Məhkəmə qərarları › İş №e-2(004)-1468/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1468/2022

04.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1468/2022 04.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “işə bərpa və digər tələbinə dair” və “əmək haqqı tələbinə daır” iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X5 cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “şə bərpa və digər tələbinə daır” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********9 saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, dəymiş mənəvi zərərin əvəzi kimi 10000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, Həmkarlar ittifaqına üzvlüklə əlaqədar qanunsuz olaraq tutulmuş 298 manat məbləğində pulun mediasiyaya müraciət etdiyi xx.xx.2021-ci il tarixdən etibarən qətnamə icra ediləcək günədək hər gün üçün bir faiz məbləğində əlavə edilməklə tutularaq ona ödənilməsi, məzuniyyət vaxtı orta əmək haqqı üçün düzgün hesablanmamış və ona qanunsuz olaraq verilməmiş 478 manat məbləğində pulun mediasiyaya müraciət etdiyi xx.xx.2021-ci il tarixdən etibarən qətnamə icra ediləcək günədək hər gün üçün bir faiz məbləğində əlavə edilməklə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialında aparıcı mütəxəssis vəzifəsində işləməyə başlamış, xx.xx.2021-ci il tarixli əmrlə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. İşlədiyi dövrdə vəzifə öhdəliklərini lazımi şəkildə yerinə yetirmiş, ona qarşı heç bir irad tutulmamış və ya barəsində hər hansı bir intizam tədbiri görülməmişdir. İşlədiyi dövrdə rəhbərliklə heç bir problemi olmamışdır. Lakin 16 noyabr tarixindən etibarən DSMF-nun bir qrup vəzifəli şəxsi tərəfindən anlamadığı halda ona qarşı “kompaniya” başladılmış, ardıcıl təzyiqlər olmuş və heç bir əsas olmadan etmədiyi şeyləri üzərinə götürməsi tələb edilmişdir. Sonradan məlum olmuşdur ki, bütün bunlar sadəcə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən keçirilən tender üçün CV göndərdiyi üçün baş vermişdir. Bununla bağlı dəfələrlə onların dediyi şəkildə izahat yazmasını tələb və məcbur etsələr də, bunu etməkdən imtina etdikdə ona hədə-qorxu gələrək və ya “torbasını tikərək” cinayət işi belə açdıracaqları ilə hədə-qorxu gələrək zorla və iradəsi əleyhinə işdən çıxma barədə ərizə yazdırmışlar. Bütün bunlar X8 Departamentinin müdiri Aqşin Əlizadə tərəfindən xx.xx.2021-ci il tarixində saat 13:00 radələrində Fondun inzibati binasının 2-ci mərtəbəsində yerləşən xidməti otağında və Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov tərəfindən xx.xx.2021-ci il tarixində “Çinar Park” biznes mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisində saat 18:30 radələrində öz xidməti otağında baş vermişdir. Hər iki şəxs ondan ifadə və izahatlar almış (Aqşin Əlizadə yazılı şəkildə) və işdən çıxmağa məcbur etmişlər. Daha sonra Aqşin Əlizadə tərəfindən daha bir neçə dəfə Fonda çağırılmış və sonuncu dəfə xx.xx.2021-ci il tarixində yenidən onun tərəfindən çağırılaraq “torbasının tikiləcəyi” ilə bağlı ciddi xəbərdarlıq almışdır. Cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona mənəvi və fiziki iztirablar formasında mənəvi zərər dəymişdir. Belə ki, ən yaxın şəxsi olan anasının vəfatından 3 gün sonra artıq bu təzyiqlərə məruz qalmağa başlamışdır. Nə qədər əsəb və stress keçirsə belə, bunu qabartmamış və işini davam etdirməyə çalışsa da, onlar tərəfindən olan təzyiq kəsilməmişdir. Onlar bilərək və istəyərək onu həddindən artıq əsəbləşdirmiş və mənəvi iztirablar vermişlər. Dəymiş mənəvi zərəri 10.000 manat dəyərində qiymətləndirir. xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ondan həmkarlar ittifaqı üçün hər ay bir faiz olmaqla ümumilikdə 298 manat pul tutulmuşdur. Tərəfindən “həmkarlar”a üzv qəbul edilməsi üçün hər hansı bir ərizə yazılmamışdır və ya razılıq verilməmişdir. Hesab edir ki, həmin tutulmalar qanunsuz olaraq aparılmışdır və qətnamə icra olunan günədək gündə bir faiz olmaqla tutularaq ona geri ödənilməlidir. Həmçinin, qanunsuz olaraq tutulmuş həmin məbləğ günə bir faiz olmaqla qətnamə icra olunan günədək ona ödənilməlidir. İstifadə etmədiyi 40 məzuniyyət günü üçün ona kompensasiya olaraq 1972 manat pul ödənilmişdir. 2021-ci ilin dekabrından əvvəlki 12 aylıq dövrdə (dekabr 2020- noyabr 2021) maaşı (əlavələrlə birlikdə) 22345 manat təşkil etmişdir. Həmin məbləği 12-yə böldükdə 1862 manat edir. Onu isə 30.4-ə böldükdə 61.25 manat edir. Deməli ona ödəniləcək bir gün üçün məzuniyyət pulu 61.25 manatdır. Bunu isə 40-a vurduqda 2450 manat edir. 2450-1972=478 manat. Cavabdeh ona orta əmək haqqı hesablayarkən 478 manat az hesablamışdır. Hesab edir ki, həmin məbləğ də qətnamə icra olunan günədək gündə bir faiz olmaqla tutularaq ödənilməlidir. “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərdəndir. Həmçinin həmin qərarın aşağı hissəsində müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatların nə olmasına aydınlıq gətirilmişdir. Həmin qərarda göstərilir ki, müəssisə, idarə və təşkilatlarda normativ hüquqi aktlarda, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat, xidmət illərinə görə mükafat və əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar digər mükafatlar əməyin ödənilməsi sistemləri ilə nəzərdə tutulmuş mükafatlar sayılır. Hesab edir ki, ödənilən ödənclər və mükafatlat kollektiv xarakter daşıdığı və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi daşıdığı üçün orta əmək haqqı hesablanarkən nəzərə alınmalıdır. Cavabdeh Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsində işçinin əmək müqaviləsi üzrə əsas hüquqlarının arasında əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüququ öz təsbitini tapmışdır. Məcəllənin 68-ci maddəsində əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilməsi qeyd olunmuşdur. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Yuxarıda istinad olunan maddələrin əlaqəli təhlilindən görünür ki, işçi əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürənə müraciət edə bilər. Bu məqsədlə işçi 1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Lakin, işçi ərizəsində əmək müqaviləsini ləğv etmək istədiyi günü qeyd edibsə, bu zaman göstərilən xəbərdarlıq müddəti gözlənilmədən işəgötürən işçi ilə olan əmək müqaviləsini ləğv etməlidir. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edildikdən sonra işçinin ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə müraciətinin heç bir hüquqi qüvvəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçı onunla yazılı qaydada bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə öz iradə ifadəsi ilə könüllü şəkildə yazılı ərizə təqdim etmiş, həmin ərizədə xx.xx.2021-ci il tarixdən öz arzusu ilə işdən azad edilmək istəməsini göstərmişdir. İşəgötürən Dövlət Sosial Müdafiə Fondu həmin ərizə əsasında əmək qanunvericiliyinin tələblərinə əməl etməklə AR ƏM-nin 68.2-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etmişdir. İddiaçı iddia ərizəsində ona təzyiqlər edilməsi nəticəsində işdən azad edilməsini göstərsə də, bu barədə göstərdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iddiaçının hüquqşünas olması və öz hüquqlarını digər işçilərdən daha yaxşı bilməsi nəzərə alınsa, əgər ona iddia tələbində göstərdiyi kimi hər hansı təsir və ya təzyiq olsa idi, öz xahişi ilə işdən çıxmaq barədə ərizə yazmaq əvəzinə bu barədə müvafiq qurumlara və ya məhkəməyə müraciət edərdi. Belə bir müraciətin olması barədə sənəd və ya sübutların məhkəməyə təqdim edilməməsi iddia tələbində göstərilənlərin əsassız olmasına bir daha dəlalət edir. İddiaçının iddia ərizəsində göstərdikləri sadəcə onun sözlərindən ibarət olmaqla yanaşı məhkəmədə yanlış daxili inam yaratmağa xidmət edir. İddia tələbinin işdən çıxarkən istifadə etmədiyi 40 məzuniyyət günü üçün kompensasiya olaraq 2450 manat ödənilməli olduğu halda, ona 1972 manat pul ödənilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ona ödənilməli olan məzuniyyət haqqının 2450 manat olmasını əsaslandıran heç bir sübut və dəlili məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı həmkarlar ittifaqına üzvlüklə əlaqədar ondan qanunsuz olaraq 298 manat məbləğində pulun tutulduğunu göstərsə də, bu məbləğin qanunsuz tutulmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşlədiyi müddət ərzində ondan həmkarlar ittifaqına üzvlüklə əlaqədar tutulmaların olmasından məlumatlı olmasını etiraf etməsi və işlədiyi müddət ərzində bu halları mübahisələndirməməsi bir daha ona dəlalət edir ki, edilmiş tutulmalar iddiaçının razılığı ilə həyata keçirilmişdir. Qanunvericilikdə həmkarlaq ittifaqı üçün tutulmaların aparılmasına dair işçinin yazılı ərizəsinin olmasına dair hər hansı imperativ norma yoxdur.İddia tələbinin mənəvi zərər hissəsi əsas tələbdən irəli gəldiyindən həmin hissədə də, iddia əsassızdır və rədd edilməlidir. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu ıl 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı uçun orta əmək haqqının alanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin” Siyahısında nəzərə alınmayan işlər (birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütun növləri, yubiley və bayram günləri anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici odənclər mükafatlar da daxil olmaqla) qeyd olunur. Fond tərəfindən verilən bütün mükafat əmrləri (iyun ayında verilmiş kollektiv mükafat istisna olmaqla) bayram günləri üçun həvəsləndirimı mükafatlar olduğundan orta əməkhaqqının hesablanmasında nəzərə alınmır. Bu səbəbdən orta əməkhaqqı hesablanan zaman geriyə 12 ay ərzındə 22345 manat yox, 18120 hesablanmışdır. Belə ki. dekabr-may ayları 1200 manat, avqust-noyabr ayları 1600 manat, aylıq 18.120 manat, orta gunluk 49,671. Son haqq-hesab gunu 39,71, Son haqq-hesab 1971,94 manat təşkil etmişdir Göründüyü kımı, son haqq-hesab düzgün hesablanmışdır Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin əsassız olması səbəbindən təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı X5 cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək haqqı tələbinə daır” .ddıa ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən gecikdirilmiş 27 gun uçun 27 faiz (gunə bır faiz) olmaqla 591,30 manat və mediasiya təşkilatında mediasıya keçmək uçun odədiyi 60 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli **********9 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Dekabr ayında işlədiyi 3 gün və istifadə etmədiyi 40 günlük əmək məzuniyyəti əvəzinə kompensasiya əmək münasibətlərinə xitam verildiyi gün hesablanaraq ona ödənilməli idi. Lakin həmin məbləğ (2190 manat) ona xx.xx.2021-ci il tarixində deyil, 27 gün gecikmə ilə, yəni xx.xx.2021-ci il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsində göstərilmişdir ki,işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin maddənin 5-ci bəndində isə qeyd edilmişdir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işciyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İş materiallarından da göründüyü kimi, ona xx.xx.2021-ci il tarixində 2190 manat əmək haqqı ödənilmişdir. Həmin məbləğin bır faizi 21.90 manat təşkil etməkdədir. 27 gün üçün gecikmə nəzərə alındıqda, həmin məbləğin 21.90*27= 591.3 manat olduğu aydın olur. Hesab edir ki, yuxarıda qeyd olunan ödəniləcək məbləğin gecikdirilməsi məhz işəgötürənin təqsiri üzündən baş verdiyi üçün həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Həmçinin əmək mübahisəsi ilə əlaqədar tərəfindən mediasiya təşkilatına müraciət edilmiş və 60 manat pul ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1469/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddia tələbi əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, iş materiallarında olan işəgötürən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin sədri X4 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, işçi 3 ay müddətinə Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialında aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin sədri X4 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavə və dəyişikliklərə əsasən, işçi 3 ay müddətinə Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə X7 sosial ödənişlər üzrə məhkəmə mübahisələri departamentinin baş mütəxəssisi vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin sədri X3 müraciət edərək, xx.xx.2021-ci il tarixdən onun öz arzusu ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin sədri X1 xx.xx.2021-ci il tarixli, **********9 saylı əmrinin surətindən görünür ki, Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə X7 sosial ödənişlər üzrə departamentinin baş mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xx.xx.2021-ci il tarixdən xitam verilmiş, onunla son haq-hesabın aparılmasının təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan mediator X6 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mübahisə üzrə xx.xx.2022-ci tarixində, 17:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı qeyd edilən əmri mübahisənləndirərək ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmaya görə hesablanılmış əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə görə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü hissəsinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci hissəsinə görə isə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən qecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirılmış gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qanunvericiliyin tələbindən göründüyü kimi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gocikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə məzuniyyətə görə kompensasiyanın verilməsinin gecikdirilməsi ilə bağlı ödəncin verilməsini tələb edir ki, bu da qanunvericiliklə nəzərdə tutulmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. Göründüyü kimi, qanunla işçinin (iddiaçının) əmək haqqından tutulmuş ödəniş həmkarlar ittifaqının xüsusi hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmənin gəldiyi qənaətə görə, hazırki halda iddiaçının həmkarlar ittifaqının xüsusi fonduna köçürülmüş vəsaiti AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondundan tələb etmək hüququ da yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Qeyd etmək lazımdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddiaçı X5 xx.xx.2021-ci il tarixdə ərizə ilə işəgötürənə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsini xahiş etmiş, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin sədri X1 xx.xx.2021-ci il tarixli, **********9 saylı əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində onun tərəfindən işdən azad edilməsi barədə ərizənin hədə-qorxu altında yazılmasını iddia etsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin, iddiaçının hüquqşünas, eyni zamanda, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olması nəzərə alındıqda, onun tərəfindən iddia tələblərinin əsası kimi gətirilmiş dəlillər məhkəməyə inandırıcı görünmür və mötəbər sübut kimi qəbul edilə bilməz. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X2 cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “işə bərpa və digər tələbinə dair” və “əmək haqqı tələbinə dair” iddia ərizələri təmin edilməsin. İddia tələbləri təmin edilmədiyinə görə ödənilmiş 50 (əlli) manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar