Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1442/2023 11.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal rayon İcra Hakimiyyəti cəlb edilməkl) “mənzilə köçürülmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal rayon İcra Hakimiyyəti cəlb edilməkl) “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduqları ünvan 1 ünvana köçürülmələri və cavabdehlər Cavabdeh1 vəCavabdeh2 tərəfindən mənzildə yaşamaqlarına yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanı onun anası X13 məxsus olmuş, qeyd edilən mənzil valideynlərinə gənc ailə olmalarına görə verilmişdir. Həmin gündən valideynləri qeyd edilən evdə yaşamış və təsərrüfat idarə etmişlər. O, dörd bacısı və iki qardaşı da həmin evdə anadan olaraq böyümüşlər. Anadan olan gündən qeyd edilən mənzildə qeydiyyata düşməklə bu günədək həmin evdə qeydiyyatdadırlar. O, özü ailə həyatı qursa da bu mənzildə yaşamaqla birgə nikahdan anadan olan övladlarını da demək olar ki, həmin mənzildə böyüdüb boya başa çatdırmışdır. Cavabdehlər onun qardaşı X10 arvadı və övladıdır. Qardaşı və onun ailə üzvləri ilə müansibətləri həmişə yaxşı olmuş, mehriban şəraitdə yaşamışlar. Hətta 2020-ci il tarixdə qardaşının vaxtsız vəfatından sonra da cavabdehlərlə münasibələri normal davam etmişdir. Lakin, bu ilin oktyabr ayında valideynlərinə məxsus olan mənzilin tezliklə söküləcəyi ilə bağlı xəbərdən sonra cavabdehlərin onlara olan münasibətləri tamamilə əks istiqamətə dəyişmişdir. Cavabdehlər heç bir əsas olmadan onları qeydiyyatda olduqları mənzilə buraxmamağa və yersiz dava-dalaş salmağa başlamışlar. Daha sonra, onlara məlum olmuşdur ki, cavabdehlər tikinti şirkəti ilə razılıq əldə edərək mənzilə görə nəzərdə tutulan kompensasiyanı tək əldə etmək məqsədi ilə bu yolla onları mənzildən uzaqlaşdırmaq və söküntü olacağı təqdirdə pulu alıb evi boşaltmaq niyyətindədirlər. Hazırda onlar qeyd edilən mənzilə daxil ola bilmədikləri üçün cavabdehlər istədiklərinə nail olaraq, qeydiyyatda olduqları evi kompensasiya alaraq tərk edəcəklər. Nəticədə iddiaçıların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquqları pozulacaqdır. Onlar qeydiyyatda olan evdəki hüquqlarının pozulmaması ilə bağlı istər üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə, istərsə də tikintini həyata keçirməli olan "xxxx" MMC-yə müraciət etmişlər. Bundan sonra, proses daha da sürətlənmiş tikinti şirkəti tələsik evi sökməyə çalışmaqdadır. Bu qeyd edilənləri nəzərə alaraq, onlar qeydiyyatda olduqları mənzilə köçürülməkləri tələbi ilə məhkəmədə mülki iş başlatmaq niyyətindədirlər. Belə hesab edirlər ki, məhkəmə hazırki iddia ərizəsində qeyd edilənləri araşdıraraq iddialarını təmin etməli və onları qeydiyyatda olduqları Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi ev 24-də yerləşən evə köçürməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, təqdim edilmiş çıxarışdan görünür ki, evin bir neçə paylı mülkiyyətçisi var. Onların köçürülməsini tələb etdiyi sahə Ağayev Rafaelə aid sahə deyil. Arayışa əsasən onlar 2002-ci ildən orada qeydiyyatdadırlar. İddiaçı1 anadan olandan orada qeydiyyatdadır, demək olar ki, orada yaşamış, övladları orada dünyaya gəlmişdir. Ailə həyatı qurandan sonra da, iddiaçılar orada yaşamışlar. İddiaçı1 qardaşı rəhmətə gedəndən kirayədə yaşayır. Hesab edir ki, iddiaçının istifadə hüququ vardır. Odur ki, həmin mənzilə köçürülmələrini tələb edir. İddiaçıların mülkiyyətçilərlə qohumluq münasibətləri yoxdur. Məhkəmə iclasında Watsapp proqramı vasitəsilə əlaqə saxlanılaraq izahatı alınan İddiaçı1 bildirmişdir ki, həmin evdən gəlin köçmüşdür. 1996-cı il tarixdə ərindən ayrılmış və bundan sonra həmin evə geri gəlmişdir. Qardaşı oğlu ilə yola getmədiyi üçün 2014-ci ildə çıxıb bacısı ilə qalmışdır. Uşaqları əri ilə yaşadığı evdə anadan olmuşlar. Boşanandan sonra atasının evində 5-6 il qalmış, qardaşının qızı oları yola vermədikləri üçün bacısının evinə köçmüşdür. 16 ildir ki, kirayədə yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsində və izahatında İddiaçı1 ailə qurduqdan sonra da həmin evdə yaşadığını və uşaqlarını həmin evdə dünyaya gətirdiyini bildirmişdir. İddiaçı1 isə ailə qurduqdan sonra həmin evdə yaşamadığını, uşaqlarını ərinin evində dünyaya gətirdiyini, iddia ərizəsində qeyd edilənləri təkzib edilən digər halları məhkəmənin diqqətinə çatdırmışdır. İddiaçı tərəfindən sübut kimi təqdim edilən yeganə sənəd Forma 2 arayışıdır ki, həmin arayışa əsasən həmin evdə təxminən 60-70 adam qeydiyyatdadır. Şəxsin fərdi yaşayış evi ilə bağlı istər qanuni əsaslarla, istərsə də digər əsaslarla hüquqi və mənəvi bağlılığı olması məsələrlərini təsdiq edəcək mötəbər sübut təqdim etməmişdir. İddiaçıların hazırki mülkiyyətçilərlə aralarında nə icarə, nə də qanuni bağlığını təsdiq edən heç bir hüquqi əsas yoxdur. İş materiallarında olan Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti təəfindən verilən Hüquqların dövlət qeydiyyatı haqqında daçınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində istifadədə olan 0.05836 ha torpaq sahəsində yerləşən 6 ədəd 1 mərtəbəli, 21 otaqlı, 285.1 kv.m yaşayış, 127.3 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X6 1/4 hissə, X8 1/4 hissə, X1 2/12 hissədən 1 otaq, X4 2/12 hissədən- 1 ot.12.0 kv.m, X11 3/12 hissə, X16 2/12 hissədən qalan hissə, X2 1/12 hissə-3 ot.30.1kv.m, k/s 22.8 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 5572 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə ********** **********49-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı1 31 may 2002-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Həmçinin iddiaçılar İddiaçı3 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da həmin ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi, ev 34 ünvanında qeydiyyatda olan X19 ünvan 3 ünvanında qeydiyyatda olan Əbilova İradə oqtay qızı və ünvan 4nda qeydiyyatda olan X14 tərəfindən imzalarının həqiqliyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı1 ünvan 4nda qeydiyyatda olsa da, 1988-ci ildən hal-hazıra kimi həmin ünvanda yaşamamışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu kontekstdə məhkəmə hesab edir ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırkı iddia tələbinə cavab verməli olan subyekt kimi qəbul edilməsi mümkün deyildir. Çünki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıların qeydiyyatda olduqları və köçmək istədikləri ünvan 4 paylı mülkiyyət hüququ üzrə X6, X8, X1, X4, X11, X16 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tələbini həmin evə istifadə hüququnun yaranması ilə əlaqələndirmişdir ki, həmin ev cavabdehlərin deyil, digər şəxslərin paylı mülkiyyətindədir və cavabdehlər də iddiaçılar kimi həmin evdə qeydiyyatda olan şəxslərdir. İddiaçıların həmin evə köçürülməsi ilə bağlı iddiaya cavab verməli olan şəxslər köçürülmək istədikləri evin mülkiyyətçiləridir. Bu o deməkdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı1 doğulub-böyüdüyü valideynlərinə məxsus olan və hazırda cavabdehlərin yaşadığı evə köçürülməsini tələb etsə də, cavabdehlərin yaşadığı yaşayış sahəsinin paylı mülkiyyət hüququ üzrə X9, X12, X3, X7, X15, X17 və X5 məxsus olan 6 ədəd 1 mərtəbəli, 21 otaqlı, 285.1 kv.m yaşayış, 127.3 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə aid olmaması, başqa sözlə cavabdehlərin həmin ünvanda yuxarıda qeyd edilən paylı mülkiyyətçilərin mülkiyyətinə daxil olmayan ayrıca yaşayış sahəsinin olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların köçmək istədikləri və cavabdehlərin yaşadığı ayrıca yaşayış evi olduğu hesab edilsə belə, iddia tələbi təmin edilə bilməz. Çünki, belə olduğu təqdirdə həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından cavabdehlərin mülkiyyətində deyildir. Bu səbəbdən üzərində mülkiyyət hüququ olmayan evdə yaşamış şəxslərin yaşayış sahəsindən istifadə hüququ yarana bilməz, çünki bu şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçinin iradəsindən törəyir. Qanunvericilik digər şəxslərin yaşayış sahəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçidən və onun iradəsindən asılı edib (əvvəlki Mənzil Məcəlləsi, maddə 123; hazırkı Mənzil Məcəlləsi, maddə 30; hazırkı Mülki Məcəllə, maddə 228). Əgər ev üzərində mülkiyyət hüququ yoxdursa, bu o deməkdir ki, mülkiyyətçi və mülkiyyətçinin iradəsi də yoxdur. Bununla belə, yaşayış sahənin özbaşına tikinti olması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhkəmə qeyd edir ki, hazırkı işdə İddiaçı1 əvvəllər həmin mənzildə yaşaması cavabdehlər tərəfindən də mübahisə edilməsə də, digər iddiaçıların orada yaşaması müəyyən edilmir. Bundan başqa, iddiaçıların əvvəl həmin mənzildə yaşadıqları hesab edilsə belə, yaşadıqları yerdən məhrum edilmə halı mövcud deyildir. Belə ki, İddiaçı1 məhkəmə iclasında izahatında 16 ildir kirayə mənzildə yaşadıqlarını bildirmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Hazırki halda iddiaçıların həmin mənzildən iradələri ziddinə çıxması və orada yaşamaq niyyətləri müəyyən edilmir. İddiaçıların yaşayış sahəsinə köçmək tələbinə dair iddia ərizəsi ilə 16 ildən sonra, yalnız həmin ünvanda evlərin sökülməsi və bununla bağlı kompensasiyanın ödənilməsindən sonra müraciət etməsi də bu qənaətə gəlməyə əsas verir. Məhkəmə İddiaçı1 barəsində ikinci halın, digər iddiaçılar barədə isə birinci və ikinci halın mövcudluğu müəyyən edilmədiyindən, məhkəmə mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə əsasən, digər halın araşdırılmasına lüzum qalmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal rayon İcra Hakimiyyəti cəlb edilməkl) “mənzilə köçürülmə” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı3 tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal rayon İcra Hakimiyyəti cəlb edilməkl) “mənzilə köçürülmə” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı3 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1442/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1442/2023
11.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver