Məhkəmə qərarları › İş №e-2(004)-1720/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1720/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1720/2022 07.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "X1" MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X1" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 26 sentyabr 2022-ci il tarixdə cavabdeh "X1" MMC ilə mənzilin interyer dizayner xidmətlərinin göstərilməsi müqavilə bağlamışdır. Müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən, 120 m2 sahəsi olan mənzilin dizayn işlərinin görülməsi hər kvadrat metr çün 15 AZN-dən hesablanmaqla, ümumi məbləği 1800 AZN müəyyən edilmiş, görüləcək işlərin ümumi dəyərinin 50%-inin dəyəri 900 AZN olmaqla müqavilə bağlanan gün ödənilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə o, "X1" MMC-nin əməkdaşları ilə əlaqə saxlamışdır və ona bildirilmişdir ki, heç bir məbləğ geri qaytarılmayacaqdır. Müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilmədiyinə görə, cavabdehə məktub göndərilərək 26.09.2021-ci il tarixdə bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verilməsini və 7 gün ərzində müqavilə üzrə ödənilmiş 900 manat pulun qaytarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məktub alınmasına baxmayaraq heç bir cavab verilməmiş və qeyd edilən məbləğ geri qaytarılmamışdır. Qeyd edilən müqavilənin 1.1-ci bəndinə görə, razılaşdırılmış işlərə-ölçü planı, mebel planı, santexnik planı, elektrik planı, divar açılışı daxildir. Müqavilənin 4.1-ci bəndinə görə, “müqavilə bağlandığı tarixdən qüvvəyə minir və 15 oktyabr tarixdə sona çatacaqdır. Müqavilə bağlandığı gün şirkətin əməkdaşı Şəhla Qasımova ona və mənzilin faktiki sahibi atası Mirbaba Mirbabayevə kataloqları göstərərək 01.10.2021-ci il tarixə kimi hər gün bir otaq üzrə işlərin aparılması və tez bir zamanda hazır eskizlərin təqdim ediməsinə əmin etmişdir. Mənzilin dizaynının klassik üslubda hazırlanması razılaşdırılmışdır. Daha sonra Whatsapp proqramı vasitəsilə 29.09.2021-ci il tarixdə yalnız qonaq otağının bir nümunə olaraq şəkilləri göndərilmişdir. Həmin dizayn bəyənilmədiyindən yenidən cüzi dəyişikliklər edilərək sonradan eyni şəkillər göndərilmişdir. Digər otaqların üzərində isə hələ işlənilməmişdir. 29.09.2021-ci ildə mesaj olaraq bildirilmişdir ki, həmin gün axşam yataq otağının da dizaynı göndəriləcəkdir. Lakin yataq otağının şəkilləri yalnız 09.10.2021-ci il tarixdə göndərilmişdir. Sonuncu dəfə müqavilənin müddəti bitdikdən sonra 19.10.2021-ci il tarixdə eyni şəkillər göndərilmişdir. Xüsusilə qeyd edilməlidir ki, mənzilin ölçü planı, santexnik planı, elektrik planı, divar açılışı heç təqdim edilməmişdir. Yalnız mebel planı və otaqların lepka ilə işləmələrinin şəkilləri göndərilmişdir. Hər dəfə guya dəyişiklik edilərək yenidən eyni şəkillər göndərilmişdir. Sanuzel otağının çox zövqsüz, keyfiyyətsiz, heç bir dekoru olmadan dizayn şəkilləri göndərilmişdir. Bu barədə cavabdeh şirkətə narazılıqlarını bildirmişlər. Göstərilən dizayn onun arzusuna uyğun olmamış və müqavilədə nəzərdə tutulan müddətlər ərzində göndərilməmişdir. Müqavilə müddətinin birməsinə baxmayaraq, mənzilin dizaynı hazır olmadığı üçün o, şirkət əməkdaşlarına müqavilənin ləğv edilməsi barədə şifahi şəkildə iradəsini bildirmişdir. Müqavilənin 4.3-cü bəndindən görünür ki, “icraçı” tərəfindən “sifarişçi”yə verilən tapşırıqlar yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə, həmçinin xidmət göstərilməsindən boyun qaçırıldıqda, imtina edildikdə “Sifarişçi” birtərəfli qaydada şifahi və ya yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam verə bilər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh "X1" MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı mülkiyyətində olan (ƏMDK DƏDRX tərəfindən verilmiş ******* nömrəli, Serya RX, 18.04.2018-ci il tarixli Çıxarışa əsasən) ünvan 2 ünvanında yerləşən mənzildə interyer-dizayn işlərinin aparılması barədə tərəflər arasında 26.09.2021-ci il tarixli, 155 nömrəli Xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1; 2.1; 4.1-ci bəndlərinə əsasən, “İcraçı” adlanan "X1" MMC öz üzərinə müqavilənin qüvvədə olduğu müddət ərzində qeyd edilən mənzildə, 120 kv.metrlik sahənin hər kv.metri üçün 15 AZN-dən heablanmaqla, ümumi 1800 AZN məbləğdə interyer-dizayn işlərinin görülməsini, “Sifarişçi” adlanan İddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə bağlandığı tarixdən qüvvəyə minir və 15 oktyabr tarixdə sona çatacaqdır. Müqavilənin 1.1-ci bəndindən görünür ki, müqavilə üzrə razılaşdırılmış işlər aşağıdakılardan ibarət olmuşdur: ölçü planı, mebel planı, santexnik planı, elektrik planı, divar açılışı. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, “icraçı” tərəfindən “sifarişçi”yə verilən tapşırıqlar yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə, həmçinin “Sifarişçi”nin xidmətlərin və tapşırıqların icrası barədə müraciətlərinin icrası təmin edilmədikdə və xidmət göstərilməsindən boyun qaçırıldıqda, imtina edildikdə “Sifarişçi” birtərəfli qaydada şifahi və ya yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam verə bilər. İşə əlavə edilmiş qəbzlə təsdiq edilir ki, İddiaçı tərəfindən "X1" MMC-yə ödənilmişdir. Eyni zamandan iş materiallarından görünür ki, iddiaçı "X1" MMC-yə pretenziya məktubu yollayaraq 26.09.2021-ci il tarixli müqaviləyə birtərəfli qaydada xitam verilməsi, və 7 gün ərzində müqavilə üzrə ödənilmiş 900 manat məbləğində pulun qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14.07.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “...mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir... mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.” Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. İş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 26.09.2021ci il tarixli 155 saylı xidmət (podrat) müqaviləsinin şərtləri cavabdeh "X1" MMC tərəfindən icra edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, iddiaçı öz tələbinin əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim etmiş (müqavilə, pretenziya məktubu, qəbz, iddiaçının görülmüş işlərdən narazı qalması barədə whatsapp danışıqları), cavabdeh isə etirazının əsaslarını məhkəməyə təqdim etməmiş, ümumiyyətlə məhkəmə iclasları barədə sms bildiriş vasitəsilə məlumatlandırılmalarına baxmayaraq iştirak etməmiş, iddiaçının pretenziya məktubuna cavab verməmişdir. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, cavabdeh "X1" MMC müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün, iddiaçı müqavilə əsasında ödənilmiş 900 (doqquz yüz) manat pulu tələb etməkdə haqlıdır. Odur ki, cavabdehdənn900 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməldir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "X1" MMC-dən 900 (doqquz yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar