Məhkəmə qərarları › İş №e-2(004)-2143/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2143/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2143/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdeh Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8000 manat pulun və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı borc olaraq pul istəmişdir. Cavabdeh iddiaçının bacısının həyat yoldaşı olduğundan qarşılıqlı inam-etimad olduğu üçün iddiaçı 2022-ci ilin sentyabr ayında borc olaraq cavabdehə 15500 manat borc vermişdir. Cavabdeh həmin borc məbləğindən iddiaçıya müəyyən hissədə ödəniş etmiş, hazırda isə onun iddiaçıya 8000 manat borcu qalmışdır. Cavabdehə iddiaçı tərəfindən şifahi müraciətlər edilməsinə baxmayaraq, o, borc məbləğini ödəməkdən imtina etmişdir. Belə ki, hazırda cavabdehin iddiaçının bacısı ilə münasibətləri pozulduğu üçün iddiaçıdan götürdüyü borcu bəhanələr gətirərək ödəməkdən imtina edir. Bundan başqa, iddiaçı cavabdehlə qohumluq əlaqələrini nəzərə alaraq, götürülən borc barədə notarial müqavilə bağlanmasına zərurət olmadığına əmin olmuş və bu səbəbdən, cavabdehlə notarial qaydada borc müqaviləsi bağlamamışdır. Cavabdehin iddiaçıdan həmin pul vəsaitini aldığını təsdiq edən telefon yazışmaları iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində cavabdehin onun bacısının həyat yoldaşı olduğunu göstərməsindən başqa, digər göstərdikləri real həqiqətə uyğun deyildir. Belə ki, cavabdeh heç vaxt Albina Ramazanovnadan borc pul almamış və ona hər hansı bir məbləğdə pul ödəməmişdir. İddiaçının bacısı Milena Ramazanovna cavabdehin həyat yoldaşı olmuşdur və 2022-ci ilin dekabr ayında cavabdehə qarşı nikahın pozulmasına dair iddia qaldırmışdır. Həmin ərəfələrdə Albina cavabdehdən özünün, anasının və qardaşının bacısı Milenaya, yəni cavabdehin həyat yoldaşına verdikləri pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh bu barədə ona bildirmişdir ki, cavabdeh ondan pul almamışdır, iddiaçının bacısı almışdır. Bu səbəbdən, pulunu da bacısından tələb etməlidir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş mobil telefon “Whatsapp” əlavəsindən də müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıdan hər-hansı bir məbləğdə borc pul alınmamışdır. “Whatsapp” əlavəsindən çıxarışda xx.xx.2022-ci il tarixdə cavabdeh soruşmuşdur ki, “yaz görək biz kimə nə borcluyuq?”. Milena isə həmin tarixdə cavab olaraq yazır ki, “7000+5000 Albinaya(bacısına), 1600+400 Marinaya (anasına), 1000 Timur(qardaşına)” borcludur. Bundan əlavə həmin tarixdə göstərir ki, Albinaya 500 üzlük üçün. Göründüyü kimi, ümumi məbləğ 15500 manat təşkil edir və cavabdehin Albinadan pul almadığı öz təsdiqini tapır. Ancaq iddiaçının bacısı olan Milena həmin pulu aldığına və cavabdehlə münasibətləri pozulduğuna görə bacısının pulunu qaytarmağı tələb etdiyinə görə cavabdeh tərəfindən Milenaya 7500 manat verilmişdir. Ona görə də, nə iddiaçının, nə də bacısının cavabdehə qarşı tələbi ola bilməz. Həmçinin qeyd edilməlidir ki, yuxarıda da qeyd edilən siyahıdan müəyyən edilir ki, tələb edilən pullar cavabdehin keçmiş həyat yoldaşı Milenaya bacısı, anası və qardaşı tərəfindən müxtəlif vaxtlarda verilib və onların adından Albinanın tələb etmə hüququ yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-778/2023 saylı qətnaməsindən görünür ki, X1 ilə Cavabdeh arasında 14 mart 2015-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş “Whatsapp” yazışmalarından görünür ki, xx.xx.2022-ci il tarixdə cavabdehin kimə borclu olmaları barədə sualına cavab olaraq Milena cavab olaraq yazmışdır ki, “7000+5000 Albinaya(bacısına), 1600+400 Marinaya (anasına), 1000 Timur(qardaşına)” borcludur. Bundan əlavə həmin tarixdə göstərir ki, Albinaya 500 üzlük üçün. Göründüyü kimi, ümumi məbləğ 15500 manat təşkil edir və həmin borcun Milena tərəfindən alınması təsdiq olunur. Həmin borc Milenaya verilmiş və ondan da tələb edilə bilər. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar