Məhkəmə qərarları › İş №e-2(004)-1479/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1479/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1479/2025 04.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “35000 manat məbləğində zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “35000 manat məbləğində zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 35.000 manat zərərin açıqlamasını vermiş, həmin puldan 8000 manat ipoteka ödənişinin ödənilməsi, 7000 manat iddiaçının sağlamlığına vurulmuş zərərin ödənilməsi, 10.000 manat yaşayış yerini dəyişməyə görə yaranan xərc, 10.000 manat isə cavabdehin iddiaçını aldatması nəticəsində vurulmuş zərər kimi qeyd etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak mülkiyyət hüququ ilə iddiaçı və ailəsinə məxsusdur. 2020-ci ilin təxminən oktyabr-noyabr aylarında həmin ünvana cavabdeh təşkilatın əməkdaşları gələrək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 23 noyabr 2020-ciil tarixli 255 №-li Sərəncamına əsasən ünvanın daxil olduğu Həmid Sultanov (keçmiş İ.Qutqaşınlı), Eldar Ağayev (keçmiş Qızıl-Şərq) və Tağı Şahbazi küçələrinin əhatə etdiyi ərazi, yəni həmin ərazidə istismar müddəti başa çatmış yaşayış binalarının və digər tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri yaşayış sahələrinin tikintisinin Cavabdeh MTK ("xxxx") Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi bildirilmişdir. Təbii ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının adı gəldikdə və 23 noyabr 2020-ci il tarixli 255 №-li Sərəncamı ilə tanış olduqda razılaşmama olmamışdır. Evimin əvəzinin qarşılığında pul məbləği və ya həmin binada hansı mənzilin hansı blokda mərtəbədə verilməsinə dair müqavilənin müzakirəsi və imzalanması qalmışdır. Bundan sonra evin mülkiyyətçisi həmin Cavabdeh MTK-nın ("xxxx") rəhbərləri və nümayəndələri ilə danışıqlara başlanılmışdır. Danışıqlar nəticəsində Cavabdeh MTK ilə 29 yanvar 2021-ci il tarixli müqavilə imzalanmış və həmin binada yerləşən mənzilinin sökülərək 1 (bir) il ərzində əvəzində təmirli ev verilməli idi. Cavabdeh MTK ("xxxx") tərəfindən tərtib edilmiş müqavilə bir qırağa aramızda şifahi qaydada aparılmış danışıqlara məhəl qoyulmayaraq iddiaçını aldadaraq, verdiyi vədlərə əməl etməyərək ipoteka ilə yüklü olan mənzilin ipoteka borcunu müqavilədən sonrada ödəmək məcburiyyətində qalmış, yəni həm ipotekanı 50.000 (əlli min) manatı ödəmiş, həm də mənzilsiz qalmışdır. Binanı Mənzil Tikinti Koooperativi tikib vaxtında təhvil verilməmiş, tikinti hansısa səbəbdən başa çatdırılmamış, cavabdeh təşkilat tərəfindən verilmiş vədlərin hamısı yalan çıxmış, sadə insanların qururu ilə oynayaraq aldatmışlar, öhdəliklərinə nə əməl nə də ki, riayyət etmişlər. İddiaçı 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə məcbur olaraq kirayələrdə yaşayırlar. Cavabdeh tərəf kirayədə yaşadığına görə hər ay 500 (beş yüz) manat pul ödənişini aparırdı. Mənzilin mülkiyyətçisi olaraq mənzilin cavabdeh təşkilat tərəfindən verilməsinə razılaşmışdır. Gələcəkdə tikilib iddiaçıya veriləcək mənzilin iki otaqlı, 60 kv.metr sahədən ibarət olacağını iddiaçıya şifahi qaydada bildirildiyi halda söküntü işləri başlayandan sonra tikinti şirkəti aralarında olan danışıqları, mövcud qanunvericiliyin tələbləri və işgüzar adətləri kobud şəkildə pozmuş və bu günə kimi pozmaqda davam edir. Belə ki, iddiaçı ilə cavabdeh təşkilat arasında 29 yanvar 2021-ci il tarixdə müqavilə imzalanmışdır. Müqavilə imzalandıqdan sonra təxminən 10 (on) gün sonra şirkətin təsisçisinə yaxınlaşaraq ondan iddiaçıya verdiyi sözə əməl etməsini xahiş etmişdir. Yəni, razılaşmanı notarial qaydada müqavilə bağlanmasını xahiş etmişdir. Lakin, təsisçi birdən birə heç bir razılaşmanın olmadığını bildirməyə başlamışdır. Uzun mübahisədən sonra cavabdeh iddiaçıya söz vermişdir ki, binanın fundamenti qoyulanda bütün sakinləri və notariusu ofisə dəvət edəcək və hamı ilə, yəni sakinlərin hamısı ilə notarial qaydada müqavilələr bağlanacaqdır. Mənzilin mülkiyyətçisi olaraq, iddiaçı ailəsi ilə birlikdə qeyri-qanuni olaraq mənzilini məcbur olaraq tərk etmişdir. Mənzildən çıxarıldıqdan sonra, yəni 1 (bir) il keçəndən sonra binanı, mənzilləri sökməyə başlamışlar. Hansı ki, binanın özülünün qoyulmasına icazə 3 noyabr 2022-ci ildə verilmişdir. Bundan sonra cavabdeh təşkilatın rəhbərliyi tərəfindən notarial qaydada müqavilənin bağlanılmasına məhəl qoyulmamış və nəticədə ümumilikdə imtina edilmişdir. İddiaçı tərəfindən mənzilinin ipoteka ilə yüklü edilməsini və qanuna əsasən bu halda sökülə bilməyəcəyi barədə dəfələrlə cavabdehə məlumat vermişdir. Lakin, buna heç bir məhəl qoyulmamışdır. Binanın özülü qoyulanda təxminən 2022-ci ilin avqust ayında şirkətin ofisinə gedərək yenə də aralarında olan müqavilənin notarial qaydada bağlanılmasını, təsdiq edilməsini, mənzilin binanın tikilinin layihəsinin təqdim olunmasını, hansı blokda, hansı mərtəbə hansı mənzilin iddiaçıya ayrılacağını, veriləcəyi barədə müqavilədə qeydlərin aparılmasını xahiş etsə də, heç bir nəticə olmamışdır. Məsələn vədlərdən biri budur ki, iddiaçı 3 otaqlı mənzili istədiyi halda mənzilin təmirindən imtina etməlidir, ancaq bu halda mənə 3 otaqlı mənzilin verilməsinin mümkünlüyünə söz verilmiş, lakin yerinə yetirilməmişdir. Cavabdeh tərəfin istinad etdiyi müqavilənin bəndləri kobud şəkildə pozulur, 2024-cü ilin oktyabr ayında iddiaçıya aid olan mənzilin təhvil verilməsini tələb etmiş, lakin cavabdeh şəxs heç bir səbəb göstərmədən təhvil verməkdən imtina etmişdir. Bununla yanaşı ipoteka ilə yüklü edilmiş mənzilin qüvvədə olan qanunvericiliyin tələbinə zidd olaraq sökülməsinin əvəzinə hansı blokda hansı mərtəbədə hansı mənzilin verilməsinin əlavə edilməsini və bununla əlaqədar müqavilədə qeydlərin aparılmasını xahiş etmişdir. Həmin müqavilənin müvafiq bəndlərinin dəyişdirilməsi və əlavə edilməsi zəruridir. Nəticədə aydın oldu ki, guya püşkatma keçirilmiş və mənə 1-ci mərtəbədən 6-cı mənzil düşmüş, halbuki püşkatma cavabdehlə mənim aramda olan müqavilədə nəzərdə tutulmamışdır. Nə indiki müqavilədə, qüvvədə olan qanunvericiliyin tələblərində nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçıya ailə üzvləri ilə tam təmirli mənzilin qeyri-qanuni olaraq əlindən alınması nəticəsində hansı blokda, hansı mərtəbədə, hansı nömrəli mənzilin verilməsinə dair müqavilədə qeydlər aparılmaqla, notarial qaydada təsdiqlənməlidir. Danışıqlar əsasında bağlanmış müqavilənin 1.1-ci bəndində göstərlir ki, "İcraçı" Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 23 noyabr 2020-ci il tarixli 255 №-li Sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən yaşayış binasının inşasını həyata keçirir. "Sifarişçi"-nin mülkiyyətində olan 2 otaqlı 11 saylı, sahəsi 38,8 kv.m olan mənzilimizin əvəzinə yeni inşa olunacaq yaşayış binasında, təmirli 2 otaqlı, sahəsi 60 kv.m olan mənzili "Sifarişçi"-yə verməyi öhdəsinə götürür. Müqavilənin mahiyyətini əks etdirən bu ən əsas şərt icra edilməmişdir. Həmin müqavilənin 2.1.2-ci bəndində göstərilmişdir ki, "icraçı" söküntüsü nəzərdə tutulan binanın ərazisində yeni yaşayış binasının bünövrəsi qoyulduqdan sonra 2 (iki) il müddətinə həmin ərazidə yeni yaşayış binasını inşa edib, bu müqavilənin şərtlərinə uyğun olaraq "Sifarişçi"yə mənzilini təhvil verilməsini öhdəsinə götürmüşdür. Bu müqavilənin əsas bəndlərindən biri də icra edilməmişdir. Həmçinin müqavilənin 5.1-ci bəndində göstərilmişdir ki, hazırki müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Müqavilədə hansı mənzilin təhvil alınması qeyd olunsa da, Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərində qadağan olunmuş, ipoteka ilə yüklü olan təmirli mənzilin alınmasına, ailə üzvlərinin razılığı nəzərə alınmamışdır. Bundan başqa həmin müqavilədə hansı binada, hansı blokda hansı mərtəbədə hansı nömrəli mənzilin təhvil verilməsi nəzərə alınmamışdır. Bu da bir pozuntudur. İddiaçı olaraq onun və ailə üzvlərinin hüquqlarının bərpa olunması üçün Cavabdeh MTK-nın üzərinə müqavilənin bəndlərinin dəyişdirilməsi və əlavə olunması kimi öhdəliklər qoyulması mütləqdir və müqavilədə dəyişiklər və əlavələr aparılmalıdır. Hər ay 325 (üç yüz iyirmi beş) manat ipoteka pulu iddiaçı tərəfindən ödənilmiş və cavabdehin verdiyi kirayə pulunun əsas hissəsi kreditə getmişdir. Dəfələrlə bu barədə qarşı tərəfə yəni cavabdehə çatdırmaq istəsə də, bu müraciətləri heç bir nəticə verməmiş, hər dəfə müxtəlif bəhanələrlə, verilmiş yalan vədlərlə məsələni uzatmışlar. Bakı şəhərində 500 (beş yüz) manata kirayə mənzil tapmaq müşkül məsələdir. Bunu hamımız bilirik. Lakin, cavabdeh tərəfin bundan xəbəri guya yoxdur. Bu səbəbdən cavabdeh şəxsin qeyri qanuni hərəkətləri nəticəsində məcbur qalaraq Hövsan qəsəbəsində ailəsi ilə birlikdə məskunlaşmaq məcburiyyətində qalmışdır. Cavabdehin binanı nə vaxt tikib təhvil verəcəyi qeyrimüəyyəndir. 2020-ci ildən fəaliyyətə başlayan və tələm-tələsik öz mənzillərindən çıxarılan sakinlərə şirkət bu günədək İddiaçı arasında bağlanılmış 29 yanvar 2021-ci il tarixli müqaviləyə uyğun olaraq binanı tikib təhvil verməmiş, nə zaman təhvil verəcəyi isə bu günədək qeyri-müəyyəndir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-1483/2024 nömrəli qərarına əsasən müəyyən edilir ki, iddiaçılar İddiaçı və X3 Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin 1.1-ci bəndində əsasən Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 103 ünvanında yerləşən yaşayış üçün yararsız binanın söküntüsü İcraçı "xxxx" MMC tərəfindən həyata keçirilməli, Sifarişçi İddiaçı mülkiyyətində olan 2 otaqlı, 11 saylı, 38.8 kv.m. mənzilin əvəzinə yeni inşa olunacaq binada 2 otaqlı 60 kv.m. mənzil Sifarişçi İddiaçı təhvil veriləcəkdir. Müqavilənin 2.1.2-ci maddəsinə əsasən yeni yaşayış binasının bünövrəsi qoyulduqdan 2 il müddətində mənzil sifarişçiyə təhvil verilməlidir. 2.1.3-cü maddəsinə əsasən İcraçı yaşayış üçün yararsız olan mənzilini boşaldaraq müvəqqəti olaraq kirayə mənzilə köçmək üçün Sifarişçiyə birdəfəlik 150 manat məbləğində kompensasiya ödəyir və binanın tikintisi başa çatdırılaraq Sifarişçiyə təhvil verilənə kimi İcraçı hər ay 500 manat kirayə məqsədləri üçün kompensasiya ödəyir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə göstərilən dispozitiv şərtlər yerinə yetirilmir. Odur ki, cavabdehin məsuliyyətinin maddi hüquqi əsası mövcud deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının ipoetaka ödənişi qismində ipoteka saxlayan Maraqlı şəxs ASC-yə ödəmiş olduğu vəsait onun özünün müqavilə öhdəliyidir və həmin vəsaitinin digər şəxsdən (cavabdeh) tələb edilməsi yolverilən deyildir. Öhdəliyin əsası qismində müqavilə və ya digər əsaslar (delikt, əsassız varlanma və s.) çıxış edə bilər ki, sözügedən tələblə bağlı iddianın təmin edilməsinin faktiki və hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübəsinə əsasən (müvafiq 3 ulduzlu qərar) anoloji hallarla bağlı ipoteka predmeti olan mənzilin sökülməsi zamanı ipotekaya xitam verilmir, əldə edilmiş yeni mənzil ipoteka predmeti kimi qiymətləndirilir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən bir neçə ay əvvəl ona 60 kv.m. sahəsi olan 2 otaqlı mənzil təklif edilmiş və mənzilin təhvil verilməsi bildirilmişdir. Lakin, iddiaçı mənzilin 1-ci mərtəbədə yerləşməsi və studiya tipli mənzil olması səbəbindən razılaşmır. Məhkəmə izah edir ki, mənzilin mərtəbəsi və digər xüsusatları barədə şərtlər müqavilədə razılaşdırılmamışdır. Həmin müqavilə iddiaçı tərəfindən əvvəllər mübahisələndirilmiş, lakin iddia tələbi təmin edilməmişdir. İddiaçıya məxsus olmuş 38.8 kv.m. 1 otaqlı mənzilin əvəzinə müqavilə şərtləri üzrə 60 kv.m. 2 otaqlı mənzilin (mənzilin sahəsinə 58% əlavə sahə verilməklə) təhvil verilməsi ədalətlidir və müqavilənin şərtlərinə uyğundur. Mənzilin mərtəbəsi ilə bağlı məhkəmə qeyd edir ki, təcrübədə yeni tikilmiş binada daha tez seçim edən sakinlər (mənzili sökülmüş şəxslər) istədikləri mərtəbəni və mənzili seçməkdə sərbəst olurlar. Qalan mənzillər isə gec seçim etmiş sakinlərə təklif edilir. İddiaçının sağlamlığına vurulmuş zərərlə bağlı iddia tələbinin faktiki və hüquqi əsasları barədə mötəbər sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Sübutetmə yükünün hazırki situasiya tam şəkildə cavabdehin üzərinə qoyulması əsaslı hesab edilə bilməz. İlkin sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 1.1-ci bəndində əsasən Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 103 ünvanında yerləşən yaşayış üçün yararsız binanın söküntüsü İcraçı "xxxx" MMC tərəfindən həyata keçirilməli, Sifarişçi İddiaçı mülkiyyətində olan 2 otaqlı, 11 saylı, 38.8 kv.m. mənzilin əvəzinə yeni inşa olunacaq binada 2 otaqlı 60 kv.m. mənzil Sifarişçi İddiaçı təhvil veriləcəkdir. Müqavilənin 2.1.2-ci maddəsinə əsasən yeni yaşayış binasının bünövrəsi qoyulduqdan 2 il müddətində mənzil sifarişçiyə təhvil verilməlidir. Müqavilənin 2.1.3-cü maddəsinə əsasən İcraçı yaşayış üçün yararsız olan mənzilini boşaldaraq müvəqqəti olaraq kirayə mənzilə köçmək üçün Sifarişçiyə birdəfəlik 150 manat məbləğində kompensasiya ödəyir və binanın tikintisi başa çatdırılaraq Sifarişçiyə təhvil verilənə kimi İcraçı hər ay 500 manat kirayə məqsədləri üçün kompensasiya ödəyir. Beləliklə, mənzildən köçmək və kirayə haqqı ilə bağlı tərəflər arasında müqavilə öhdəlikləri yaranmış, həmin öhdəliklər cavabdeh tərəfindən icra edilmişdir. Həmin müqavilənin etibarlılıq şərtlərinə məhkəmə qərarı ilə yekun hüquqi qiymət verilmişdir. Odur ki, iddia tələbi 10.000 manat pulun yaşayış yerini dəyişmə əsası ilə tələb edilməsi hissəsində əsassızdır. Bu barədə həm sübutlar təqdim edilməmiş, həm də müqavilə üzrə birdəfəlik kompensasiya və kirayə haqqı razılaşdırılmışdır. İddiaçının aldadılması və nəticədə ona zərər vurulması xüsusatı ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1.2-ci maddəsinə əsasən yeni yaşayış binasının bünövrəsi qoyulduqdan 2 il müddətində mənzil sifarişçiyə təhvil verilməlidir. Ərazidə yaşayan digər sakinlərlə razılaşmanın əldə edilməsinin yubanması səbəbindən binanın tikilməsinin gecikməsi mümkündür. Məhz bu səbəbdən, mənzilin təhvil verilməsi müddətinin başlanğıcı binanın bünövrəsinin qoyulması tarixindən hesablanması barədə şərt müqaviləyə daxil edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “35000 manat məbləğində zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Eelektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar