Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-148/2023 23.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi, dəymiş zərərin ödənilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış təmir-tikinti müqavilələrinin ləğv edilməsi, müqavilələr üzrə iddiaçı tərəfindən əvvəlcədən avans şəklində ödənilmiş, lakin icra edilməmiş işlərin dəyəri kimi 45400 manat pul vəsaitinin, ikinci təmir-tikinti müqaviləsi üzrə işlərin qüsurlu icra edilməsi nəticəsində iddiaçıya dəymiş 8014,17 manat zərərin, hər iki təmir-tikinti müqaviləsi üzrə artıq ödənilmiş 8470 manat ödənişin, 276 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsalandırılmışdır ki, İddiaçı (müqavilə üzrə "sifarişçi") ilə Cavabdeh MMC (müqavilə üzrə ‘"icraçı") arasında 2 ədəd təmir-tikinti müqaviləsi bağlanmışdır. Birinci təmir-tikinti müqaviləsinə əsasən (bundan sonra birinci müqavilə) icraçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsində ümumi sahəsi 389 kvadrat metr olan fərdi yaşayış evini sifarişçi tərəfindən ona təqdim edilən dizayn layihəsi üzrə inşa etməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə ödənilmiş 40 000 manat məbləğində avans ödənişi də daxil olmaqla, müqavilənin ümumi dəyəri olan 105 030 manat İddiaçı tərəfindən kassa mədaxil orderinin qəbzləri əsasında tam həcmdə cavabdehə ödənilmişdir. İkinci təmir-tikinti müqaviləsinə əsasən (bundan sonra ikinci müqavilə) icraçı sifarişçiyə məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsində mühafizə evi, qaraj və hasar tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 43000 manat müəyyən edilmişdir ki, həmin məbləğ İddiaçı tərəfindən kassa mədaxil orderinin qəbzləri əsasında tam həcmdə cavabdehə ödənilmişdir. Birinci müqavilənin bağlanmasından 1 ildən, ikinci müqavilənin bağlanmasından isə 9 aydan çox müddət keçməsinə baxmayaraq, müqavilələrdə nəzərdə tutulmuş işlər cavabdeh tərəfindən tam şəkildə başa çatdırılaraq iddiaçıya təhvil verilməmişdir. İşlərin tamamlanması üçün İddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilsə də, müraciətlər nəticəsiz qalmış, cavabdeh tərəfindən tikinti işlərinin tamamlanması üçün heç bir tədbir görülməmişdir. Daha sonra iddiaçı cavabdehə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yazılı şəkildə müraciət edərək müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozması, müraciətlərə baxmayaraq hərəkətsizlik nümayiş etdirərək işləri yekunlaşdırıb təhvil verməməsi, işlərdə nöqsanlara yol verməsi səbəbindən müqaviləyə xitam vermək niyyətini cavabdehə çatdırmışdır. Lakin cavabdeh tərəfindən bu məktuba heç bir münasibət bildirilməmişdir. Bundan başqa ikinci müqavilə çərçivəsində görülmüş işlərdə qüsurlar yaranmış, qarajın tavan hissəsinə betonun tökülməsi cavabdeh tərəfindən standartlara və tələblərə cavab verməyən formada, keyfiyyətsiz şəkildə və qüsurlu icra olunduğuna görə tavan hissəyə tökülmüş beton çökmüş, nəticədə tikilinin dam konstruksiyası sıradan çıxmış, iddiaçıya maddi ziyan dəymişdir. Həmin qüsurların aradan qaldırılması üçün dəfələrlə, sonuncu dəfə isə yazılı şəkildə xx.xx.2022-ci il tarixli məktubla cavabdehə müraciət edilərək cavabdehin səlahiyyətli əməkdaşının iştirakı ilə müqavilə üzrə tikintinin aparıldığı sahədə qaraja baxış keçirilməsi, işlərdə yaranmış qüsurların aradan qaldırılması üçün qısa müddət ərzində tədbirlər görülməsi və qüsurlu icra nəticəsində iddiaçıya dəymiş zərərin ödənilməsinin təmin edilməsi xahiş edilsə də, cavabdeh bu müraciətə də hər hansı münasibət bildirməmiş, betonun çökdüyü tavan sahəsinə baxış keçirilməsi və zərərin aradan qaldırılması üçün sonuncu tərəfindən heç bir addım atılmamışdır. Cavabdeh qüsurların aradan qaldırılması üçün hər hansı tədbir görmədiyindən qüsurlar iddiaçının öz vəsaiti hesabına cəlb etdiyi üçüncü şəxslər vasitəsilə aradan qaldırılmışdır. İddiaçının müraciəti əsasında “Əmlak Ekspert Mərkəzi" MMC tərəfindən verilmiş rəylərlə hər iki müqavilə üzrə natamam qalmış işlərin həcmi, həmin işlərin görülməsi üçün lazım olan vəsait (45400 manat), eyni zamanda ikinci müqavilə üzrə dəymiş ziyan – qarajın tavanının uçması nəticəsində dəymiş ziyanın həcmi və dəyəri – 8014,17 manat məbləğində müəyyən edilmişdir. Hər iki müqavilənin 1.4-cü bəndlərində qeyd olunmuşdur ki, gələcəkdə müqavilədə nəzərdə tutulmayan digər xərclərə ehtiyac olarsa, həmin xərclər sifarişçi tərəfindən əlavə olaraq ödəniləcəkdir. Müqavilələr üzrə işlərin icrasına başlanmasından bugünədək cavabdeh müxtəlif vaxtlarda əlavə mal-materialın alınmasına ehtiyac olması adı ilə iddiaçıdan müxtəlif məbləğlərdə pul vəsaiti almasına baxmayaraq hər hansı əlavə malmaterial alınmamış, işlərin icrası cavabdeh tərəfindən tamamlanmadığına görə belə malmaterialdan istifadə edilməmiş və iddiaçıya hər hansı əlavə mal-material təqdim edilməmişdir. Birinci müqavilənin dəyəri 105 030 manat, ikinci müqavilənin dəyəri 43 000 manat olmaqla iki müqavilənin ümumi dəyəri 148030 manat təşkil etsə də, İddiaçı tərəfindən cavabdehə əlavə mal-material üçün tələb edilmiş vəsaitlər də daxil olmaqla kassa mədaxil orderinin qəbzləri əsasında ödənilmiş vəsaitlərin ümumi məbləği 156 500 manat təşkil edir ki. bu da iddiaçı tərəfindən 8470 manat artıq ödənişin həyata keçirilməsi deməkdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış birinci təmir-tikinti müqaviləsinə əsasən, icraçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsində ümumi sahəsi 389 kvadrat metr olan fərdi yaşayış evini sifarişçi tərəfindən ona təqdim edilən dizayn layihəsi üzrə inşa etməyi öhdəsinə götürmüşdür. Görüləcək işlərin ümumi dəyəri 105030 manat məbləğində qiymətləndirilmişdir. Sifarişçi isə müqavilə üzrə müəyyən edilmiş vəsaiti – 40 000 manatı avans formasında ödəyir və pulun qalan hissəsini, yəni tikinti başladıqdan sonra 65 030 manatı isə növbəti 3 ay müddətində hissə-hissə ödənilməsini təmin edir. Müqavilənin 4.1ci maddəsinə əsasən müqavilənin tam icrası üçün 5 ay müddət müəyyənləşdirilmişdir və həmin müqavilənin 3.1 -ci maddəsinə əsasən müqavilə üzrə tərəflərin hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu (Podrat) fəsli ilə müəyyən edilir İddiaçı Cavabdeh MMC arasında bağlanmış ikinci təmir-tikinti müqaviləsinə əsasən, icraçı sifarişçiyə məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsində mühafizə evi, qaraj və hasar tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Görüləcək işlərin ümumi dəyəri 43000 manat məbləğində qiymətləndirilmişdir.Sifarişçi isə müqavilə üzrə müəyyən edilmiş vəsaiti – 21 500 manatı avans formasında ödəyir və pulun qalan hissəsini, yəni tikinti başladıqdan sonra 21 500 manatı isə növbəti 2 ay müddətində hissə-hissə ödənilməsini təmin edir. Müqavilənin 3 1-ci maddəsinə əsasən müqavilə üzrə tərəflərin hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu (Podrat) fəsli ilə müəyyən edilir və 4.1-ci maddəsinə əsasən müqavilənin tam icrası tərəflər arasında 3 (üç) ay müddətinə razılaşdırılmışdır. Kassa mədaxil orderinin qəbzlərindən görünür ki, İddiaçı tərəfindən ödənilmiş vəsaitlərin ümumi məbləği 156.500 manat təşkil edir. Qiymətləndirici “Əmlak Ekspert Mərkəzi" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabata əsasən hər iki müqavilə üzrə natamam qalmış işlərin həcmi kimi - 1) 2 mərtəbəli tikilidə 1-ci mərtəbədən 2-ci mərtəbəyə daxili pilləkənin yığılması; 2) 2 mərtəbəli tikilinin 1-ci mərtəbəsinin daxili divarlarının hörülməsi; 3) 2 mərtəbəli tikilinin 2-ci mərtəbəsinin xarici divarlarının hörülməsi; 4) 2-ci mərtəbədə daxili divarların hörülməsi; 5) 2 mərtəbəli tikilinin terrasının kəmər hissəsinin quraşdırılması; 6) 2 mərtəbəli tikilinin, qaraj və ona bitişik mühafizə otağının damının yığılması; 7) şiferin vurulması (kantları ilə birlikdə); 8) beton işləri (qarajın və mühafizədə girişin döşəməsi); 9) mühafizə evində otaqların atmalarının quraşdırılması; 10) yan hasarların bir hissəsinin üstünün örtülməsi müəyyən edilmişdir. Qiymətləndirici “Əmlak Ekspert Mərkəzi" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın müəyyən edilməsi barədə hesabata əsasən yardımçı tikilinin - qaraj sahəsinin tavanının uçması nəticəsində dəymiş ziyanın həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 8014,17 manat müəyyən edilmiş, tikilinin fotoşəkilləri də hesabata əlavə edilmişdir. Qiymətləndirici “Əmlak Ekspert Mərkəzi" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tikinti-təmir xərclərinin müəyyən edilməsi barədə hesabata əsasən, inşaat işləri 2021-ci ilin may ayı tarixindən başlayan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1247 saylı bağ evində 2 mərtəbə və həyətyanı tikililərdə bağlanmış müqaviləyə əsasən yarımçıq qalmış işlərin dəyəri 45401,04 manat təşkil edir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, İddiaçı cavabdeh tərəfindən təmir-tikinti müqavilələrinin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması səbəbindən, bu müqavilələrə birtərəfli qaydada xitam verilməsi barədə öz iradə ifadəsini cavabdehə bildirmişdir. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı məktubla cavabdehə müraciət edərək, cavabdehin səlahiyyətli əməkdaşının iştirakı ilə müqavilə üzrə tikintinin aparıldığı sahədə qaraja baxış keçirilməsi, işlərdə yaranmış qüsurların aradan qaldırılması üçün qısa müddət ərzində tədbirlər görülməsini və qüsurlu icra nəticəsində iddiaçıya dəymiş zərərin ödənilməsinin təmin edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/452 saylı rəyinə əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən ünvan 2 ünvanında mülkiyyətdə olan 0,16 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə tərəflərin iştirakı ilə baxış keçirilmiş, lakin inşa olunmuş yaşayış evində müxtəlif növ eləcə də gözlə görünməyən tikinti-təmir işləri aparıldığından, gizli işlərə dair aktlar, tikinti-təmir işləri ilə bağlı layihə və smeta sənədləri, qaimələr mülki iş materiallarında omadığından, həmçinin baxış zamanı təqdim edilmədiyindən, aparılmış tikinti-təmir işləri tamamlandığından, İddiaçı ilə “X2" MMC arasında bağlanmış müqaviləyə əsasən aparılmış tikint-təmir işlərin həcmi və dəyərini dəqiqliklə nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Buna görə də qərardadda qoyulmuş birinci-üçüncü suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Qeyd olunur ki, hər hansı tikilinin inşa olunması üçün sərf edilmiş materialların və çəkilmiş xərclərin dəyəri, həmin tikiliyə baxış keçirilərək, ölçü işləri aparılmaqla və ya tikilinin inşasına dair tərtib edilmiş layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədləri əsasında müəyyən edilə bilər. Məhkəmə Ekspertiza Mərkəzinin rəyinin tədqiqat prosesinin təsviri hissəsindən görünür ki, Mərkəzin eksperti “Əmlak Ekspert Mərkəzi" MMC-nin vermiş olduğu xx.xx.2022-ci il tarixli rəyini təsdiq edərək qaraj sahəsinin tavanının uçması nəticəsində dəymiş ziyanın 8014,17 manat məbləğində olmasını qeyd etmişdir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə tədqiq olunmuş sübutlarla tərəflər arasında bağlanmış iki podrat müqaviləsinin şərtlərinə iddiaçı (sifarişçi)tərəfindən əməl edilməsinə, yəni müqavilələr üzrə razılaşdırılmış işlərin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, cavabdeh (podratçı) tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi – işlərin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə görülməməsi, işlərin natamam və qüsurla görülməsi, natamam işlərin dəyərinin 45401,04 manat, qüsurla görülmüş işlərin (qarajın tavanı) aradan qaldırılması üçün zəruri olan xərclərin dəyərinin 8470 manat müəyyən edilməsi, hər iki müqavilə üzrə işlərin razılaşdırılmış dəyərinin 148030 manat təşkil etməsinə baxmayaraq, iddiaçı tərəfindən ümumilikdə 156500 manat, yəni 8470 manat artıq ödəməsi təsdiq edilmişdir. Məhkəmənin iş üzrə 2(004)-148/2023 saylı 23 avqust 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış təmir-tikinti müqavilələrinin ləğv edilməsi tələbi hissəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən (həmin tələbə məhkəmə qaydasında baxılmamalı olması əsası ilə) xitam verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməli, müqavilələr üzrə iddiaçı tərəfindən əvvəlcədən avans şəklində ödənilmiş, lakin icra edilməmiş işlərin dəyəri kimi 45400 manat pul vəsaiti, ikinci təmir-tikinti müqaviləsi üzrə işlərin qüsurlu icra edilməsi nəticəsində iddiaçıya dəymiş 8014,17 manat zərər, hər iki təmir-tikinti müqaviləsi üzrə artıq ödənilmiş 8470 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 276 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış iki podrat müqaviləsi üzrə icra edilməmiş işlərin dəyəri kimi 45400 (qırx beş min dörd yüz) manat, ikinci təmir-tikinti müqaviləsi üzrə (yardımçı tikililərin inşasına dair) işlərin qüsurlu icra edilməsi nəticəsində iddiaçıya dəymiş 8014,17 (səkkiz min on dörd manat on yeddi qəpik) manat zərər, hər iki təmir-tikinti müqaviləsi üzrə artıq ödənilmiş 8470 (səkkiz min dörd yüz yetmiş) manat ödəniş, 276 (iki yüz yetmiş altı) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyəri Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-148/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-148/2023
23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver