Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1507/2024 15.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Vaqif oğlunun, Cavabdeh1 Vyaçeslovnanın nümayəndəsi və vəkili X1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Vyaçeslovna və Cavabdeh2 qarşı "cavabdehlərin mənzildən istifadə hüququ olmayan hesab edilməklə azyaşlı övladları X3 və X4 ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Vyaçeslovna və Cavabdeh2 qarşı "cavabdehlərin mənzildən istifadə hüququ olmayan hesab edilməklə azyaşlı övladları X3 və X4 ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. Cavabdeh1 Vyaçeslovna iddiaçının gəlini, digər Cavabdeh2 isə iddiaçının oğludur. Cavabdeh2 ilə Cavabdeh1 Vyaçeslovna xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Lakin, hazırda boşanma mərhələsindədirlər. İddia predmeti olan sözügedən mənzildən cavabdehlər və azyaşlı övladlarının çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Vaqif oğlu iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etdiyini bildirmişdir. Cavabdeh1 Vyaçeslovnanın nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan arayışa əsasən müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 Vyaçeslovna və Cavabdeh2, onların azyaşlı övladları X3 və X4 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi əsas götürülməklə, münasibətlərin yarandığı tarix xx.xx.2006-cı ildir. Bu səbəbdən, mübahisəyə münasibətlərin yarandığı tarixdə qüvvədə olmuş maddi hüquq norması qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə qeyd edir ki, mənzilə qeydiyyat özlüyündə istifadə hüququnun yaranmasına səbəb olmur. Belə ki, mənzilə qeydiyyat formal xarakter də daşıya bilər. Məhkəmə qərar qəbul edərkən iddia tələbinin Cavabdeh2 tərəfindən qəbul edilməsi xüsusatını nəzərə alır. Tərəflər arasında qohumluq münasibətlərinin olması mülkiyyətçinin mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas qismində çıxış edə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh1 Vyaçeslovna iddia tələbində qeyd olunan xüsusatların təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material (mülahizə) məhkəməyə təqdim etməmiş, üzərinə düşən aktiv sübutetmə fəaliyyətini təmin etməmişdir. Həmçinin, cavabdehin başqa yaşayış yerinin olmamasına dair xüsusatlar sonuncu Cavabdeh1 Vyaçeslovna tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. Cavabdeh1 Vyaçeslovna iddiaçının gəlini, digər Cavabdeh2 isə iddiaçının oğludur. Sonuncular ünvan 1 ünvanında faktiki olaraq yaşayırlar. Nəticə etibarilə, mülkiyyətçi olan iddiaçının iddia tələbi əsaslıdır. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Mənzildə formal qeydiyyatda olmaq istifadə hüququnun yaranmasının əsası qismində çıxış edə bilməz. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Cavabdeh1 Vyaçeslovna, Cavabdeh2, onların azyaşlı övladları X3 və X4 ünvan 1 ünvanından istifadə hüquqları olmayan hesab edilməklə həmin mənzildən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Vyaçeslovna və Cavabdeh2 qarşı "cavabdehlərin mənzildən istifadə hüququ olmayan hesab edilməklə azyaşlı övladları X3 və X4 ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 Vyaçeslovna, Cavabdeh2, onların azyaşlı övladları X3 və X4 ünvan 1 ünvanından istifadə hüquqları olmayan hesab edilməklə həmin mənzildən çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1507/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1507/2024
15.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver