Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1562/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kirayə haqqının ödənilməsi və mənzilin iddiaçının istifadəsinə verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "X1 Məsuliyyətli Cəmiyyətinə qarşı kirayə haqqının ödənilməsi və mənzilin istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-"xxxx" MMC ilə aralarında bağlamış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə əsasən, "xxxx" MMC tərəfindən Şərifzadə 33 ünvanında yeni tikilmiş binada hazırkı layihə üzrə sıralamaya əsasən 57 nömrəli, 56,5 kv.metrdən ibarət 1 otaqlı mənzilin "xxxx" MMC tərəfindən onun əməli istifadəsinə verilməsi və 22 ay müddətində hər ay 250 manat olmaqla ödənilməmiş (22x250=5500) 5500 (beş min beş yüz) manat məbləğində kirayə haqqının "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə AZEMİS vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə 14 iyun 2023-cü il tarixli ərizə ünvanlayaraq cavabdeh- "xxxx" MMC ilə aralarında bağlamış xx.xx.2016-cı il tarixli müqavilədə 16 sentyabr 2016-cı il tarixli dəyişikliyə uyğun olaraq, "xxxx" MMC tərəfindən Şərifzadə 33 ünvanında yeni tikilmiş binada 56,5 kv.metrdən ibarət 1 otaqlı 199 saylı mənzilin "xxxx" MMC tərəfindən onun əməli istifadəsinə verilməsi və 22 ay müddətində hər ay 250 manat olmaqla ödənilməmiş (22x250=5500) 5500 (beş min beş yüz) manat məbləğində kirayə haqqının "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən binada 32 nömrəli mənzil Qeydiyyat Vəsiqəsinə əsasən iddiaçının mülkiyyətindədir və 2016-cı ilə qədər həmin mənzildə yaşamışdır. "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus mənzilin "xxxx" MMC tərəfindən sökülüb əvəzində yeni tikiləcək binada 29 kv.metr tam təmirli 1 otaqlı mənzil verilməsi və bina tikilib başa çatanadək hər ay 250 manat kirayə haqqı ödənilməsi barədə cavabdeh tərəfindən öhdəlik götürülmüşdür. Lakin, bir müddət sonra 19 sentyabr 2016-cı ildə "xxxx" MMC ilə qarşılıqlı razılıq əsasında müqavilənin şərtlərinə dəyişiklik edilmişdir. Belə ki, qarşılıqlı razılığa əsasən "xxxx" MMC təmirli mənzil əvəzinə təmirsiz mənzil verəcəyi halda 45 kv.metr verəcəyini, daha sonra isə onun üzərinə əlavə 11,5 kv.metr sahənin onun 10925 manat ödəyəcəyi vəsait hesabına evin sahəsinə əlavə edərək 56.5 kv.metrdən ibarət 1 otaqlı mənzil verməyi öhdəsinə götürmüşdür. Bu razılıq xx.xx.2016-cı il tarixli müqavilənin ikinci vərəqinin sonunda əlavə yazılaraq "xxxx" MMC-nin möhürü ilə təsdiqlənmişdir. Onun dəyərini ödəyərək 11,5 kv.metr əlavə aldığı sahənin 10925 manat dəyərinin 6425 manatı nəğd ödənmiş, qalan 4500 manat isə 18 aylıq (hər ay 250 manat veriləcək kirayə haqqı) kirayə haqqı ilə əvəz edilərək dəyərini ödəmişdir. Lakin, bu müddət ərzində dəyərini ödəyərək aldığı 56,5 kv.metrdən ibarət 1 otaqlı mənzil iddiaçıya təhvil verilməmişdir. Onu da qeyd edir ki, müqavilə bağlanan zaman 199 saylı mənzili razılaşmışlar. Belə olan təqdirdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili izahatını dinləyib, iddia ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 avqust 2016-cı il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən Şərifzadə 33 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 saylı mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş bina mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində Dövlət reyesterindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25 faiz əlavə edilməklə, 29.0 kv.m təmirli mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən İddiaçı yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 1 otaqlı mənzil üçün aylıq 250 manat kirayə haqqını tələb etmək hüququ vardır. Müqavilənin ikinci vərəqində xx.xx.2016-ci il tarixdə tərəflərin imzası və cavabdehin möhürü ilə təsdiqlənmiş qeyddə göstərilmişdir ki, yeni tikiləcək binada 199 saylı mənzilə əlavə 565- 45.0=11.5 kv.m x 950 AZN = 10925 AZN bundan 6425 AZN nağd, 4600 18 aylıq kirayə haqqı ilə əvəzləndi. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 26 may 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Mərkəzin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində ünvan 1 ünvanında yerləşən “İnşaat Konstruksiyaları" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının ilkin və sonrakı layihələri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzində yoxdur. Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 33, 32 saylı mənzil İddiaçı adına 04 avqust 2004-cü ildə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1334 saylı reyestr kitabında 200384 səhifədə 30/200384 qeydə alınma nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, 2020-ci il üzrə 4 ay, 2021-ci il üzrə 3 ay, 2022-ci il üzrə 11 ay üzrə ödənişlər həyata keçirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı sökülən mənzilin əvəzinə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 ünvanda inşa edilən yaşayış binasında yerləşən ümumi sahəsi 56.5 kv.m olan 1 otaqlı 199 saylı mənzilinin verilməsi və mənzil təhvil verilənədək hər ay 250 manat olmaqla kirayə haqqı ödənilməsi barədə 16 sentyabr 2016-cı il tarixdə dəyişiklik edilməklə xx.xx.2016cı il tarixli müqavilə bağlayaraq üzərinə buna dair öhdəlik götürsə də öz öhdəliklərini icra etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, müqavilə üzrə öhdəliklər icra edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 ünvanda inşa edilən yaşayış binasında yerləşən ümumi sahəsi 56.5 kv.m olan 1 otaqlı 199 saylı mənzil İddiaçı təhvil verilməlidir. Məhkəmə ödənilməmiş kirayə haqqlarına münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən yeni mənzilin tikintisi dövründə iddiaçının kirayədə qalması üçün, ona kirayə haqqının ödənilməsi öhdəliyi yerinə yetirilmədiyindən, iddiaçı haqlı olaraq müqavilənin 2.1.2-ci bəndinə əsasən kirayə (icarə) haqqı tələbi ilə məhkəməyə müraciət etmişdir. Müqavilənin 2.1.2-ci bəndinə uyğun olaraq aylıq 250 manat ödəniş haqqı 22 ay ərzində (2020-ci il üzrə 3 ay, 2021ci il üzrə 4 ay, 2022-ci il üzrə 11 ay və 2023-cü il üzrə iddia tələbi daxilində ilk dörd ay olmaqla) (2023-cü il üzrə ödəniş edilməmişdir) ödənilmədiyindən, həmin aylar üzrə cəmi (22ay x 250manat) 5500 manat məbləğində icarə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; -424.1-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır; -424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə isə müqavilənin dəyişdirilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş sayılır; -427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; -700.1-ci madəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı oluğundan təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 ünvanda inşa edilən yaşayış binasında yerləşən ümumi sahəsi 56.5 kv.m olan 1 otaqlı 199 saylı mənzilinin İddiaçı istifadəsinə verilməsi öhdəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalı, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş kirayə haqqına görə 5500 (beş min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 ünvanda inşa edilən yaşayış binasında yerləşən ümumi sahəsi 56.5 kv.m olan 1 otaqlı 199 saylı mənzilinin İddiaçı istifadəsinə verilməsi öhdəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş kirayə (icarə) haqqına görə 5500 (beş min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1562/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1562/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver