Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-190/2025 03.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 55.200 manat pulun və ödənilmiş 256 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhərində yeni ev tikintisi və təmiri ilə əlaqədar olaraq Cavabdeh ilə razılığa gəlmişdir. İddiaçı cavadeh Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixə kimi müxtəlif vaxtlarda şəxsi kart hesabına köçürmə etməklə və əlbəəl olmaqla hissə-hissə 55200 (əlli beş min iki yüz) manat ödəmişdir. İddiaçının cavabdehə məxsus şəxsi kart hesabına ödədiyi məbləğlərin ödəniş qəbləri mövcuddur. Cavabdeh aldığı pul müqabilində evi təmir etməyi boynuna götürsə də, demək olar ki, heç bir təmir işi ilə məşğul olmamışdır. Bir neçə dəfə iddiaçı cavabdehə aldığı pulu geri qaytarmasını tələb etsə də, cavabdeh nə pulu qaytarmış, nə də evin təmirini tamamlamışdır. Cavabdehə müraciət etdikdə müxtəlif yalanlarla ev üçün lazımı avadanlıqları sifariş etdiyini, evdə müəyyən təmir işlərini apardığını iddia etsə də, heç bir işlə məşğul olmamışdır. Cavabdehin iddiaçıdan pul alması, evdə heç bir təmir işi ilə məşğul olmamasını sübut edən səs yazıları da mövcuddur. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Vəkil2 iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etmişdir. Həmin etiraza əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə mənzilin təmir edilməsi məqsədilə 23.200 manat pul ödənilmişdir. İş materiallarına Bərdə RPİ Təhqiqat bölməsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə 29 may 2024-cü il tarixli qərarı əlavə edilmişdir. İş materiallarına iddiaçı tərəfindən səs yazıları və yazışmalar olan 01 ədəd CD disk əlavə edilmişdir. İş materiallarında olan X2 Mərkəzinin tərtib etdiyi hesabata əsasən müəyyən edilir ki, sözügedən mənzilin təmirinə çəkilmiş xərc ümumilikdə 27.643 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat olmaqla İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış şifahi müqavilə şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Mülki işin mübahisəsiz hallarına əsasən (cavabdeh tərəfin yazılı etirazı nəzərə alınmaqla) müəyyən edilir ki, İddiaçı və Cavabdeh tanışdırlar, orta məktəbdə eyni sinifdə oxumuşlar. Tərəflər şifahi şəkildə razılaşmaqla Bakı şəhəri, Yasamal rayonu ərazisində 2 otaqlı (köhnə tikili) təmirsiz ev almış, evin təmirini həyata keçirtdikdən sonra satmağı və gəlir əldə etməyi razılaşmışlar. Sözügedən evin təmiri məqsədilə iddiaçı tərəfindən cavabdehə 23.200 manat vəsait (mübahisəsiz haldır) ödənilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında tərəflər arasında baş tutmuş müvafiq səs yazıları və yazışmalar tədqiq edilmişdir. Tədqiq zamanı iddiaçı, iddiaçının nümayəndəsi və vəkili və cavabdehin nümayəndəsi və vəkili iştirak etmişdir. İş materiallarında olan CD diskdəki tərəflər arasındakı 2023-cü ilin sentyabroktyabr aylarında aparılmış səs yazıları və mesajların surətinə əsasən müəyyən edilir ki, cavabdeh mütəmadi olaraq mübahisə predmeti olan pul məbləğini iddiaçıya qaytaracağını vəd etmiş, bununla bağlı vaxt istəmişdir. Səs yazılarına əsasən ilk öncələr təmirin gedişatı barədə iddiaçı cavabdehə suallar ünvanlasa da, cavabdeh hər şeyin qaydasında olduğunu, mənzili tam təmir edəcəyini bildirmişdir. Lakin, zaman keçdikcə mənzildə təmir işlərinin görülməməsi iddiaçıya məlum olmuş, o, cavabdehdən ödədiyi pul məbləğini geri tələb etsə də, cavabdeh hər dəfə pulu geri qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. Yazışmaların və səs yazılarının aparıldığı müvafiq mobil nömrənin cavabdehə məxsus olması mülki işin mübahisəsiz halıdır (xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin vəkilinin izahatına əsasən). Cavabdehin vəkili məhkəməyə təqdim edilmiş səs yazılarında cavabdehin iddiaçıya bildirdiyi fikirlərin aldığı borc vəsaiti ilə bağlı olduğunu bildirsə də, tərəflər arasında borc münasibətlərinin olması sübuta yetirilməmiş, həmin arqument mülahizə xarakteri daşımışdır. Həmçinin, cavabdehin vəkili 23200 manat pulun evin təmirinə xərcləndiyini bildirsə də, qiymətləndirmə ekspertizası keçirilən zaman çəkilmiş və rəyə daxil edilmiş fotoşəkillərə əsasən müəyyən edilir ki, mənzilin divarlarına sadəcə üzlük (şpaplovka) vurulmuşdur ki, mənzilin 2 otaqlı olması və təmir vəziyyəti 23200 manat pulun mənzilin təmirinə xərclənməsi ağlabatan deyildir. Dolayı yolla nəticəyə gəlinir ki, həmin mənzildə görülmüş müvafiq təmir işləri (qiymətləndirmə rəyində sadalanmış işlər) cavabdeh tərəfindən deyil, üçüncü şəxs (şahid qismində dindirilmiş mənzilin sahibi) tərəfindən mənzili əldə etdikdən sonra hissə-hissə həyata keçirilmişdir, bunun əksi cavabdeh tərəfindən sübuta yetirilmir. Yəni, X2 Mərkəzi MMC-nin tərtib etdiyi hesabat üzrə görülmüş işlərin cavabdeh tərəfindən icra edilməsini sübut edə bilməmişdir. Ortada görülmüş işlər varsa da, həmin işləri gördüyünü iddia edən tərəf (hazırki mübahisə üzrə cavabdeh) həmin işlərin məhz onun əməyi nəticəsində icra edildiyini sübut etməlidir. X2 Mərkəzi MMC-nin tərtib etdiyi hesabatın 20 noyabr 2024-cü il tarixdə tərtib edilməsi xüsusatı və hesabata əlavə edilmiş fotoşəkillər üzrə mənzilin təmir vəziyyəti diqqətə alınmalıdır. Məhkəmə həmin rəy üzrə tərtib edilmiş qiymətləri şişirdilmiş hesab edir və rəyi təmir xərcləri ilə bağlı mötəbər sübut kimi qiymətləndirmir. Bununla bağlı izahatı alınmış şahid X1 izahatı işdə olan digər sübutlarla eynilik təşkil etdiyindən, işin faktiki hallarına uyğun olduğundan mötəbər sübut qismində nəzərə alınır. İddiaçı hissə-hissə olmaqla 55200 manat pulu nə vaxt, hansı şərtlərlə və üsullarla cavabdehə ödəməsi barədə əsaslı sübutlar təqdim etməmişdir. Odur ki, mübahisə yalnız cavabdeh tərəfin mübahisəsiz qəbul etdiyi şərtlər daxilində həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas şərt lazımdır:
1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.
2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. Məhkəmə qeyd edir ki, tərəflər ortaqlıq şəklində (adi ortaqlıq) sahibkarlıq fəaliyyəti ilə məşğul olması prezumpsiyası əsas götürülməklə, predmet nöqteyi-nəzərdən tərəflər arasındakı münasibətin sahibkarlıq münasibəti olması halı mövcud olsa da (davamlılıq şərti qeydi-müəyyəndir), subyekt tərkibi baxımından kommersiya münasibətinin olması imperativ tələbi (sahibkarlıq subyekti qismində (hüquqi və ya fiziki şəxs kimi) dövlət qeydiyyatına alınması) yerinə yetirilmir (iddiaçı sahibkarlıq münasibətlərinin subyekti deyildir), bu səbəbdən, mübahisə kommersiya deyil, mülki hüquq mübahisəsidir. Deməli, mülki işin məhkəmə aidiyyatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsidir. Bərdə RPİ Təhqiqat bölməsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə 29 may 2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində tərəflərin izahatları əks edilmiş, həmin izahatlar məhkəmə iclasında verilən izahatlardan əsaslı şəkildə fərqlənmir, eynilik təşkil edir. Odur ki, sözügedən qərar mülki iş üzrə gəlinəcək nəticəyə əsaslı təsir etmir. X2 Mərkəzinin tərtib etdiyi rəyi tərəflər mübahisələndirilməmişlər. Həmin rəy üzrə mənzildə görülmüş işlər və ümumi təmir xərcləri əhatə olunmuşdur. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə tərəflər arasında bağlanmış şifahi müqaviləyə dair göstərilən 4 (dörd) elementin heç biri müəyyən edilmir. Tərəflər arasında mübahisə predmeti olan münasibətə dair şifahi müqavilə münasibətləri olduğundan mübahisənin qanuni əsası qismində öhdəlik hüquq normaları çıxış edir, delikt, əsassız varlanma hüquq normalarının qanuni əsas qismində çıxış etməsi istisna olunur. Məhkəmə iddiaya tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 300 manat ekspertiza xərcinin 120 manat hissəsi və 256 manat dövlət rüsumunun 159 manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23.200 (iyirmi üç min iki yüz) manat pul, ödənilmiş 300 manat ekspertiza xərcinin 120 manat hissəsi və ödənilmiş 256 manat dövlət rüsumunun 159 manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 23.200 (iyirmi üç min iki yüz) manat pul, ödənilmiş 300 manat ekspertiza xərcinin 120 (yüz iyirmi) manat hissəsi və ödənilmiş 256 manat dövlət rüsumunun 159 (yüz əlli doqquz) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fariz Əlizadə