Məhkəmə qərarları › İş №e-2(004)-1498/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1498/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1498/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair mülki işin materiallarını nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun tutulması” tələbinə iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1356,13 manat borcun (abonent kodu: **********560) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qazax Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2(023)- 126/20224 nömrəli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İddiaçının qeydiyyat ünvanı Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşdiyindən hazırki mülki işə ərazi aidiyyatı qaydalarına uyğun olaraq Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Qazax Rayon Məhkəməsi tərəfindən mülki iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, İddiaçı ASC Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1356,13 manat borcun (abonent kodu: **********560) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsini tələb etmişdir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində ümumi ərazi aidiyyəti qaydalarından biri kimi iddia ərizəsinin cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilməsi göstərilmişdir. Lakin, Qazax Rayon Məhkəməsi ərazi aidiyyatını müəyyən edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə istinad etmişdir. Həmin maddə istehlakçının hüququnun müdafiəsi üzrə istehlakçının məhkəməyə müraciət etdiyi hallara şamil olunur. Mövcud iddia isə istehlakçı tərəfindən deyil, İddiaçı ASC tərəfindən istehlakçının hüququnun müdafiəsi üzrə deyil, istehlakçıdan yaranmış borcun tutulması barədə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yəni, İddiaçı ASC iddia tələbini Cavabdeh rəsmi qeydiyyatda olduğu yer (Qazax, N.Nərimanov qəsəbəsi, 31, 23) üzrə Qazax Rayon Məhkəməsinə verməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsi iddiaçının seçməsinə görə aidiyyat adlanır və qanunverici həmin normaya əsasən iddiaçıya seçim imkanı yaratmaqla, iddia tələbini məhkəməyə verərkən aidiyyatı özünün müəyyən etməsi üçün normada müəyyən edilmiş qaydada seçim imkanı qoymuş, imperativ tələb qoymamışdır. Yəni iddiaçı istəyi ilə ya həmin normada nəzərdə tutulmuş qaydada, ya da ümumi qaydada cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edə bilər. Odur ki, qeyd edilən tələbdə İddiaçı ASC istehlakçı olmadığından və istehlakçının hüququnun müdafiəsi ilə bağlı tələblə məhkəməyə müraciət etmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsi İddiaçı ASC-yə şamil olunmamalıdır və İddiaçı ASC ümumi qaydada cavabdehin rəsmi qeydiyyata alındığı yerin məhkəməsinə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan xüsusatlar məhkəmələr arası fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət verilməsi apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən, mülki iş ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar