Məhkəmə qərarları › İş №e-2(004)-1737/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1737/2025

25.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1737/2025 25.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsinə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi, işçilərinin sayının və ya ştatların ixtisar edilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsinə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir.

2. "xxxx" ASC-nin Anbar Təsərrüfatı idarəsinin 2024-cü il üçün ştat cədvəlinə əsasən xx.xx.2024-cü ildən etibarən idarədə 1 idarə rəisi və 2 idarə rəisinin müavini vəzifəsini mövcud olmuşdur.

3. "xxxx" ASC-nin Aparatının tutduqları vəzifə üzrə ştat vahidi ixtisara düşmüş nomenklatur işçilərinin siyahısından görünür ki, Anbar Təsərrüfatı idarəsi üzrə idarə rəisinin müavini İddiaçı tutduğu vəzifə ixtisara düşmüşdür.

4. xx.xx.2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqdan görünür ki, İddiaçı ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi, onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

5. “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsinin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubu ilə qoşmada adı göstərilən şəxslərin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur.

6. Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli, 71 nömrəli məktubundan görünür ki, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda qeyd olunan işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir.

7. “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş publik hüquqi şəxsin Anbar Təsərrüfatı idarəsinin 2024-cü il üçün ştat cədvəlindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdən etibarən Anbar Təsərrüfatı idarəsində 1 idarə rəisi və 1 idarə rəisinin müavini olmaqla cəmi 2 ştat mövcud olmuşdur.

8. xx.xx.2024-cü il tarixli akta əsasən Anbar Təsərrüfatı İdarəsinin rəis müavini İddiaçı ştat vahidi ixtisara düşdüyünə görə ona “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsinin Binəqədi rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin rəisi vəzifəsi üzrə iş təklif edilmişdir. İddiaçı təklif olunan vəzifələrdə işləməkdən imtina etmişdir. Barəsində tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. Aktı İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Zemfira Hüseynbəyli, Hüquq şöbəsinin müdiri Leyla Məmmədova, İnsan resursları və kargüzarlıq şöbəsinin baş məsləhətçiləri Ayşən Əliyeva və Svetalana Şıxverdiyeva öz imzaları ilə təsdiq etmişlər.

9. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 1113-K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 12 il 4 ay 2 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinətinin verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 30 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir.

10. 067860 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

11. “Elektron məhkəmə” informasiya sistemindən iddiaçı barəsində əldə edilmiş məlumatdan görünür ki, o Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə görə təyin edilən pensiya alır. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli, 1113-K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2012-ci il tarixdən 101-K nömrəli əmrə əsasən "xxxx" ASC-də Maddi texniki təchizat şöbəsində mühəndis vəzifəsində işə başlamışdır. xx.xx.2017-ci il tarixdən isə iddiaçı Maddi texniki təchizat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixli, 389-K nömrəli əmrlə iddiaçı Anbar Təsərrüfatı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya tutduğu vəzifə - Anbar Təsərrüfatı İdarəsinin rəis müavini vəzifəsi üzrə ştat vahidinin ixtisara düşdüyü və 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Su Təsərrüfatı X4 Respublika komitəsi tərəfindən 09.08. 2024-cü il tarixli, 71 nömrəli məktubu ilə ştat ixtisarı ilə əlaqədar olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsinin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun xx.xx.2024-cü il tarixli 1113-K nömrəli əmrinə əsasən Anbar Təsərrüfatı İdarəsinin rəis müavini vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. İddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmiş müddət bitdikdən sonra ona heç bir yeni iş təklifi edilmədən “İri Şəhərlərin X8 Xidmətinin” İdarə Heyətinin sədrinin xx.xx.2024-cü il tarixli, 1113-K nömrəli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. Beləliklə də işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71ci maddəsinin tələbləri pozulmuşdur. Nəticə etibarı ilə işəgötürən tərəfindən iddiaçının tutduğu ştat ixtisar edilən zaman heç bir tədbir görülməmiş, ona müəssisədə və ya Agentliyin tabeliyində olan digər müəssisələrdə iş təklif edilməmiş, onun (başqa) işlə təmin edilməsinin mümkünlüyü nəzərə alınmamışdır. Yəni, iddiaçının tutduğu vəzifənin hansı zərurətdən irəli gələrək ixtisar edilməsi əmrdə əsaslandırılmamışdır ki, bu da iddiaçıya qarşı qərəzli mövqeyin olduğunu dolayı yolla təsdiq edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/1 nömrəli əmri ilə təsdiq edilmiş “İri şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsinin aparatının yeni ştat cədvəlində və cavabdeh təşkilatın yeni strukturunda Anbar Təsərrüfatı İdarəsi saxlanılmışdır. Əmrin əsaslandırılmaması həm də onunla sübut edilir ki, Agentliyin xx.xx.2024-cü il tarixli, 002/1 nömrəli əmrində işçilərin ştat cədvəlinə uyğun yerləşdirilməsi göstərişi verilmişdir. Ona görə də əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə ştat ixtisarının zəruriliyi əsaslandırmamışdır. "xxxx" ASC idarə heyəti sədrinin xx.xx.2024-cü il tarixində təsdiq etdiyi "xxxx" ASC-nin aparat işçiləri üçün 2024-cü il iş üçün ştat cədvəli ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/1 nömrəli əmri ilə təsdiq edilmiş “İri şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsinin yeni ştat cədvəllərinin təhlili göstərir ki, "xxxx" ASC-nin strukturunda olan Anbar Təsərrüfatı İdarəsi yeni strukturda da olduğu kimi saxlanılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/1 nömrəli əmri ilə təsdiq edilmiş “İri şəhərlərin X8 Xidməti” PHŞ-n yeni ştat cədvəlində yalnız aparatın yeni ştatları müəyyən edilmiş, Anbar Təsərrüfatı İdarəsinin ştatları barəsində heç bir məlumat verilmir. Cavabdeh müəssisədə faktiki olaraq Anbar Təsərrüfatı İdarəsinin rəis müavini (2 ştat vahidi) ştatı ləğv edilməmiş və həmin ştatlara başqa şəxslər təyin edilmişdir. Belə ki, hazırda həmin vəzifədə X5 çalışır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən dərhal sonra yeni müavinin təqdim edilməsi olmuşdur. İddiaçı müharibə iştirakçısı olması, himayəsində orqanizminin funksiyalarının 61-80 faiz itirmiş həyat yoldaşının olması nəzərə alınmamış və onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 232 nömrəli qərarı ilə təsdiq edilmiş “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsinin nizamnaməsinin 4.3-cü bəndinə əsasən xidmətin struktur bölmələrinin rəhbərləri, habelə onun idarə, filial və nümayəndəliklərinin, tabeliyindəki digər qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri, baş mühasibləri Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyinin sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunurlar. Lakin, hazırkı mübahisə üzrə İddiaçı Anbar Təsərrüfatı İdarəsinin rəis müavini olmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Agentliyinin sədri ilə heç bir razılaşdırma aparılmamış, idarə heyəti sədrinin razılığı olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini 70-ci maddəsinin b) bəndi ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinin sədri Akif Məmmədovun xx.xx.2024-cü il tarixli, 71 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavab məktubunda göstərilmişdir ki, siyahıda adları göstərilmiş şəxslərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə həmkarlar ittifaqı komitəsinin heç bir etirazı yoxdur. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. X6 Respublika Komitəsi qərar qəbul etmək əvəzinə işəgötürənə məktub ünvanlamışdır. Məktubda heç bir iclas protokoluna və ya qərara istinad yoxdur. xx.xx.2024-cü il tarixli, 71 nömrəli məktubun Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, məktubda heç bir əsaslandırma yoxdur və məktub formal olaraq tərtib edilmişdir. Həmkarlar ittifaqı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmamış və araşdırma aparmadan, heç bir iclas keçirilmədən cavabdeh müəssisəyə razılıq məktubu ünvanlamışdır. Məktubda həmkarlar ittifaqının iclasının keçirilməsi, iclasda kimlərin iştirak etməsi, iclas qərarının neçə səs çoxluğu ilə qəbul edilməsi ilə bağlı heç bir məlumat göstərilməyib. Bu da özlüyündə məktubun əsaslandırılmadan tərtib edildiyini, əslində faktiki olaraq heç bir iclasın keçirilmədiyini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin müzakirə edilmədiyi göstərir. Xəbərdarlıq müddəti bitməsindən 4 aydan artıq vaxtın keçməsindən sonra (yəni xəbərdarlıq bildirişinin verilməsindən 4 ay sonra) 17.12.204-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Xəbərdarlıq müddəti ilə işdənçıxarma əmri arasında bu qədər uzun müddət fərqinin olması özlüyündə ştat ixtisarının qanunsuzluğundan və hüquqazidd şəkildə həyata keçirilməsindən xəbər verir. Həmçinin, 9 təqvim həftəsi bitdikdən sonra ştat ixtisarı əmrinin verilməməsi özlüyündə ştat ixtisarı prosesinin həyata keçirilmədiyini və öz əhəmiyyətini itirdiyini sübuta yetirir. Bu səbəbdən də yenidən ştat ixtisarı ilə bağlı tədbirlər keçirilməli olduğu halda bu tədbirlər yenidən həyata keçirilməmişdir.

b) iddiaya qarşı etiraz

14. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

a) məhkəmə icraat iştiakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, göstərdi ki, cavabdeh təşkilat tərəfindən əmək müqaviləsi ləğv edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiklərini, əmək müqaviləsi ləğv edilərkən qanunvericiliyin bütün tələblərinə riayət edildiyini bildirmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 16.

1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür;

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 77.

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir;

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında; Maddə 78.

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır;

Maddə 80.

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir;

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

20. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, publik hüquqi şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir.

21. Cavabdehin xx.xx.2024-cü il tarixli, 1113-K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsinin təsdiq edilmiş sturukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.

22. İddiaçı bu əmri mübahisələndirərək, əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyini bildirir.

23. Məhkəmə qeyd edir ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək də işəgötürənin vəzifəsidir.

24. Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbinə görə işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Eyni ilə işəgötürən işçilərin sayını və ştatları ixtisar etmək hüququndan istifadə edərkən ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalı, işçinin əmək müqaviləsi bu əsasla ləğv edilərkən də qanunvericiliyin tələblərinə əməl edilməlidir.

25. Hazırkı işdən görünür ki, əmək müqaviləsi ləğv edilərkən işə götürən tərəfindən bu kateqoriya işlər üzrə qanunvericiliyin tələblərinə əməl edilməmişdir.

26. Mübahəsiləndirilən əmrdən görünən odur ki, işəgötürən tərəfindən hər hansı əsaslandırma aparılmamış, sadəcə ştat vahidinin ixtisara düşməyi göstərilməklə əmək müqaviləsi ləğv edilmişdir. Halbu ki, ştat vahidinin ixtisara düşməyi ilə işçinin əmək fəaliyyətinin davam etdirməsinin qeyri-mümkünlüyü arasındakı səbəbli əlaqə şərh edilməli, işçinin işdə saxlanılması yönündə hansı tədbirlər görüldüyü göstərilməlidir.

27. Digər tərəfdən, cavabdeh tərəfindən ştatların ixtisarı əsası ilə iddiaçının əmək müqaviləsinin ləğv edilməsi zamanı görülən və görülməli olan tədbirlər arasındakı uyğunsuzluq iş materialları ilə öz təsdiqini tapır.

28. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, publik hüquqi şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir. Həmin əmr ilə təsdiq edilmiş struktur və işçilərin say həddi daxilində sturuktura daxil olan qurumların ştat cədvəllərinin hazırlanması, ştat cədvəllərinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təkliflərin Aparatın rəhbərinə təqdim edilməsi əmr edilmişdir.

29. Bundan sonra, əmrə uyğun olaraq Anbar Təsərrüfatı idarəsi üzrə hər hansı ixtisarın aparıldığı işdəki sənədlərdən müəyyən olunmur.

30. İddiaçıya xx.xx.2024-cü il tarixdə, həmin tarixdən tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşdüyü barədə xəbərdarlıq göndərilsə də, həmin tarixdə ştat vahidinin ixtisarı barədə əmr təqdim edilməmişdir.

31. Cavabdeh tərəfindən təqdim olunan “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş publik hüquqi şəxsin Anbar Təsərrüfatı idarəsinin 2024-cü il üçün ştat cədvəlindən isə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdən (ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verildikdən sonra) etibarən Anbar Təsərrüfatı idarəsində 1 idarə rəisi və 1 idarə rəisinin müavini olmaqla cəmi 2 ştat saxlanılmışdır.

32. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli əmr ilə artıq xx.xx.2024-cü il tarixdən etibarən idarədə 1 idarə rəisi və 1 idarə rəisinin müavini vəzifəsinin saxlanıldığı müəyyən olunur, idarə üzrə əvvəllər mövcud olmuş 2 idarə rəisinin müavini vəzifəsindən birinin dəqiq nə vaxt, hansı əmrlə ixtisara düşdüyü isə müəyyən deyil.

33. Bundan əlavə, sözügedən xx.xx.2024-cü il tarixli xəbərdarlıqla iddiaçıya əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi xəbərdarlıq edilmişdir. Lakin xəbərdarlıq müddəti bitdikdən sonra iddiaçının əmək müqaviləsi ləğv edilməmiş, daha sonra xx.xx.2024-cü il tarixdən idarədə cəmi 1 idarə rəisinin müavini ştatının saxlanıldığı əmrlə təsqid edilsə də iddiaçının əmək müqaviləsi yenə də ləğv edilməmiş, bu barədə əmr xx.xx.2024-cü il tarixdə verilmişdir.

34. Buradan isə aydın olur ki, iddiaçının əmək müqaviləsinin ləğv edildiyi xx.xx.2024-cü il tarixdə iddiaçıya verilmiş 9 təqvim həftəsindən ibarət xəbərdarlıq müddətinin bitməsindən artıq 4 aya yaxın müddət keçmişdi. İddiaçı bu müddət ərzində işdə qalmış, xx.xx.2024-cü il tarixdən isə idarədə cəmi 1 idarə rəisinin müavini ştatı saxlanılsa da iddiaçı yenə rəis müavini olaraq işini davam etdirmişdir.

35. Belə olan halda idarə rəisinin müavini ştatının ixtisar edildiyi əsası ilə sonradan iddiaçının əmək müqaviləsinin ləğv edilməsi anlaşılmazdır, bunun hansı zərurətdən irəli gəldiyi göstərilməmiş, cavabdeh tərəfindən hər hansı tutarlı dəlil irəli sürülməmişdir.

36. Bütün bunlardan əlavə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndindəki əsasla əmək müqaviləsi ləğv edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bunun üçün isə işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etməli, bu zaman onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

37. Məhkəmə qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin mülahizə sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azından aparılmalı, müqayisəli analizin nəticələri təqdim edilməli idi. Bunun əksi hüquqdan sui-istifadə olmaqla, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməzliyi kimi təməl prinsiplərin pozulması kimi qiymətləndirilməlidir.

38. Hazırkı iş üzrə iddiaçı on ildən artıq müddət cavabdeh təşkilatda çalışmış, ixtisarlar aparılanadək “idarə rəisinin müavini” vəzifəsində işləmiş, eyni zamanda müharibə iştirakçısı olmaqla “müharibə veteranı” statusuna malik şəxsdir. Cavabdeh isə ixtisar aparılarkən işdə saxlanılmış şəxslərə münasibətdə hansı kriteriyaların nəzərə alındığını, sərbəstləşdirilmiş iddiaçının işəgötürənin mülahizəsinə əsasən hansı kriteriyalara cavab vermədiyini əsaslandırmamış, bu barədə hər hansı dəlil, sübut təqdim etməmişdir.

39. Əmək Məcəlləsinin 78-ci maddəsində ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi sadalanmışdır, işin halları ilə isə sübut olunur ki, iddiaçı bu dairədə olan şəxsdir.

40. Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda digərləri ilə yanaşı müharibə iştirakçılarına üstünlük verməlidir.

41. İddiaçının müharibə iştirakçısı olması isə həm təqdim etdiyi vəsiqə, həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə təyin olunan pensiya növünü alması ilə təsdiq olunur.

42. Qeyd olunanlardan əlavə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir.

43. İş materiallarına Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinin “ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda qeyd olunan işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir” məzmunlu, xx.xx.2024-cü il tarixli məktubu əlavə edilsə də, bu məktub özlüyündə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alındığını təsdiq edən sənəd kimi çıxış edə bilməz.

44. Ona görə ki, ilk növbədə Həmkarlar ittifaqı tərəfindən “siyahıda adları qeyd olunan işçilərin əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmir” məzmunlu məktubunun hazırkı iş üzrə iddiaçıya aidiyyəti müəyyən edilmir.

45. Qanuna əsasən, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimat hazırlanmalı və ən əsası Həmkarlar ittifaqının razılığı əsaslandırılmış qərar formasında ifadə edilməlidir.

46. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən Həmkarlar İttifaqı Komitəsinə xx.xx.2024-cü il tarixli ümumi məzmunlu məktub göndərilərək siyahıda adları qeyd olunan şəxslərin əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi xahiş edilmiş, komitə isə cəmi 2 gün sonra cavab məktubu tərtib edərək qaldırılan məsələyə etiraz etmədiklərini bildirmişdir.

47. Buradan isə aydın olur ki, məsələyə həddən artıq artıq formal yanaşılmışdır. Nə inki əsaslandırılmış qərar qəbul edilməsi, ümumiyyətlə hər hansı iclas keçirilməsi, iddiaçının iştirakı təmin edilməklə fikrinin dinlənilməsi şübhə altındadır.

48. Xüsusi ilə qeyd edilməlidir ki, əmək müqaviləsi göstərilən əsaslarla ləğv edilərkən, Həmkarlar ittifaqı tərəfindən əsaslandırılmış qərarın qəbul edilməməsi, digər sözlə işçinin əmək müqaviləsinin ləğv edilməsinə razılığın İttifaq üzrə Komitənin sədrinin iradəsinə bağlı olması qanunvericiliyin bu qaydanı təsbit etməkdə güddüyü məqsədə tamamilə ziddir.

49. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən silsilə pozuntulara yol verilmişdir ki, bu da əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğvinə əsas verir.

50. Odur ki, “əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 1113-K nömrəli əmrin ləğv edilməsi hissədə iddia təmin edilməli, eyni zamanda bu tələb əsaslı olduğundan iddiaçının işə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələblər də təmin edilməlidir.

51. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli 1113-K nömrəli əmri ləğv edilməli, İddiaçı “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsinin Anbar Təsərrüfatı İdarəsinin rəisinin müavini vəzifəsinə işə bərpa edilməli və xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı ona ödənilməlidir.

52. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli 1113-K nömrəli əmri ləğv edilsin. İddiaçı “İri Şəhərlərin X8 Xidməti” publik hüquqi şəxsinin Anbar Təsərrüfatı idarəsinin rəisinin müavini vəzifəsinə işə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar