Məhkəmə qərarları › İş №e-2(004)-1592/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1592/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1592/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 143,40 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "YapıKredi Bank Azərbaycan” QSC arasında 09.07.2013-cü il tarixli “Bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq” müqavilə bağlanmışdır. Qeyd olunan müqavilə üzrə cavabdeh öhdəliyini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də, borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və 15.02.2021-ci il tarixli 2(004)- 1442/2021 saylı qətnamə qəbul edilmişdir. Nəticədə "YapıKredi Bank Azərbaycan” QSC ilə "İnternational Legal Services” MMC arasında bağlanmış 01.03.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsi "xxxx" MMC-yə sifariş edilmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti üzrə orqanlara müraciət edərək, borcun tam həcmdə ödənilməsini təmin etmişdir. Cavabdeh 22.04.2021-ci il tarixində 956 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 143,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. 01.03.2016-cı il tarixli "Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş məbləğin 15 % həcmində, yəni ümumilikdə 143,40 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış 09.07.2013-cü il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki, bu müqavilənin yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil və hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, borcunun olmadığını, hüquqi xidmət üçün pulu ödəməyə imkanının çatmadığını bildirdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 25.05.2021-ci il tarixli təhvil aktından görünür ki, "xxxx" MMC ilə "xxxx" QSC arasında bağlanmış 01.03.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci maddəsinə əsasən hər ay üzrə icra olunan işlərə görə xidmət haqqı ödənilməlidir. "xxxx" MMC-nin icraatında olan işlərdən 2021-ci ilin aprel ayında “Worldcart” işləri üzrə 11751,51 manat geri ödəniş olmuşdur. Xidmət haqqı, müqavilə şərtlərinə uyğun olaraq geri ödənişlərin 15% hissəsindən ibarətdir və rəqəm olaraq ümumilikdə 1.762,727 manat təşkil edir. Ümumilikdə 1762,727 manat məbləğin "xxxx" MMC-nin hesabına köçürülməsi üçün hesab faktura hazırlanmış və "xxxx" QSC-nin əməkdaşlarına təhvil verilmişdir. İş materiallarında 25.05.2021-ci il tarixli cədvəldən görünür ki, digər müştərilərlə yanaşı, Cavabdeh tərəfindən 22.04.2021-ci il tarixdə 956 manat ödəniş həyata keçirilmiş, buna görə "xxxx" MMC tərəfindən həmin məbləğin 15 faizi məbləğində (143,4) xidmət haqqı hesablanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 01.03.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən "xxxx" MMC ümumilikdə 956 manat pulun Cavabdeh tərəfindən "xxxx" QSC- yə ödənilməsi təmin edilmiş və bu ödənişlərə görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 143,40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 02.07.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh bank tərəfindən "xxxx" MMC-yə köçürülmüş 143,40 manat məbləğin 5 iş günü müddətində "xxxx" QSC-yə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanları qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi icra məmuru tərəfindən həyata keçirilir. Qanunvericilikdə icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid edilməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən edilmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Göstərilən Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun tutulmasına” dair iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar