Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1579/2022 21.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğvi və pulun geri qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Aləm oğluna qarşı “barışıq sazişinin ləğvi və pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 08.02.2022-ci il tarixdə elektron qaydada Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh Aləm oğlu arasında bağlanmış 31 may 2021-ci il tarixli, 3M-1734 nömrə ilə qeyd edilmiş barışıq razılaşması barədə müqavilənin ləğv edilməsi və Cavabdeh Aləm oğlundan 15000 manat pul vəsaiti, 312,5 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 may 2021-ci il tarixdə onunla cavabdeh arasında Barışıq sazişi bağlanmışdır. Sazişə görə Cavabdeh X7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ünvanında yerləşən 3 saylı evin 18 saylı mənzilinin iddiaçının adına özgəninkiləşdirilməsinə razılıq verilməsi müqabilində iddiaçı cavabdehə 15.000 manat pul ödəmişdir. O, müqavilənin təsdiq edilməsi üçün 92 manat dövlət rüsumu da ödəmişdir. Məqsəd Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 3 saylı evin 18 saylı mənzilinin üzərinə qoyulmuş məhdudiyyətin götürüməsi və həmin mənzil üzrə məhkəmə mübahisəsinin yekunlaşması olmuşdur. 09.10.2020-ci il tarixli, 2V-762 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə görə 22.10.2013-cü il tarixdə vəfat etmiş atası X6 yeganə vərəsəsi kimi iddiaçı pay almalıdır. Digər əmlaklardan başqa, bu Şəhadətnaməyə əsasən miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27.02.2007 tarixdə X7 verilmiş **********27- 05***-******* reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.m, yaşayış sahəsi 47 kv.m 3 otaqlı olan mənzildir. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 09.10.2020-ci il tarixli 2V-762 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 22.10.2013-cü il tarixdə ölmüş X6 qanun üzrə vərəsəsi kimi tanınmaqla, ona çatan paya dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi, İddiaçı Ələm oğluna, maraqlı şəxslər X3 və X4 qarşı miras əmlakın qəbulu tələbinə dair iddianın rədd edilməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Bu qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.07.2021-ci il tarixli 2(105)-2193/2021 nömrəli qətnaməsi ilə, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Şəhər Məhkəməsinin üzrə 12 mart 2021-ci il tarixli 2(060)-1164/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra, 31 may 2021-ci ildə onlar barışıq sazişi bağlamışlar və Araz miras əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.m., yaşayış sahəsi 47 kv.m. 3 otaqlı olan mənzilə münasibətdə həmin mənzilin özgəninkiləşdirilməsinə icazə verilməsi öhdəliyini götürmüşdür. Lakin, barışıq sazişi ilə iddiaçı öz üzərimə götürdüyü öhdəliyi, yəni 15.000 manatı ödəməyinə baxmayaraq, Araz öz öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.07.2021-ci il tarixli, 2(105)-2193/2021 nömrəli qətnaməsindən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin supremecourt.gov.az rəsmi internet səhifəsində bu barədə məlumat yerləşdirilmişdir. İş № 2[102]-6503/2021, İşin daxil olduğu tarix: 01.10.2021, İşin baxılma tarixi:-qeyd edilməyib, Sədrlik edən hakim: Əhməd Əhmədov. Göründüyü kimi, cavabdeh 31.05.2021-ci il tarixli Barışıq sazişi üzrə özərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün ləğv edilməli və ödədiyim 15.000 manat pul iddiaçıya geri qaytarılmalıdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, barışıq sazişinə əsasən Cavabdeh Aləm oğlu mənzilin üzərinə qeydiyyatla bağlı məhdudiyyətin götürülməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin, onun belə bir səlahiyyəti yoxdur. Həmçinin, onun belə bir səlahiyyəti olduğu hesab edilsə belə, Sumqayıt Şəhər Məhkəməsində mənzilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsi barədə ərizəyə baxılarkən Cavabdeh Aləm oğlunun nümayəndəsi və vəkili izahatında ərizənin təmin edilməsinə etiraz etmişdir. Hesab edir ki, Cavabdeh Aləm oğlu tərəfindən barışıq sazişinin tələblərinin pozulması aşkardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatının iddia ərizəsinin məzmununa, həmçinin nümayəndəsi və vəkilinin izahatına uyğun oluğunu bildirmiş, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsində baxılmış iş üzrə bir neçə əmlakla bağlı mübahisə olmuş, barışıq sazişi ancaq Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 3 nömrəli evin 18 nömrəli mənzilinə dair bağlanmışdır. Cavabdeh tərəf bununla bağlı ödhəliklərini yerinə yetirmiş və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı vəsatət və ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsində həbsin götürülməsi ilə bağlı İddiaçı ərizəsinə baxılarkən, artıq onlara məlum olmuşdur ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də o, izahatında ərizənin təmin edilməməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31.05.2021-ci il tarixli 3M-1734 reyestr nömrəli Barışıq sazişinin surətindən görünür ki, həmin sazişə əsasən İddiaçı (bundan sonra “Birinci tərəf’) və Cavabdeh (bundan sonra “İkinci tərəf) birlikdə (bundan sonra “Tərəflər") bu razılaşmanı aşağıdakı şərtlərlə bağlamışdırlar: İddiaçı mübahisə predmeti olan X7 məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ünvanında yerləşən 3 saylı evin 18 nömrəli mənzilinin üzərinə qoyulmuş qeydiyyatla bağlı məhdudiyyətin götürülməsi razılıq verilməsi müqabilində Cavabdeh 15000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, İddiaçı isə torpağa mülkiyyət hüququna dair dövlət Aktı, JN 355, kod 30304018 olan Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi birgə mülkiyyə hüququ ilə X7 və X2 məxsus 0.32 ha kənd təsərrüfatlı təyinatlı torpağın Cavabdeh adına sənədləşdirilməsinə və özəlləşdirlməsinə razılıq verməyi öhdəsinə götürmüşdür; Cavabdeh mübahisə predmeti olan X7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ünvanında yerləşən 3 saylı evin 18 nömrəli mənzilinin İddiaçı adına özgəninkiləşdirilməsinə razılıq verilməsi müqabilində İddiaçı 15000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə qəbul etmişdir; X1 məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ünvanında yerləşən 3 saylı evin 18 nömrəli mənzili və torpağa mülkiyyət hüququna dair dövlət Aktına əsasən JN 355, kod 30304018 olan Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi birgə mülkiyyə hüququ ilə X7 və X2 məxsus 0.32 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin gələcəkdə heç bir mübahisə və məhkəmə predmeti olmayacağı barədə razılaşmışlar. İş materiallarında olan 09.10.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 22.10.2013-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 27.02.2007 -ci il tarixdə X7 verilmiş **********27-05101-093005 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.8 kv/m, yaşayış sahəsi 47 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 14.02.2022-ci il tarixli, 2(060)- 1164/2021 nömrəli qərardadının surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(060)-1164/2021 nömrəli qətnaməsi ilə, iddiaçı Cavabdehlər Sumqayıt Regional «ASAN xidmət» Mərkəzində Notariat ofisinə və İddiaçı Ələm oğluna, maraqlı şəxslər X3 və X5 qarşı “miras əmlakın qəbul edilməsi tələbinə” dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2193/2021 saylı, 12.07.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1164/2021 saylı, 12.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30.11.2021-ci il tarixli 2(102)-6503/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 2(105)-2193/2021 saylı, 12.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, cavabdeh İddiaçı Ələm oğlunun ərizəsi əsasında Sumqayıt şəhər Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 2(060)-1164/2021 saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 3 saylı evin 18 saylı mənzilinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 ərizənin təmin edilməməsini məhkəmədn xahiş etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Sumqayıt şəhər Məhkəməsinə ünvanlanmış 31 may 2021-ci il tarixli ərizənin surətindən görünür ki, müvafiq ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1164/2021 saylı 13.01.2021-ci tarixli qərardadının ləğv ediməsi, işə mahiyyəti üzrə baxılıb həll edilənədək iş üzrə qəbul olunacaq qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Şəm Rəhimov küçəsində yerləşən 3 saylı evin 18 saylı mənzilinin cavabdeh tərəfindən özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsinə dair yeni qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinə ünvanlanmış 03 iyun 2021-ci il tarixli vəsatətin surətindən görünür ki, müvafiq vəsatət ilə işə apelyasiya qaydasında baxılması üçün təyin edilmiş 12.07.2021-ci il tarixədək Bakı şəhəri, Nərimanov rayonu, Şəm Rəhimov küçəsində yerləşən 3 saylı evin 18 saylı mənzilinin cavabdeh tərəfindən özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsinə dair yeni qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 881.1-ci maddəsinə görə, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Mülki Məcəllənin 881.2-ci maddəsinə görə, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, İddiaçı Cavabdeh ilə onun arasından bağlanmış barışıq sazişinin şərtlərinin cavabdeh tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti veriməklə pozulmasını iddia edir. Məhkəmə qeyd edir ki, barışıq sazişində tərəflərin kassasiya şikayəti vermək hüququndan imtina edilməsi barədə öhdəliyi nəzərdə tutulmamışdır. Həmçinin, belə bir öhdəliyin götürülməsi barədə müqavilə şərti öz özlüyündə etibarsız olardı. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmçinin qeyd olunmalıdır ki, barışıq sazişini tərəflər onlar arasında mübahisəyə Sumqayıt Apelyasiya Məhkəməsində baxıldığı dövrdə bağlamışlar. Ona görə də, barışıq sazişi bağlanarkən tərəflər arasında həmin iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilmədiyi üçün, sonradan Cavabdeh tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi barışıq sazişinin sazişdə nəzərdə tutulan mənzilin və torpaq sahəsinin gələcəkdə heç bir mübahisə və məhkəmə predmeti olmayacağı barədə şərtinin pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə bundan başqa, iddiaçının vəkili və nümayəndəsinin izahatında göstərdiyi hallarla bağlı qeyd edir ki, barışıq sazişinin şərtindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ünvanında yerləşən 3 saylı evin 18 nömrəli mənzilinin üzərinə qoyulmuş qeydiyyatla bağlı məhdudiyyətin götürülməsi razılıq verilməsini öhdəsinə götürmüşdür. Bundan sonra o, bilavasitə və nümayəndəsi vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə və Sumqayıt Apelyasiya Məhkəməsinə ərizə və vəsatətlə müraciət edərək, qeyd edilən mənzilin cavabdeh tərəfindən özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsini xahiş etmiş, bununla da mənzilə dair məhdudiyyətin götürülməsinə razılıq verilməsi barədə öhdəliyini icra etmişdir. 14.02.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsində İddiaçı əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə baxılarkən isə, artıq İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, ərizəyə baxılarkən Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş və əmlak üzərinə qoyulmuş həbsin götürülməsi Cavabdeh razılığının olub-olmamasından asılı olmamışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh Aləm oğluna qarşı “barışıq sazişinin ləğvi və pulun geri qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğvi və pulun geri qaytarılması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1579/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1579/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver