Məhkəmə qərarları › İş №e-2(004)-165/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-165/2025

31.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-165/2025 31.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi mülkiyyət üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi mülkiyyət üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ünvanında yerləşən 117 saylı evin onun faktiki istifadəsində olan 137 kv.m. torpaq sahəsinin və mülkiyyətdə olan fərdi yaşayış evinin biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağının ona məxsus hissə kimi müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında, 0,029480 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 16 yanvar 2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə hərəsi 1/3 pay hissəsi olmaqla İddiaçı, Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətindədir. Birmərtəbəli fərdi yaşayış evi eyni damın altında, giriş çıxışları ayrı olmaqla 3 (üç) bir birindən təcrid olunmuş hissədən ibarət olan fərdi yaşayış evindən ibarətdir. Evin yerləşdiyi ərazinin torpaq sahəsi və otaqlarının faktiki istifadə ölçülərinə uyğun bölgü sxemi tərtib edilmişdir. Faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaq sahəsinin 137 kv.m hissəsi və fərdi yaşayış evinin həmin hissədə yerləşən biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağı onun, yəni İddiaçı istifadəsindədir. Daşınmaz əmlak faktiki olaraq iki payçının –İddiaçı və Cavabdeh1 istifadəsindədir. Digər payçı Cavabdeh2 ilə aralarında notarial qaydada razılaşma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən onun istifadəsində olan 137 kv.m. torpaq sahəsi və 36,8 kv.m. tikilininin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına razılıq əldə edilmişdir. Lakin, digər Cavabdeh1 Müseyb qızı ilə isə müəyyən anlaşılmamazlıqlar mövcuddur. Belə ki, yuxarıda qeyd etdiyi kimi, faktiki bölgü ilə bağlı mübahisə olmasa da, Cavabdeh1 bu faktiki bölgünün sənədləşməsində iştirak etməyə razılıq vermir. Paylı mülkiyyətçilər arasında gələcəkdə hər hansı mübahisələrin yaranmaması üçün, payların naturada bölgüsünə ehtiyac vardır. Bunun təmin edilməsi üçün, məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Həmin qərara əsasən, məhkəmənin qərarı əsasında paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən və daşınmaz əmlakın dövlət reyestrində hərəsi 1/3 pay hissəsi olmaqla İddiaçı, Cavabdeh2, Cavabdeh1 adına qeydiyyata alınmış mülkiyyətdə olan 0,029480 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79,30 kv.m. təşkil edən 117 saylı evin -137 kv.m. torpaq sahəsi və fərdi yaşayış evinin biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağının İddiaçı; - 1/3 hissə Cavabdeh1; - 1/3 hissədən qalan hissəsinin Cavabdeh2; olmaqla pay hissələri kimi müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 79.30 kv.m olan fərdi yaşayış evi və 0.029480 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi 1/3 hissədə İddiaçı adına xx.xx.2024-cü il tarixdə, 1/3 hissədə Cavabdeh2 adına xx.xx.2024-cü il tarixdə, 1/3 hissədə Cavabdeh1 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli razılaşma müqaviləsinə əsasən **********256-10301 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 117 saylı fərdi yaşayış evinin üç paylı müliyyətçisindən iki tərəf olaraq razılaşır ki, naturada bölgü aparılması zamanı İddiaçı faktiki istifadəsində olan 137 kv.metr torpaq sahəsi və 36.8 kv.metr tikili İddiaçı pay hissəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına razıdırlar. Tərəflər razılaşır ki, bəhs edilən fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan hissəsində Cavabdeh2 məxsus payın bir hissəsi də var. Həmin hissəni tərəflər 39 kv.metr torpaq sahəsi olaraq müəyyən edirlər. Tərəflər razılaşır ki, Cavabdeh2 məxsus payın qalan hissəsi digər payçı mülkiyyətçi olan Cavabdeh1 arasında müəyyən edilməlidir. Tərəflər razılaşır ki, fərdi yaşayış evinin X2 faktiki istifadəsində olan 137 kv.metr torpaq sahəsi və 36 kv.metr tikili hissəsi ilə bağlı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra belə söküntüyə məruz qaldığında, 39 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olan qeydiyyatdan keçməmiş tikintilərə dair veriləcək kompensasiya məbləği Cavabdeh2 məxsusdur və həmin hissəyə görə kompensasiya Cavabdeh2 çatmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4953/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən 0,029480 ha torpaq sahəsinin və üzərindəki ümumi sahəsi 79,30 kv.m olan 117 nömrəli fərdi yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 və 1/3 (üçdə bir) hissəsinə Cavabdeh1 payları müəyyən edilmiş, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən 0,029480 ha torpaq sahəsinin və üzərindəki ümumi sahəsi 79,30 kv.m olan 117 nömrəli fərdi yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 və 1/3 (üçdə bir) hissəsinə Cavabdeh1 adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/7769 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 294.8 kv.m (0.029480 ha) olan torpaq sahəsindən iddiaçının payına düşən sahənin 98.27 kv.m (0.009827 ha), ümumi sahəsi 79.3 kv.m olan fərdi yaşayış evindən iddiaçının payına düşən sahənin 26.44 kv.m olduğunu, faktiki olaraq istifadəsində olan 137.0 kv.m torpaq sahəsinin və sahəsi 16.8 v 22.0 kv.m olan tikililərin iddiaçının payına (1/3 pay) uyğun olmadığı müəyyən edilmişdir. İş materiallarında olan “X3 və Ekspertiza Mərkəzi” MMC-nin 105 nömrəli, xx.xx.2025ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 137.0 kv.metr, Dövlət reyestrində qeydiyyatına alınmış tikililərin faktiki istifadəsində olan hissəsinin isə 38.8 kv.m olduğu müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, sorğuya əlavə edilmiş bölgü sxemi layihəsi faktiki istifadə ölçülərinə uyğun gəlir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli yerində müayinə protokoluna əsasən yerində müayinə zamanı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsindən Cavabdeh1 yaşayış sahəsi kimi istifadə etdiyi, İddiaçı isə qeyri-yaşayış sahəsi (lombard və geyim mağazası) kimi istifadə etdiyi və əlavə tikililərin olduğu müəyyən olunmuşdur. Həmçinin yerində müayinədə iştirak edən Cavabdeh2 ona düşən payın hansı hissədə və harada yerləşdiyini bilmədiyini, Cavabdeh1 isə payların iddiada qeyd edildiyi şəkildə müəyyən olunmasına qəti etiraz etdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1-ci maddəsinə əsasən əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2-ci maddəsinə əsasən əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər ümumi mülkiyyət üzərində payların müəyyən edilməsina yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixli 02/2024 nömrəli Qərardadın: 11-ci bəndinə əsasən qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. 18-ci bəndinə əsasən hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.2-ci maddəsinə əsasən məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən 0,029480 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 79,30 kv.m olan 117 nömrəli fərdi yaşayış evi İddiaçı (1/3 hissə), cavabdehlər Cavabdeh2 (1/3 hissə) və Cavabdeh1 (1/3 hissə) ümumi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış notarial qaydada təsdiq edilmiş razılaşma müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 117 saylı fərdi yaşayış evinin üç paylı mülkiyyətçisindən iki tərəf olaraq naturada bölgü aparılması zamanı İddiaçı faktiki istifadəsində olan 137 kv.m torpaq sahəsi və 36.8 kv.m tikilinin İddiaçı pay hissəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, bəhs edilən fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan hissəsində Cavabdeh2 məxsus payın bir hissəsi olduğuna, həmin hissəni 39 kv.m torpaq sahəsi olaraq müəyyən etdiklərinə, Cavabdeh2 məxsus payın qalan hissəsinin digər payçı mülkiyyətçi olan Cavabdeh1 arasında müəyyən edilməli olmasına, fərdi yaşayış evinin X2 faktiki istifadəsində olan 137 kv.m torpaq sahəsi və 36 kv.m tikili hissəsi ilə bağlı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra belə söküntüyə məruz qaldığında 39 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olan qeydiyyatdan keçməmiş tikintilərə dair veriləcək kompensasiya məbləğinin Cavabdeh2 məxsus olacağına və həmin hissəyə görə kompensasiyanın Cavabdeh2 çatacağına razılaşmışlar. Hazırda iddiaçı ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanında 0,029480 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79,30 kv.m. təşkil edən 117 saylı evin -137 kv.m. torpaq sahəsi və fərdi yaşayış evinin biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağının İddiaçı, 1/3 hissə Cavabdeh1, 1/3 hissədən qalan hissəsinin Cavabdeh2 olmaqla pay hissələri kimi müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ümumi mülkiyyət üzərində iddiaçının tələb etdiyi şəkildə payların müəyyən edilməsinin mümkünlüyünü müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 294.8 kv.m (0.029480 ha) olan torpaq sahəsindən iddiaçının payına düşən sahənin 98.27 kv.m (0.009827 ha), ümumi sahəsi 79.3 kv.m olan fərdi yaşayış evindən iddiaçının payına düşən sahənin 26.44 kv.m olduğunu, faktiki olaraq istifadəsində olan 137.0 kv.m torpaq sahəsinin və sahəsi 16.8 v 22.0 kv.m olan tikililərin iddiaçının payına (1/3 pay) uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə xx.xx.2025-ci il tarixində yerində müayinə keçirmiş, yerində müayinə zamanı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsindən Cavabdeh1 yaşayış sahəsi kimi istifadə etdiyi, İddiaçı isə qeyri-yaşayış sahəsi (lombard və geyim mağazası) kimi istifadə etdiyi və əlavə tikililərin olduğu müəyyən olunmuşdur. Həmçinin yerində müayinədə iştirak edən Cavabdeh2 ona düşən payın hansı hissədə və harada yerləşdiyini bilmədiyini, Cavabdeh1 isə payların iddiada qeyd edildiyi şəkildə müəyyən olunmasına etiraz etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, üç paylı mülkiyyətçiyə məxsus ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi və fərdi yaşayış evinin üzərində iki paylı mülkiyyətçi, yəni İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış razılaşma müqaviləsi həmin əmlak üzərində payların müəyyən edilməsi baxımından hüquqi əhəmiyyət kəsb edən mötəbər sübut hesab edilə bilməz. Belə ki, həmin razılaşma müqaviləsinə əsasən İddiaçı faktiki istifadəsində olan 137 kv.m torpaq sahəsi və 36.8 kv.m tikili hissəsində Cavabdeh2 məxsus payın bir hissəsi - 39 kv.m torpaq sahəsi olmaqla, İddiaçı faktiki istifadəsində olan 137 kv.m torpaq sahəsi və 36.8 kv.m tikilinin İddiaçı pay hissəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və söküntüyə məruz qaldığında 39 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olan qeydiyyatdan keçməmiş tikintilərə dair veriləcək kompensasiya məbləğinin Cavabdeh2 çatacağı barədə iki paylı mülkiyyətçi razılığa gəlsələr də, ünvan 2 ünvanında 0,029480 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 79,30 kv.m təşkil edən 117 saylı evin 137 kv.m. torpaq sahəsi və fərdi yaşayış evinin biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağının İddiaçı və ya digər mülkiyyətçilərin payına aid olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Yəni hər hansı sənədlə paylı mülkiyyətçilərin paylarına konkret olaraq hansı sahənin, nə qədər kvadratda torpaq sahəsinin və fərdi yaşayış evinin düşdüyü müəyyən olunmur. İddiaçı tərəfindən təqdim edilən bölgü sxemi isə paylı mülkiyyətçilər tərəfindən imzalamaqla təsdiq edilməmişdir. Qanunvericiliklə müəyyən olunur ki, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Göründüyü kimi, paylı mülkiyyətdə olan 0,029480 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79,30 kv.m təşkil edən 117 saylı evin -137 kv.m torpaq sahəsi və fərdi yaşayış evinin biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağının İddiaçı pay hissəsi kimi müəyyən edilməsi barədə bütün paylı mülkiyyətçilər arasında müvafiq razılaşma yoxdur. Yerində müayinə zamanı Cavabdeh2 ona məxsus torpaq sahəsinin və tikilinin hansı hissədə və harada yerləşməsi barədə məlumatının olmamasını bildirməsinə baxmayaraq, ona məxsus payın bir hissəsi - 39 kv.m torpaq sahəsi olmaqla, İddiaçı faktiki istifadəsində olan 137 kv.m torpaq sahəsi və 36.8 kv.m tikilinin İddiaçı pay hissəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə razılıq vermişdir. Belə olan halda, məhkəmə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış razılaşma müqaviləsini ümumi mülkiyyətdə olan əmlak üzərində payların müəyyən olunması üçün mötəbər sübut kimi qəbul edə bilməz. Həmçinin yerində müayinə zamanı digər paylı mülkiyyətçi Cavabdeh1 payların qeyd olunan şəkildə müəyyən olunmasına razılıq verməmişdir. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi mülkiyyət üzərində payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat məbləğində məhkəmə tikinti-texniki ekspertizası xərci iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 100 (bir yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar