Məhkəmə qərarları › İş №e-2(004)-1969/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1969/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1969/2023 01.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “ABROAD" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin ləğvi, ödənilmiş pul vəsaitinin qalığının geri qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “ABROAD" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin ləğvi, ödənilmiş pul vəsaitinin qalığının geri qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “ABROAD" MMC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli WORK22/09 nömrəli “Kanada dövlətindən iş vizası alması üçün viza dəstəyi” haqqında xidmət müqaviləsinin ləğv edilməsi, cavabdeh “ABROAD" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə geri qaytarılmamış 5.800 manat xidmət haqqı, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manat, hüquqi yardım göstərilməsi üçün çəkilmiş 500 manat xərc, etibarnamə verilməsinə görə ödənilmiş 17,25 manat xidmət haqqı, ödənilmiş 94,40 manat dövlət rüsumu, cəmi 7.411,65 manat pul tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilmisini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ilə cavabdeh “ABROAD" MMC arasında xx.xx.2022-ci il tarixli WORK22/09 nömrəli “Kanada dövlətindən iş vizası alması üçün viza dəstəyi” haqqında xidmət müqaviləsi bağlanmışdır. Müqavilə üzrə İddiaçı “sifarişçi”, cavabdeh “ABROAD" Məhdud Məsuliyyətli Cəmiyyəti isə “İcraçı” adlandırılmışdır. Müqavilənin 2-ci bəndində “sifarişçi”nin iddiaçının aşağıdakı hüquq vəzifələri müəyyən edilmişdir: - Müqavilədə qeyd edilən məbləği tam həcmdə ödəmək; - İcraçının müqaviləni icra etməsi üçün lazım olan arayışların, sənədlərin icraçıya təqdim olunması, aidiyyəti struktur və qurumlarda olması və digər lazım olan addımların atılması. Müqavilənin 3-cü bəndində “İcraçı”nın - cavabdehin aşağıdakı hüquq vəzifələri müəyyən edilmişdir: - Kanada iş vizasına sponsorluq edən Kanada şirkətindan iş dəvətinin alınması, - proses ərzində sənədlərin düzgün hazırlanmasında məsləhətlərin verilməsi, - Kanada dövlətindən işə qəbul sənədi gəldikdən sonra Kanada vizasına müraciat üçün formaların doldurulması, - Hüquqi konsultasiya və xidmət dəstəyi, - Sifarişçinin öz hesabına təyyarə biletinin alınmasına köməklik göstərilməsi, - Sifarişçinin Toronto şəhərində qarşılanması və Toronto daxilində istədiyi ünvana çatdırılması. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan xidmət haqqı 13.600 manat müəyyən edilir. Ödəmə aşağıdakı ardıcıllıqla baş tutacaqdır: 1. Bu müqavilə forması imzalanarkan 5.100 manat 2. Viza alındıqdan sonra 8.500 manat. Müqavilənin 5.1-ci bəndinə əsasən “sifarişçi” (iddiaçı) xx.xx.2022-ci il tarixində 5.100 manat pulu “icraçı”ya - cavabdehə ödəyir. Ödəniş barədə xx.xx.2022-ci il tarixli A20191 nömrəli qəbz tərtib olunur, sifarişçinin imzası, icraçının imzası və möhürü ilə təsdiq olunur. 04 oktyabr 2022-ci il tarixdə cavabdeh “ABROAD" MMC-nin direktoru X1 işlərinin yekunlaşması ilə əlaqədar əlavə 800 manat pul tələb etmiş, iddiaçı isə həmin məbləği ödəmişdir. Qeyd edilən fakt X3 öz xətti ilə yazdığı və cavabdeh müəssisənin möhürü ilə təsdiq etdiyi sənəddə yazılan ümumi məbləğə münasibətdə təsdiq edilir. Daha sonra, cavabdeh “ABROAD" MMC-nin direktoru X5 iddiaçıya Kanadadan tibbi (biometrik) arayış istənildiyini, artıq vizanın verildiyini və müqavilə üzrə sonrakı məbləğ olan 8.500 manata endirim tətbiq edildiyini bildirmişdir. Endirim tətbiq edilməklə son olaraq 5.100 manat pul ödənilməsi Cəmiyyətin direktoru tərəfindən tələb edilmişdir. İddiaçı cavabdeh “ABROAD" MMC-nin direktoru X4 inanmış və 26 dekabr 2022-ci il tarixdə cavabdehə 5.100 manat pul ödəmişdir. Ödəniş barədə xx.xx.2022-ci il tarixli A20191 nömrəli qəbz tərtib olunur, iddaçının imzası, “ABROAD" MMC-nin direktoru X3 imzası və “ABROAD" MMC-nin möhürü ilə təsdiq olunur. Bir müddət keçdikdən sonra, İddiaçı aydın olur ki, ona Kanadadan viza verilməmiş, “ABROAD" MMC-nin direktoru X5 ona həqiqətə uyğun olmayan məlumat təqdim etmiş və müqavilə üzrə öhdəliyini icra etməmişdir. Cavabdeh “ABROAD" MMC-nin direktoru X5 müqavilə üzrə öhdəliyini icra etmədiyini və Kanadaya iş vizası məsələsini həll etmədiyini iddiaçıya etiraf etmişdir. Cavabdeh “ABROAD" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 aşağıdakı mətni qeyd edilmiş və cavabdeh “ABROAD" MMC-nin möhürü ilə təsdiq edilmiş əlyazısında iddiaçı tərəfindən ödənilən cəmi 11.000 manat (5100+800+5100) pulun xx.xx.2023-cü il tarixədək geri ödənilməsi barədə öhdəlik götürmüşdür: “X2 “ABROAD" MMC-nin direktoru olaraq, İddiaçı Kanada iş vizası alınması məqsədilə alınan 11.000 (on bir min) AZN məbləği xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəlik olaraq qəbul edirəm. Əks halda Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun vətəndaşın etibarından sui-istifadə hallarını nəzərə alaraq, cinayət məsuliyyəti daşımağı öhdəliyimə götürürəm.” Lakin cavabdeh “ABROAD" MMC-nin direktoru X5 əlyazısında qeyd etdiyi vaxtdan bu günədək cəmi 5200 manatı hissə-hissə pul ödəmiş, 5.800 manat pulun geri ödənilməsi öhdəliyi qalmışdır. 2022-ci ilin dekabr ayından iddia ərizəsi məhkəməyə təqdim edilən günədək cavabdeh “ABROAD" MMC-nin direktoru X5 ilə dəfələrlə İddiaçı əlaqə saxlamış, görüşmüş və 5800 manat pulu qaytarmağı tələb etmişdir. Hər dəfə də X5 “sabah”, “birisi gün” və ya qısa müddət (tarix qeyd etməklə) ödəcəyinə söz vermişdir. Lakin ödəniş etməmiş, müxtəlif, əsassız bəhanələr gətirmişdir (bütün bunlar “Whatsapp” yazışmasında vardır, məhkəməyə təqdim ediləcəkdir). Hər dəfə yalan danışıldığında, bəhanələr gətirildiyində, aldadıldığında iddiaçı ilə X5 arasında mübahisələr olmuş, İddiaçı əsəb, stres, gərginlik və mənəvi sarsıntı keçirmişdir. Hesab edirik ki, tərəflər arasında yaranmış mübahisəyə məhkəmə qaydasında baxılmalı, cavabdeh müəssisədən 5800 manat yerdə qalan xidmət haqqı, məhkəməyə müraciətlə əlaqədar iddiaçının çəkdiyi digər xərclər və mənəvi ziyana görə pul kompensasiyası cavabdeh “ABROAD" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Ödənilməmiş qalan 5.800 manat xidmət haqqı ilə birlikdə, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manat, hüquqi yardım göstərilməsi üçün çəkilmiş 500 manat xərc, etibarnamə verilməsinə görə ödənilmiş 17,25 manat xidmət haqqı, ödənilmiş 94,40 manat dövlət rüsumunun da cavabdeh tutularaq iddiaçıya ödənilməsini tələb edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh “ABROAD" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ilə “ABROAD" MMC (VÖEN:**********) arasında bağlanmış xx.xx.2022-ci il tarixli WORK22/09 nömrəli “Kanada dövlətindən iş vizası alması üçün viza dəstəyi” haqqında xidmət müqaviləsinə əsasən icraçı - “ABROAD" Məhdud Məsuliyyətli Cəmiyyəti sifarişçi -İddiaçı Kanada iş vizasına sponsorluq edən Kanada şirkətindan iş dəvətinin alınması, proses ərzində sənədlərin düzgün hazırlanmasında məsləhətlərin verilməsi, Kanada dövlətindən işə qəbul sənədi gəldikdən sonra Kanada vizasına müraciat üçün formaların doldurulması, hüquqi konsultasiya və xidmət dəstəyi, sifarişçinin öz hesabına təyyarə biletinin alınmasına köməklik göstərilməsi, sifarişçinin Toronto şəhərində qarşılanması və Toronto daxilində istədiyi ünvana çatdırılmasını öhdəsinə götürmüşdür. Bu müqavilədə nəzərdə tutulan xidmət haqqı 13.600 manat müəyyən edilmişdir. Ödəmə aşağıdakı ardıcıllıqla baş tutacaqdır: Bu müqavilə forması imzalanarkan 5.100 manat, viza alındıqdan sonra 8.500 manat ödənilir. xx.xx.2022-ci il tarixdə A20191 nömrəli qəbzə əsasən İddiaçı tərəfindən cavabdeh “ABROAD" MMC-yə 5100 manat ödəmişdir. xx.xx.2022-ci il tarixdə A20191 nömrəli qəbzə əsasən İddiaçı tərəfindən cavabdeh “ABROAD" MMC-yə 5100 manat ödəmişdir. 04 oktyabr 2022-ci il tarixdə cavabdeh “ABROAD" MMC-nin direktoru X1 işlərinin yekunlaşması ilə əlaqədar əlavə 800 manat pul tələb etmiş, iddiaçı isə həmin məbləği ödəmişdir. Qeyd edilən fakt X3 öz xətti ilə yazdığı və cavabdeh müəssisənin möhürü ilə təsdiq etdiyi sənəddə yazılan ümumi məbləğə münasibətdə təsdiq edilir. Cavabdeh “ABROAD" Məhdud Məsuliyyətli Cəmiyyətinin blankında yazılmış, MMC-nin direktoru X5 tərəfindən yazılmış və “ABROAD" MMC-nin möhürü ilə təsdiq edilmiş sadə yazılı formada tərtib edilmiş qəbzdə göstərilmişdir: “X2 “ABROAD" MMC-nin direktoru olaraq, İddiaçı Kanada iş vizası alınması məqsədilə alınan 11.000 (on bir min) AZN məbləği xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəlik olaraq qəbul edirəm. Əks halda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun vətəndaşın etibarından sui-istifadə hallarını nəzərə alaraq, cinayət məsuliyyəti daşımağı öhdəliyimə götürürəm.” Cavabdeh “ABROAD" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı Kanada iş vizası alınması məqsədilə aldığı 11.000 manatdan 5.200 manatını hazırkı vaxta kimi İddiaçı qaytarmış, 5.800 manatını isə qaytarmamışdır. xx.xx.2023-cü il tarixi 855 nömrəli qəbzə əsasən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vəkilin xidmət haqqı olaraq 500 manat ödəniş etmişdir. İddiaçı vəkilə etibarnamə verilməsi üçün 17,25 manat, iddia ərizəsinin verilməsi üçün 94,40 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini lazımınca icra etməməsi nəticəsində iddiaçıya maddi zərərlə yanaşı mənəvi zərər də vurmuş, iddiaçı əsəb, stres, gərginlik və mənəvi sarsıntı keçirmişdir. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ilə “ABROAD" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli WORK22/09 nömrəli “Kanada dövlətindən iş vizası alması üçün viza dəstəyi” haqqında xidmət müqaviləsi ləğv edilməli, cavabdeh “ABROAD" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə geri qaytarılmamış 5.800 manat xidmət haqqı, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat, hüquqi yardım göstərilməsi üçün çəkilmiş 500 manat xərc, etibarnamə verilməsinə görə ödənilmiş 17,25 manat xidmət haqqı, ödənilmiş 94,40 manat dövlət rüsumu, cəmi 6.911,65 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi mənəvi zərərin əvəzi olaraq 500 manat ödənilməsi hissəsində rədd edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X6rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə “ABROAD" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli WORK22/09 nömrəli “Kanada dövlətindən iş vizası alması üçün viza dəstəyi” haqqında xidmət müqaviləsi ləğv edilsin. Cavabdeh “ABROAD" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə geri qaytarılmamış 5.800 manat xidmət haqqı, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat, hüquqi yardım göstərilməsi üçün çəkilmiş 500 manat xərc, etibarnamə verilməsinə görə ödənilmiş 17,25 manat xidmət haqqı, ödənilmiş 94,40 manat dövlət rüsumu, cəmi 6.911,65 (altı min doqquz yüz on bir manat altmış beş qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar