Məhkəmə qərarları › İş №e-2(004)-165/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-165/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-165/2024 11.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi Şükürov Rauf Azər oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında olan 18 yanvar 2018-ci il tarixli, 015 saylı müqavilə və 18 dekabr 2021-ci il tarixli, 1 saylı müqaviləyə əlavə üzrə, Cavabdeh MTK tərəfindən öhdəliyin icra edilməmiş hissəsini təşkil edən 19.57 kv.m sahəyə görə 29355 manat pulun, həmin müqavilə üzrə 5000 AZN kirayə haqqının və ödənilmiş 193.10 AZN məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq, İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (“əmlak mülkiyyətçisi”) ilə Cavabdeh MMC (“tikinti şirkəti”) arasında 18 yanvar 2018-ci il tarixli, 015 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.1-ci bəndinə əsasən, “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrindən 874 nömrəli reyestr kitabının 71347 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə **********74-05101-093015 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarış ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3.2 mərtəbəli binada yerləşən ümumi sahəsi 74.8 kv.m olan (faktiki 83,43 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür.” Həmin müqaviləyə edilmiş xx.xx.2021-ci il tarixli 1 saylı əlavənin 4-cü bəndinə əsasən, “Əmlak mülkiyyətçisi”-nə 4-cü blok 7-ci mərtəbədən hər biri ayrıayrılıqda 51 kv.m və 93.6 kv.m olmaqla, ümumilikdə 2 mənzil verilir.” Müqavilə üzrə İddiaçı təhvil verilməli olan 2 mənzilin ümumi sahəsi 51 kv.m+ 93.6 kv.m= 144.6 kv.m-dir. Lakin, cavabdeh tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilmiş mənzillərin sahəsi barədə iddiaçıda əsaslı şübhələr yarandığından xx.xx.2023-cü il tarixində AR “X2” MMC-yə “İddiaçı mülkiyyətinə verilmiş, Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsində, Cavabdeh MMC-yə məxsus yeni inşa olunmuş binanın 4-cü blok 8-ci mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənzillərin ümumi sahəsi Şəhərsalma və Tikinti məcəlləsinin tələblərinə uyğun olaraq nə qədər təşkil edir?” sualı ilə müraciət edilmişdir. İddiaçının müraciətinə əsasən, xx.xx.2023-cü il tarixli, 107 saylı mütəxəssis rəyi tərtib olunmuşdur. Aparılmış tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilmiş 2 mənzilin ümumi sahəsinin cəmi 66.07 kv.m+ 58.96 kv.m= 125.03 kv.mtəşkil edir. 144.6 kv.m– 125.03 kv.m=19.57 kv.m Müqavilənin 2.2.4-cü maddəsinə əsasən, tikinti şirkətinin vəzifələrindən biri də “Əmlak mülkiyyətçisi”-nə veriləcək sahə, layihəyə uyğun ölçüdən az olduğu təqdirdə yaranan nisbəti pul şəklində “Əmlak mülkiyyətçisi”-nə ödəməkdir (1 kv.metr üçün 1500 AZN).” Göründüyü kimi, İddiaçı CavabdehMMC tərəfindən ümumi sahəsi 144.6 kv.m olan iki ayrı mənzil verilməli olduğu halda, ümumi sahələrinin cəmi 125.03 kv.m olan iki ayrı mənzil təhvil verilmişdir. Belə olan halda, mənzilin 1 kv.m-i 1500 AZN məbləğində qiymətləndirilir. 19.57 kv.mx 1500 AZN = 29.355 AZN Cavabdeh tərəfindən İddiaçı mənzilin ümumi sahəsinin razılaşdırılmış ölçüdən az olan hissəsi ilə bağlı ödənilməli olan kompensasiya məbləği 29.355 AZN ödənilməlidir. Həmin müqavilənin 1.1.4.1-ci maddəsinə əsasən, ödəniləcək kirayə haqqının məbləği 500 (beş yüz) manat məbləğində müəyyən olunmuşdur. Nəzərinizə çatdırırıq ki, sonuncu dəfə 2022-ci ilin oktyabr ayı üzrə kirayə haqqı ödənildikdən sonra, cavabdeh tərəfindən bu günədək kirayə haqqı ödənilməmişdir (10 ay- avqust ayı daxil olmaqla). Halbuki, Cavabdeh MMC-nin “Əmlak mülkiyyətçisi”-nin müvəqqəti yaşayışını təmin etmək üçün kirayə haqqı vermək öhdəliyi mövcuddur. 1 ay üzrə kirayə ödənişi – 500 AZN 10 ay X 500 AZN = 5000 AZN Hal-hazırda İddiaçı cavabdeh tərəfindən 5000 AZN ödənilməmiş kirayə haqqı borcu mövcuddur. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh MMC arasında olan 18 yanvar 2018-ci il tarixli, 015 saylı Müqavilə və müqaviləyə edilmiş 18 dekabr 2021-ci il tarixli, 1 saylı Əlavəyə əsasən, 29.355 AZN kompensasiya ödənişi və 5000 AZN kirayə haqqı Cavabdeh MMC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. İddiaçı nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciyət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Buna da əsas odur ki, kirayə haqqı ilə bağlı hissədə müqavilənin 1.2-ci bəndində də qeyd olunub ki, 24 ay müddətinə aylıq 500 manat ödəniləcək. 18 dekabr 2021-ci il tarixli əlavədə də öz əksini tapmışdır ki, 18 yanvar 2020-ci il tarixdən hesablanan 23 aylıq kirayə haqqı Cavabdeh MMC-nin xeyrinə tutulsun. Ödəniş 2022-ci ildə ödənilmişdir. Üzərinə düşən müddətdə öhdəliyi icra etmişdir. Tərəf də faktiki olaraq mənzili əldə edib. Mənzil olmasa idi, onlar mənzilin sahəsini də ölçə bilməzdilər. Həmçinin müqavilə üzrə öhdəlikdə olan hər iki mənzilin sahələri müqavilədə göstərilən ölçülərə uyğundur. Bununla bağlı tərəfin təqdim etdiyi rəyi qəbul etmir. Onlar həmin kvadratda mənzili təhvil veriblər. Çünki onların binası Əmlak Komitəsi tərəfindən istismara qəbul olunub. Həmin vaxt da Əmlak Komitəsinin mühəndisləri mənzilləri tək-tək ölçürlər. Mənzili daxili arakəsmələr nəzərə alınmaqla hesablayıblar. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdi ki, tərəflərlə şirkət arasında müqavilə mövcuddur. Bu müqaviləyə hüquqi baxımdan qiymət verilsə, bu müqavilə podrat müqaviləsidir. Bu alqısatqı müqaviləsi ola bilməz. Şirkət binanı tikməli idi, müqavilədə göstərilən kvadratda mənzil təhvil verməli idi, 24 ay ərzində 500 manatdan kirayə haqqı verməli idi. Mənzilin kvadratı əskik verilib və kirayə haqqı da müəyyən müddət ərzində ödənilməyib. İddiaçıya ümumilikdə 144,6 kvadrat metr (51 və 93,6 m2) sahəyə malik mənzil verilməli idi. Bu, müqaviləyə əlavəyə əsasən nəzərdə tutulur. Lakin 125,03 m2 (66,07 və 58,96 m2) sahəyə malik mənzil verilib. Bununla bağlı ekspert rəyi də əlavə edilib. Ekspert rəydə göstərib ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə əsasən eyvanlar, şüşəbəndlər və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Həmçinin ekspertin təqdim etdiyi mənzilin eskiz layihəsində ölçülər düz göstərilib. Mənzilin hansı qaydada verilməsi müqavilədə nəzərdə tutulmayıb. İstənilən halda bina tikildikdən sonra mənzilin təhvil-təslim aktı olmalıdır. 24 ay kvadratla əvəzləşdirilib. Onunla bağlı mübahisələri yoxdur. Həmin müddətdən sonra faktiki istifadəyə verilənə qədər ödənilməli olan pulu istəyirlər. Tərəfin evi təhvil alması ilə bağlı akt yoxdur. Şirkət 2 il kirayə haqqını ödəyib. Onu qəbul edir. 2022-ci ilin oktyabrında kirayə haqqının ödənilməsi dayandırılıb. Lakin təhvil verilməyib. Mənzil bu il təhvil verilib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan 18 yanvar 2018-ci il tarixli, 015 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi faktiki sahəsi 140,8 m2 olan, təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür. Tərəflərin ilkin razılaşmasına əsasən 140,8 m2 yaşayış sahəsi tikiləcək hündürmərtəbəli binanın orta mərtəbələrində yerləşən və hər biri 70,4 m2 olan 2 ədəd 2 otaqlı mənzildən ibarət olacaq. Faktiki sahə 83,43 m2 20% artırılır (100 m2). Təmir və kirayə haqqı ümumilikdə 25000 AZN məbləğdə qiymətləndirilib 19,23 m2 sahə ilə əvəzləşdirilərək veriləcək 100 m2 sahənin üzərinə əlavə edilir. Əlavə ediləcək faktiki sahə 21.57 m2. İş materiallarında olan 18 dekabr 18 yanvar 2018-ci il tarixli, 015 saylı müqaviləyə 1 saylı Əlavəyə əsasən müəyyən edilir ki, İddiaçı 4-cü blok, 7-ci mərtəbədən hər biri aurıayrılıqda 51 m2 və 93,6 m2 olmaqla ümumilikdə 2 mənzil verilir. İş materiallarında olan Azərbaycan Respublikası “X2”nin 11 avqust 2023-cü il tarixli, 107 nömrəli mütəxəssis rəyinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində, Cavabdeh MMC-yə məxsus yeni inşa olunmuş binanın 4-cü blok, 8-ci mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənzillərin faktiki olaraq ümumi sahəsi – 125.03 m2 təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024-cü il tarixli 10/82356 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş 4-cü blok 8-ci mərtəbədə yerləşən 2 mənzilin faktiki ümumi sahəsinin, (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 58.96 və 66.0 m2 təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş 4-cü blok 8-ci mərtəbədə yerləşən 2 mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 66,46 və 78,14 m2 təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh MTK-ya ünvanlanan xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubuna əsasən müəyyən edilir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında Nəsimi rayonu, S.Rüstəm, H.Ələsgərov, Xan Şuşinski və Q.Quliyev küçələrinin əhatə etdiyi ərazidə Cavabdeh MTK tərəfindən inşa edilmiş 1 ədəd 1 girişli, 16 mərtəbəli, 1 ədəd 1 girişli, 16 mərtəbəli, 1 ədəd 2 girişli 16 mərtəbəli yaşayış binaları və 1 ədəd 2 mərtəbəli qeyri-yaşayış binası, 300 mənzilli, 1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, texniki mərtəbəsi yaşayış olan yaşayış binasına ünvan 5 ünvanı verilərək mövcud vəziyyətdə 1 saylı Bakı Ərazi İdarəsinin elektron məlumat bazasına daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Həmin Məcəllənin 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırda İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 yanvar 2018-ci il tarixli, 015 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC-nin ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi faktiki sahəsi 140,8 m2 olan, təmirsiz mənzil verməyi öhdəsinə götürdüyünü, lakin evin sahəsinin Azərbaycan Respublikası “X2”nin 11 avqust 2023-cü il tarixli, 107 nömrəli mütəxəssis rəyinə əsasən 125.03 m2 olduğunu bildirərək əlavə kompensasiyanın ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024cü il tarixli 10/8236 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş 4-cü blok 8-ci mərtəbədə yerləşən 2 mənzilin faktiki ümumi sahəsinin, (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 58.96 və 66.0 m2 təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş 4-cü blok 8-ci mərtəbədə yerləşən 2 mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 66,46 və 78,14 m2 təşkil etdiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 18 yanvar 2018-ci il tarixli, 015 nömrəli müqavilə üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulan ölçüdə olması müəyyən edilmişdir. Belə ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir. Həmçinin iddiaçı müqavilə üzrə 2022-ci ilin oktyabr ayından bu günədək 10 ay üzrə - avqust ayı daxil olmaqla 5000 AZN kirayə haqqının ödənilməsini tələb etmişdir. Bu hissədə də məhkəmə qeyd edir ki, iddia təmin edilməməlidir. Cavabdeh MTK tərəfindən 2022-ci ilədək kirayə haqqının ödənilməsi iddiaçının nümayəndəsi və vəkili tərəfindən də təsdiq olunmuşdur. Həmçinin bu günki tarixədək kirayə haqqının tələb edilməsi əsaslı deyil, belə ki, mənzil artıq təhvil verilmişdir. İddiaçının mənzili qəbul etmədiyi halda kirayə haqqı tələb etməsi yolverilməzdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 193,10 (yüz doxsan üç manat on qəpik) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar