Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1869/2023 10.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Vahid Məcid oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə 1.192,36 manat əsas borcun və ödənilmiş 32 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduğu mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdehə bildirişi təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilədən müəyyən edilir ki, İddiaçı MMC-yə məxsus olan “OBA-Məhəmmədi 3 (350)” mağazasında administrator vəzifəsində çalışan zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh 1.242,36 manat zərər vurması müəyyən edilmişdir. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığını nəzərə alaraq borclu (zərərvuran) Cavabdeh 1.242,36 manat məbləğində İddiaçı MMC-yə zərər vurduğunu tam etiraf etmişdir. Tərəflərin razılaşmasına əsasən Cavabdeh borc məbləğini xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 103,53 manat olmaqla 12 ay ərzində tam olaraq İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Əmək Məcəlləsinin 194-cü maddəsinin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, İddiaçı MMC-yə məxsus olan “OBA-Məhəmmədi 3 (350)” mağazasında administrator vəzifəsində çalışan zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh 1.242,36 manat zərər vurması müəyyən edilmişdir. Tərəflər arasında yaranmış borcun etirafı haqqında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmaqla Mülki Məcəllənin 882-ci maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdeh yaranmış borcun bir qismini ödəsə də, xx.xx.2022-ci il tarixə 1.192,36 manat ödənilməmiş borcu qalmışdır. Hazırda iddiaçı borcun qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, borcun etirafı haqqında müqaviləsi üzrə yaranmış borc tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləsi üzrə yaranmış 1.192,36 manat əsas borc və ödənilmiş 32 manat dövlət rüsumu olmaqla, cəmi 1.224,36 (min iki yüz iyirmi dörd manat otuz altı qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1869/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1869/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver