Məhkəmə qərarları › İş №e-2(004)-1454/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1454/2024

13.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1454/2024 13.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər X7 və X1rşı "mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X7 və X1rşı "mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı atası X6 xx.xx.1991-ci il tarixdə X11 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. X6 xx.xx.2005-ci il tarixdə, analığı X11 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. X5 kiçik oğlu xx.xx.1961-ci il təvəllüdlü X8 xx.xx.1989-cu il tarixdə yaşadığı ünvan 1 ünvanından qeydiyyatdan çıxaraq daima yaşamaq üçün Ukraynanın Kiyev şəhərinə getmişdir. X5 böyük oğlu xx.xx.1954-cü il təvəllüdlü X9 xx.xx.1990-cı il tarixdə yaşadığı ünvan 1 ünvanından qeydiyyatdan çıxaraq daima yaşamaq üçün Rusiya Federasiyasının Voronej şəhərinə getmişdir. X8 və X9 bir daha Azərbaycan Respublikasına qayıtmamışlar və həmin vaxtlardan onlarla bütün əlaqələr kəsilmişdir. İddiaçı 33 il yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5A saylı evin 23 saylı mənzilini öz adına özəlləşdirmək istəyirəm. Lakin Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli, 152560 nömrəli mənzilin orderində X8 və X2 adları olduğundan həmin mənzili özəlləşdirə bilmir. Qeyd olunanlar nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili X10 məhkəməyə izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan 152560 nömrəli orderin surəti və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş arxiv çıxarışına əsasən müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5A saylı evin 23 saylı mənzili xx.xx.1976-cı il tarixli 16 saylı protokola əsasən ana X11, övladları cavabdehlər X7 və X4 verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız və təmin edilməməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra: MM) 48 və 87-ci maddələri çıxış edir. MM-in 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. MM-in 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisə predmeti olan mənzildə qeydiyyatda olsa da, bu xüsusat mülkiyyət hüququnun yaranması əsası qismində çıxış edə bilməz. Yəni, qeydiyyatda olmaq mülkiyyətçi olmağa əsas deyildir. Daşınmaz əmlaka dair mülkiyyət hüququ yalnız müvafiq dövlət qeydiyyatına alındıqda hüquqi əsas qismində çıxış edə bilər. Nəticə etibarilə, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir. Bundan əlavə, müəyyən edilir ki, mübahisə predmeti olan mənzilə cavabdehlərin potensial gözlənilən mülkiyyət hüquqları (həm orderdə adları qeyd edilmiş şəxs kimi, həm də vərəsəlik qaydasında) vardır. Mülkiyyətçinin mülkiyyət hüququnun qeyri-legitim əsaslarla məhdudlaşdırılması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ dedikdə sahiblik, istifadə və sərəncam hüquqları nəzərdə tutulur. Fərz etsək ki, cavabdehlər yazılı qaydada iddia tələbini qəbul etsələr belə, bu hal iddianın təmin edilməsinə əsas ola bilməz. Cavabdehlər yalnız mülkiyyət hüquqlarını legitimləşdirdikdən (dövlət qeydiyyatına aldırma) sonra iddiaçının və ya istənilən üçüncü şəxsin xeyrinə sərəncam verə bilərlər. Bu mülkiyyətçinin sərəncam hüququdur. Məhkəmə fəaliyyətini subyektləri arzu və istəklərinə uyğun deyil, qanuna uyğun formada qurmalı və qanuni qərar qəbul etməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin xarici ölkə vətəndaşları olmaları, 30 ildən çoxdur ki, ölkəni tərk etdikləri nəzərə alınmaqla onların hazırda həyatda olub-olmamaları qeyri-müəyyəndir. İddiaçı isə yalnız cavabdehlərin Azərbaycan Respublikasında sonuncu yaşayış yeri üzrə müvafiq arayış əsasında məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X7 və X1rşı "mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar