Məhkəmə qərarları › İş №e-2(004)-189/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-189/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-189/2023 11.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X1) pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26200 manat pulun və 170,1 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən evin hörgü, beton, suvaq və damın örtülməsi işləri həyata keçirilmişdir. Müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə müqavilənin imzalanmasına baxmayaraq tərəflər qəbul edirlər ki, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş evin hörgü, beton işləri və damın örtülməsi, eləcə də daxili suvaq işləri artıq tamamlanmışdır. Müqavilənin bağlandığı anda yalnız çöl suvaq işləri həyata keçirilməmişdir. Müqavilənin 2.1-ci bəndində daha sonra göstərilmişdir ki, bu müqavilə ilə müəyyənləşdirilən işlərin dəyəri həmin müqavilənin 4.1-ci bəndinə əsasən ödənilməlidir. Müqavilənin 4.1-ci bəndi ilə sifarişçi, yəni hazırkı iş üzrə cavabdeh R.Ə.Əsgərov görülmüş işlərin dəyəri kimi 117 200 manat məbləğində pul vəsaitinin ödənilməsini öhdəsinə götürmüşdür. Tikinti üçün tələb olunan bütün materiallar, avadanlıqlar, detallar və məmulatlar, eləcə də zəruri texnikalarla iddiaçı tərəfindən təmin olunmuşdur. Müqavilənin 1.1-ci bəndi ilə sifariş olunan tikinti işlərinin icrasından qalan çöl suvaq işlərinin tamamlanma müddəti müqavilənin 3.1-ci bəndinə əsasən xx.xx.2019- cu il tarixinədək müəyyənləşdirilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən iddiaçı tərəfindən təchiz edilmiş materialların və görülmüş işlərin dəyəri əvəzinə Bakı şəhəri ərazisində olan digər mebel mağazalarından satış dəyəri yüksək olmamaq şərti ilə müvafiq mebel dəstlərinin verilməsi müəyyənləşdirilmişdir. Həmin bəndə əsasən ödəniş (o cümlədən naturada mebel olaraq) işlər başa çatdırılmasından sonra iki ay müddətində yerinə yetirilməli idi. İddia ərizəsinə əlavə edilən xx.xx.2019-cu il tarixli görülən işlərin təhvil aktından görünür ki, müqaviləyə əsasən sifarişçi, hazırkı iş üzrə Cavabdeh məxsus 3 mərtləbəli tikilinin son işləri, yəni çöl suvaq işləri də yuxarıda sözügedən müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən tam icra olunmuşdur. Sifarişçiyə müvafiq keyfiyyətdə tam təhvil verilmiş, sifarişçi isə müqaviləyə uyğun yerinə yetirilmiş işləri keyfiyyətcə qəbul etmişdir. Cavabdeh tərəfindən əl yazısı ilə yazılmış sənəddən görünür ki, onun tərəfindən iddiaçıya mebel və digər avadanlıqlar olaraq, ümumilikdə 90 500 manat dəyərində naturada əmlaklar verilmişdir. Hazırda cavabdehin qalıq borcu 26 200 manat təşkil edir. Cavabdehə dəfələrlə qalan borcun pul və ya natura şəklində ödənilməsi üçün müraciətlər olunsa da, qalan borcunu bu və ya digər formada hazırkı vaxtadək ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ilk iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz edərək ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 26700 manat borc məbləğinə cavabdehə məxsus olan torpaq sahəsində əvvəllər mövcud olmuş tikilinin sökülməsi, söküntü materiallarıın daşınması və həmin yerdə yeni tikinti üçün özülün qazılması işlərinə görə cavabdehlə aralarında razılaşdırılmış 7000 manat da daxil edilmişdir. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə ilə müraciət edərək, iddiaçıdan 16060 manat pulun və 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbləri onunla əsaslandırılmışdır ki, tərəflər arasında razılaşmaya əsasən işlərin görülməsi qiyməti 1 kv.m üçün 200 manat deyil, 170 manat nəzərdə tutulmuşdur, ümumilikdə isə 90500 manata görülməsi nəzərdə tutulmuşdur. Həmin məbləğ də tərəflər arasında razılaşmaya əsasən cavabdeh tərəfindən mebellə ödənilmişdir. İşlər eskiz layihəyə uyğun görülmüşdür. Layihəyə əsasən də bir mərtəbənin ölçüsü (bayır divarları nəzərə alınmaqla) 175 kv.m təşkil edir, üç mərtəbənin ümumi sahəsinin ölçüsü isə 175x3=525 kv.m edir. Bayır divarları nəzərə alınmadan evin ümumi sahəsi 1-ci mərtəbə 150 kv.m, 2-ci mərtəbə 145.25 kv.m, 3-cü mərtəbə 142.3 kv.metr, cəmi 437,55 kv.m metr təşkil edir. Tərəflər arasında razılaşdırılmış qiymətin, yəni 1 kv.m üçün 170 manat olduğunu nəzərə aldıqda ümumi işlərin dəyəri 437,55x170=74384 manat təşkil edir. Belə olan halda da cavabdehin iddiaçıya 16116 (90500-74384) manat artıq pul ödənildiyi müəyyən edilir. Məhkəmə iclasında cavabdeh və cavabdehin nümayəndəsi ilk iddiaya etiraz edərək, qarışılqlı iddianı müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi və ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə onun arasında ona məxsus olan torpaq sahəsində əvvəllər mövcud olmuş tikilinin sökülməsi, söküntü materiallarıın daşınması və həmin yerdə yeni tikinti üçün özülün qazılması üçün iddiaçıya 7000 manat ödənilməsi barədə razılıq olmamışdır. Bundan əlavə ev özül qazılmadan tikilə bilməz. Eyni zamanda iddiaçı tərəfindən işlər qüsurla görülmüş, yəni divarlar əyri olmuş, bəzi yerlərdə suvaq ovularaq tökülmüşdür. Divarlardakı əyriliklərin düzəldilməsi üçün iddiaçı ona 5 ton Ağdağ sementi vəd etmişdir. Lakin vədinə əməl etməmişdir. Odur ki, o məcbur olaraq başqa ustalar cəlb edərək həmin qüsurları aradan qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs X1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxs 06 yanvar 2023-cü il tarixdə etiraz və mülahizələrini məhkəməyə təqdim etmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdeh və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: 12 oktyabr 2018-ci il tarixli və 13 avqust 2019-cu il tarixli müqavilələrdən görünür ki, tərəflər cavabdehə məxsus torpaq sahəsində üç mərtəbəli evin tikintisi və evin hörgü, beton, suvaq və damın örtülməsi işlərinin görülməsi, görülmüş işlərə görə cavabdeh tərəfindən iddiaçıya hər kv.m üçün 200 manat (1-ci mərtəbə - 192,4 kv.m, 2-ci mərtəbə - 180,6 kv.m, 3-cü mərtəbə - 180,6 kv.m, cəmi 553,6 kv.m ) ümumi 117200 manat ödənilməsi, göstərilən qiymətin mebel dəstləri ilə ödənilə bilməsi barədə razılığa gəlmişlər. Eyni zamanda müqavilədən görünür ki, üç mərtəbəli evin tikintisi və evin hörgü, beton, daxili suvaq və damın örtülməsi işləri artıq görülmüş və cavabdeh tərəfindən qəbul edilmişdir. 14 oktyabr 2019-cu il tarixli görülən işlərin təhvil aktından görünür ki, evin çöl suvaq işləri müqavilənin tələblərinə uyğun tam yerinə yetirilmişdir. Cavabdeh işlərin keyfiyyətlə yerinə yetirilməsini imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2 noyabr 2022-ci il tarixli,4/1489 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş, 12 oktyabr 2018-ci il tarixli üçtərəfli podrat müqaviləsinin 1-2-ci vərəqlərinin aşağısında olan soldan sağa 1-ci imzalar və 3-cü vərəqində “Əскəров P” sözünün qarşısındakı imza ; 13 avqust 2019-cu il tarixli üçtərəfli podrat müqaviləsinin 1-2-ci vərəqlərinin aşağısında olan soldan sağa 1-ci imzalar və 3-cü vərəqində “Sifarişçi” qrafasındaki imza; mülki işin 24-cü vərəqində olan 14 oktyabr 2019-cu il tarixli görülən işlərin təhvil aktında “Müqaviləyə uyğun yerinə yetirilmiş ilşləri keyfiyyətcə qəbul edir” qrafasındaki imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/981 saylı rəyinə əsasən: ünvan 1 ünvanında inşa edilmiş evin mərtəbələrinin və zirzəminin ümumi sahəsi 746,3 kv.m. təşkil etdiyi müəyyən edilir. Tədqiq olunan fərdi yaşayış evinin tam təmir olunduğunu, zirzəminin təmiri yarımçıq şəkildə olduğunu nəzərə olaraq, həmin fərdi yaşayış evində görülmüş təmir- tikinti işlərinin qüsurlu icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də bu suallar üzrə tədqiqat aparılmadı. Təqdim edilmiş foto-şəkillərə, layihə sənədlərinə əsasən tədqiq olunan evin inşa edilməsi üçün sərf edilmiş vəsaitin dəyəri iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli üçtərəfli podrat müqaviləsi üzrə həmin dövrün orta bazar qiymətlərinə uyğun olaraq təqribən 74440 manat məbləğində müəyyən olunur. Tədqiq olunan yaşayış evində aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Ekspert rəyinin “Tədqiqat prosesinin təsviri” hissəsindən görünür ki, ekspert evə baxış zamanı aparılmış ölçü işlərinə əsasən yaşayış evinin ölçülərinin layihə sənədlərinə uyğun olduğunun müəyyən olunduğunu qeyd etmişdir. Evin layihə sənədlərinə əsasən isə evin 1 mərtəbəsinin ölçüsü 174,64 kv.m (11,8x14,8), 3 mərtəbənin ümumi ölçüsü isə 174,64x3=523,92 kv.m təşkil edir. Lakin ekspert ekspert rəyinin “Tədqiqatın nəticəsi” hissəsində evin ümumi sahəsinin səhvən 746,3 kv.m olmasını qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə tədqiq olunmuş sübutlarla iddiaçı (podratçı) tərəfindən podrat müqaviləsinin şərtlərinə qismən əməl olunması və müqavilədə razılaşdırılmış işlərin qismən – 523,92 kv.m ümumi sahəsi olan evin tikilməsi, cavabdeh (sifarişçi) tərəfindən görülmiş işlərin təhvil alınması təsdiq edilmişdir. Eyni zamanda tərəflərin izahatlarından və iddia ərizələrindən göründüyü kimi, görülmüş işlərin bir hissəsi müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən 90500 manat dəyərində mebellə ödənilmişdir. Müqavilə ilə görüləcək işlərə görə 1 kv.m üçün 200 manat ödənilməsinin nəzərdə tutulduğu nəzərə alınaraq cavabdeh tərəfindən iddiaçıya 14284 manat (523,92x200 – 90500) ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə məxsus torpaq sahəsində əvvəllər mövcud olmuş evin sökülməsi, söküntü materiallarının daşınması və evin özülünün qazılması işlərinin dəyərinin podrat müqaviləsindən kənar tərəflər arasında 7000 manata razılaşdırılmasını bildirsə də bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdeh iddiaçı tərəfindən işlərin qüsurla görülməsini, evin divarlarının əyri olmasını, vurulmuş suvağın ovularaq tökülməsini bildirsə də bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbləri qismən təsdiq edildyindən qismən təmin edilərək cavabdehdən 14284 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla qarşılıqlı iddia tələblərinin əsaslandırıldığı hallar, yəni cavabdeh tərəfindən iddiaçıya müqavilədə nəzərdə tutulmuş işlərin dəyərindən 16060 manat artıq pul ödənilməsi təsdiq edilmədiyindən qarşılıqlı iddia təmin edilə bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 170 manat məbləğində dövlət rüsumunun 92,70 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş cəmi 130 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, xətşünaslıq və tikinti-texniki ekspertizalarının cəmi dəyəri – 227 manatın 103,25 manatı iddiaçıdan, 123,75 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 14284 (on dörd min iki yüz səksən dörd) manat borc, 92,70 (doxsan iki manat yetmiş qəpik) manat dövlət rüsumu tutulsun. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 130(yüz otuz) manat dövlət rüsumu Cavabdeh aid edilsin. Xətşünaslıq və tikinti-texniki ekspertizalarının cəmi dəyəri – 227 manatın 103,25 (yüz üç manat iyirmi beş qəpik) manatı İddiaçı, 123,75 (yüz iyirmi üç manat yetmiş beş qəpik) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar