Məhkəmə qərarları › İş №e-2(004)-2097/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2097/2022

09.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2097/2022 09.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək əmək haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün 9419 manat məbləğində əmək haqqının 4 faizi miqdarında hesablanmaqla 324 gün gecikdirməyə görə 121.824 manat ödəncin, 50 manat mediasiya haqqının və vəkilə ödənilmiş 500 manatın cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 19 mart 2021-ci il tarixli 174/K saylı əmri ilə işdən azad edilsə də cavabdeh əmək müqaviləsi üzrə əmək haqqını, son haqq-hesabı düzgün hesablamadığı və nəticədə vaxtında və tam ödəmədiyi üçün məhkəmədə ona qarşı iddia qaldırmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3150/2021 saylı 15 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında 2021-ci ilin yanvar ayı, fevral ayı və mart aylarının işlənmiş günləri üçün aylıq 9419 manat əmək haqqı nəzərə alınmaqla əmək haqqı hesablanaraq, həmin ayların əmək haqqından qalan 16.625 manat fərqin, son haqq-hesabın aylıq 9419 manat əmək haqqı nəzərə alınmaqla aparılması və aradakı fərq hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Həmin məhkəmə qərarı əsasında cavabdeh xx.xx.2021-ci il tarixdə onun bank hesabına ümumilikdə 26799,9 manat ödənilmişdir. Cavabdehin təqsiri üzündən əmək haqqının verilməsi xx.xx.2021-ci il tarixədək gecikdirilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qərarından da görünür ki, aylıq əmək haqqı 9419 manat olmuşdur. Buna baxmayaraq cavabdeh 2021-ci ilin yanvar ayı, fevral ayı və mart aylarının işlənmiş günləri üçün aylıq əmək haqqını düzgün hesablamadığı üçün 2021-ci ilin yanvar, fevral və mart ayları üçün əmək haqqını vaxtında ona ödəməmişdir. Əmək haqqının ödənilməsi 2021-ci ilin yanvar ayının sonuncu günündən etibarən məhkəmə qərarının icra edildiyi xx.xx.2022ci il tarixədək 324 gün gecikdirmişdir. Ona görə də əmək haqqının ödənilməsinin hər gecikdirilən günü üçün əmək haqqının 4 faizi, yəni 376 manat olmaqla cəmi 121824 manat məbləğində cavabdehin ona ödənc ödəməsini tələb edir. Belə ki, cavabdehin təqsirinə görə hala əmək haqqısını ala bilmədiyi üçün ailəsi, o cümlədən azyaşlı qızı ilə birlikdə yad ölkədə - Azərbaycanda xeyli müddət ehtiyac içində yaşamalı olmuş, haqqını sübuta yetirmək üçün uzun sürən məhkəmə prosesinə baş vurmalı olmuşdur. Son haqq-hesab sonuncu iş günü – 19 mart 2021-ci il tarixdə aparılmışdır. Lakin cavabdeh iradlarını qəbul etmədiyi üçün məhkəməyə müraciət etmiş və hüququnun pozulduğunu yuxarıda qeyd olunan məhkəmə qərarı əsasında sübut etmək mümkün olmuşdur və hüququnun pozulmasını aşkar etdiyi gün də həmin məhkəmə qərarının tarixi hesab olunmalıdır. Ona görə də bir illik iddia müddəti heç bir halda ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsindəki məzmunda izahat verərək iddia tələbini müdafiə etdiyini və tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İzahatına əlavə olaraq qeyd etdi ki, Cavabdeh MMC-ə qarşı iddialarında onlar günlərin sayını iddiaçının işdən azad edildiyi gündən məhkəmə qərarının icra olunduğu günə münasibətdə, yəni 19 mart 2021-ci ildən, 21 dekabr 2021-ci ilə qədər 324 gün hesablamışlar. İddia tələblərini onunla əsaslandırır ki, hazırki iş üzrə məhkəmə qərarı da var və həmin qərar üzrə sübut olunmuş halların təkrar sübut edilməsinə ehtiyac yoxdur. Orada iddiaçının əmək haqqının 9419 manat olması müəyyən edilmişdir və əmək haqqının verilməsi 324 gün gecikdirilib, ona görə də onlar hər gecikdirilən gün üçün əmək haqqının 4 faizi məbləğində ödənc verilməsini tələb edirlər. Əmək məcəlləsinin 299-cu maddəsinə müvafiq olaraq, fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Bundan əlavə 172-ci maddədə göstərilmişdir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. 288-ci maddə ilə fərdi əmək mübahisəsinin predmetinə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi daxildir və ona görə də bunlara əsaslanaraq iddia ərizələrinin təmin olunmasını xahiş edir. Belə ki, 16625 manat 3 ay ərzində - yanvar, fevral, mart aylarının əmək haqqında qalan fərq kimi nəzərdə tutulmuşdur. İddiaçı yalnız mart ayında 19 gün işləmişdir. Əmək haqqının verilməməsi ilə bağlı məhkəməyə qanunvericiliyin tələblərinə uyğun olaraq, 1 ay ərzində, yəni aprelin 19-na qədər müraciət eləmişlər. Onlar qarşı tərəfin vəzifəli şəxsi ilə xeyli yazışmalar aparmışlar. Buna baxmayaraq Cavabdeh MMC-nin rəhbərliyi əmək haqqının 9419 manat olmasını qəbul etməmişdir, əmək haqqının 3000 min manat olduğunu iddia edirdilər. Onlar bu faktı sübuta yetirdikdən sonra iddia qaldırmaq istəmişlər. Qanunvericiliyə görə, əmək müqaviləsi hansı formada bağlanıbsa, ona dəyişiklik, əlavə, ləğv həmin formada olmalıdır. Düşünür ki, onlar əlavəni ya unutmuş, ya da nəzərdən qaçırmışlar. Məhz bu səbəblə də, onlar məhkəmə qərarı əsasında məbləği müəyyənləşdirmişlər. İddiaçı həmin məhkəmə iclasında bildirmişdir ki, onu az əməkhaqqı ilə işləməyə məcbur etmişlər və bildirmişlər ki, bununla razı deyilsə, əmək müqaviləsini ləğv edəcəklər. İddiaçı da əcnəbi olduğundan və Azərbaycan dilini bilmədiyindən həmin sənədi imzalamışdır. O, işəgötürənin ədalətsiz yanaşmasını belə dərk etmirdi, hətta onlar özləri də son çıxışlara qədər iddianın rədd olunacağını düşünmüşlər, lakin son anda bəlli olmuşdur ki, portalda qeydiyyat var. Onlar da o rəqəmi gördükdən sonra, həmin rəqəm əsasında faizi hesablamış və məhkəməyə müraciət etmişlər. Daha sonra qətnamə icraya yönəlmişdir. Qətnamə icraya yönəldildikdən sonrakı müddət ərzində faizlə bağlı tələb irəli sürməmişlər, çünki cavabdeh tərəflə əlaqələri yox dərəcəsində olmuş, hətta iclaslara gəlmələrini də güman etməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirdi ki, bu məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsində əmək haqqının və son haqq hesabın ödənilməsi tələbi ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Yasamal Rayon Məhkəməsinin Qətnaməsi ilə 9419 manat əmək haqqı nəzərə alınmaqla əmək haqqı hesablanaraq, həmin ayların əmək haqqından qalan 16625 manat fərq cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilib. Hüquqlarını müdafiə etdiyi şirkət də həmin pulu tam olaraq iddiaçıya ödəyib. Hətta qərardan apellyasiya şikayəti belə verməmişlər. Çünki həqiqətəndə əmək haqqında az ödəmələr var idi. Sadəcə indi iddiaçının iddiasını qəbul etmirlər. Səbəbi də odur ki, Əmək qanunvericiliyində göstərilib ki, işçi o vaxt gecikmə ilə bağlı ən az 1 faizi tələb edə bilər ki, tərəflər arasında məhkəmə mübahisəsi olmasın. Məhkəmə mübahisəsi olduğu zaman işçinin gecikməyə görə ən az 1 faizi tələb etmək hüququ olmur. Bu Əmək qanunvericiliyinin birbaşa imperativ normasıdır. Qarşı tərəf hətta bu tələbi əvvəlki məhkəmə iclasında qoysaydı, Ayaz Məmmədov bu tələbi rədd edəcəkdi. Çünki burda məhkəmə mübahisəsi var. Bunu məhkəmə təcrübələrindən də deyə bilər ki, bu cür iddia təmin edilmir. Bu baxımdan tələbin təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Əmək Məcəlləsinin 172.5–ci maddəsində qeyd edilmişdir ki, əgər işəgötürənin təqsiri ucabtından baş verirsə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Təqsirlərdən birini misal çəkə bilər. Məsələn, müəssisənin hesabında pulun olub-olmamasını yoxlamaq lazımdır. Bunu da banka sorğu verərək öyrənmək olar. Əgər müəssisənin hesabında pul ola-ola işçinin pulunu vermirsə burada təqsir vardır. Burada da iş materiallarına nəzər yetirmişdir və düşünür ki, vətəndaşın pulu ödənməlidir. Belə ki, tərəfin bunu bu vaxta kimi mübahisələndirməyib, sonradan mübahisləndirməsi onun hüququdur. Habelə ödənc işəgötürənin təqsirinin sübuta yetirilməsindən sonra tələb oluna bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3150/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, 2021-ci ilin yanvar ayı, fevral ayı və mart aylarının işlənmiş günləri üçün aylıq 9419 manat əmək haqqı nəzərə alınmaqla əmək haqqı hesablanaraq, həmin ayların əmək haqqından qalan 16625 manat fərqin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsində əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3150/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, 2021-ci ilin yanvar ayı, fevral ayı və mart aylarının işlənmiş günləri üçün aylıq 9419 manat əmək haqqı nəzərə alınmaqla əmək haqqı hesablanaraq, həmin ayların əmək haqqından qalan 16625 manat fərqin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh MMCyə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək əmək haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün 9419 manat məbləğində əmək haqqının 4 faizi miqdarında hesablanmaqla 324 gün gecikdirməyə görə 121.824 manat ödəncin, 50 manat mediasiya haqqının və vəkilə ödənilmiş 500 manatın cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi bir dəfə İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə məhkəmə qətnaməsi çıxarılmış və qətnamə icraya yönəldilmişdir. Belə ki, iddiaçı ilkin olaraq məhkəməyə müraciət edən zaman faizlə bağlı məsələni mübahisələndirməmiş, lakin məhkəmə icraatı zamanı əmək haqqının məbləği və işəgötürən tərəfindən ödənilməməsi mübahisə predmeti olmuşdur. Qanunvericiliyin tələbindən göründüyü (Əmək Məcəlləsinin 172.5-ci maddəsi) hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi yalnız o halda verilməlidir ki, əgər bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa. Hazırda məhkəmə iclasında müəyyən edilmişdir ki, işçiyə əmək haqqının məbləğinin müəyyən edilməsi və onun ödənilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin əmək mübahisəsi iddiaçının xeyrinə nəticələnmişdir. Belə olan halda məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar