Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1621/2025 07.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildən 2023-cü ilin sonlarınadək Azərbaycan Respublikası Cavabdeh Maddi-Texniki Təchizat İdarəsində işləyərək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, iddiaçı 30 iyul 2009-cu ildə Azərbaycan Respublikası Cavabdeh Maddi-Texniki Təchizat İdarəsinin ümumi şöbəsinin iş icraçısı vəzifəsinə işə qəbul olunmuş, 02 oktyabr 2013-cü il tarixdə həmin şöbənin mütəxəssisi vəzifəsinə keçirilmişdir. 23 iyun 2014-cü il tarixdən bu şöbənin rəisi vəzifəsinə təyin edilmişdir. 30 oktyabr 2023-cü il tarixində isə Azərbaycan Respublikası Cavabdeh ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş və iddiaçı Nazirliyin Maddi- Texniki Təchizat İdarəsinin ümumi şöbəsinin rəisi vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cavabdeh Maddi-Texniki Təchizat İdarəsində işlədiyi dövrdə hər hansı bir intizam məsuliyyətinə cəlb edilməmiş, əksinə dəfələrlə Nazir tərəfindən Fəxri Fərman və fərqlənmə Medalları ilə təltif edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin və iddiaçının işdən azad edilməyinin səbəbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cavabdeh Maddi-Texniki Təchizat İdarəsi Nazirliyin tərkibində olsa da dövlət qulluğuna aid edilməyən mülki bir idarə olmuşdur. Artıq bir neçə il idi ki, Nazirlik tərəfindən Maddi-Texniki Təchizat İdarəsinin də Nazirliyin digər idarə və şöbələri kimi dövlət qulluğuna keçirilməsi üçün lazımi sənədləşdirilmə işləri aparılırdı. Bu sahədə iddiaçı da idarənin ümumi şöbəsinin rəisi kimi fəal iştirak etmiş, tələb olunan sənədlərin hazırlanması prosesinə rəhbərlik etmişdir. 2023-cü ilin oktyabr ayının ortalarından başlayaraq Azərbaycan Respublikası Cavabdeh Maddi-Texniki Təchizat İdarəsinin Nazirliyin digər idarə və şöbələri kimi dövlət qulluğuna keçməyi reallaşdıqdan sonra Nazirliyin aidiyyət qurumlarının vəzifəli şəxsləri işçilər tapşırmışlar ki, idarənin bütün işçiləri öz xahişləri ilə işdən azad edilmə barədə ərizə və yenidən artıq dövlət qulluğu hesab edilən həmin işə qəbul edilmələri barədə ikinci ərizə yazmalıdırlar. İddiaçı və idarənin digər rəhbər vəzifəli şəxsləri nazirliyin bu tapşırığını bütün işçilərə çatdırsalar da, işçilər öz xahişləri ilə işdən azad edilmə barədə ərizə yazmaqdan ehtiyat edib, bu tələbi yerinə yetirməmişlər. Belə olan halda, nazirliyin aidiyyəti idarəsinin vəzifəli əməkdaşları idarəyə gələrək iclas keçirtdilər və iclasda bir daha bildirdilər ki, Maddi-Texniki Təchizat İdarəsi nazirliyin digər idarə və şöbələri kimi dövlət qulluğuna keçdiyi üçün idarənin bütün işçiləri öz xahişləri ilə işdən azad edilmə barədə ərizə, yenidən artıq dövlət qulluğu hesab edilən həmin işə qəbul edilmələri barədə ikinci ərizə yazmalıdırlar və nazirin tapşırığı ilə bütün işçilər əvvəlki iş yerləri və vəzifələrində qalaraq əmək fəaliyyətlərini davam etdirəcəklər, heç kəs işdən kənarlaşdırılmayacaqdır. Bu iclasın gedişi idarəmizin əməkdaşları tərəfindən səs yazısı formasında qeydə alınmışdır ki, bu səs yazısını da iddia ərizəsinə əlavə edilir. Bundan sonra, idarənin bütün əməkdaşları tərəfindən 2023-cü ilin oktyabr ayının sonlarında öz xahişi ilə işdən azad edilməyi barədə birinci və yenidən həmin işə qəbul edilmə barədə ikinci ərizəni yazaraq nazirliyin kadrlar şöbəsinə təqdim etmişlər. Bu əsasla da, idarənin əməkdaşlarının işdən azad edilməsinə və dekabr ayından başlayaraq təxminən 120 nəfər əməkdaşından böyük əksər hissəsinin elə həmin ay, yəni bir neçə gün ərzində yenidən işə qaytarılmasına başlandı. Qalan hissəsi isə sonrakı aylarda əvvəlki və ya öz arzuları ilə nazirliyin tərkibində başqa işlə təmin edildilər. Bu proseslər bir neçə ay davam etdiyindən aldadılaraq işdən azad edilən əməkdaşlar nazirliyin yerləşdirməsini gözləyirdilər və vaxtaşırı xatırlatma ərizəsi ilə nazirliyə müraciət edirdilər. Buna baxmayaraq, idarənin bir necə nəfər əməkdaşının, o cümlədən idarənin ümumi şöbəsinin rəisi olmuş şəxs kimi iddiaçının da işə geri qaytarılmağı təmin edilmədi. Onlar dəfələrlə ərizə və teleqramlarla nazirliyin rəhbərliyinə müraciət etmişlər və hər qəbulda da onların işlə təmin ediləcəyi bir daha bildirilmişdir. Buna baxmayaraq, işdən azad edilməsindən bir ilə yaxın bir müddət keçdikdən sonra artıq anlamışdır ki, nazirlik iddiaçını işlə təmin etmək istəmir. Belə olan halda, iddiaçı rəsmi ərizə ilə Azərbaycan Respublikası Cavabdehnə müraciət edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin və əmək kitabçasının ona verilməsini tələb etmişdir. 2024-cü ilin noyabr ayının 29-da iddiaçının əmək kitabçası nazirliyin kadrlar idarəsi tərəfindən iddiaçıya qaytarılsa da iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin verilməsi təmin edilməmişdir. İddiaçı tərəf (həmçinin, iddiaçının nümayəndəsi və vəkili) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi yazılı etiraz təqdim edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçı (işçi) İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinin surətinə əsasən müəyyən edilir ki, o, öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin 30 oktyabr 2023-cü il tarixli 2227/Ş nömrəli əmrinə əsasən müəyyən edilir ki, işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, sonuncuya əmək kitabçasının təqdim edilməsi üçün müvafiq quruma yaxınlaşması hüququ izah edilmişdir. Həmin məktubun göndərilməsi barədə müvafiq reyestr məlumatları cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsasının aşağıdakı hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı 2009-cu ildən 2023-cü ilin sonlarınadək Azərbaycan Respublikası Cavabdeh Maddi-Texniki Təchizat İdarəsində işləyərək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, iddiaçı 30 iyul 2009-cu ildə Azərbaycan Respublikası Cavabdeh Maddi-Texniki Təchizat İdarəsinin ümumi şöbəsinin iş icraçısı vəzifəsinə işə qəbul olunmuş, 02 oktyabr 2013-cü il tarixdə həmin şöbənin mütəxəssisi vəzifəsinə keçirilmişdir. 23 iyun 2014-cü il tarixdən bu şöbənin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı (işçi) İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi əsasında onun əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin 30 oktyabr 2023-cü il tarixli 2227/Ş nömrəli əmrinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2025-ci il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən İddiaçı ilə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi şəxsi arasındakı mediasiya prosedurası xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2025-ci il tarixdə bitmişdir. Məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olması vaxtından sonra 1 aylıq iddia müddətini 1 ildən artıq müddətə ötürmüşdür. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında məhkəməyə verdiyi izahatlar əsas götürülməklə onun əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsinə xitam verildiyi gün, yəni xx.xx.2023-cü il tarixdə məlumatı olmuş, müqaviləyə xitam verildikdən sonra ən son 6 ay ərzində isə işçilərin əsas qismi işə bərpa edilmiş, qalanları isə bərpa edilməmişdir. İddiaçı həmçinin bildirmişdir ki, əmək kitabçasını işəgötürəndən ona görə təhvil almamışdır ki, o, işəgötürəndən işə bərpa olunması barədə əmri gözləmişdir. Yuxarıda qeyd edilən hal nəzərə alınmaqla məhkəmə qeyd edir ki, iddiaçı işə bərpa olunmadığını anladıqda işəgötürənə müraciət etmək əvəzinə dərhal məhkəməyə müraciət etməli və iddia müddətinin ötürülməsinin üzrlü əsaslarla baş verməsini (işə bərpa olunmasını gözləməsi) iddia etməli idi. Lakin, digərlərinin işə götürülməsinə baxmayaraq iddiaçı artıq işə bərpa edilmədiyi anladıqdan sonra da 6 aydan artıq müddətə iddia müddətini ötürmüşdür. İddiaçı əmək kitabçasını işəgötürəndən götürməkdə özü maraqlı olmamışdır. Məhkəmə qeyd edir ki, əmək mübahisələri üzrə iddia müddətinin axımı işçinin hüquqlarını pozulduğunu bildiyi faktiki andan etibarən başlayır. Yəni, mövcud məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsi formal əsaslarla – məhz əmək kitabçasının işçiyə təhvil verildiyi gündən etibarən iddia müddətinin axımının başlaması halı tətbiq edilmir. İşçi hüquqlarının pozulduğu bildiyi gündən etibarən dərhal prosessual fəaliyyətə başlamalı və məhkəməyə müraciət etməlidir. Əmək münasibətləri üzrə iddia müddətinin 1 ay müəyyən edilməsi həm işəgötürənin iş yeri üzrə fəaliyyətinin təşkilinə, həm də işəgötürən tərəfindən digər işçi işə götürüldükdə keçmiş işçinin işə bərpa edilməsini yeni işçi ilə əmək müqaviləsinin tərəflərin iradəsindən asılı olmayan hal kimi xitam verilməsinin qarşısının alınması, “hüquqi müəyyənlik” prinsipinin təmin edilməsinə yönəlmişdir. Nəticədə, cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi tətbiq olunmalı, iddia müddəti ötürülmüş hesab edilməlidir. Bundan əlavə, yeni vəzifənin dövlət qulluğu, dolayı yolla işçilərin dövlət qulluqçusu hesab edilməsi, dövlət qulluğuna işə qəbulun isə xüsusi şərtlərlə (test imtahanı, müsahibə və s.), yəni “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun şəkildə aparılması xüsusatı nəzərə alınır. Məhkəmə iddiaçı vətəndaş İddiaçı qanunu bilməməsi ehtimalını nəzərə alır. Lakin, məhkəmə iddiaçı vətəndaşa izah edir ki, məhkəmənin özü də qanundan asılıdır və imperativ (məcburi) hüquq normasını tətbiq etməkdən başqa hüquqi imkanı mövcud deyildir. Əks halda, “hüquqi müəyyənlik” prinsipin şərtləri pozulmaqla əmək münasibətləri üzrə iddia müddətinin ötürülməsi barədə vahid hüquqi mövqe aradan qalxacaqdır. Cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin kateqoriya kimi inzibati orqan olmasına baxmayaraq hazırki mübahisə üzrə tərəflər arasında əmək münasibətləri hakimiyyət (şaquli) xarakterli deyil, müqavilə (üfüqi) münasibətlərinə əsaslanır. Yəni, işçi qismində iddiaçı cavabdeh orqanda hərbi qulluqçu və ya dövlət qulluqçusu qismində əmək münasibətlərinə deyil, müvafiq əmək müqaviləsi əsasında işləmişdir. Nəticədə, tərəflər arasında münasibətlər müqaviləyə əsaslanır, mübahisə inzibati orqanın inzibati icraat nəticəsində qəbul etdiyi inzibati akta əsaslanmır. Deməli, mülki işin məhkəmə aidiyyatı Bakı şəhəri Yasamal rayon Məhkəməsidir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hüquq normaları konkret və müəyyən olmaqla bütün subyektlərə eyni qaydada tətbiq olunmalı, məhkəmənin əsassız mülahizəsi ilə geniş mənada və ya səhv təfsir edilməməlidir. Hüquqi müəyyənlik prinsipi rəhbər tutulmaqla aydın, anlaşılan, müəyyən olan hüquq norması hüquq tətbiq edən məhkəmələr tərəfindən şərtsiz tətbiq edilməlidir. Yalnız hüquq normaları arasında ziddiyyət (kolliziya) olduqda və ya tənzimləyici norma olmadıqda məhkəmə tərəfindən müvafiq anologiya (hüququn və ya qanunun anologiyası) üzrə təfsir tətbiq edilə bilər. Qanunu (hüququ) bilməmək məsuliyyətdən azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1621/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1621/2025
07.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver