Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2061/2023 13.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, sənədlərin qaytarılması və pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, sənədlərin qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Xidmət Müqaviləsinin ləğv edilməsinə, iddiaçı tərəfindən ödənilmiş 14450 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə və iddiaçı tərəfindən cavabdehə verilmiş atestat, transkript, öhdəlik məktubu, doğum haqqında şəhadətnamə, orta məktəb transkriptinin tərcümə təsdiq edilmiş surəti və əsli, pasportun tərcümə təsdiq edilmiş surətinin iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında 29 iyul 2022-ci il tarixdə Xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən tərəfinizdən İddiaçı qızı olan X1 Respublikasında ali təhsil müəssisəsinə bakalavr pilləsinə qəbul prosesinin təşkili, zəruri danışıqların və sənədləşmənin aparılması xidmətlərinin göstərilməsi tərəfinizdən həyata keçirilməli idi. Həmin müqavilənin 2.1-ci bəndinə görə müqavilə üzrə tərəfinizdən həyata keçirilən xidmətlərin dəyəri 28900 manat təşkil edir. Qeyd edilən müqavilənin 2.2-ci bəndinə əasən iddiaçı tərəfindən xidmətin dəyərinin 50%-i qabaqcadan avans ödəmə formasında 50%-i isə xidmət icra olunduqdan sonra Sizə ödənilir. Müqavilənin 2.2-ci bəndinin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən müqavilə dəyərinin 50%-ni təşkil edən 14450 manat pul vəsaiti müqavilə bağlanan gün cavabdehə ödənilmişdir. İddiaçı müqavilənin 2.2-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirsə də, cavabdeh qeyd edilən müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdr. Bununla da cavabdeh iddiaçının hüquqlarını pozmuşdur. Göründüyü kimi adıçəkilən müqavilə üzrə tərəflərin öhdəlikləri, hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin öhdəlikər iddiaçı tərəfindən müqavilədə qeyd edildiyi üzrə icra edilsə də, ancaq cavabdeh müqavilə üzrə qeyd edilən öhdəliklərini lazımi olaraq icra etmir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş qaydada cavabdehə 14450 manat ödəməsinə baxmayaraq cavabdeh heç bir xidmət icra etməmişdir. İddiaçı cavabdehdən müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməsini dəfələrlə tələb etsə də, cavabdeh öhdəliyini icra etməmiş, həmçinin aldığı pulları geri qaytarmamışdır. Müqavilənin 7.3-cü bəndinə görə icraçı göstərilən xidmətləri həyata keçirməzsə sifarişçinin ödədiyi məbləği 30 iş günündə geri ödəməlidir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, iddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə cavabdehə pretenziya məktubu göndərsə də, məktub geri qayıtmışdır. İddiaçı hesab edir ki, cavabdehlə arasında bağlanmış müqavilə ləğv edilməli, cavabdehə ödənilmiş 14.450 manat pul və onun tərəfindən cavabdehə verilmiş atestat, transkript, öhdəlik məktubu, doğum haqqında şəhadətnamə, orta məktəb transkriptinin tərcümə təsdiq edilmiş surəti və əsli, pasportun tərcümə təsdiq edilmiş surəti ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçının qızı Ukrayna respublikasında təhsil almış, məlum müharibə şəraitinə əsasən qızını Turkiyə universitetlərinin birinə keçirtmək isdəmiş və cavabdehə müraciət etmişdir. Cavabdeh tərəflə qızının yalnız dövlət universitetinə oxuduğu kursa uyğun olaraq başa-baş keçiriləcəyi barədə razılığa gəlmişlər. Lakin cavabdehin onlara təqdim etdiyi universitet dövlət universiteti deyil. Bundan başqa iddiaçı daha sonra həmin universitet barədə Bakıda keçirilən universitet sərgilərində maraqlanmış və ona həmin universitet barədə müsbət məlumat verilməmişdir. Cavabdeh qızının Türkiyə respublikasının imtahan mərkəzindən kənar universitetə qəbul etdirmişdir ki, bu da onları qanə etmir. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, cavabdeh üzərinə götürdüy üöhdəlikləri icta etmişdir. Onların gösdərdikləri yardım xidmətidir ki, bütün sənədləri hazırlayıb vaxtında göndərmiş və təkf gələn universitetin məlumatlarını və təklif məktubunu da, iddiaçıya təqdim etmişlər. Ümumiyyətlə tərəflər arasında bağlanılmış müqavilədə dövlət və ya özəl universitet barədə qeyd belə edilməmiş, sadəcə təhsil müəssisəsinə qəbuldan söhbət getmidir. Cavabdeh bu sahədə uzun illərdi xidmət gösdərir və turkiyədə də, partnyorları vardir. İddiaçı ümumiyyətlə universitetə qəbul üçün güc müraciət etmiş, ona dövlət üniversitetlərinə qəbulun artəq bitdiyi bildirilmiş və əgər dövlət universitetinə qəbul olunmaq isdəyirsə, gələn ili gözləməsi təklif olunmuşdur. Lakin iddiaçı qızının Ukraynada qalmasını isdəmədiyini bildirərək münasib universitetlərdən birinə qəbul olunmasın aköməklik gösdərilməsini xahiş etmiş, tədris ilinin ortası olduğu üçün yalnız bir universitetdən dəvət məktubu gəlmiş və onlar təhsil və təhsil haqqı barədə qarşı tərəfi məlumatlandırmış, xanımın bütün sənədləri həmin universitete göndərimişdir. Daha sonra qarşı tərəf özü həmin universitetə getmiş, yerində universitetlə tanış olmuş və ilkin təhsil haqqından da, pulunu ödəmişdir. Buna aie sübutlarda məhkəməyə tədim edilmişdir. Lakin sonradan iddiaçı fikrini dəyişərək, həmin universitetdə təhsil haqqının cox olması və onun buna maddi imkanının olmamasını əsas gətirərək oradan imtina etmək isdədiyini bildirmiş və ödənilmiş vəsaitlərin, eləcədə xidmət haqqına görə ödədiyi pulun ona geri qaytarılmasını tələb etmişdir. Hesab edir ki, cavabdeh bütün öhdəliklərini lazımı qaydada yerinə yetirmiş, həmin universitettə getmək iddiaçının öz seçimi olmuş və sonradan fikrinin dəyişməsi ödədiyi məbləğin geri qaytarılması üçün əsas ola bilməz. Ümumiyyətlə onlar həmin vəsaitdən sadəcə faiz qazanaraq yerdə qalan məbləğləri xaricdəki partnorlarına köçürüllər. Eyni zamanda iddiaçının tələb etdiyi sənədlər də həmin üniversitetdədir. Universitetdən imtina etdiyi halda ora yaxınlaşaraq sənədlərini də, götürə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan icraçı Cavabdeh ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Xidməti müqavilədən görünür ki, sifarişçi onun göndərdiyi hər bir şəxsi Türkiyə Respublikasında ali təhsil müəssisəsinə bakalavr və ya magistr pilləsinə qəbul prosesinin təşkili, zəruri danışıqların və sənədləşmələrin aparılması xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi və bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada xidmətləri icra etməyi öhdəsinə götürmüşdür.(1) Bu müqavilə üzrə iraçı tərəfindən həyata keçirilən xidmətlərin dəyəri 28900 AZN təşkil edir. (2.1) Xidmət dəyəri 50%-i qabaqcadan avans ödəmə formasında 50%-i isə xidmət icra olunduqdan sonra sifarişçi tərəfindən ödənilir.(2.2) İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh məxsus hesabına Türkiyədəki təhsil işinin təşkilinin 50%-i məbləğində 14450 manat pul ödənilmişdir. İş materiallarında olan Kocaeli Sağlık və Teknoloji Universiteti tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli qəbul məktubundan görünür ki, Şəms Əzimovanın seçdiyi fakültə üzrə ön şərtli qəbulu gerçəkləşdirilmişdir. Təhsil haqqı illik 9500 ABŞ dolları təşkil edir. İş materiallarında olan qəbzdən görünür ki, Kocaeli Sağlık və Teknoloji Universitetinin hesabına Şəms Əzimova tərəfindən 1600 ABŞ dolları ödənilmişdir. İş materiallarında olan pretenziya məktubu və qəbzdən görünür ki, İddiaçı nümayəndəsi və vəkil tərəfindən Cavabdeh pul vəsaitinin və sənədlərin geri qaytarılması məqsədilə məktub ünvanlamış, lakin məktub çatdırılmamışdır. İş materiallarında olan Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan qeyd edilmişdir ki, toplanmış material üzrə əməldə cinayət tərkibinin olmaması və tərəflər arasında olan mübahisənin mülki xarakterli olması müəyyən edilmişdir. Buna görə də müraciət edən şəxsə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin tərəflər arasında Xidmət müqaviləsi bağlanmışdır. Eləcə də şikayət etmiş İddiaçı qızının digər universitetə müraciəti ilə əlaqədar işinin alınmasına baxmayaraq təhsil haqqının yüksək olmasına görə narazılığını bildirmiş və bunun da İddiaçı müraciəti ilə əlaqədar qarşı tərəfin əməlində cinayət tərkibinin olmasına dəlalət etmir. Qeyd olunanlara əsasən cinayət işinin başlanması rədd edilməsi və müraciət edən şəxsə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, icraçı Cavabdeh ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Xidməti müqaviləyə əsasən sifarişçi onun göndərdiyi hər bir şəxsi Türkiyə Respublikasında ali təhsil müəssisəsinə bakalavr və ya magistr pilləsinə qəbul prosesinin təşkili, zəruri danışıqların və sənədləşmələrin aparılması xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi və bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada xidmətləri icra etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə razılaşdırılmış 14450 manat pul iddiaçı (sifarişçi) tərəfindən ödənilmişdir. Cavabdeh (icraçı) müqavilə üzrə razılşadırıldığı kimi X1 Respublikasında Kocaeli Sağlık və Teknoloji Universitetində təhsil pilləsinə qəbulunu təşkil etmiş, iddiaçı qızı ilə birlikdə həmin üniversitetə getmiş, illik təhsil haqqının bir hissəsini ödəmişdir. Lakin sonradan həm təhsil haqqının yüksək olmasına və həmçinin dövlət deyil, özəl üniversitet olduğuna görə iddiaçı icraçının- cavabdehin göstərilən xidmətləri həyata keçirmədiyinə əsaslanaraq ödənilmiş məbləğin geri qaytarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı iddia tələbi əsassızdir. Belə ki, müqavilədə şəxsin dövlət ali təhsil müəssisəsinə qəbulu deyil, Türkiyə Respublikasında ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili nəzərdə tutulmuşdur ki, cavabdeh də həmin öhdəlikləri yerinə yetirərək şəxsin ali əhsil müəssisəsinə qəbulunu təşkil etmiş, cavabdeh də, universitetdən gələn təklifi əvvəlcə qəbul etmiş, hətta təhsil haqqının bir hissəsini də ödəmişdir. Həmçinin məhkəmə icraatı zamanı cavabdeh tərəf bildirmişdir ki, iddiaçıya ilin ortası olduğu üçün hazırda dövlət universitetlərində yer olmadığı bildirilmiş və buna görə də növbəti ili gözləməsi tövsiyə olunmuş, lakin iddiaçı razı olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Lakin işin hallarından göründüyü kimi cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, iddiaçı isə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini qəbul etdiyi üçün qızını qeyd edilən universitetə aparmıış, təhsil haqqınının bir qismini ödəmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyindən, iddiaçı tərəfindən isə ilkin olaraq həmin öhdəliyin yerinə yetirilməsi qəbul edildiyindən (universitetə getməsi, təhsil haqqının bir qismini ödəməsi) iddia tələbi İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Xidmət Müqaviləsinin ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 14450 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi hissəsində əsassız hesab edilərək rədd edilməlidir. İddia tələbinin iddiaçı tərəfindən cavabdehə verilmiş atestat, transkript, öhdəlik məktubu, doğum haqqında şəhadətnamə, orta məktəb transkriptinin tərcümə təsdiq edilmiş surəti və əsli, pasportun tərcümə təsdiq edilmiş surəti iddiaçıya geri qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, qeyd edilən sənədlərin cavabdehdə olması sübuta yetirilmir. Həmçinin atestat, transkript, öhdəlik məktubu, doğum haqqında şəhadətnamə, orta məktəb transkriptinin tərcümə təsdiq edilmiş surəti və əsli, pasportun tərcümə təsdiq edilmiş surətinin universitetə təqdim edilməsi ilə bağlı cavabdehin izahatını əsaslı hesab edir. Belə ki, Şəms Əzimovanın təhsili üçün təhsil haqqının bir qisminin ödənilməsi göstərir ki, Şəms Əzimovanın universitetə qeydiyyatı aparılmışdır. Məhkəmə həmin qeydiyyatın aparılması üçün şəxsin sənədlərinin təqdim edilməsi zərurətini nəzərə alaraq qeyd edir ki, atestat, transkript, öhdəlik məktubu, doğum haqqında şəhadətnamə, orta məktəb transkriptinin tərcümə təsdiq edilmiş surəti və əsli, pasportun tərcümə təsdiq edilmiş surəti cavabdehdə olması işin halları ilə müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də, rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən də müqavilənin ləğv edilməsi, sənədlərin qaytarılması və pul tələbinə dair iddianın təmin edilməsi üçün əsaslar olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, sənədlərin qaytarılması və pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2061/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2061/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver