Məhkəmə qərarları › İş №e-2(004)-1685/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1685/2024

23.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1685/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-də kassir vəzifəsində işləmiş, daha sonra əmək müqaviləsinə əlavə edilməklə çağrı mərkəzinin əməkdaşı olmuş, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə 5 nömrəli əlavəyə görə isə növbə menecer köməkçisi vəzifəsində işləmişdir. İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə yalnız vəzifə yüksəlişi olub, işlədiyi dövrdə heç vaxt xəbərdarlıq, töhmət və ya aşağı vəzifəyə keçirilməsi olmamışdır. Cavabdeh 30 noyabr 2023- cu il tarixində heç bir əsas olmadan, audit yoxlaması keçirmədən iddiaçını Əmək Məcəlləsinin 70-ci maddənin ç bəndi ilə işdən azad etmişdir və işdən azad etməni onunla əsaslandırmışdır ki, iddiaçı maddi ziyan vurmuşdur. Həmin əmr qanunsuzdur. İşəgötürən işçi barəsində digər alternativ intizam tənbehi tətbiq edə biləcəyi halda ən ağır intizam tədbirini tətbiq etmişdir. Bu səbəbdən, iddiaçının mübahisələndirdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin olunmaması xahiş etmişdir. İş materiallarına müəyyən edilir ki, İddiaçı 30 noyabr 2023-cü il tarixli əmrə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarına İddiaçı işəgötürən Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatına əsasən müəyyən edilir ki, İddiaçı iş vaxtında müştərilərdən götürdüyü sifarişləri tək-tək sistemə vurmuşdur. Səbəb çek sayını yüksəltmək olmuşdur. Kart və nağd ödənişlər zamanı arada olan fərqi qapatmaq üçün kartı nağd, nağdı isə kart formasında bağlamışdır. Məqsəd gündəlik hesabatın düz gəlməsi olmuşdur. İş materiallarına İddiaçı müvafiq pozuntu sayılan hərəkətləri barədə elektron daşıyıcıda (disk) müvafiq materiallar (video görüntülər və Excell cədvəllər) məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “c” və “e” bəndləri çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. İddiaçı işəgötürən Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatına əsasən müəyyən edilir ki, İddiaçı iş vaxtında müştərilərdən götürdüyü sifarişləri təktək (məsələn, 1 ödəniş çeki 2 ödəniş formasında 2 qəbz kimi sistemə daxil edilmiş və əlavə bonusun qazanılmasına əsas yaratmışdır) sistemə vurmuşdur. Səbəb çek sayını yüksəltmək olmuşdur. Kart və nağd ödənişlər zamanı arada olan fərqi qapatmaq üçün kartı nağd, nağdı isə kart formasında (bu xüsusat müvafiq vergi sanksiyasının tətbiq edilməsinə əsas ola bilər) bağlamışdır. Bu hallar dəfələrlə təkrarlanmışdır. Məqsəd gündəlik hesabatın düz gəlməsi olmuşdur. İddiaçı məhkəmə iclasında sözügedən izahatın özü tərəfindən yazıldığını və izahatda qeyd olunanların həqiqət olmasını bildirmişdir. Deməli, izahatda göstərilənlər mülki işin mübahisəsiz halıdır. Cavabdeh tərəf isə hüquqi müdafiəsini o istiqamətdə qurmuşdur ki, iddiaçı izahatda qeyd olunan müvafiq qanunsuz hərəkətləri etməklə işəgötürəndən əlavə bonuşlar əldə etmiş, gəlir qazanmışdır. Hətta sözügedən qanunsuz hərəkətlər (kart və nağd ödənişlərlər bağlı) vergi qanunvericiliyinin pozulması ilə bağlı cavabdehin vergi risklərinin yaranmasına şərait yaratmışdır. Bununla da, iddiaçı işçi kimi əmək vəzifələrinə vicdanlı yanaşmamış, işəgötürənə həm maddi zərər (əsassız gəlir əldə etməklə) vurmuş, həm də işəgötürən maraqlarını təhlükə altına qoymuşdur. Məhkəmə nəzərə alır ki, müvafiq intizam tədbiri işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 aylıq müddət ərzində tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin yuxarıda göstərilən mövqeyi əsaslıdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi imperativ qayda təşkil etmir və dispozitiv olaraq işəgötürənə əmək müqaviləsinə xitam verilməsinə alternativ imkan verir. Lakin, müqavilə azadlığı prinsipi, dövlət müəssisəsi kimi ictimai reputasiya və digər diqqətə layiq hallar nəzərə alınmaqla işəgötürənin mülki hüquq münasibətlərinin subyekti kimi qanuna əsasən müqavilə münasibətlərinə xitam vermək hüququ vardır. Məhz, hazırki iş üzrə işəgötürən bu hüququndan istifadə etmişdir. Həmin hüquqdan istifadə edilib-edilməməsinə dair işəgötürənin qanuni əsaslarla mülahizə sərbəstliyi vardır. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Nəticə etibarilə, mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “c” və “e” bəndilərinin dispozitiv şərtləri ilə iddia tələbinin hüquqi və faktiki xüsusatları eynilik təşkil edir. Beləliklə, müəyyən edilir ki, mübahisələndirilən əmr qanuni və əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar