birtərəfli qaydada xitam verilməsini ehtiva edir. Həmin müqavilənin 6-cı bölməsi müqavilənin ləğv edilməsi qaydalarını tənzimləyir. Müqavilənin 6.3-cü bəndinə əsasən “müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə yazılı bildiriş göndərir. Müqavilənin ləğvi haqqında bildirişi alan tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü ərzində digər tərəfə cavab ünvanlamalıdır”. İddiaçı tərəfindən müqavilə tələbinə riayət edilmədiyinə, yəni cavabdehə ləğv barədə yazılı bildiriş göndərilmədiyinə görə müqaviləyə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilməmiş (verilə bilməmiş), o müddətin başa çatması ilə öz-özünə xitam olunmuşdur. AR Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Plenum qərarında qeyd edilir ki, “nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə xitam verilir”. Deməli iddiaçının təhsil alanı dövlət proqramından xaric etməsini (müqaviləni ləğv etməsini) əsaslı hesab etsələr də, iddiaçı yalnız ondan sonra həyata keçirilmiş ödənişləri tələb edə bilərdi. Halbuki iddia tələbi üzrə o, ödənilmiş bütün ödənişləri geri tələb edir ki, bu plenum qərarında göstərilən mövqeyə ziddir. İddiaçının cavabdehi dövlət proqramından birtərəfli qaydada xaric etməsinin hüquqi cəhətdən heç bir əsası yoxdur. Belə ki, tərəflər arasındakı münasibət mülki hüquqi münasibət olmaqla tərəflərin iradə bərabərliyi prinsipi əsasında öz həllini tapmalıdır. Məhz bu səbəbdən tərəflər arasında 11 avqust 2011-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə ilə tənzimlənməli olan münasibətlər iddiaçının əmri ilə birtərəfli qaydada həll edilməsi üçün tərəflər arasında inzibati hüquq münasibətləri mövcud olmalı idi ki, iddiaçı da öz iddiasında mülki məcəlləyə və müqaviləyə istinad etməklə mülki hüquq münasibətinin olduğunu etiraf etmişdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, iddiaçı iddia tələbini müqavilə üzrə öhdəliklərini icra etmədiyini bildirməklə ödənilmiş 71028,48 (yetmiş bir min iyirmi səkkiz manat qırx səkkiz qəpik) manat vəsaitin geri ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də, həmin məbləği əsaslandıracaq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yuxarda qeyd edilənləri və Mülki Prosessual Məcəllənin 154-cü maddəsini rəhbər tutaraq, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, hüquq və qanuni maraqlarını müdafiə etdiyi Cavabdeh qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Bakə şəhəri Yasamal Rayon Məhkəməsinə verilmiş iddia üzrə icraata qəbul edilən mülki iş üzrə xx.xx.2024-cü il tarxinə hazırlıq iclası təyin edilmişdir. İş üzrə iddiaçı kimi çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi iddia ərizəsində Cavabdeh ilə Nazirlik arasında Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanmış müqaviləyə əsaslanaraq, (müvafiq müqavilə məhkəməyə təqdim edilməmişdir.) Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyini bildirməklə ona ödənilmiş 71028,48 (yetmiş bir min iyirmi səkkiz manat qırx səkkiz qəpik) manat vəsaitin geri ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilən sənədlərdən də göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər mülki münasibət olmaqla müqavilə əsasında tənzimlənmişdir. Mülki Məcəllənin iddia müddəti ilə bağlı müddəalarına diqqət edildiyi zaman hazırki iş üzrə iddiaçı qismində çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müqavilə üzrə pozulmuş hüquqlarının bərpasına dair məhkəmə müdafiəsində istifadə etmək hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Təhsil Nazirliyi tərəfindən təqdim edilən iddia əsasən Cavabdeh təhsil aldığı müddət ərzində akademik müvəffəqiyyətsizlik göstərməsi səbəbi ilə müvafiq əmrlə xx.xx.2016-cü il tarixindən sonuncunun xaricdə təhsil almasına əsas olan Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarxili 2090 nömrəli Sərəncamı təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan tələbələr sırasından çıxarılması qeyd edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi en gec tarix olan xx.xx.2016cü il tarixdən 3 il ərzində məhkəməyə müraciət etməli olduğa halda etməyərək qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Halbuki, xx.xx.2013-cü il tarixdə Universitet tərəfindən ödənilmiş təhsil haqqı (müvafiq dövr üzrə ) Nazirliyə geri qaytarılmışdır. İddia müddətin ötürülməsi isə mülki qanunvericiliyə görə iddianın rədd olunması ilə nəticələnir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tələblərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Yuxarda qeyd edilənləri və Mülki Məcəllənin 372,375.2 və 377.1-ci maddələrini rəhbər tutaraq, iş üzrə iddiaçı qismində çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin vəkili və nümayəndəsi olduğu Cavabdeh qarşı iddia tələbinin iddia müddəti buraxıldığına görə rədd edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu hüquqi ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzürlü halları ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq, iddiaçının iştirakı olmadan hazırkı mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia müddətini tətbiq edərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş üzrə tədqiq edilmiş subutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirinin (Elm və Təhsil Nazirinin) xx.xx.2011-ci il tarixli, 1482 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xx.xx.2011-ci il tarixli, 16/1826 nömrəli məktubuna uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən xarici ölkələrin universitetlərində təhsil almaq üçün tövsiyə edilmiş Cavabdeh “Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların siyahısına daxil edilmişdir. Nazirliyin İqtisadiyyat şöbəsinə (Ş.Əliyev) Təhsil Nazirliyinə təqdim olunacaq ödəmə sənədlərinə uyğun olaraq Əmrdə adları qeyd olunan tələbələrin təhsil almaları ilə bağlı bütün xərclərin (təhsil haqqı, viza-qeydiyyat haqqı, ali məktəbə qeydiyyat, sosial müdafiə sığortası, aylıq yaşayış və ildə bir dəfə gediş-gəliş yol xərcləri, təşkilatı xərclər və s.) müvafiq qaydada müəyyən olunmuş müddətlərdə Dövlət Proqramının icrası üçün nəzərdə tutulmuş maliyyə vəsaitləri hesabına ödənilməsini təmin etməsi həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Dövlət Proqramı təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən Təhsil Nazirliyi təhsil alanın Kanada, Toronto Universiteti ali təhsil müəssisəsində “mühəndislik” ixtisasi (bakalavr səviyyəsi) üzrə 2011-ci ildən 2016-cı ilə kimi tədrisini təşkil etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi” Qaydalarının 2 nömrəli əlavəsi “Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanmış Müqavilə”nin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşması zamanı tərəflər arasında yaranan münasibətlərdir. Müqavilənin 5.2-ci bəndinə əsasən təhsil alan Komissiya tərəfindən üzrsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, təhsilini başa vurduqdan sonra 2 (iki) ay müddətində ölkəyə qayıtmadıqda və könüllü olaraq təhsilini davam etdirmədikdə, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilən bütün faktiki xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 6.1-ci bəndinə əsasən təhsil alan üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, Müqavilə birtərəfli qaydada Komissiyanın qərarına əsasən Təhsil Nazirliyi tərəfindən ləğv edilir. Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar əsaslandırılmaqla, Təhsil Nazirliyi tərəfindən Komissiyaya məlumat təqdim olunur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirinin (Elm və Təhsil Nazirinin) xx.xx.2015-ci il tarixli, 571 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyasının müvafiq məktubuna uyğun olaraq Təhsil Nazirliyinin müvafiq əmrlərinə əsasən Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Kanada, Toronto Universiteti ali təhsil müəssisəsində “mühəndislik” ixtisası üzrə bakalavr təhsili alan Cavabdeh təhsil aldığı ali məktəbdə müvəffəqiyyətsiz olduğu və bununla da Təhsil Nazirliyi ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyi nəzərə alınaraq onun adı xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılmışdır. Əmrin İ bəndində adları qevd olunan tələbələrlə Təhsil Nazirliyi arasında bağlanmış müvafiq müqavilələrin 5.2-ci maddəsinə uyğun olaraq onların təhsil adlıqları müddətdə təhsil və yaşayışları ilə bağlı Təhsil Nazirliyi tərəfindən çəkilmiş bütün xərclərin geri qaytarılması məqsədilə müvafiq tədbirlərin görülməsi İqtisadiyyat şöbəsinə (R.Orucov), Beynəlxalq əlaqələr şöbəsinə (F.Rzayev) və Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinə (S.Kazımov) həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 05-18-165/24 saylı xəbərdarlıq məktubundan müəyyən olunur ki, Cavabdeh 15 gün müddətində təhsili üçün ödənilmiş 71028,48 manat məbləğində dövlət vəsaitinin X1 hesabına ödənilməsi tələb olunmuş, əks təqdirdə vəsaitin alınmasının məhkəmə qaydasında həyata keçiriləcəyi və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, əmlakdan məhrum olması, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2 və 373.3–cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir; müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə iş üzrə iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh adının xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılması ilə bağlı xx.xx.2015-ci il tarixli, 571 saylı əmrinin qəbul edildiyi tarixdən birtərəfli qaydada xitam verilmiş və iddiaçının həmin tarixdən ödənilmiş təhsil xərclərinin cavabdehdən tələb etmək hüququ yaranmışdır. Bununla yanaşı, iddiaçı hüquqlarının pozulmasını 2013-cü ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçı qanunvericiliklə müqavilə müddətləri üçün nəzərdə tutulan 3 illik iddia müddəti ərzində (2016-ci ilədək), (həmçinin, 10 illik ümumi iddia müddəti ərzində (2023-ci ilədək)) məhkəməyə iddia ərizəsi ilə müraciət etmədiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim etdiyindən iş üzrə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı «ödənilmiş təhsil xərclərinin geri qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar