Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2014/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iş üzrə (açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, subyektiv hüquq) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bank "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli DEN- 00105-14/22A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan DEN-A0105- 14/22A nömrəli əlavə razılaşmaya əsasən bank İddiaçı illik 20%lə 36 ay müddətinə ödəmək şərtilə 40000 manat məbləğdə kredit verilmişdir.
2. Bank "xxxx" ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DENGZ-00105-14/22A nömrəli ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Maraqlı şəxs məxsus olan Bərdə rayonu Türkmən kəndində 0,5 ha torpaq sahəsi və onun üzərində yerləşən 154,6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, DEN-00105-14/22A nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılmasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 154.6 kv.m olan xüsusi mülkiyyət ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdən Maraqlı şəxs adına qeydə alınmışdır.
4. Bərdə regional ASAN Xidmət mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-13058 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka predmeti olan Bərdə rayonu Türkmən kəndində 0,5 ha torpaq sahəsi və onun üzərində yerləşən 154,6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə tutma yönəldilməlidir.
5. Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli sifarişinə əsasən Bərdə rayonu Türkmən kəndində 0,5 ha torpaq sahəsi və onun üzərində yerləşən 154,6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin satılması ilə bağlı hərracın keçirilməsi ilkin satış qiyməti 50000 manat olmaqla Cavabdeh1 MMC-yə sifariş edilmişdir.
6. xx.xx.2023-cü il tarixli təkrar hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, təkrar hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmişdir.
7. xx.xx.2023-cü il tarixli hərracın baş tutmaması barədə protokoldan görünür ki, həmin tarixə təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır.
8. xx.xx.2023-cü il tarixli təkliflə ipoteka predmetinin təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə - 31875 manata əldə edilməsi ipoteka saxlayan Bank "xxxx" ASC-yə təklif olunmuşdur.
9. Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli, 255/23 nömrəli açıq hərracın yekunları barədə protokolundan görünür ki, Bərdə rayonu Türkmən kəndində 0,5 ha torpaq sahəsi və onun üzərində yerləşən 154,6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi 31875 manata (alış qiymətini ödəməkdən azad olmaq şərti ilə) Bank "xxxx" ASC tərəfindən əldə edilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbinin dəlilləri
10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli, 255/23 nömrəli yekun protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddianın əsaslarına görə, hərrac əslində açıq deyil, gizli keçirilmiş, formal xarakter daşınmışdır. Nə iddiaçıya, nə də notariusun icra qeydi üzrə digər borclu Maraqlı şəxs nə ilkin, nə də təkrar hərracın keçirilməsi yeri, vaxtı və şərtləri barədə qanunla müəyyən edilmiş qaydada hər hansı bir məlumat verilməmişdir. Hətta "xxxx" xx.xx.2023-cü il tarixli təklifin surətini də MMC ona göndərməmişdir. Bundan başqa, ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evi həddindən artıq aşağı qiymətləndirilmişdir. Halbu ki, həmin evin bü günki bazar dəyəri 100000 manat təşkil edir. b) iddiaya etirazın dəlilləri
12. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir; Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir; Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir; Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.2. hərracın iştirakçısı olmadıqda; Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir; Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər; Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur; Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir; Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
19. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Bank "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Bank "xxxx" ASC ilə Maraqlı şəxs arasında ipoteka müqaviləsi bağlanmış, sonuncuya məxsus Bərdə rayonu Türkmən kəndində 0,5 ha torpaq sahəsi və onun üzərində yerləşən 154,6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpotekaya tutmanın yönəldilməsi barədə icra qeydi verilmiş, icra icraatı çərçivəsində ipoteka predmeti əmlakın hərracdan satışının həyata keçirilməsi üçün sifariş verilmiş, Cavabdeh1 MMC tərəfindən keçirilmiş təkrar hərrac baş tutmamış elan edilərək, əmlak ipoteka saxlayana təklif edilmiş, ipoteka saxlayan Bank isə hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli protokol ilə əmlakı əldə etmişdir.
20. İddiaçının dəlillərinə əsasən, keçirilmiş hərraclar barədə ona və ipoteka qoyana məlumat verilməmiş, eyni zamanda ipoteka predmeti real dəyərindən aşağı qiymətləndirilmişdir.
21. Məhkəmə hesab edir ki, iddiaçı ipoteka predmeti əmlakla bağlı keçirilmiş hərracın prosedur qaydalara əməl edilmədən keçirilməsinə əsaslanmaqla hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmamışdır.
22. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan məlum olur ki, ipoteka predmeti əmlak Maraqlı şəxs mülkiyyətində olmuş, ipoteka müqaviləsi üzrə tərəf də Maraqlı şəxs olmuşdur.
23. İddiaçı keçirilmiş hərraclar barəsində ona məlumat verilmədiyini irəli sürsə də “İpoteka haqqında” qanunun 42.1-ci maddəsinin redaksiyasından məlum olur ki, hərracın təşkilatçısının hərracın keçirilməsinə dair bildirişi yalnız ipoteka saxlayana və ipoteka qoyana göndərmək vəzifəsi təsbit olunmuşdur.
24. Belə olanda ipoteka qoyan olaraq Maraqlı şəxs özünün qanunla qorunan hüquq və maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olduğu üçün, onun bu hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət etdiyi halda məhkəmədə iş başlana, bu iddianı səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilən nümayəndəsi (yaxın qohumu və ya vəkil) vasitəsi ilə verə bilərdi.
25. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər Cavabdeh1, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə