Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-184/2025 07.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: pul) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 qarşı (X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" MMC Cavabdeh1 ( Cavabdeh3 MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 üzərinə 07 dekabr 2006-cı il tarixli Müqavilədən irəli gələn öhdəliyin icra edilməsi, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı yaşayış evinin alğısatqısının notarial qaydada bağlanıb başa çatdırılaraq cəmiyyətin mülkiyyətinə verilməsi və həmin evin boşaldılması öhdəliyinin qoyulması, habelə göstərilən yaşayış evi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2006-cı il tarixdə təsis edilmiş və 0106-P198-45022 nömrə ilə xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsində cəmiyyətin qanunla qadağan olunmayan fəaliyyət növləri, o cümlədən ...bina və yaşayış evlərinin, komplekslərin və qurğuların, köməkçi obyektlərin tikintisini həyata keçirmək və s. növündə fəaliyyət istiqamətləri nəzərdə tutulmuşdur. Cəmiyyət yeni hündürmərtəbəli yaşayış binasının tikintisinə icazə almaq və həyata keçirmək məqsədi ilə yaradıldığı 2006-cı ildən başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Sereteli, M.Fətəli, İ.Əbilov və F.İbrahimbəyov küçələrinin əhatə etdiyi ərazidə yaşayan sakinlərlə müəyyən sövdələşmələr aparmış, onların bəziləri ilə ilkin alqı-satqı əməliyyatları həyata keçirmiş, bəzilərinə isə beh ödənişləri edərək külli miqdar pul vəsaiti xərcləmişdir. Göstərilən əməliyyatlar çərçivəsində Cavabdeh1 məxsus olmaqla Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsində yerləşən 158 saylı evlə bağlı tərəflər arasında 07 dekabr 2006-cı il tarixli 01 saylı “Razılaşma Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olmaqla M.Fətəli 158-də yerləşən 60 kv.m yaşayış sahəsini "xxxx" MMC-yə 132.000 (yüz otuz iki min) ABŞ dollarına satmağa razılaşmış və yuxarıda göstərilən tarixə qədər həmin cəmiyyət tərəfindən ona 49.950 (qırx doqquz min doqquz yüz əlli) ABŞ dolları ödənilmişdir. Müqavilənin bağlandığı tarixdə beh kimi 300 (üç yüz) ABŞ dolları da satıcıya ödənilmiş, qalan 81.750 (səksən bir min yeddi yüz əlli) ABŞ dolları məbləğinin isə müqaviləyə əsasən satıcıya hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilə üzrə satıcı Cavabdeh1 evin sənədlərinin hazırlanması, DNK-da alqı-satqı aparılandan dərhal sonra 5 (beş) gün müddətində evi boşaltmaq öhdəliyi götürmüşdür (qeyd edilməlidir ki, göstərilən müqavilə bağlananadək Cavabdeh1 ödənilmiş 49.950 (qırx doqquz min doqquz yüz əlli) ABŞ dolları məbləğində puldan 36.000 (otuz altı min) ABŞ dolları xərclənməklə onun övladı X7 X1 39,38 kv.m olan 2 (iki) otaqlı mənzil alınaraq mülkiyyətinə verilmişdir və həmin əməliyyatlar zamanı ilkin olaraq bağlanmış 26 avqust 2006-cı il və 17 sentyabr 2006-cı il tarixli beh müqavilələrinin rəsmiləşdirilməsində "xxxx" MMC-ni həmin cəmiyyətin direktor müavini X18 təmsil etmişdir). Bundan bir müddət sonra isə "xxxx" MMC tərəfindən müasir yaşayış binasının tikintisi planlaşdırılan torpaq sahəsində marağı olan digər “qüvvələr” ortaya çıxaraq “qurğu qurmuş”, nəticədə bir qrup adamların şikayətləri nəticəsində cəmiyyətin direktoru X21 barəsində cinayət işi açılmış və o, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 13 may 2010-cu il tarixli hökmünə əsasən təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sui-istifadə edən Cavabdeh1 aldığı 50.250 (əlli min iki yüz əlli) ABŞ dolları məbləğində pulu mənimsəmiş, yuxarıda göstərilən müqavilədən irəli gələn öhdəliyinin icrasından yayınmışdır. Odur ki, cəmiyyətin təsisçidirektoru X21 cəzasını çəkib qayıtdıqdan sonra cavabdehin yaşadığı evə gedərək yuxarıda göstərilən müqavilənin icrasının başa çatdırılmasını təklif etmiş, lakin cavabdeh tərəf göstərilən müqavilədən irəli gələn öhdəliyin icrasından, habelə alınmış pulun qaytarılmasından qəti surətdə imtina etmişdir. Qeyd edilməlidir ki, artıq yuxarıda göstərilən mübahisəli yaşayış evinin də yerləşdiyi ətraf ərazidə yeni binaların tikintisinin aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaları üzrə üçüncü şəxs "xxxx" MMC-yə həvalə edilmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 59 saylı Sərəncamı ilə Yasaml rayonu, C.Cabbarlı, İ.Əbilov, M.F.Axundov, N.Aşurbəyova, S.Salayev və F.İbrahimbəyov küçələrinin əhatə etdiyi ərazidə şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin yerləşdiyi 2,87 ha torpaq sahəsi, həmin tikililərin istifadəçiləri və mülkiyyətçiləri ilə müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında Cavabdeh3 MMC-nin istifadəsinə ayrılmışdır. Odur ki, artıq xeyli vaxtdır ki, ərazidə söküntü-qazma işləri aparan üçüncü şəxs Cavabdeh3 MMC-nin səlahiyyətli əməkdaşları tərəfindən daşınmaz əmlak sahibləri ilə (o cümlədən cavabdehlə) söküntüyə gedən əmlakların əvzləşdirilməsi istiqamətində razılaşmalar aparılır və müqavilələr bağlanır. Bu səbəbdən cəmiyyətin yuxarıda göstərilən müqavilədən irəli gələn hüququnun pozulmasının qarşısını almaq üçün məsələ barədə üçüncü şəxs Cavabdeh3 MMC-yə bir neçə dəfə məlumat verilmiş, lakin hər dəfə cavabdeh tərəfindən bu məsələnin onlara heç bir aidiyyəti olmadığı, sakinlərlə faktiki yaşayış sahəsi üzrə əvəzləşdirmələr aparılacağı birmənalı olaraq bildirilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, tərəflər arasında bağlanmış 07 dekabr 2006-cı il tarixli Müqavilədən irəli gələn öhdəliyin cavabdeh tərəfindən tam icra edilməməsi nəticəsində "xxxx" MMC-nin gözlənilməli olan “alıcı” hüququ pozulmuş, digər tərəfdən isə həmin hüquq həm cavabdeh, həm də üçüncü şəxs Cavabdeh3 MMC tərəfindən nəzərə alınmamaqdadır. Belə davam edəcəyi təqdirdə isə cəmiyyət zərərə məruz qalacaq, nəticə etibarilə tərəflər arasında bağlanmış müqavilənin məqsədinə çatmağa maneçilik törədiləcək, bir sözlə, həmin müqavilə öz əhəmiyyətini itirmiş olacadır. Ona görə də hesab edirik ki, məsələ məhkəmə qaydasında həll edilməli, cavabdehin üzərinə onunla "xxxx" MMC arasında Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı yaşayış evinin alğı-satqısının notarial qaydada bağlanıb başa çatdırılaraq cəmiyyətin mülkiyyətinə verilməsi və həmin evin boşaldılması öhdəliyi qoyulmalı, habelə göstərilən yaşayış evi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ tanınmalıdır.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Cavabdeh1 beh kimi 300 ABŞ dolları, 49950 ABŞ dolları ödənilmiş pul vəsaiti ümumilikdə, 50250 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. 19.08.2024-cü il tarixli qərardadı ilə X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
İİ.Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. "xxxx" MMC ilə X10 arasında bağlanmış xx.xx.2006-cı il tarixli beh müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, X2 40, mənzil 22-də yerləşən 2 otaqlı, 39,38 m2 sahəni X15 36000 ABŞ dollarına satmağa razıdır və bunun müqabilində alıcıdan 500 ABŞ dolları X18 və X16, X9 iştirakı ilə beh aldı və aşağıdakı öhdəlikləri götürdü, evə aid sənədləşmə işini aparmaq, evin borclarını ödəmək, evi təyin olunan vaxtda boşaltmaq.
9. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli razılaşma (beh) müqaviləsinin surətinə əsasən müəyyən edilir ki, Cavabdeh1 Tanrıverdi oğlu mülkiyyətində olan M.Fətəli 158 ünvanında yerləşən 60 m2 yaşayış sahələri "xxxx" MMCyə 132 ABŞ dollarına satmağa razılaşdılar. Yuxarıda göstərilən tarixə qədər satıcıya 49950 ABŞ dolları ödənilmişdir. Hazırda beh kimi 300 ABŞ dolları satıcıya verildi. Qalan 81750 ABŞ dolları məbləği müqaviləyə əsasən hissə-hissə ödəniləcəkdir.
10. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadəsində olan 0,0632 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 4 mərtəbəli binada yerləşən 39,38 m2 ümumi, 26,38 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrindən 129 nömrəli reyestr kitabının 11700 nömrəli vərəqində qeydiyyata alınmışdır.
11. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli küçəsində istifadəsində olan 0,0398 ha torpaq sahəsində yerləşən 158 nömrəli, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 39,6 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən 143 nömrəli reyestr kitabının 13672 nömrəli vərəqində qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli 59 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidəki, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,87 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında Cavabdeh3 MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında Cavabdeh3 istifadəsinə verilmişdir.
13. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2020-ci il tarixli, 1575 nömrəli müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimiyyəti icarə əsasında sahəsi 28700 m2 olan torpaq sahəsini Cavabdeh3 MMC-yə 49 il müddətinə istifadəsinə vermiş, Cavabdeh3 MMC isə onu qəbul etmişdir.
14. "xxxx" MMC tərəfindən Cavabdeh1 xx.xx.2006-cı il tarixli, 4058-1 nömrəli kassa məxaric orderinə əsasən müəyyən edilir ki, 49950 ABŞ dolları ödəniş edilmişdir.
15. 12.10.2006-cı il tarixli, AN-İ № ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixlərdə verilmiş çıxarış №30/1344 qeydiyyatlı arayışa əsasən Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 40 nömrəli binada yerləşən yaşayış sahəsi 26,38 m2 ümumi sahə 39,38 m2 iki otaqdan ibarət 22 nömrəli mənzili X13 mülkiyyətinə vermişdir.
16. Müqavilənin 4-cü bəndinə əsasən satıcı daşınmaz əmlakı 31536 manata satdı, alıcı isə həmin qiymətə aldı.
17. Müqavilənin 5-ci bəndinə əsasən tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydası alıcı bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğin 11826 manatını 27 sentyabr 2006-cı il tarixdə Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda bağlanmış beh müqaviləsinə əsasən qəbul etmişdir, qalan 19710 manatını notariusun bankda açılan depozit vasitəsi hesabı ilə satıcıya ödədi.
18. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
26. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
27. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.
28. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.
29. Həmin Məcəlləsinin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC Bakı şəhəri Yasamal rayon Sereteli, M.Fətəli, İ.Əbilov və F.İbrahimbəyov küçələrinin əhatə etdiyi ərazidə yaşayış binasının tikintisinə icazə almaq məqsədi ilə həmin ərazidə bir neçə sakinlərlə müqavilələr bağlamış, həmin müqavilələrdən biri də Cavabdeh1 ilə aralarında bağlanmış 07 dekabr 2006-cı il tarixli razılaşma (beh) müqaviləsi olmuşdur. Həmin müqaviləyə əsasən Cavabdeh1 M.Fətəli 158 ünvanında yerləşən 60 kv.m yaşayış sahəsini "xxxx" MMC-yə 132000 ABŞ dollarına satmağı öhdəsinə götürmüş, müqavilədə qeyd olunmuşdur ki, həmin tarixə qədər isə 49950 ABŞ dolları Cavabdeh1 ödənilmişdir. İddiaçı həmin 49950 ABŞ dolları puldan 36000 ABŞ dollarına cavabdehin oğlu X15 X6 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 40 nömrəli binada yerləşən yaşayış sahəsinin alınmasına sərf edildiyini bildirmişdir.
31. Belə ki, iddiaçı və cavabdeh arasında bağlanmış 07 dekabr 2006-cı il tarixli razılaşma müqaviləsindən görünür ki, cavabdeh mülkiyyətində olan M.Fətəli 158 ünvanında yerləşən 60 kv.m yaşayış sahəsini "xxxx" MMC-yə 132000 ABŞ dollarına satmağa razılaşmışdır. xx.xx.2006-cı il tarixədək 49950 ABŞ dolları ödənildiyi qeyd olunsa da, lakin iddiaçı tərəfindən təqdim edilmiş 4058-1 nömrəli 08 dekabr 2006-cı il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 49950 ABŞ dolları beh müqaviləsi bağlandıqdan bir gün sonra ödənilmişdir. X4 ilə X20 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi isə həmin tarixdən 3 ay əvvəl, yəni 12 oktyabr 2006-cı il tarixdə bağlanmışdır. Həmçinin, X4 ilə X20 arasında bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsi 12 oktyabr 2006-cı il tarixli müqavilədə daşınmaz əmlakın qiyməti 31536 manat müəyyən edilmişdir. İddiaçı həmin müqavilə üzrə verilmiş pulun məhz onun tərəfindən verilməsini təsdiq edə bilməmişdir.
32. Bundan başqa iddiaçı və cavabdeh arasında bağlanmış 07 dekabr 2006-cı il tarixli razılaşma müqaviləsindən görünür ki, beh kimi 300 ABŞ dolları satıcıya verilmişdir. Qalan 81750 ABŞ dolları məbləği müqaviləyə əsasən hissə-hissə ödənilmişdir.
33. İddiaçıya 300 manat behin ödənilməsini təsdiq edən sübutu təqdim etməsi təklif olunsa da, lakin iddiaçı tərəfindən hər hansı sübut əlavə edilməmişdir.
34. Həmçinin iddia ərizəsinə iddiaçı və cavabdeh, həmçinin iddiaçı və X4 arasında bağlanmış razılaşma (beh) müqavilələrinin yalnız surəti təqdim olunmuşdur.
35. Məhkəmə qeyd edir ki, hazırkı halda həmin beh müqaviləsinin həqiqiliyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
36. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1ci maddələrinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. İddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız əl yazma ilə bağlanmış beh və razılaşma müqavilələrinin surətini təqdim edilmişdir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən yazılı sənədlər sübut hesab olunur.
39. Hər hansı sənədin (kağızın) yazılı sübut kimi qəbul edilməsi üçün həmin sənədin aşağıdakı şərtlərə cavab verməsi tələb olunur, başqa sözlə yazılı sübutun həqiqiliyi prezumpsiyası aşağıdakılarla bağlıdır: - sənədin əsli olmalı; - sənəddə tarix olmalı; - sənəd onu tərtib edən və ya müvafiq şəxs tərəfindən imzalanmalı; - sənədə düzəliş edilməməli-qaralanmamalıdır.
40. Sübut mübahisələndirildiyi halda həmin şərtlərdən hər hansı birinin olmaması həmin sübutun həqiqiliyini şübhə altına alır.
41. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
42. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübut da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda ona qiymət verilməlidir.
43. İddiaçı tərəfindən təqdim edilmiş beh (razılaşma) müqavilələrinin əsli deyil, surətləri Məhkəməyə təqdim edilmişdir.
44. Beləliklə də, iddiaçının təqdim etdiyi sənədlər kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu sənədlər iddiaçı tərəfindən cavabdehlə aralarında müqavilənin bağlanmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
45. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
46. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
48. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
49. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
50. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
51. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
V Nəticə:
52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu "xxxx" MMC-yə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil