Məhkəmə qərarları › İş №e-2(004)-196/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-196/2025

09.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-196/2025 09.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçı Təhsil Kompleksi” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Təhsil Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3rşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Təhsil Kompleksi” MMC cavabdeh X3rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərin əvəzi olaraq 6336 manat - 3000 Böyük Britaniya funtu məbləğində pulun, o cümlədən 83 manat 36 qəpik dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh intensiv dil öyrətmə vəzifəsinə qəbul olunmuşdur. Müqavilə 30 İyun 2024cü il tarixinə qədər bağlanmışdır. Daha sonra aidiyyatı dövlət qurumunun reyestrində eyni müqavilənin müddəti 30 iyun 2024-cü ilə qədər uzadılmışdır. xx.xx.2023-cü il tarixli cavabdehlə iddiaçı arasında olan əmək müqaviləsinə eyni tarixli əmək müqaviləsinə əlavə imzalanmışdır. Əmək müqaviləsinə əlavənin 12-ci maddəsinin 5-ci bəndinə əsasən işçi işə götürəndən tərəfindən 2 il ərzində əmək müqaviləsinə xitam verərsə, X2 peşə hazırlığının təşkili üçün çəkdiyi xərcləri işəgötürənə tam ödəməyə borcludur. Cavabdeh 2024-cü ilin Novruz bayramı münasibəti ilə olan qeyri-iş günlərində bayram günlərini öz vətənində qeyd etmək adı ilə 2024-cü ilin Mart ayın ortalarında öz ölkəsinə, Böyük Britaniyaya getmiş, daha sonra isə Azərbaycana qayıtmamışdır. Cavabdehlə elektron poçt vasitəsilə yazışmalar aparılmış və ona əmək funksiyasını yerinə yetirmək üçün 1 ay müddətinə vaxt verilmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək işə çıxmaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixli Əmrlə işçi ilə iddiaçı arasında olan Əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin bu cür məsuliyyətsiz davranışı, o cümlədən hər hansı əsas olmadan işdən ayrılması ilə İddiaçının Azərbaycan Respublikasının təhsil müəssisəsi kimi təmsil olunduğu beynəlxalq təhsil qurumlarında reytinqi və imicinə xələl gəlir, Azərbaycan təhsilinə fayda vermək üçün dəvət edilən beynəlxaq müəllimlər iddiaçı təhsil müəssisəsində və ya digər təhsil müəssisəsində çalışmaq üçün ölkəyə gəlməkdən ehtiyat edir. Nəticədə cavabdeh kimi müəllimlərin məsuliyyətsiz davranışları ölkə təshilinin ümumi inkişafına mənfi təsir edir. Cavabdehin peşə hazırlığının təşkili üçün iddiaçı tərəfindən mühüm məbləğdə vəsait xərclənmişdir. Belə ki, cavabdehin ixtisaslaşması üçün Böyük Britaniyada fəaliyyət göstərən "TİC recruitment and training" şirkətinə tərəflərindən 6336 manat (3000 GBP) vəsait ödənilmişdir. İşçinin müqavilədə nəzərdə tutulan müddətdə işəgötürənlə işləməsi nəticəsində işçiyə çəkilmiş xərclər artıq işəgötürən üçün maddi zərərdir və bu xərclər yeni müəllimin hazırlanması və Azərbaycana dəvət edilməsi üçün yenidən çəkilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan İddiaçı Təhsil Kompleksi MMC ilə X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən işçi X7 intensiv dil öyrətmə üzrə müəllim vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Beynəlxalq işçilər üçün əmək müqaviləsinə əlavənin 12.5-ci bəndinə əsasən işçi peşəkar inkişafını başa vurduqdan sonra müqavilə üzrə öhdəliklərini yerinə yetirmirsə: işə başlamazsa, habelə peşə inkişafını başa vurduğu gündən sonra iki il ərzində əmək münasibətlərinə xitam verərsə, X2 peşə hazırlığının təşkili üçün çəkdiyi xərcləri İşəgötürənə ödəməyə borcludur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən İİ seriyalı, ******* nömrəli 25 mart 2024-cü il tarixli iş icazəsinə əsasən xx xxxx 1958-ci il təvəllüdlü Böyük Britaniya və X1 Krallığının vətəndaşı X6 İddiaçı Təhsil Kompleksi” MMC-də intensiv dil öyrətmə üzrə müəllim vəzifəsində işləməsi üçün 25 iyun 2024-cü il tarixədək icazə verilmişdir. İş materiallarında olan AFB Bank ASC tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli ödəniş sənədinə əsasən İddiaçı Təhsil Kompleksi MMC tərəfindən X5 təlimlərə cəlb edilməsinə və ixtisaslaşmasına görə “TİC recruitment and traning” şirkətinə 3000 (GBP) funt sterlinq ödənilmişdir. İş materiallarında olan İddiaçı Təhsil Kompleksi” MMC-nin işçinin işə gəlməməsi barədə 010 nömrəli xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.2023-cü il tarixdən etibarən Avropa Azərbaycan Məktəbində İntensiv dil öyrətmə üzrə müəllim vəzifəsində çalışan X7 01 may tarixində üzrlü səbəb olmadan işə gəlməmiş və bu barədə rəhbərliyi məlumatlandırmamışdır. İş materiallarında olan İddiaçı Təhsil Kompleksi” MMC-nin işçinin işə gəlməməsi barədə 011 nömrəli xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.2023-cü il tarixdən etibarən Avropa Azərbaycan Məktəbində İntensiv dil öyrətmə üzrə müəllim vəzifəsində çalışan X7 02 may tarixində üzrlü səbəb olmadan işə gəlməmiş və bu barədə rəhbərliyi məlumatlandırmamışdır. İş materiallarında olan İddiaçı Təhsil Kompleksi” MMC-nin işçinin işə gəlməməsi barədə 012 nömrəli xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.2023-cü il tarixdən etibarən Avropa Azərbaycan Məktəbində İntensiv dil öyrətmə üzrə müəllim vəzifəsində çalışan X7 03 may tarixində üzrlü səbəb olmadan işə gəlməmiş və bu barədə rəhbərliyi məlumatlandırmamışdır. İş materiallarında olan İddiaçı Təhsil Kompleksi MMC-nin işçinin işə gəlməməsi barədə 013 nömrəli xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.2023-cü il tarixdən etibarən Avropa Azərbaycan Məktəbində İntensiv dil öyrətmə üzrə müəllim vəzifəsində çalışan X7 06 may tarixində üzrlü səbəb olmadan işə gəlməmiş və bu barədə rəhbərliyi məlumatlandırmamışdır. İş materiallarında olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin “əmək müqaviləsinə xitam verilməsi” barədə X-037 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, işçiyə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan iş ili üzrə istifadə edilməmiş 6,20 məzuniyyət gününün və son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin həyata keçirilməsi əmr edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işəgötürən İddiaçı Təhsil Kompleksi MMC ilə işçi X7 arasında bağlanmış əmək müqaviləsinə 70.ç, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və əmək müqaviləsi bildirişi ləğv edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Təhsil Kompleksi” MMC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən X7 İddiaçı Təhsil Kompleksi” MMC-də intensiv dil öyrətmə üzrə müəllim vəzifəsinə işə qəbul olunmuş, İddiaçı Təhsil Kompleksi” MMC tərəfindən X5 ixtisaslaşmasına 3000 (GBP) funt sterlinq pul ödənilmiş, iş materiallarında olan işçinin işə gəlməməsi barədə aktlara əsasən X7 01 may, 02 may, 03 may, 06 may tarixlərində üzrlü səbəb olmadan işə gəlməmiş, bu barədə rəhbərliyi məlumatlandırmamış və nəticədə xx.xx.2024-cü il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı Təhsil Kompleksi” MMC cavabdeh X5 peşə hazırlığının təşkili üçün çəkdiyi 3000 funt sterlinq və dövlət rüsumu olaraq ödənilmiş 83,36 manat məbləğində pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Beynəlxalq işçilər üçün əmək müqaviləsinə əlavənin 12.5-ci bəndinə əsasən işçi peşəkar inkişafını başa vurduqdan sonra müqavilə üzrə öhdəliklərini yerinə yetirmirsə: işə başlamazsa, habelə peşə inkişafını başa vurduğu gündən sonra iki il ərzində əmək münasibətlərinə xitam verərsə, X2 peşə hazırlığının təşkili üçün çəkdiyi xərcləri işəgötürənə ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, üzrlü səbəb olmadan işə gəlməmiş, bu səbəbdən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Yuxarıda qeyd edilən Beynəlxalq işçilər üçün əmək müqaviləsinə əlavənin 12.5-ci bəndinə əsasən işçi peşəkar inkişafını başa vurduqdan sonra müqavilə üzrə öhdəliklərini yerinə yetirmirsə, işəgötürənin işçinin peşə hazırlığının təşkili üçün çəkdiyi xərcləri işəgötürənə ödəməyə borcludur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının cavabdehin peşə hazırlığının təşkili üçün çəkdiyi 3000 funt sterlinq pul tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının dövlət rüsumu olaraq ödənilmiş 83,36 manat məbləğində pul tələbinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh X4 3000 funt sterlinq (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və dövlət rüsumu olaraq ödənilmiş 83,36 manat məbləğində pul tutularaq İddiaçı Təhsil Kompleksi” MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 3000 (üç min) funt sterlinq (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və dövlət rüsumu olaraq ödənilmiş 83,36 (səksən üç manat otuz altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı Təhsil Kompleksi” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar