Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1771/2025 17.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Mahmudzadə Sabrina Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasındabaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh təmsil etdiyi İddiaçı xeyrinə 49730 manat (əsas) borcun və öhdəliyin gecikdirilməsinə görə 8205,45 manat faiz borcunun, cəmi 57935,45 manat (əlli yeddi min doqquz yüz otuş beş manat 45 qəpik), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 237,43 manat, cəmi 58172,88 manat (əlli səkkiz min yüz yetmiş iki manat 88 qəpik) miqdarında pul vəsaitinin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 22 noyabr 2022-ci il tarixdə “Mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında” 9/X nömrəli müqavilə bağlanmışdır. Müqavilə bağlanılan tarixdə ona 18000 ABŞ dolları (30600 manat) pul vəsaiti verilmişdir. Həmin vəsait elektron ticarətə buraxılaraq müqavilənin 4.1-ci bəndinə əsasən, hər ay 9180 manatdan (5400 ABŞ dolları) az olmamaq şərtilə pul vəsaitini qaytarmaq öhdəliyi götürülmüşdür. Altı ay müddətinə şərtləşdirilmiş öhdəliyin ilk üç ayını cavabdeh tam icra etmiş, dördüncü ay üzrə 8380 manat ödəniş etmiş, son iki ay üçün isə, ümumiyyətlə, ödəniş etməmişdir. Beləliklə, 19160 manat və müqavilənin 4.3-cü bəndində qeyd olunan məbləğ (balansa yatırılmış 30600 manat) həcmində, cəmi 49730 manat icra olunmamış öhdəlik qalmışdır. Mərkəzi Bankın uçot faiz dərəcəsi 9 faizdir. Belə olan təqdirdə cəmi məbləğin illik 9%-i miqdarında vəsait də tələb olunmalıdır. Cavabdehə 30600 manat pul vəsaiti verilmişdir. Həmin vəsait üzrə razılaşma müddətində onun iddiaçıya hər ay 9180 manat vəsait ödəməli olduğunu, son iki ay (aprel və may) üzrə, ümumiyyətlə, ödəniş etmədiyini, mart ayından isə 770 manat qalıq borcu qaldığını nəzərə alsaq, pul vəsaitini qanunsuz və əsassız saxladığı müddətdə (22 ay) onun iddiaçıya 9%+7,5% (illik uçot faiz dərəcəsi+on aylıq uçot faiz dərəcəsi), cəmi 16,5 faiz dərəcəsi, beləliklə, 22 ay üzrə 8205,45+49730 manat (əsas)=57935,45 manat (əlli yeddi min doqquz yüz otuş beş manat 45 qəpik) vəsait miqdarında borcu yaranmışdır. Beləliklə, iddiaçı ilk dəfə elektron sistem üzərindən ümumi məhkəməyə müraciət etdiyindən göstərilən iddia məbləğinə uyğun olaraq, 263,81 manat dövlət rüsumu deyil, 10 faiz aşağı məbləğdə, belə ki, 237,43 manat dövlət rüsumu ödənişi etməlidir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə 04 mart 2025-ci il tarixdə ərizə verərək bildirmişdir ki, təmsil etdiyi İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iş üzrə cavabdeh onlardan aldığı 30600 manat pul vəsaitini guya ki, "xxxx" QSC-yə otuzduracağını, “metotreyd” vasitəsilə oradan aylıq qazanc götürəcəyini və ona yatırım etdiyi vəsaitin 30 faizi həcmində aylıq qazanc verəcəyini qeyd etmişdir. Cavabdeh sonradan vədinə tam əməl etməyərək onu aldatmış və etibarından sui-istifadə etmişdir. Belə ki, həmin şəxs konkret qurumların (təhlükəsizlik xidməti orqanı) adından istifadə edərək sahibkarıq fəaliyyətinə maneələr törədilməsi kimi əsassız fikirlər söyləmiş, xalası oğlunun (tanımadığı) bu yaxınlarda yaxşı vəzifəyə təyin olunaraq problemləri həll edəcəyini, eləcə də 2023-cü ilin sentyabr ayından sözügedən şirkət vasitəsilə əməliyyatları üzrə "xxxx" ASC-dən təqribən 30000 manatdan çox pul (qazanc və s.) götürərək onlara ödənişlərini davam etdirəcəyini söyləmişdir. Hesab edir ki, cavabdeh bu əməllərə yol verməklə, cinayət törətmişdir. Hətta istintaq orqanının qərarında sahə inspektoru Rəvan Salayevin törədilmiş və hazırlanan cinayətlər kitabında şikayətlə əlaqədar məlumatı qeyd etməsi, sonradan işi təhqiqat və istintaq orqanına ötürməsi təəccüblü deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Qeyd olunanlara əsasən cavabdehin əməllərində cinayət hadisəsi olduğunu nəzərə almağı və bu xüsusatlar əsasında Cavabdeh barəsində xüsusi qərardad çıxararaq prokurorun diqqətini məsələyə cəlb etməyi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və izahatında əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh valyuta əməliyyatları aparılması ilə yolu ilə ona verilmiş 30000 manat pulun 30%-i miqdarında aylıq ödəniş etməsi öhdəliyini üzərinə götürür. İlk ay həmin ödənişi edir. 2 və 3-cü ayda müəyyən gecikmələrlə yenə ödənişi edir. 4-cü ay isə 8380 manat miqdarında etmiş, qalıq 800 manat ödənişi, sonrakı 2 ayı və ödədiyi 30600 manat pulu geri qaytarmamışdır. Sonrakı ayları isə ümumiyyətlə ödəniş etməmişdir. Halbuki cavabdeh bu qazancları verdikdən sonra ona verilmiş məbləği də qaytarmasını öhdəsinə götürmüşdür. Hazırda isə cavabdeh heç bir ödəniş etməyəcəyini bildirir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdehə pulu nağd şəkildə ödəmiş, heç bir qəbz almamışdır. Cavabdeh səsyazılarında 30600 manat pul vəsaitinin iddiaçı tərəfindən ona verildiyini, eyni zamanda onun tərəfindən də ödənişlərin qaytarılacağı etiraf etsə də, bu vaxtadək ödəniş etməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh barədə Nəsimi Rayon Polis İdarəsinə şikayət etdiyi üçün iddianı gec qaldırmışlar. Göstərilənləri nəzərə alıb məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin AZ-İ № 637369 saylı, 10 mart 2011ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X1 arasında 10 mart 2011-ci il tarixdə nikah bağlanmış, həmin nikah 254 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Məmmədli”, arvada “Məmmədli” soyadı verilmişdir. - “Sifarişçi” İddiaçı ilə “icraçı” Cavabdeh arasında bağlanmış 9/X saylı, xx.xx.2022-ci il tarixli mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında müqaviləsindən görünür ki, “Sifarişçi” onlayn ticarət xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada onlayn ticarət xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən “Sifarişçi”yə ödəniləcək məbləğ onlayn ticarət vasitəsilə əldə olunan ümumi mədaxillərin aylıq 30%-i (otuz faiz) məbləğində hesablanır, 22.11.22-22.05.23-cü il tarixləri ərzində bu məbləğ hər ay 9180 (doqquz min yüz səksən) manatdan (5400 USD) az olmamaq şərtilə nəzərdə tutulur, müqavilə bağlandıqdan sonra 6 (altı) ay ərzində hər ayın 22-si “Sifarişçi”nin bank hesabına köçürülür, gəlirlərin məxaric olunma vaxtları hər ayın 22-si, həmin gün şənbə, yaxud bazar gününə düşərsə növbəti iş həftəsinin 1-ci günü müəyyən olunur. Müqavilənin 4.3-cü bəndinə əsasən balansa yatırılan məbləğ 30600 manat (18000 USD) təşkil edir. Müqavilənin 5.2-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulan onlayn ticarət xidməti 22 noyabr 2022 - 22 may 2023-cü il tarixlərində həyata keçirilməlidir. Müqavilənin 6.2-ci bəndinə əsasən “İcraçı”nın təqsiri nəticəsində təsadüfən pulun itirilməsi baş verərsə, həmin məbləğ 7 iş günü ərzində “Sifarişçi”nin bank hesabına qaytarılmalıdır. - Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Süleyman Quluzadənin 07 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Nümayəndə müraciətində göstərilən xüsusatlarda cinayət xarakterli əməl aşkar edilmir. Araşdırma zamanı Cavabdeh niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən, özgənin əmlakını əvəzsiz və ya qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlməmişdir. Bu səbəbdən də onun əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi yoxdur. Buna görə də, Nümayəndə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, Ayşən xanımı 1 il olar ki, tanımış. Onunla aralarında ədavət olmamışdır. Hətta onunla rəfiqə münasibətində olmuşlar. O, məhsulların Online alış-satışı ilə məşğul olur. 2022-ci ilin noyabr ayından “meta trader” vasitəsi ilə qızıl, neftin online olaraq ticarəti ilə məşğuldur. Bu barədə Ayşənə də məlumat verərək onunla birgə işləməyi təklif etmişdir. Ayşəndə onunla razılaşmış, ona 30600 manat (18000 dollar) pul verə biləcəyini bildirmişdir. Ona bunun müqabilində 6 ay ərzində ona hər ay olmaqla 9180 (5400 dollar) manat pul ödəyəcəyini 6 aydan sonra isə əsas məbləği ona geri verəcəyini bildirmişdir. Hətta onlar müqavilədə bağlamışlar. Lakin həmin müqaviləni onun özü tərtib etmişdir. İlk 3 ayı ona vermiş olduğu vədə əsasən 9180 (5400 dollar) manat pulu ödəmişdir. 4-cü ay isə 8380 manat pul ödəmişdir. Buna səbəb isə onun ticarət bazarında düzgün yatırım etməməyi olmuşdur. O, Ayşən və onun yoldaşı Anara onların pulu ödəyəcəyini bildirsədə, Anar ondan şikayət edəcəyini bildirmişdir. Ona 30600 manatın müqabilində ümumilikdə 35920 manat pul ödəmişdir. Ona olan borcunu tez bir zamanda ödəyəcək. O ziyan etdiyi üçün qazanc əldə edə bilməmişdir. Bu səbəbdən də belə borc yığılmışdır. - İddiaçı tərəfindən təqdim edilmiş “flashkart” (yaddaş kartı)da olan Cavabdeh 15 aprel 2023-cü il tarixli səs yazısından müəyyən olunur ki, o, Nümayəndə 18000 ABŞ dolları olan pulunun hamısını qaytaracağını, işi görə bilmədiyini, ona icazə vermədiklərini, ona ciddi problemlər yaratdıqlarını, pulu məxaric mayda edəcəyini, apreldə də qalıq qaldığı, öhdəlik kimi üzərində olduğu qalıq pulun hamısını və 18000 ABŞ dollarını qaytaracağını bildirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Cavabdeh İddiaçı 18000 ABŞ dolları (30600 manat) pul məbləğində borc almış (hər ay 9180 manatdan (5400 ABŞ dolları) az olmamaq ödəmək şərtilə), bu günə qədər əldə etdiyi pul məbləğini iddiaçıya qaytarmamış, borcundan yalnız 35920 manat (ilk üç ayı (9180x3) və dördüncü aydan yalnız 8380) ödəniş etmiş və qalıq məbləği ödəməmişdir. Eyni zamanda Cavabdeh Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə çağırılaraq izahatı alınmışdır. Cavabdeh öz izahatında İddiaçı ilə iş qurmaq məqsədi ilə 30600 manat (18000 dollar) pul aldığını, aralarında müqavilə bağlandığını bildirmiş, ilk 3 ayı ona vermiş olduğu vədə əsasən 9180 (5400 dollar) manat pulu ödəmiş, 4-cü ay isə 8380 manat pul ödəmişdir və ona olan borcun tez bir zamanda ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə cavabdeh tərəfindən iddiaçıya (9180+9180+800+30600=49760 (qırx doqquz min yeddi yüz altmış) manat məbləğində pulun qaytarılmalı olduğu halda, geri qaytarılmadığı müəyyən edilmişdir. Bu baxımından məhkəmə hesab edir ki, iddia tələbi həcmində 49730 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin öhdəliyin gecikdirilməsinə görə 8205,45 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz, çünki bu tələbin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ...” Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddiaçının nümayəndəsinin cavabdehin əməllərində cinayət hadisəsi olduğunu nəzərə almağı və bu xüsusatlar əsasında Cavabdeh barəsində xüsusi qərardad çıxarılması ilə bağlı vəsatatətini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Cavabdeh tərəfindən cinayəti törədilməsi ilə bağlı hal-hazırki halda əsaslı sübutlar iş materiallarına əsasən müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 265.4-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 49730 (qırx doqquz min yeddi yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 237,43 (iki yüz otuz yeddi manat) manatın 203 (iki yüz üç) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 49730 (qırx doqquz min yeddi yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 237,43(iki yüz otuz yeddi manat) manatın 203 (iki yüz üç) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1771/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1771/2025
17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver