Məhkəmə qərarları › İş №e-2(004)-160/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-160/2024

10.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-160/2024 10.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 34/k saylı əmrin ləğv edilməsi, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanılmaqla, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə “Enerjitikintitəmirsazlama” mexaniki emal xidmətinin istilik izolyasiya sahəsinə 3-cü dərəcəli xadimə vəzifəsinə təyin edilmişdir. 06.03.23-cü il tarixdə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İddiaçı bu sahədə 2000-ci ildən etibarən işləyir və onun xəbəri olmadan 2020-ci il tarixdə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun gördüyü iş daimi xarakter daşıyır. Eyni zamanda iddiaçı məhkəməyə vəsatətlə müraciət edərək birdirmişdir ki, mediasiyaya müraciət etdikdən sonra üzünə qaynar su tökülərək yanmışdır. Bu səbəbdən o qanunla müəyyən edilmiş müddətdə məhkəməyə pozulmuş hüquqlarının bərpası üçün müraciət edə bilməmişdir. Odur ki, hesab edir ki, tərəfindən iddia müddəti üzrlü səbəblərdən ötürülmüşdür. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh MMC ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hisssəsinin “b” bəndinə əsasən müqavilənin müdddəti bitdiyi üçün xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri hansı tarixdə alması barədə verdiyi suala cavab olaraq bildirmişdir ki, o əmək müqaviləsinə xitam olunması barədə əmrin bir nüsxəsini işdən azad olunduğu gün, yəni 06 mart 2023-cü il tarixdə işlədiyi müəssisəsinin insan resurları şöbəsindən almışdır. İddiaçı həmçinin öz izahatında bildirmişdir ki, o əmrlə tanış olmuş və əmək müqaviləsinin müddətinin bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən məhz elə həmin gün məlumatlı olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif vermiş, xx.xx.2023-cü il tarixdə Bakı 16 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və iddiaçıya ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023cü il tarixli MŞB/16- 00802 saylı arayış verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrini aldığı (hüququnun pozulmasının aşkar edildiyi gün) xx.xx.2023-cü il tarixdə iddia müddətinin axımının başlandığını və xx.xx.2023-cü il tarixdə mediasiya təklifi verildiyi üçün iddia müddətinin axımının dayandığını, xx.xx.2023-cü il tarixdə (mediasiya arayışını aldığı tarix) isə müddətin axımının davam etdiyini və iddiaçının elektron məhkəmə sistemi vasitəsilə göndərdiyi iddia ərizəsinin xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Yasamal Rayon Məhkəməsində qeydiyyata alındığını nəzərə alındıqda, onun qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin ötürdüyü məlum olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsində isə qeyd edilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə iddia müddəti şamil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş : Cavabdeh xx.xx.2020-ci il tarixli, 61/k saylı işə qəbul barədə əmrindən çıxarışdan görünür ki, İddiaçı 03 iyul 2020-ci il tarixdən 2 ay sınaq müddəti ilə "xxxx" MMC-də Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsinə xadimə işinə qəbul edilməsi əmr edilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 03 iyul 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 03 iyul 2020-ci il tarixdən 03 sentyabr 2020-ci il tarixədək 2 ay müddətinə, işin birinci 1 ayı sınaq müddəti hesab edilməklə "xxxx" MMC-də Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsinə xadimə vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsində müqavilənin nömrəsi göstərilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2023-cü il tarixli 4/1763 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından olan “Əmək müqaviləsi (kontraktı)”nın arxa tərəfində “7.2 işçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı, tel:” hissəsində “İmzası:” qrafasında olan imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli, 33/k saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surətindən görünür ki, Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsinin “xadimə” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hisssəsinin “b” – “əmək müqaviləsinin müddətinin qurtarması” bəndinə əsasən xx.xx.2023cü il tarixdə xitam verilməsi əmr edilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/16- 00802 saylı «Mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışdan görünür ki, iddiaçı məhkəməyədək tərəflər arasında mübahisənin həlli məqsədi ilə mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, xx.xx.2023-cü il tarixə mediasiya sessiayası təyin edilmiş, cavabdeh iştirak etmədiyindən hazırki arayış verilmişdir. İddiaçının mobil telefon vasitəsi ilə çəkilmiş 2023-cü ilin may ayına aid fotoşəkillərdən görüünr ki, iddiaçının həmin tarixlərdə üzündə ağır dərəcəli yanıqlar olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı xəstələnməsi – ağır dərəcəli yanıqlar alması nəticəsində məhkəməyə qanunla müəyyən edilmiş bir ay müddətində müraciət edə bilməmişdir. Odur ki, buraxılmış müddət bərpa edilərək mübahisəyə mahiyyəti üzrə baxılmalıdır. Əmək Məcəlləsi Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 44. Əmək müqaviləsinin forması

1. Əmək müqaviləsi yazılı formada bağlanır.

2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.

3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Cavabdeh tərəfindən təqdim edilmiş müddətli əmək müqaviləsinin ekspert rəyinə əsasən saxta olması, iddiaçı tərəfindən imzalanmaması, belələiklə lə də tərəflər arasında əmək müqaviləsinin bağlanmaması təsdiq edilmişdir. Bundan əlavə Əmək Məcəlləsinin «Əmək müqaviləsinin müddəti» adlanan 45-ci maddəsinə əsasən

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə… İstinad olunan maddələrə əsasən işçinin müddətli və ya müddətsiz işə qəbul edilməsi əmək müqaviləsi ilə müəyyən edilir. Lakin artıq qeyd olunduğu kimi tərəflər arasında əmək müqaviləsi bağlanmamışdır. Əmək Məcəlləsinin «Əmək müqaviləsinə xitam verilməsinin əsasları»na dair 68-ci maddəsinə əsasən

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması… Məhkəmə hesab edir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmadığından cavabdeh əsassız olaraq iddiaçını əmək müqaviləsinin müddətinin qurması əsası ilə işdən çıxarmışdır. Əmək Məcəlləsinin «Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri» adlanan 300-cü maddəsinə əsasən

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq əmək münasibətlərinə xitam verdiyindən cavabdehin iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilməli, iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilmədir. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmaması müəyyən edildiyindən və xadimənin əmək funksiyası ( yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu) yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olduğundan və iddiaçı onunla müddətli əmək müqaviləsi bağlamağa razı olmadığından iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar... Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödənilməsindən azad edildiyindən və iddia təmin edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, 124 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 33/k saylı əmri ləğv edilsin. İddiaçı onunla müddətsiz əmək müqaviləsi bağlanmaqla Cavabdeh “Mexaniki Emal xidməti” bölməsinin istilik izolyasiya sahəsinə “xadimə” vəzifəsinə bərpa edilməklə ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdehndən 100 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. 124 (yüz iyirmi dörd) manat məbləğində məhkəmə ekspertizasının dəyəri Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar