Məhkəmə qərarları › İş №e-2(004)-2136/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2136/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2136/2022 20.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1127,85 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında 05.04.2019-cu il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarşılıqlı müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, 01.02.2021-ci il tarixli e-2(004)- 779/2021-saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış 01.03.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini"xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyatı orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh 12.04.2021-ci il tarixində ödənilən 600 manat və 03.05.2021-ci il tarixində ödənilən 6929 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 1127,85 manat məbləğində xidmət haqqı ödənilmişdir. Qeyd edilən 18.01.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində 1127,85 manat məbləğində xidmət haqqı ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 23.06.2021-ci il tarixli təhvil aktından görünür ki, "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış 01.03.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci maddəsinə əsasən hər ay üzrə icra olunan işlərə görə xidmət haqqı ödənilməlidir. "xxxx" MMC -nin icraatında olan işlərdən 2021-ci ilin may ayı üzrə “istehlak” (bireysel) krediti üzrə borclu müştərilərin geri ödənişlərinin 13120,56 AZN 15 % xidmət haqqının – 1968,084 AZN və geri ödənişin 2780,79 AZN (1635,76 ABŞ dolları) 15 % xidmət haqqının-417,118 AZN icra edilərək “X1 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir. İş materiallarında 25.05.2021-ci il tarixli 07 saylı Aktdan görünür ki, "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış 01.03.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən 2021-ci ilin aprel ayı üzrə "xxxx" MMC tərəfindən istehlak (bireysel) krediti üzrə borclu müştərilərin geri ödənişlərinin 5024, manat 15% xidmət haqqının 753,61 manat icra edilərək “X1 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir. İş materiallarında elektron qaimədən görünür ki, "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış 01.03.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən 2021-ci ilin may ayı üzrə hüquqi məsləhətlər üzrə xidmətlərin göstərilməsi üçün “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 2385,20 manat ödənilməlidir. İş materiallarında elektron qaimədən görünür ki, "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış 01.03.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən 2021-ci ilin aprel ayı üzrə hüquqi məsləhətlər üzrə xidmətlərin göstərilməsi üçün “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 753,618 manat ödənilməlidir. İş materiallarında 25.05.2021-ci il tarixli cədvəldən görünür ki, digər müştərilərlə yanaşı, Cavabdeh tərəfindən 12.04.2021-ci il tarixdə 600 manat ödəniş həyata keçirilmiş, buna görə "xxxx" MMC tərəfindən həmin məbləğin 15 faizi məbləğində 90 manat xidmət haqqı hesablanmışdır. İş materiallarında 23.06.2021-ci il tarixli cədvəldən görünür ki, digər müştərilərlə yanaşı, Cavabdeh tərəfindən 03.05.2021-ci il tarixdə 6919 manat ödəniş həyata keçirilmiş, buna görə "xxxx" MMC tərəfindən həmin məbləğin 15 faizi məbləğində 1037,85 manat xidmət haqqı hesablanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 01.03.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən "xxxx" MMC ümumilikdə 7529 manat pulun Cavabdeh tərəfndən “X1 Azərbaycan” QSC-yə ödənilməsi təmin edilmiş və bu ödənişlərə görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 1127,85 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 24.02.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh bank tərəfindən "xxxx" MMC -yə köçürülmüş 1127,85 manat məbləğin 5 iş günü müddətində “X1 Azərbaycan” QSC-yə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanları qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi icra məmuru tərəfindən həyata keçirilir. Qanunvericilikdə icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid edilməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən edilmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehlərdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar