Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1589/2023 03.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi polkovnik X3 ilə Cavabdeh1 arasında N yanvar N-ci il tarixli 3 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” nin ləğv edilm’si? Bakı şəhəri, ünvan 9 mənzil, 1 ünvanından Cavabdeh1 və Bakı şəhəri, ünvan 2 ünvanından Cavabdeh2 qızının pasport qeydiyyatından çıxarılması, Cavabdeh1 ailə üzvləri (Cavabdeh2 qızı, oğlanları - Cavabdeh3, Cavabdeh5 və qızı Cavabdeh4 ) Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq-1” hərbi şəhərciyi Şəfayət Mehdiyev küçəsi ev 136 “A”, mənzil 1 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 1 nömrəli mənzil “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Bakı Qarnizonu üzrə mənzil komissiyasının N yanvar N-ci il tarixli 22 nömrəli protokolu ilə xüsusi təyinatlı yaşayış sahəsinin 3 nömrəli N yanvar N-ci il tarixli kirayə müqaviləsi əsasında hərbi qulluqçu polkovnik Cavabdeh1 ailə üzvləri (həyat yoldaşı Cavabdeh2 qızı, oğlanları - Cavabdeh3, Cavabdeh5 və qızı Cavabdeh4) ilə birlikdə Bakı şəhəri, ünvan 9 mənzil 1 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.metr yaşayış sahəsi verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS söbəsinin 14 sentyabr 2022-ci il tarixli arayışına əsasən ehtiyatda olan polkovnik Cavabdeh1 yaşayış yeri üzrə Bakı şəhəri, ünvan 3, mənzil 1 ünvanına pasport qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Müdafiə nazirinin 11 avqust 2022-ci il tarixli müvafiq əmrinə əsasən polkovnik Cavabdeh1 Azərbaycan Ordusundan ehtiyata buraxılmışdır. Şəxsi heyətin siyahısından isə 28 sentyabr 2022-ci il tarixdən çıxarılmışdır Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi ehtiyatda olan polkovnik Cavabdeh1 xidmət müddətində Müdafiə Nazirliyinin mənzil fondundan ünvan 4 ünvanında yerləşən 3 otaqlı, 47,3 kv.m (daimi), həmçinin Bakı şəhəri, ünvan 9, mənzil 1 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m xidməti yaşayış sahəsi ilə təmin edildiyini bildirmiş və 28 sentyabr 2022-ci il tarixdən əmək münasibətlərinə xitam verildiyindən xüsusi təyinatlı yaşayış sahəsindən və pasport qeydiyyatından çıxarılmasına dair Hüquq İdarəsindən tədbir görünməsini xahiş etmiş və Cavabdeh1 adına verilmiş 24 noyabr 1992-ci il tarixli 00335 nömrəli orderin və N yanvar N-ci il tarixli 3 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətlərini məktubuna əlavə etmişdir. Cavabdeh1 peşəkar kadr olduğundan Müdafiə Nazirliyinin Bakı Qarnizonunun təsdiq etdiyi siyahıyə əsasən 1992-ci ildə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən ona ünvan 6 ünvanında yerləşən 3 otaqlı, 47,3 kv.m sahəsinə (daimi) order vermişdir. Cavabdeh1 Teynur oğlu sonuncu xidmət yeri Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq-1” hərbi şəhərcikdə yerləşdiyindən Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsinə 2015-ci ildə raportla müraciət etmişdir Müraciətdə qeyd etmişdir ki, o, dörd nəfər ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında yaşayır, səhər və axşam saatlarında nəqliyyatın həddən artıq sıx olması səbəbindən xidmət yerinə gəlməyi və qayıtmağı ən azı 3 saat və bəzən daha çox vaxt aparır. Buna görə də, Bakı şəhəri Yasamal rayonundakı hərbi şəhərcikdə müvvəqəti xidməti mənzilin verilməsi barədə yuxarı komandalıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. 12 dekabr 2015ci il tarixdə polkovnik Cavabdeh1 qeydiyyata alınmış raportu Baş Qərargah rəisinin müavini- Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizami Osmanovun imzası ilə Müdafiə Nazirliyinin Mənzil Komissiyanın sədrinə göndərilərək nəzərə alınması xahiş edilmişdir. Bakı Qarnizonu üzrə mənzil komissiyanın N yanvar N-ci il tarixli 22 nömrəli protokolu ilə Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, ünvan 9, mənzil 1 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m xidməti yaşayış sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Həmin protokol əsasında Cavabdeh1 ilə Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinin rəisi polkovnik X3 arasında N yanvar N-ci il tarixli 3 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanmışdır. 28 sentyabr N-ci il tarixdən əmək münasibətlərinə xitam verildiyindən ehtiyatda olan polkovnik Cavabdeh1 Müdafiə Nazirliyinin mənzil fondundan ünvan 6 ünvanında yerləşən 3 otaqlı, 47,3 kv.m (daimi) yaşayış sahəsi ilə təmin olduğuna görə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi ilə bağlanmış N-ci il N yanvar tarixli 3 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə 2022-ci il 25 oktyabr tarixindən xitam verilməsi ilə bağlı xəbərdarlıq verilmişdir. 11 oktyabr 2022-ci il tarixli 3 nömrəli protokolu ilə Bakı Qarnizonu üzrə mənzil komissiyasının N yanvar N-ci il tarixli 22 nömrəli protokolunun 3-cü (Cavabdeh1 xidməti mənzilin verilməsi barədə) bəndi qüvvədən düşmüş hesab edilmiş və ehtiyatda olan polkovnik Cavabdeh1 ilə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi arasında bağlanmış N yanvar N-ci il tarixli 3 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” xitam verilmişdir. Cavabdeh 1992-ci ildə güzəştli şərtlərlə mənzillə təmin edilmiş və bu barədə Yasamal rayon İcra Hakimiyyətinin 24 noyabr 1992-ci il tarixli 00335 nömrəli order (daimi) verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 18 oktyabr 2022-ci il tarixli **********75 nömrəli məktubundan görünür ki, Cavabdeh1 adına Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 22, 65 saylı mənzil Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 19 oktyabr 1992-ci il tarixli 529/1 nömrəli sərəncamına, 24 noyabr 1992-ci il tarixli 003335 nömrəli orderə, N yanvar 2000-ci il tarixli 103 nömrəli forma 2 arayışına, Cavabdeh2 qızının razılıq ərizəsinə əsasən 28 iyul 2000-ci il tarixdə qeydiyyatdan keçmiş və Bakı şəhəri 36 saylı DNK-nın 4Ə-3-517 reyestr nömrəli 21 sentyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. Həmçinin Cavabdeh1 adına Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, ev 5 “d”, 5 saylı mənzil Bakı şəhər notariusu Ə.A.Hüseynov tərəfindən təsdiq edilmiş 4Ə-01-46 reyestr nömrəsi 19 avqust 2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən 14 sentyabr 2011-ci il tarixdə qeydiyyatdan keçməsi və hazırda mülkiyyətində olması bildirilmişdir. Azərbaycan Ordusunun hərbi qulluqçuların sosial müdafiyəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Prezidentinin 569 nömrəli 2011-ci il tarixli 28 dekabr tarixli Fərmanının Preambulasında qeyd edilmişdir ki, Azərbaycan iqtisadiyyatının surətli inkişafı nəticəsində ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensiyalının gücləndirilməsi və ordumuzun maddi texniki bazasının müasirləşdirilməsinə imkan vermişdir. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə təkan vermişdir Nəzərə alınmalıdır ki, sosial hüquqların məzmunu, həyata keçirilməsi və s. sosialtəminat xarakterli məsələlərlə bağlı qanunverici tərəfindən müvafiq tənzimlənmə müəyyən edilərkən, dövlətin iqtisadi vəziyyətinin, cəmiyyətinin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəliyinə ehtiyacının olub-olmaması kimi məqamların nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi davamlı olaraq artırılır. İddiaçı ona verilən güzəşt və bütün imtiyazlardan kifayət gədər istifadə edərək Müdafiə Nazirliyinin mənzil fondundan daimi yaşayış sahəsi ilə təmin edilmiş və o, artıq yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların kateqoriyasına aid edilə bilməz. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçki vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçki vəzifədə qalmanın xitamı yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Mübahisəli mənzilin könüllü boşaldılması ilə bağlı Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi Cavabdeh1 iki dəfə 26 sentyabr və 11 oktyabr 2022-ci il tarixdə -30 (otuz) gün müddətində mənzili boşaldaraq Müdafiə Nazirliyinin mənzil orqanlarına təhvil verilməsi barədə xəbərdarlıq göndərmişdir Lakin, cavabdeh mənzilin boşaltmaqdan imtina edərək xəbərdarlıqa imza etmiş, mübahisəli mənzildə təmir işlərinin aparmasını bildirmişdir. Mənkəmənin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamənin 4.3-cü bəndinin (kirayəçi kirayə verənin razılığı olmadan yaşayış sahəsinin əsaslı təmirini və bununla bağlı hər hansı işləri apara bilməz. Cavabdeh xüsusi təyinatlı yaşayış sahəsində təmir işləri aparaqla Əsasnamənin tələblərinin kobud şəkildə pozmuşdur. Komissiya tərəfindən mənzildə yerli baxış keçirilmiş və əsaslı təmir işlərinin aparılmaması müəyyən edilmişdir. Əsaslı təmir işlərinin aparılmasına ehtiyac olarsa onda kirayə verən kirayəçini və onun ailə üzvlərini təmir işlərinin aparıldığı müddət ərzində başqa yaşayış sahəsinə köçürülməli idi. Lakin, əsaslı təmir işlərinin aparılmasına ehtiyac olmadığından cavabdehlər başqa yaşayış sahəsinə köçürülməmişlər. Beləliklə, Müdafiə Nazirliyi belə qənaətə gəlir ki, işin araşdırılmış halları ilə hazırda iddiaçının yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməməsi səbəbindən iddia əsaslıdır. Cavabdeh1 Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən güzəşt və imtiyazlardan kifayət gədər istifadə etdiyindən müqavilə əsasında kirayəyə verilmiş ünvan 8 ünvanında yerləşən 3 otaqlı xüsusi təyinatlı yaşayış sahəsini şərtsiz olaraq boşaltmalıdır. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı N yanvar N-ci il tarixli 3 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəməyə yazılı etiraz təqdim etmişdirlər. Etiraz onunla əsaslandırılmışdır ki, həmin xidməti 3 otaqlı 51,1 kv.m sahəyə malik mənzil hərbi qulluqçu Cavabdeh1 və onun 5 nəfər ailə üzvünə Bakı qarnizonu üzrə mənzil komissiyasının N yanvar N-ci il tarixli 22 nömrəli protokolu əsasında xüsusi təyinatlı yaşayış sahəsinin N yanvar N-ci il tarixli 3 nömrəli kirayə müqaviləsi əsasında verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 64-cü maddəsinin tələbinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsini kirayəyə verən yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakının lazımınca saxlanmasında və təmirində iştirak etmək, yaşayış sahəsinin əsaslı təmirini aparmaq, kirayəçiyə lazımi keyfiyyətlə kommunal xidmətlərin göstərilməsini təmin etmək vəzifəsini daşıyır. Kirayəyə verən üzərinə düşən bu vəzifəni yerinə yetirmədiyindən xidməti mənzili özləri təmir etmək məcburiyyətində qalmışlar. Cavabdeh1 təxminən 40 min manata yaxın pul xərcləyərək evi təmir etdirmişdir. Kirayəyə verənin təmir xərclərindən xəbəri olmaması haqda iddia ərizəsində göstərilənlər tam əsassızdır. Ona görə də, iddiaçı mənzilin təmirinə çəkdikləri 40 min manat həcmində xərcləri ödəməlidir. Bundan başqa Cavabdeh1 2-ci Qarabağ müharibəsi zamanı hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçudur və uzun müddət Türkiyənin tibb müəssisələrində müalicə olunması barədə müvafiq sənədləri də vardır. Göstərdiyi qəhrəmanlığa görə Dövlət başçısı tərəfindən orden və medallarla təltif edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, həmin mübahisəli mənzildə cavabdeh olan və 44 günlük Qarabağ müharibəsində iştirak edərək qəhrəmanlıq göstərmiş daha 2 hərbçi yaşayır. Odur ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxaırlmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, ona həmin xidməti mənzilin açarları 2020-ci ilin iyun ayında verilmişdir. Mənzili aldıqdan sonra 2-3 ay sonra təmir etdirmişdir. 2020-ci ilin avqust ayından həmin xidməti mənzildə yaşamağa başlamışdır. Sənədləşmə gec olmuşdur. İddiaçı 2015-ci ildə raport yazmış, bu müraciəti təmin edilməmişdir. 2017-ci ildə də eyni qaydada raport yazmış, yenə də təmin olunmamışdır. Daha sonra 2020-ci ildə raport yazmış. Bu isə təmin edilmişdir. Ailə üzvlərinin sayı 5 nəfərdən ibarətdir, adam başına düşən sahə 16 kv.metr təşkil edir, o da polkovnik olduğu üçün 16 kv.metr də əlavə verilməli imiş, beləliklə, ona verilməli olan mənzilin sahəsi 96 kv.metr olmalı olsa da, verilən mənzil 47 kv.metr təşkil etmişdir. İddiaçı da mənzilin genişləndirilməsi ilə bağlı müraciət etsə də, tərtib olunan 60 nəfərlik siyahıdan cəmi 47 nəfərin təminatı yaxşılaşdırılmış, onun müraciətinə isə baxılmamışdır. Sonuncu müraciəti Maliyyə Nazirliyinə göndərilmişdir. Məhkəmədən iddianın təmin olunmamasını, təmin olunduğu təqdirdə isə qətnamədə ona verilməli olan əlavə kvm.ə uyğun mənzil verildikdən sonra icra edilməsini göstərilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxt barədə digər cavabdehlərə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan kirayəverən MN Mənzil-İstismar İdarəsi ilə kirayəçi Cavabdeh1 arasında bağlanmış xx.xx.N-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin 3 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayəverən Bakı Qarnizonu üzrə mənzil komissiyanın N yanvar N-ci il tarixli 22 nömrəli əsasında Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, ünvan 9, mənzil 1 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m xidməti yaşayış sahəsini AR Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, aşağıdakı hallarda kirayə müqaviləsi məhkəmə qaydasında kirayəverənin tələbi ilə ləğv edilə bilər. 5.4.1 Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə, 5.4.2 kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 5.4.3 kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4 kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5 yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 5.4.6 AR qanunvericiliyində və Mənzil Məcəlləsində nəzərdə tutulan digər hallarda. İş materiallarına əlavə edilmiş Cavabdeh1 N nömrəli hərbi hissəyə verdiyi N yanvar N-ci il tarixli yazılı iltizamda ona ayrılmış yuxarıda sözügedən xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan Bakı şəhəri Yasamal rayonu Qırmızı-Şərq -1 hərbi şəhərciyi Şəfayət Mehdiyev küçəsi 136A saylı evin 1 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq MN Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh1 Müdafiə Nazirliyi ilə xidməti münasibətlərinə xitam verildiyindən yaşadığı mənzili xx.xx.2022-ci il tarixdən sonra 30 gün müddətində boşaldılaraq Müdafiə Nazirliyi Mənzil-istismar İdarəsinə təhvil vermələri tələb olunuşdur. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh1 yaşadığı mənzili xx.xx.2022-ci il tarixədək boşaldaraq Müdafiə Nazirliyi Mənzil-istismar İdarəsinə təhvil verməyi xahiş olunmuşdur. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏD Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Cavabdeh1 adına Bakı şəhəri Xətai rayonu R.Məmməfov küçəsi ev 12, 65 saylı mənzil, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 529\1 nömrəli sərəncamına, 003335 nömrəli orderə, xx.xx.2000-ci il tarixli 103 nömrəli forma 2 arayışına, Cavabdeh2 qızının razılıq ərizəsinə əsasən xx.xx.2000-ci il ildə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 36 saylı DNK-nın 4Ə-3-513 reyestr nömrəli xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkilşdirilmişdir. Cavabdeh1 adına Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, ev 5d, 5 saylı mənzil 4Ə-01-46 reyesatr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2011ci il tarixdə qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. İş materiallarında olan ÖM seryalı, 171884 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Xətai rayonu R.Məmmədov küçəsi ev 12, 65 saylı mənzil X7 məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 82 nömrəli Əmrdən çıxarışla Cavabdeh1 xəstəliyə görə ehtiyyata göndərilməsi ilə əlaqədar məzuniyyətə buraxılmış xx.xx.2022-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılacaq polkovnik Cavabdeh1 məzuniyyətdən imtina etdiyinə görə xx.xx.2022-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış hesab edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 3 nömrəli protokolun surətindən görünür ki, Cavabdeh1 ilə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi arasaında bağlanmış N yanvar N-ci il tarixli 3 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən tərtib edilmiş aktda qeyd olunur ki, Yasamal rayonu Ş.Mehdiyev küçəsi 136 a, mənzil 1 onun tərəfindən qəbul olunarkən döşəmə, divar, tavan, elektrik sistemi, istilik sistemi, kanalizasiya, tualet, hamam, mətbəx, balkon, qapı və pəncərələr bərbad vəziyyətdə olub və onun tərəfindən təmir olunaraq yaşayış yararlı vəziyyətə gətirilib. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur, atası Cavabdeh1 Temir oğlu, anası Cavabdeh2 qızıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur, atası Cavabdeh1 Temir oğlu, anası Cavabdeh2 qızıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov X8 Sədaqət Aydın qızı ilə xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuşlar, 59 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Cavabdeh1 “Hərbi xidmətlərə görə” medalla təltif edilmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Cavabdeh1 “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Cavabdeh1 “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalla təltif edilmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Cavabdeh1 “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medalla təltif edilmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Cavabdeh1 “qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalla təltif edilmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Cavabdeh1 “qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Cavabdeh1 “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci bəndinə əsasən, Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin qanunun 3-cü bəndinə əsasən, Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu" haqqında qanunun 12-ci maddəsinə əsasən Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Həmin əsasnamənin 1.13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. Həmin əsasnamənin 5.2-ci bəndinə əsasən, bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir. Həmin əsasnamənin 5.7- 5.11-ci bəndlərinə əsasən, yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılırvə təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və onlarla birlikdə yaşayan ailə üzvlərinin xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunması, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınması qaydalarını müəyyən edir. Cavabdeh1 isə xx.xx.2022-ci il tarixli əmrlə hərbi xidmətdən ehtiyata buraxılmış, 28 sentyabr 2022-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Cavabdeh1 Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən 1 saylı mənzil ilə təmin olunmuşdur. İddiaçı cavabdehin hərbi xidmətdən tərxis olunması qanunvericiliyin tələbini rəhbər tutaraq, cavabdehlərin mənzildən çıxarılmasına dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Cavabdehlər isə iddia tələbinə etiraz edərək onun Qarabağ müharibəsi zamanı hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçu olduğunu əsas gətirərək, qanunvericiliyin müvafiq maddələrinə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Müdafiə nazirinin 11 avqust 2022-ci il tarixli müvafiq əmrindən görünür ki, polkovnik Cavabdeh1 Azərbaycan Ordusundan ehtiyata buraxılmış, şəxsi heyətin siyahısından isə 28 sentyabr 2022-ci il tarixdən çıxarılmışdır. Həmçinin, məhkəmə iclasında tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdeh 1992-ci ildə güzəştli şərtlərlə mənzillə - Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 22, ünvanında yerləşən 3 otaqlı, 47,3 kv.m sahəsi olan 65 saylı mənzillə 65 təmin edilmiş və bu barədə Yasamal rayon İcra Hakimiyyətinin 24 noyabr 1992-ci il tarixli 00335 nömrəli order (daimi) verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh həmin mənzili Bakı şəhəri 36 saylı DNK-nın 4Ə-3-517 reyestr nömrəli 21 sentyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. Cavabdeh1 ilə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi arasında bağlanmış N yanvar N-ci il tarixli 3 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” xitam verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, 82.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. 82.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir. 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. 82.4. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 82.5. Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 866 nömrəli qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nın 3.5-ci bəndinə əsasən, aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı; 3.5.2. xidməti yaşayış sahəsinin məhv olması; 3.5.3. xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi (bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xidməti yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir). 3.6. Xidməti mənzil sahəsindən çıxarılma halları və qaydası Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir. Göründüyü kimi Cavabdeh1la Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti kirayə müqaviləsinə AR Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən, xitam verilmişdir, məhkəmə qaydasında sözügedən müqavilənin ləğv edilməsinə bir zərurət qalmamışdır. Belə ki, müqaviləyə inzibati orqan tərəfindən artıq xitam verilmiş, həmin protokol-qərar mübahisələndirilməmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və xitam verilməsi əsasları birbirindən fərqləndirilmiş və Mənzil Məcəlləsində dairəsi dəqiq müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı birinə aid edilmir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 vaxtilə, yəni 1992-ci ildə dövlət tərəfindən hərbi qulluqçulara verilən güzəştdən istifadə edərək mənzillə təmin olunmasını, sonradan həmin mənzili özgəninkiləşdirməsini, onunla olan qulluq münasibətlərinə və bu əsasla da, N yanvar N-ci il tarixli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə xitam verilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 – ailə üzvləri Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ilə birlikdə başqa yaşayış sahəsi verilmədən Bakı şəhəri Yasamal rayonu Qırmızı-Şərq -1 hərbi şəhərciyi Şəfayət Mehdiyev küçəsi 136A saylı evin 1 saylı mənzilindən çıxarılmalıdır. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1-ci maddəsinə görə hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar; 102.2.-ci maddəsinə görə. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar peşə xəstəliyinə tutulma nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində İ və ya İİ dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Həmin məcəllənin 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 – ailə üzvləri Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ilə birlikdə başqa yaşayış sahəsi verilmədən Bakı şəhəri Yasamal rayonu Qırmızı-Şərq -1 hərbi şəhərciyi Şəfayət Mehdiyev küçəsi 136A saylı evin 1 saylı mənzilindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1589/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1589/2023
03.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver