Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1861/2024 02.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 oktyabr 2023-cü il tarixli beh müqaviləsi üzrə müəyyən olunmuş 2000 manat beh məbləğinin iki misli olan 4000 manat pul məbləğinin, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat, 63 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4363 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 04 oktyabr 2023-cü il tarixində beh müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin şərtlərinə əsasən “Satıcı”ya məxsus olan Mirzə İbrahimov 13 ünvanında yerləşən daşınmaz əmlakın satışı üçün “Alıcı” 2000 manat məbləğində beh ödəmişdir. Həmçinin sözügedən müqavilənin 2.1-ci maddəsinə görə “Alıcı” Satıcıya bu müqavilənin 1.1-ci bəndində göstərilən, yəni 2000 manat beh verib və beh müddəti bitən zaman qalan 148 000 manatı notariat surətdə alqı-satqı müqaviləsi bağlanan zaman ödəməyi öhdəsinə götürür.” Qeyd edək ki, beh müqaviləsi bağlandığı tarixdən bu yana Cavabdeh müqavilə ilə müəyyən olunmuş öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Belə ki, sözügedən beh müqaviləsinin 1.2-ci maddəsində qeyd olunmuşur ki, “Satıcı Behi 10 gün müddətinə almışdır və göstərilən müddət ərzində alqı-satqı müqaviləsini notarial qaydada qeyd etmək üçün lazım olan sənədləri hazır etməlidir.” Lakin artıq iki aydan çox müddət keçməsinə baxmayaraq bu günədək cavabdeh öz öhdəliyini icra etməmişdir. İddiaçı sözügedən daşınmaz əmlakı satın almaq məqsədilə mülkiyyətində olan iki ədəd mənzili satmışdır. Sözsüz ki, şəxsin belə bir addım atması cavabdehə duyduğu inam və etibardan irəli gəlir. Cavabdeh isə iddiaçının inamından sui-istifadə edərək müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bu günədək sözügedən daşınmaz əmlakı iddiaçıya satmamışdır. Nəticə etibarilə İddiaçı hazırda cavabdehin öhdəliyini icra etməməsi səbəbindən həm öz mülkiyyətində olan əmlaklarından, həm də beh müqaviləsi ilə şəxsin mülkiyyətinə verilməli olan Mirzə İbrahimov 13 ünvanında yerləşən daşınmaz əmlakdan məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, müqavilənin şərtlərinə görə qarşı tərəfə 2000 manat beh ödənilmişdir. Cavabdeh müqavilə ilə müəyyən edilmiş öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Həmin əmlak paylı mülkiyyətdədir. Digər paylı mülkiyyətçi Azad Talıbov əmlakın satılmasına razı olmamışdır. Belə ki, digər paylı mülkiyyətçinin satın almaqda üstünlük hüququ vardır. Buna görə də alqısatqı baş tutmamışdır. İddiaçı evə baxış keçirmişdir. O zaman hər iki paylı mülkiyyətçi evin satılmasına razı idi. İddiaçı tərəfindən cavabdehə 2000 manat beh verilmişdi, qalan 148000 manat beh müddəti bitən zaman, alqı-satqı müqaviləsi bağlanan zaman ödəniləcəkdir. Evin çıxarışı yox idi. Bugünkü gündə artıq həmin evi almaq istəmirlər. İddiaçının həmin evə marağı itmişdir. Qarşı tərəf özünə məxsus olan payı satmaq istəsə belə, digər paylı mülkiyyətçinin razılığı olmadığından sata bilməyəcək. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Bugünkü gündə də evi satmaqdan imtina etmir. Həmin pulun 1200 manatı çıxarışın alınması üçün xərclənmişdir. Bəzi sənədləri düzətmiş, lakin oğlu döyüş bölgəsində olduğundan onun razılıq ərizəsini ala bilməmişdir. Razılıq ərizəsinin alınması uzun müddət çəkmişdir. Beləliklə məhkəmə tərəflərin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım üçün 300 manat məbləğində pul "xxxx" MMC-nin hesabına ödənilmişdir. İş materiallarında olan Cavabdeh (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış xx.xx.2023cü il tarixli Beh haqqında müqaviləyə əsasən satıcıya məxsus olan Mirzə İbrahimov 13 ünvanında yerləşən əmlakın satılmağı üçün 2000 manat məbləğində beh alınır. Satıcı behi 10 gün müddətinə almışdır və göstərilən müddət ərzində alqı-satqı müqaviləsini notariat qaydada qeyd etmək üçün lazım olan sənədləri hazır etməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən 63 manat məbləğində dövlət rüsumunu məhkəmənin hesabına ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh (satıcı) ilə İddiaçı (alıcı) arasında xx.xx.2023-cü il tarixli Beh haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən satıcıya məxsus olan Mirzə İbrahimov 13 ünvanında yerləşən əmlakın satılmağı üçün alıcı satıcıya 2000 manat məbləğində beh ödəmişdir. Belə ki, həmin ünvanda yerləşən əmlak paylı mülkiyyətdə olmaqla biri Cavabdeh, digəri isə Azad Talıbova məxsusdur. Belə ki, İddiaçı hər ikisinə məxsus əmlakı almaq niyyəti ilə Cavabdeh 2000 manat məbləğində behi ödəmişdir. İlk əvvəl Azad Talıbov da əmlakın ona məxsus hissəsini satmağa razılıq versə də, sonradan əmlakın özünə məxsus hissəsini satmaqdan imtina etmişdir. Belə ki, İddiaçı isə əmlakın həm Cavabdeh, həm də Azad Talıbova aid hissədə satılacağı təqdirdə almaq istədiyini bildirmişdir. Hazırda İddiaçı onun razılaşdığı şəkildə əmlakın ona satılması baş tutmadığından 04 oktyabr 2023-cü il tarixli beh müqaviləsi üzrə müəyyən olunmuş 2000 manat beh məbləğinin iki misli olan 4000 manat pul məbləğinin, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat, 63 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4363 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə əmlakı satmaqdan imtina etmədiyini bildirərək iddia tələbinə etiraz edir. Hal-hazırda da əmlakın ona məxsus olan hissəsini iddiaçıya satmaqdan imtina etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Beh haqqında müqavilədən görünür ki, tərəflər həmin müqaviləni sadə yazılı formada tərtib etmişlər. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsində isə beh haqqında razılaşmanın daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduğu təqdirdə yazılı formada bağlanmaqla yanaşı, notariat qaydasında təsdiq edilməli olduğu öz əksini tapmışdır. Həmin Məcəllənin 491.3-cü maddəsinin mövqeyindən çıxış edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisədə Beh müqaviləsi qanunvericiliklə nəzərdə tutulmuş qaydaya əməl edilməklə bağlanmadığından həmin məbləğ, əksi sübuta yetirilmədiyindən avans kimi ödənilmiş sayılır. Beləliklə də, tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması baş tutmadığından satıcı avans olaraq aldığı 2000 manat məbləğində pulu iddiaçıya geri qaytarmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Cavabdeh (satıcı) ilə İddiaçı (alıcı) daşınmaz əmlakın alqı-satqısı ilə bağlı öz aralarında razılığa gəlsələr də, daha sonra alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Belə olduğu təqdirdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.1-ci maddəsinə əsasən alıcı tərəfindən satıcıya ödənilmiş beh qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Cavabdeh (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli Beh haqqında müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni notariat qaydasında təsdiq edilmədiyindən etibarsızdır. Ona görə də, tərəflər arasında bağlanmış 2000 manat pulun beh kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 2000 manat pulu ona geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə ki, iddiaçı cavabdehdən ödədiyi beh məbləğinin iki mislini tələb edir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi yalnız ödənilmiş 2000 manat beh məbləği həcmində təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, alqı-satqı müaviləsinin bağlanmamasına səbəb Cavabdeh imtinası olmamışdır. Cavabdehin məhkəmə iclasında verdiyi izahatından da görünür ki, o əmlakın özünə məxsus hissəsini iddiaçıya satmaqdan hal-hazırda da imtina etmir. Buna görə də beh məbləğinin iki mislinin cavabdehdən tutulması məqsədə müvafiq deyildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 300 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63 (altmış üç) manat pul tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 (iki min) manat, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63 (altmış üç) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63 (altmış üç) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1861/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1861/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver