Məhkəmə qərarları › İş №e-2(004)-166/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-166/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-166/2024 11.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi Şükürov Rauf Azər oğlunun katibliyi Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında olan 30 mart 2018-ci il tarixli, 036 saylı Müqavilə və 23 dekabr 2021-ci il tarixli, 1 saylı müqaviləyə əlavə üzrə Cavabdeh MTK tərəfindən öhdəliyin icra edilməmiş hissəsini təşkil edən 13.47 kv.m sahəyə görə, 20205 manat pulun, həmin müqavilə üzrə 5000 AZN kirayə haqqının və ödənilmiş 165.7 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq, İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (“əmlak mülkiyyətçisi”) və Cavabdeh MMC (“tikinti şirkəti”) arasında 30 mart 2018-ci il tarixli, 036 №li müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.1-ci bəndinə əsasən, ““Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən xx.xx.1999-cu il tarixində 309 nömrəli reyestr kitabının 44826-cı səhifəsində 30 N 6052 nömrəsi ilə qeydə alınmış Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş MH seriyalı 156001 nömrəli Qeydiyyat Vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77,7 kv.m olan (faktiki sahəsi 85 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-ya təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür.” Həmin müqaviləyə edilmiş xx.xx.2021-ci il tarixli, 1 saylı əlavənin 3-cü bəndinə əsasən, “Əmlak mülkiyyətçisi”-nə 3-cü blok 6-cı mərtəbədən ümumi sahəsi 123 kv.m təşkil edən mənzil verilsin.” Müqavilə üzrə cavabdeh tərəfindən İddiaçıtəhvil verilməli olan mənzilin ümumi sahəsi 123 kv.mdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilmiş mənzilin sahəsi barədə iddiaçıda əsaslı şübhələr yarandığından xx.xx.2023-cü il tarixində AR “X4” MMC-yə “İddiaçı mülkiyyətinə verilmiş, Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsində, Cavabdeh MMC-yə məxsus yeni inşa olunmuş binanın 3-cü blok 6-cı mərtəbəsində yerləşən 3 otaqlı mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti məcəlləsinin tələblərinə uyğun olaraq nə qədər təşkil edir?” sualı ilə müraciət edilmişdir. İddiaçının müraciətinə əsasən, xx.xx.2023-cü il tarixli, 108 saylı mütəxəssis rəyi tərtib olunmuşdur. Aparılmış tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, “İddiaçı mülkiyyətinə verilmiş, Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsində, Cavabdeh MMC-yə məxsus yeni inşa olunmuş binanın 3-cü blok 6-cı mərtəbəsində yerləşən 3 otaqlı mənzilin ümumi sahəsi – 109.53 kv.mtəşkil edir.” 123 kv.m– 109.53 kv.m= 13.47 kv.m Müqavilənin 2.2.4-cü maddəsinə əsasən, “tikinti şirkətinin vəzifələrindən biri də ““Əmlak mülkiyyətçisi”-nə veriləcək sahə, layihəyə uyğun ölçüdən az olduğu təqdirdə yaranan nisbəti pul şəklində “Əmlak mülkiyyətçisi”-nə ödəməkdir (1 kv.metr üçün 1500 AZN).” Göründüyü kimi, İddiaçı CavabdehMMC tərəfindən ümumi sahəsi 123 kv.m mənzil verilməli olduğu halda, 13.47 kv.m az olan mənzil təhvil verilmişdir. Belə olan halda, mənzilin 1 kv.m-i 1500 AZN məbləğində qiymətləndirilir. 13.47 kv.mx 1500 AZN = 20.205 AZN Cavabdeh tərəfindən İddiaçımənzilin ümumi sahəsinin razılaşdırılmış ölçüdən az olan hissəsi ilə bağlı ödənilməli olan kompensasiya məbləği 20.205 AZN təşkil edir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli (təmir haqqı əvəzləşdirilmişdir.) mənzil ilə təmin edən günədək (mənzil təhvil verilənədək) onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda l (bir) dəfə ödəyir.” Nəzərinizə çatdırırıq ki, sonuncu dəfə 2022-ci ilin oktyabr ayı üzrə kirayə haqqı ödənildikdən sonra, cavabdeh tərəfindən bugünədək kirayə haqqı ödənilməmişdir (10 ay- avqust ayı daxil olmaqla). Halbuki, CavabdehMMC-nin müqavilənin 1.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada, “Əmlak mülkiyyətçisi”-nin müvəqqəti yaşayışını təmin etmək üçün kirayə haqqı vermək öhdəliyi mövcuddur. 1 ayüzrə kirayə ödənişi – 500 AZN 10 ayX 500 AZN = 5000 AZN Halhazırda İddiaçı cavabdeh tərəfindən 5000 AZN ödənilməmiş kirayə haqqı borcu mövcuddur. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh MMC arasında olan 30 mart 2018-ci il tarixli, 036 saylı Müqavilə və müqaviləyə edilmiş 23 dekabr 2021-ci il tarixli, 1 saylı Əlavəyə əsasən, 20205 AZN kompensasiya ödənişi və 5000 AZN kirayə haqqı Cavabdeh MMC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. İddiaçı nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciyət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Buna da əsas odur ki, kirayə haqqı ilə bağlı hissədə müqavilənin 1.2-ci bəndində də qeyd olunub ki, 24 ay müddətinə aylıq 500 manat ödəniləcək. 18 dekabr 2021-ci il tarixli əlavədə də öz əksini tapmışdır ki, 18 yanvar 2020-ci il tarixdən hesablanan 23 aylıq kirayə haqqı Cavabdeh MMC-nin xeyrinə tutulsun. Ödəniş 2022-ci ildə ödənilmişdir. Üzərinə düşən müddətdə öhdəliyi icra etmişdir. Tərəf də faktiki olaraq mənzili əldə edib. Bina göstərilən vaxtda təhvil verilib, istismara da qəbul olunub. Ölçmənin aparıldığı qayda müqavilədə əks olunub və müqavilədə göstərilən ölçüdə ev verilib. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdi ki, iddiaçı ilə cavabdeh şirkət arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh şirkət iddiaçıya məxsus Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59 ünvanında yerləşən və sahəsi 77.7 m2, faktiki sahəsi isə 85 m2 olan evin sökülməsinin müqavilədə göstərilən kvadratda mənzil təhvil verməli idi, 24 ay ərzində 500 manatdan kirayə haqqı verməli idi. Sonradan isə yəqin ki, həmin kvadrat üzrə mənzil verilə bilmədiyinə görə 19.5 m2 üçün 29250 manat kompensasiya verilmişdir. Sonradan iddiaçı evin sahəsini ölçdürdüyündə evin sahəsi 49.17 m2 olduğunu müəyyən etmişdir. Evin pulu tam ödənilib və onlara təhvil verilib. Maliyyə arayışı da mövcuddur. Çatışmayan kvadrat üçün 1500 manatdan hesablanmaqla kompensasiya tələb edirlər. Mənzilin hansı qaydada verilməsi müqavilədə nəzərdə tutulmayıb. İstənilən halda bina tikildikdən sonra mənzilin təhvil-təslim aktı olmalıdır. 123 m2 ev verilməli halda, 109 m2 ev verilib. Ölçülmə çöl divardan, çöl divara kimi aparılıb. Lkain onlar daxili divardan, daxili divara ölçülməsini istəyirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan 30 mart 2018-ci il tarixli, 036 nömrəli müqaviləyə əsasən, İddiaçı Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 77.7 m2 olan (faktiki sahəsi 85 m2) ibarət olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada Cavabdeh MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Faktiki sahə 85 m2 20% artırılır (102 m2). Təmir haqqı ümumilikdə 13260 AZN məbləğdə qiymətləndirilib 10,2 m2 sahə ilə əvəzləşdirilərək veriləcək 102 m2 sahənin üzərinə əlavə edilir. İş materiallarında olan 12 dekabr 2021-ci il tarixli 18 yanvar 2018-ci il tarixli, 015 saylı müqaviləyə 1 saylı Əlavəyə əsasən müəyyən edilir ki, İddiaçı veriləcək mənzilin sahəsinə əlavə ediləcək 10.8 m2 üçün hesablanmış məbləğ 30 iyun 2019-cu il tarixdən 30 dekabr 2021-ci il tarixinədək hesablanan 30 aylıq kirayə haqqından çıxılsın. İddiaçı 3-cü blok 6-cı mərtəbədən ümumi sahəsi 123 m2 təşkil edən mənzil verilsin. İş materiallarında olan Azərbaycan Respublikası “X4”nin 11 avqust 2023-cü il tarixli, 108 nömrəli mütəxəssis rəyinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində, Cavabdeh MMC-yə məxsus yeni inşa olunmuş binanın 3-cü blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı mənzilin faktiki olaraq ümumi sahəsi – 109.53 m2 təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024-cü il tarixli 10/8234 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş 3-cü blok 6-ci mərtəbədə yerləşən mənzilin faktiki ümumi sahəsinin, (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 109.53 m2 təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş 3-cü blok 6-ci mərtəbədə yerləşən mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 123.0 m2 təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh MTK-ya ünvanlanan xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubuna əsasən müəyyən edilir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında Nəsimi rayonu, S.Rüstəm, H.Ələsgərov, Xan Şuşinski və Q.Quliyev küçələrinin əhatə etdiyi ərazidə Cavabdeh MTK tərəfindən inşa edilmiş 1 ədəd 1 girişli, 16 mərtəbəli, 1 ədəd 1 girişli, 16 mərtəbəli, 1 ədəd 2 girişli 16 mərtəbəli yaşayış binaları və 1 ədəd 2 mərtəbəli qeyri-yaşayış binası, 300 mənzilli, 1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, texniki mərtəbəsi yaşayış olan yaşayış binasına ünvan 5 ünvanı verilərək mövcud vəziyyətdə 1 saylı Bakı Ərazi İdarəsinin elektron məlumat bazasına daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Həmin Məcəllənin 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırda İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 mart 2018-ci il tarixli, 036 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC-nin ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi faktiki sahəsi 123 m2 olan, təmirsiz mənzil verməyi öhdəsinə götürdüyünü, lakin evin sahəsinin Azərbaycan Respublikası “X4”nin 11 avqust 2023-cü il tarixli, 108 nömrəli mütəxəssis rəyinə əsasən 109.53 m2 olduğunu bildirərək əlavə kompensasiyanın ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024cü il tarixli 10/8234 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş 3-cü blok 6-ci mərtəbədə yerləşən mənzilin faktiki ümumi sahəsinin, (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 109.53 m2 təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş 3-cü blok 6-ci mərtəbədə yerləşən mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 123.0 m2 təşkil etdiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 30 mart 2018-ci il tarixli, 036 nömrəli müqavilə üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulan ölçüdə olması müəyyən edilmişdir. Belə ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir. Həmçinin iddiaçı müqavilə üzrə 2022-ci ilin oktyabr ayından bu günədək 10 ay üzrə - avqust ayı daxil olmaqla 5000 AZN kirayə haqqının ödənilməsini tələb etmişdir. Bu hissədə də məhkəmə qeyd edir ki, iddia təmin edilməməlidir. Cavabdeh MTK tərəfindən 2022-ci ilədək kirayə haqqının ödənilməsi iddiaçının nümayəndəsi və vəkili tərəfindən də təsdiq olunmuşdur. Həmçinin bu günki tarixədək kirayə haqqının tələb edilməsi əsaslı deyil, belə ki, mənzil cavabdeh artıq təhvil verilmişdir. İddiaçının mənzili qəbul etmədiyi halda kirayə haqqı tələb etməsi yolverilməzdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 165.7 (yüz altmış beş manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar