Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2084/2024 14.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onun Cavabdeh MMC-də operator vəzifəsində işləməsinə dair Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi əsasında Cavabdeh MMC tərəfindən “operator” vəzifəsinə işə qəbul edilmişdir. Bir müddət sonra iddiaçı tərəfindən cavabdehə əmək müqaviləsinin xitam verilməsil ilə əlaqədar müraciət edilsə də, cavabdehlə əlaqə saxlamaq mümkün olmamış və indiyədək iddiaçı əmək fəaliyyəti göstərməməsinə baxmayaraq, onunla bağlanmış əmək müqaviləsi qüvvədə qalmışdır. Bu səbəbdən iddiaçı başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq hüququndan məhrum olmuşdur. İddiaçı tərəfindən əmək müqaviləsinin ləğv edilməsi və əmək müqaviləsinə xitam verilməsilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkələşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə dair cavabdehə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə rəsmi müraciət edilsə də, cavabdeh tərəfindən hər hansı cavab verilməmiş və dövlət xidməti tərəfindən isə bu vəzifələrin icra olunması üçün məhkəmə qərarının alınmasının zəruri olduğu bildirilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçıya, cavabdehə və müstəqil tələb irəli süməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçı, cavabdehin nümayəndəsi və müstəqil tələb irəli süməyən üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdehin nümayəndəsi və müstəqil tələb irəli süməyən üçüncü şəxsin nümayəndəsi gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin iddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin, MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və müstəqil tələb irəli süməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia tələbini müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı Cavabdeh MMC-də operator işləməsinə dair İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə 1 il müddətinə xx.xx.2024-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır və əmək haqqı 350 manat müəyyən edilmişdir. Əmək müqaviləsinin bildirişi xx.xx.2023-cü il tarixdə elektron imza ilə elektron informasiya sisteminə daxil edilmişdir. (xx.xx.2023-cü il tarixli xxxxxxx000200 nömrəli bildiriş) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsipinə əsaslanır. Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək münasibətləri sahəsində əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifəsidir. Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Nazirlər Kabinentinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarının 1-ci bəndindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Həmin qərarın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi, ərizəçi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehə və üçüncü şəxsə müraciət etmiş, lakin həmin orqan bu hüquq onlarda olmadığını əsas gətirərək imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, yalnız müvafiq məhkəmə onlara bu hüququ verdiyi təqdirdə əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edə bilərlər. Cavabdeh isə iddiaçının müraciətinə heç bir cavab verməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsini məhkəmədən kənar başqa qaydada həyata keçirə bilmir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı (FİN:xxxxxxx) Cavabdeh MMC-də operator vəzifəsində işləməsinə dair İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Xidmətinə həvalə edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (FİN: xxxxxxx) Cavabdeh MMC-də operator vəzifəsində işləməsinə dair İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Xidmətinə həvalə edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2084/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2084/2024
14.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver