Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1559/2022 04.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh Heidara qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı MMC Cavabdeh Heidara qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Heidardan 103 manat 72 qəpik abunə haqqı və 30 manat dövlət rüsumu, cəmi 133 manat 72 qəpik vəsaitin İddiaçı MMC - nin xeyrinə məcburi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abunə Müqaviləsinin 4.1 -ci bəndinə əsasən, Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Hesab-fakturada göstərilən ödəniş müddətləri Abunəçi tərəfindən pozularsa, “Azercell” Abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər “Azercell tərəfindən davam etdirilir. Cavabdeh öz borcunu ödəməsinin son tarixi 19.11.2020-ci il müəyyən olunsa da o, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC ilə Cavabdeh Heidar arasında 19.11.2020-ci il tarixli ********* saylı abunə müqaviləsinə əsasən 050 324 60 15 nömrəsi vasitəsilə cəmiyyətin rabitə xidmətlərindən istifadə üçün GSM müqaviləsi bağlanmışdır. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən hesab-fakturada göstərilən ödəniş müddətləri Abunəçi tərəfindən pozularsa, “Azercell” Abunəçiyə faktura kəsildiyi tarixdən 45 təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0.1% miqdarında hesablanır. İş materiallarında olan 20.08.2021-ci il tarixli cari hesab arayışlarından görünür ki, Cavabdeh Heidar tərəfindən 050 324 60 15 nömrəli mobil telefondan istifadə üçün 19.11.2020-ci il tarixə ödənilməmiş faktura məbləği 103,72 (yüz üç manat yetmiş iki qəpik) manat təşkil edir. Mülki işin materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında rabitə xidmətlərinin göstərilməsi üçün qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə göstərilən rabitə xidmətləri müqabilində ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirərək rabitə xidmətlərini lazımi qaydada göstərmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni rabitə xidmətləri müqabilində ödənişləri icra etməmişdir. Odur ki, iddiaçı cavabdehə göstərdiyi xidmətlərin haqqını tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 103,72 (yüz üç manat yetmiş iki qəpik) manat Cavabdeh Heidardan alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Heidardan 103,72 (bir yüz üç manat yetmiş iki qəpik) abunə və xidmət haqqı borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1559/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1559/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver