Məhkəmə qərarları › İş №e-2(004)-17/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-17/2025

08.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-17/2025 08.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predimeti barəsində müstəqil tələb irəlisürməyən üçüncü şəxs qismində “Arabaçı” KM və X12 cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə üzrə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərinin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2782/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı, X8 və “Arabaçı” KM-nə qarşı (mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4, 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” tələbinə dair e- 2(006)-3888/2023 saylı mülki iş üzrə qəbul ediləcək məhkəmə qərarı qanuni qüvvəsini alanadək, hazırda məhkəmənin icraatında baxılan İddiaçı Cavabdeh qarşı (mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Arabaçı” KM və X12 cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair e-2(004)-2782/2023 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-17/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Hatəm oğlunun icraatın təzələnməsi barədə ərizəsi təmin edilərək, iuddiaçı İddiaçı Cavabdeh qarşı (mübahisə predimeti barəsində müstəqil tələb irəlisürməyən üçüncü şəxs qismində “Arabaçı” KM və X12 cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işin icraatı təzələnməsi, iş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə saat 12:30-a təyin edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Bir-neçə il əvvəl həyat yoldaşına məxsus şirkətdə çalışan Cavabdeh uzaqda yaşadığını, tıxac və digər səbəblərdən işə gəlib-getməyində çətinlik olduğunu bildirərək, iddiaçıya məxsus, lakin həmin ərəfədə boş olan mənzili müvəqqəti yaşamaq üçün onu qızı və anası ilə həmin mənzilə buraxmağı iddiaçıdan xahiş etmişdir. Onlar razılaşmışlar ki, cavabdeh və onun ailə üzvləri iddiaçının ilk tələbiylə mənzili boşaldıb onlara qaytarmaq şərtilə orada yaşaya bilərlər. Lakin bir müddət əvvəl mənzili boşaltmağı ondan xahiş etsə də cavabdeh müxtəlif bəhanələrlə hər dəfə növbəti həftə çıxacağını bildirsə də ona məxsus mənzildən çıxmır. Cavabdehin hərəkətləri onun mülkiyyət hüququnu pozmaqla, həmin mənzili pul qarşılığında kirayə verməyə ona mane olur, bu da öz növbəsində əldə ediləcək faydadan onu məhrum edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh, mübahisə predimeti barəsində müstəqil tələb irəlisürməyən üçüncü şəxs qismində “Arabaçı” KM və X12 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, 2003-cü ildən Cavabdeh iddiaçının həyat yoldaşı Akif İmanovun şirkətində çalışmışdır. 2008-ci ildən onlar faktiki nikah münasibətlərində olmuşlar. 2014-cü ildə cavabdeh ev almaq istədiyini bildirmiş, həmin ev üçün 30000 manat beh ödəmişdir. 1 ay ərzində cavabdeh həmin mənzili təmir etdirmiş, aprel ayında oraya köçmüşdür. X10 Əsgərova ilə münasibətləri pozulduqdan sonra Akif İmanov hər şeyi iddiaçıya danışmış, mənzilə dair öz adına çıxarış almış, daha sonra mənzili bağışlama müqaviləsi əsasında öz həyat yoldaşı olan iddiaçıya bağışlamışdır. Nə iddiaçı, nə də onun həyat yoldaşı Akif İmanov həmin mənzilə görə pul xərcləməmişlər. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Arabaçı” KM ilə X12 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən “Arabaçı” KM Bakı şəhəri Yasamal Rayonu Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində yerləşmiş “Arabaçı” KM-nın tikilməkdə olan binasında 369 nömrəli mənzili X8 verməyi , X12 isə 36.318 ABŞ dolları vəsaiti “Arabaçı” KM ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Arabaçı” KM-nin xx.xx.2014-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayonu Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində yerləşmiş yaşayış binası “Arabaçı” KM-ə məxsusdur. Bu binanın V giriş XV mərtəbəsində ümumi sahəsi 103.78 kv.m olan 2 otaqlı 369 saylı mənzilin ümumi pay dəyəri X12 tərəfindən tam ödənilmiş, KM-yə borcu yoxdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7 adına qeydiyyata alınmışdır. İş materiallarında olan X12 ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən X12 ünvan 2 ünvanında yerləşən mənzili X3 bağışlamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-893/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər X8 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4639/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəeri Nəsimi Rayon Məhkəməsinin 2(006)-893/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 411/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4639/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-893/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən göründüyü kimi, mübahisəli mənzil iddiaçıya məxsusdur, həmin mənzil cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda ona məxsus mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin hazırda hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə İddiaçı məхsus ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə İddiaçı məхsus ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar