Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2148/2025 11.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "pul" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli Xidmət müqaviləsi üzrə ödənilmiş 1500 AZN, universitet ödənişi üçün alınmış 6800 AZN, ona dəymiş zərərin əvəzi olaraq 354.18 AZN məbləğin, ümumilikdə 8654.18 AZN məbləğin, vəkil üçün ödədiyi 320 AZN məbləğin, 108 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə onun arasında xx.xx.2024cü il tarixdə Müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən İcraçı tərəf (cavabdeh) Kiprdə yerləşən “X3” adlı universitetə onun qəbulu ilə bağlı xidmət göstərməyi və o, isə bunun müqabilində 1500 AZN ödəməyi öhdəsinə götürmüşdür. O, həm xidmət haqqını təşkil edən 1500 AZN məbləği, həm də Universitet üçün ödəyəcəyi məbləği və digər xərcləri nəzərdə tutaraq kredit götürməyi planlaşdırmışdı. İlkin 1500 AZN məbləği vermək üçün dostundan borc aldı və krediti götürəndə onun borcunu qaytarmağı və universitet ödənişini etməyi düşünürdü. Belə ki, xx.xx.2024 tarixində Rabitə Bank ASC-dən 10400 AZN kredit götürdü. Həmin məbləğdən 1500 AZN dostunun borcunu qaytardı. 4000 ABŞ dolları isə Universitet ödənişi üçün xx.xx.2024 tarixində M10 tətbiqi vasitəsilə cavabdehə köçürdü. Müqavilənin şərtindən də göründüyü kimi İcraçı tərəf (cavabdeh) Kiprdə yerləşən “X3” adlı universitetə onun qəbulu ilə bağlı xidməti icra etməli idi. Lakin oktyabr ayının əvvəllərində ona bildirdilər ki, onun universitetini “Kıbrıs Sağlık və Toplum Bilimleri” Universitetinə dəyişmişdirlər. Lakin bununla bağlı ondan hər hansı razılıq alınmamışdır. Belə olan halda o, müqavilədə nəzərdə tutulan universitetə qəbulu olmadığından, yəni müqavilə cavabdeh tərəfindən düzgün icra edilmədiyindən universitet qəbulunun ləğvini və 4 illik ödənişin geri qaytarılmasını tələb etdi. Onlar ona dəfələrlə bu prosedurun çətin olduğunu və ödənişin onlara qaytarılmasının müəyyən zaman alacağını bildirdilər. Daha sonra o, cavabdehdən universitetə ödənişi təsdiq edən qəbzi tələb etdi və qəbzə baxdıqda gördü ki, cəmi 3000 ABŞ dolları universitetə ödəniş etmişlər. Nəyə görə 3000 ABŞ dolları ödəniş etdiklərini və lakin ondan 4000 ABŞ dolları istədiklərini soruşduqda hər hansı bir cavab verə bilmədilər və tez bir 1000 dollar vəsaiti dərhal qaytarmaq niyyətində olduqlarını bildirdilər. Lakin onun iddia tələbi həm xidmət haqqını təşkil edən 1500 AZN, həm universitet ödənişi üçün ondan alınan 4000 ABŞ dolları, həm bu ödənişləri etmək üçün götürmüş olduğu kredit üzrə zərər məbləğindən ibarətdir. Götürdüyü kreditlə bağlı etdiyi zərər məbləği 354.18 AZN təşkil edir. Belə ki kreditin bu məsələ ilə bağlı xərclənən hissəsinə münasibətdə ödədiyi faizlər bu məbləği təşkil edir. Sübut qismində tərəfindən ödəniş qəbzləri, yazışmalar, müqavilə, kredit müqaviləsi, cavabdehə müraciət məktubu və s. təşkil edir. Məhkəmə prosesinin gedişində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdeh 1000 manat Kiprə ödənişin köçürülməsi ilə bağlı sübut təqdim etmişdir. Həmin sənədin əslini qarşı tərəfdən tələb etdiklərində növbəti iclasa təqdim edəcəklərini bildirmişdilər. Halbuki növbəti iclasa gəlməmişlər və Kiprin müqavilədə nəzərdə tutulmayan Universitetindən arayış təqdim etmişlər ki, guya ödəniş edilmişdir. Təqdim olunan Ziraat Bankasına guya aid olan köçürmə sənədinə baxdıqda açıq aşkar görünür ki, 3000 manatlıq ödəniş sənədi üzərində saxtakarlıq aparmaqla düzəldilmişdir. Belə ki, məbləğ hissəsində 1000 manat rəqəmlə yazılmağına baxmayaraq sözlə üç min yazılmışdır. Təkcə bu hal sənədin saxtalaşdırılmağının bariz nümunəsidir. Həmin sənədin əslinin təqdim edilməməsi də bu faktı təsdiq edir. MPM-in 265.4-cü maddəsinə əsasən Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Yuxarıdakıları nəzərə alaraq, cavabdeh təşkilatın bu əməllərində cinayət əlamətlərinin olduğunu nəzərə alaraq, xüsusi Qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “EDU MAX" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, mülki işlə əlaqədar iddiaçı tərəfin cinayət işinin başlanması ilə əlaqədar vəsatətinə münasibət olaraq bildirir ki, tərəflərindən məhkəməyə təqdim edilmiş bank qəbzi saxta deyil, həmin qəbzdə bank əməkdaşının texniki xətası nəticəsində yazılmış rəqəm səhvi olmuşdur. Onlar bankdan həmin qəbzdə olan texniki xətanın düzəldilməsini tələb etdiklərində bank onlara bildirmişdir ki, həmin üzrə ödəniş İddiaçı adına edilmişdir və qəbzdə düzəlişin edilməsi üçün İddiaçı özü müraciət etməlidir. Qəbzə baxanda görünür ki, həqiqətən də həmin ödəniş İddiaçı adından olmuşdur. Bundan başqa vəsatət sadəcə cəfəngiyatla dolu boş cümlələrdən ibarətdir və heç bir hüquqi əsası və saxta olmağını təsdiq edən heç bir faktiki halı yoxdur. Bundan başqa iddiaçı tərəf vəsatətdə qeyd edir ki, onlar məhkəmə iclasına gəlməkdən qəsdən yayınır. Halbuki, o, məhkəmə iclası olan tarixdə ölkə xaricində işgüzar səfərdə olmuşdur və bunu təsdiq edən təyyarə biletini sübut kimi təqdim edir. Bildirir ki, onlar iddiaçı qarşısında müqavilə üzrə üzərlərinə götürdükləri öhətliyi vaxtında və tam şəkildə yerinə yetirmişlər. Göstərdikləri xidmətin qarşılığında 1500 manat ödəniş almışlar. Müqavilə şərtlərinə diqqət yetirildiyində görünür ki, icraçı tərəf müqavilə üzrə öhdəliyi tam yetirdiyi təqdirdə ona edilmiş ödəniş geri qaytarıla bilməz. Xidmətin tam və qüsursuz yerinə yetirildiyi məhkəməyə sübut qismində təqdim etdikləri universitet qəbul sənədindən görünür. Həmin sənəd tərəflərindən iddiaçıya təqdim edilməyinə baxmayaraq iddiaçı həmin sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçı qeyd edir ki, guya icraçı tərəf onunla razılaşdırmadan tam başqa universitetə qəbul almış və ya bu prosesi düzgün icra etməmişdir. Halbuki, məhkəməyə təqdim etdikləri sənəddən görünür ki, icraçı öz öhtəliklərini tam icra etmiş və cavabdeh isə qəbuldan sonra özü etməli olduğu unversitet qeydiyyatını yerinə yetirməmişdir. Buna səbəb onun hərbi komisarlıqla bağlı probleminin olması və ölkədən çıxa bilməməsi olmuşdur. Bu hallar iddiaçı tərəfindən yazılmış votsap yazışmalarında və səs yazılarında öz əksini tapmışdır. Həmin yazışma və səs yazıları elektron yaddaş kartında məhkəməyə təqdim edilmişdir. Bundan başqa məhkəməyə təqdim etdikləri universitet tərəfindən verilmiş arayışdan görünür ki, onların köməyi ilə təhsil haqqı olaraq universitetə İddiaçı adından 4000 ABŞ dolları ödəniş edilmişdir və həmin ödəniş hansı hallarda geri qaytarıla biləcəyi də həmin arayışda açıq-aşkar yazılmışdır. Yəni, təhsil müəssisəsi ödənilmiş təhsil haqqının bir hissəsini yalnız o halda geri qaytarır ki, tələbənin ölkədən xaric edilməsi halı olarsa. Belə bir hal olmadığına görə də təhsil müəssisəsi ödənişi geri qaytarmır. Bundan əlavə İddiaçı hər hansı iddiası və ya tələbi varsa onu təhsil müəssisəsinə qarşı qaldırmalıdır. Yəni qeyd edilən 4000 ABŞ dolları miqdarında pul vəsaiti onların şirkətə ödənməmişdir və şirkət nümayəndəsi sadəcə ödəniş edilməsində İddiaçı köməklik etmişdir. Hesab edir ki, iddiaçı tərəfin iddiası məhkəməyə təqdim edilmiş əsaslı sübutlardan göründüyü kimi əsassızdır və rədd edilməlidir. Odur ki, iddia tələbi əsasssız olduğundan iddia ərizəsini rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən şifahi danışıqda ona başqa universitet qeyd edilmişdi. X7 ve X1 transfer olacağı bildirilmiş, lakin razılıq verməmişdi. Hərbi Komissarlıqla bağlı problemlər var idi, buna görə də vaxt istədi, lakin proses uzadıldı. Oktyabr ayında ona məlum oldu ki, ayrı-ayrı universitetlərdən söz gedirmiş. Verilən suallara cavab olaraq bildirmişdir ki, ona X4 deyilməmişdi. Sonuncu dəfə mart ayında (Novruz bayramında) danışıqlarında cavabdeh ona ödənişlərin geri qaytarılacağını bildirmişdi. Onun Universitetlə birbaşa əlaqə saxlamasına icazə vermirdilər, özləri həll edəcəklərini bildirirdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh “EDU MAX" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmiş, izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı ilə xidmət müqaviləsi bağlanılıb. Kiprdə yerləşən “X3” adlı universitetdə doktorantura pilləsinə qəbul üçün göstərilən xidmətə 1500 manat ödənilib. Həmçinin, iddia ərizəsində qeyd edilən 4000 ABŞ dolları isə Universitetə ödənilib. 3000 ABŞ dollarının köçürülməsi barədə qəbz mövcuddur. 1000 dollar vəsait isə depozit kimi ödənilib və bununla bağlı Universitetdən qəbz tələb etmişlər, lakin hələ göndərməyiblər. Qeyd olunan universitetə qəbul almışlar və qəbul sənədini iddiaçıya təqdim etmişlər. Əlavə olaraq, həmin sənədi məhkəməyə də təqdim etmişdir və bu şirkətin öz öhdəliyini yerinə yetirdiyini sübut edir. İddiaçının hərbi xidmətlə bağlı problemləri olduğuna və xarici passportu olmadığına görə adıçəkilən universitetə gedərək qeydiyyatını apara bilmir. Bununla bağlı yazışmaların surəti də məhkəməyə təqdim edilib. Başqa universitetdən qəbul almaqla bağlı iddiaçının dedikləri həqiqəti əks etdirmir. Bu məsələ ilə bağlı iddiaçı ilə yazışmaları olub. Belə ki, iddiaçı müəyyən müddətlər ərzində hərbi komissarlıqda tibbi müayinədən keçməli idi və buna görə də qeydiyyatla bağlı univeritetdən müddət verilməsini istəyir. Universitet isə iddiaçıya müddət verir, lakin noyabr ayından sonra kvotaya və dərslər başladığına görə universitet müddəti uzada bilmir. İddiaçı universitetin dəyişdirilməsinin mümkünlüyü barədə məlumat əldə etmək üçün şirkətə müraciət edir. Belə bir xidmətin təşkili barədə şifahi qaydada iddiaçı ilə razılıq əldə edilir. Lakin, iddiaçı xidmətdən imtina etdiyinə, təhsil və xidmət haqqını geri tələb etdiyinə görə xidmət həyata keçirilmir. Müqaviləyə əsasən, şirkətin öhdəliyi təhsil xidmətinin təşkili, yəni lazım olan sənədlərin toplanması, universitetdən qəbul alınmasından ibarətdir. Şəxs özü universitetə yaxınlaşaraq qeydiyyatını tamamlamalıdır. 1500 manat məbləğ universitetdən qəbul alınıb-alınmasından asılı olmayaraq xidmət üçün ödənilir. 4000 ABŞ dolları isə şəxs xaricə gedə bilmədikdə şirkət tərəfində köməklik göstərilməklə universitetə köçürülür. Həmin məbləğ şirkətin deyil, universitetin balansına ödənilir. Səs yazısında da qeyd edilir ki, iddiaçı qəbul sənədini və ödəniş qəbzlərini möhlət almaq məqsədilə hərbi komisssarlığa təqdim etmək üçün tələb edir. İddiaçı daha sonra universitetə qəbuldan imtina edərək pulları tələb edir. Lakin, 4000 ABŞ dolları universitetə ödəndiyi üçün şirkət geri qaytara bilməz. Yalnız, şəxsin ölkədən deportasiya olduğu halda təhsil haqqının 75%-i universitet tərəfindən geri qaytarılır. Hazırki işdə isə belə bir hal isə mövcud deyil. İddiaçı ümumiyyətlə qeydiyyat üçün universitetə getməyib. Şirkət yalnız öhdəliyini yerinə yetirmədikdə xidmət haqqını geri qaytarır. Ancaq şirkət birmənalı şəkildə öz öhdəliyini yerinə yetirmişdir. İddiaçı ölkəni tərk edə bilmədiyi üçün universiteti dəyişmək istəyir. Müqavilədə belə bir şərt olmasa da, bu barədə tərəflər arasında danışıq aparılıb. İddiaçı imtina etdiyi üçün başqa universitetə qəbul alınmayıb. İddiaçı başqa universitetə qəbul olduğu halda təhsil haqqının necə olacağı barədə məlumat istəyib, şirkət də izah edib ki, qəbul alınan universitetə müraciət edərək ödənilən təhsil haqqı yeni universitetə köçürülür. Razılıq əldə edilmədiyi üçün bu hal mümkün olmayıb. Verilən suallara cavab olaraq bildirmişdir ki, Universitet dəyişikliyi olmayıb. Avqust ayında qəbul aldıqdan sonra qəbul sənədini iddiaçıya təqdim etdilər. Bundan sonra hansı hərəkətlərin edilməli olduğu iddiaçıya izah edilib. İddiaçı hərbi komissarlıqla əlaqədar ölkədən çıxa bilməyib. Bu hal onlara məlum deyildi. Şirkət şəxsiyyət vəsiqəsi, diplom və digər sənədlər təqdim olunduqda universitetdən qəbul ala bilir. 3000 ABŞ dolları da 1000 ABŞ dolları ilə eyni qaydada köçürülüb. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, baxış iclasındada xarici ölkədə işgüzar səfərdə olduğuna görə üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və buna dair təyyarə biletini sübut qismində təqdim edərək, məhkəmə baxış iclasında yuxarıda qeyd edilən üzürlü səbəbdən iştirak edə görə məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilib, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh MMC (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli xaricdə təhsil xidməti üzrə müqaviləsinə əsasən, bu müqavilənin 1.2-ci bəndində göstərilən Kıbrısda yerləşən Kipr Elm Universitetinə (X3) accounting and finance ixtisası üzrə təhsil almaqla bağlı məsləhətçilik xidməti göstərilməsi, universitet qəbulu xidmətini öz üzərinə götürür, sifarişçi isə bu xidmətə görə müqavilədə göstərilən 1500 manat məbləği ödəməyi öz öhdəliyinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, icraçı yuxanda göstərilmiş Ali Təhsil Müəssəsilərinə müraciət zamanı bütün sənədlərin hazırlanmasına (tərcümə və notarial təsdiq) yardım; göstərilmiş Ali Təhsil Müəssəsilərinə, sənədlərinin göndərilməsinin təmini; WEB sayt və SMS məlumatlandınna xidməti ilə sifarişçinin sifarişinin statusu barədə məlumatlar vermək, İcraçı yuxarıda göstərilmiş Ali Təhsil Müəssisələrinə tələbənin qəbul olması ilə bağlı bütün lazimi xidmətləri öz öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə əsasən, Sifarişçi təhsil haqqını və göstərilmiş məbləği vaxtında ödəməli, təhsil almaq üçün müqavilədə qeyd olunmuş Respublikaya qeydiyyat üçün vaxtında getməli (əgər Universitet şərtlərində varsa) və müsahibədə iştirak etməlidir (əgər Universitet şərtlərində varsa). Müqavilənin 4.1-ci bəndinə əsasən, Bu müqavilənin öhdəlikləri İcraçı tərəfindən pozularsa, İcraçı zəruri tərcümə, təsdiq və notarius xərcləri xaric olmaqla məsləhət xidmətinə görə alman məbləğin 100 %-ni geri qaytarmalıdır. 4.2-ci bəndinə əsasən isə, bu müqavilənin öhdəlikləri Sifarişçi tərəfindən pozularsa, sifarişçi məsləhət xidmətinə görə ödədiyi ödənişi geri götürmək hüququna malik deyil. Kipr Elm Universitetinin CSU.GPHD.99D**********115 nömrəli təklif məktubunun (offer letter) məzmunundan görünür ki, İddiaçı sənədlərini diqqətlə nəzərdən keçirildikdən və qiymətləndirdikdən sonra Kipr Elm Universitetinə X5 (Fəlsəfə Doktoru) (İngilis Dili) proqramına Mühasibat və maliyyə sahəsinə 2024-2025-ci il/payız tədris ilinə 65% təqüdlə qəbul olunduğunu bildirilmişdir. Universitetə gəldikdən sonra ondan X6 Testindən keçmək tələb olunacaq. Proqramdan azad olunmaqla və ya X6 Testindən uğurla keçməklə proqrama davam edəcəkdir. Qəbul məktubunu almaq üçün ondan ilkin ödənişi (1000 ABŞ dolları təqaüdlə təhsil haqqı, 4000 ABŞ dolları təhsil depozitinin) qeyd olunan hesaba köçürməsi tələb edilmişdir. Təhsil depoziti geri qaytarılmır və birinci semestr üçün ümumi ödənişlərə tətbiq olunacaq. Məktubun üzərindəki QR koda daxil olduqda İddiaçı xx.xx.2024-cü il tarixdə Kipr Aydın Universitetinə qəbul olunduğu görünür. “M10” (by PashaPay) xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, +**********98 nömrəli hesabdan +**********11 nömrəli hesaba 6800 manat pul köçürülmüşdür. Kipr Elm Universitetinin xx.xx.2024-cü il tarixli tahsilat makbuzundan görünür ki, 3000 USD (ABŞ dolları) vəsait tələbə İddiaçı tərəfindən universitetin hesabına ödənilmişdir. Ziraat Bankası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli transfer-kassa çıxarışından görünür ki, Seymur Həsənli tərəfindən 3000 ABŞ Dolları vəsait Kipr Elm Universitetinin hesabına köçürülmüşdür. Ziraat Bankası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli transfer-kassa çıxarışından görünür ki, Seymur Həsənli tərəfindən 1000 ABŞ Dolları vəsait Kipr Elm Universitetinin hesabına köçürülmüşdür. Həmin məbləğin qarşısındakı mötərizədə isə 3000 ABŞ dolları qeyd olunmuşdur. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətin məzmunundan görünür ki, iddiaçı tərəfindən 2024-cü ilin oktyabr ayının 16 -da “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə bildirdiyi kimi, 2024-cü ilin avqust ayının 22-də onlara “M10” (by PashaPay) platforması üzərindən Kiprdə yerləşən “Cyprus Science” universitetində doktorantura üzrə təhsil almaq üçün ödədiyi 4 illik təhsil haqqının-4,000.00 USD (6.800.00 AZN ekvivalentində) və aralarında imzalanan xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə ödədiyi 1.500 AZN məbləğin geri qaytarılmasının təmin edilməsi tələb edilmişdir. PulPal MMC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən Abşeron Rayon Vəkil Bürosuna 320 manat məbləğində pul ödənilmişdir. Kipr Aydın Universiteti tərəfindən Cavabdeh Təhsil Konsultasiya Mərkəzinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı (AA*******) adlı tələbə Edu Max Təhsil Agentliyi vasitəsilə universitetlərinə müraciət etmiş və bununla əlaqədar 4.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Tələbəyə rəsmi qəbul məktubu tərtib edilməsinə baxmayaraq şəxsən universitetə gəlib yekun qeydiyyatını sonlandırmamışdır. Universitetin qanunlarına əsasən tələbəyə vizadan imtina və ya deport (deportasiya) kimi vəziyyətlərlə bağlı sənədləşdirmə olmuşdursa həyata keçirilən ödənişin 70%-i geri qaytanla bilər. Bu şərtlər xaricində hər hansı bir məbləğin qaytarılmasından söhbət gedə bilməz. Nəzərə alınması xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə baxışında tədqiq olunmuş yazışmalar və səs yazılarından həmin danışıqların İddiaçı ilə Cavabdeh MMC-nin direktoru Ramazan Səfərov arasında keçməsi, həmin danışıqlarda iddiaçı tərəfindən cavabdehə təhsil haqqı ödənişlərinin edilməsi, daha sonra ona universitetdən qəbul cavabının gəlməsi, lakin hərbi komissarlıqdan möhlət verilməsi yubanacağı üçün iddiaçının qeydiyyatı tamamlamaq üçün Kiprə gedə bilməməsi, bu səbəbdən müqavilə üzrə ödədiyi 1500 manat və təhsil haqqı olaraq 6800 manat pulun geri qaytarılmasını tələb etməsi, universitetə qəbuldan imtina etməsi müəyyən edilir. X2 tərəfindən iddiaçıya ödənişin geri qaytarılması yönündə çalışdıqları, Universitet tərəfindən ödəniş qaytarılacağı təqdirdə müəyyən tutulmalar ola biləcəyi qeyd olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4-cü maddəsinə əsasən, Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 447.1-ci maddəsinə əsasən, Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.4-cü maddəsinə əsasən, Müqavilədən imtina üçün əsasların baş verəcəyi aşkar olduqda kreditor müqavilədən icra müddəti qurtaranadək imtina edə bilər. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə araşdırması zamanı, müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli xaricdə təhsil xidməti üzrə müqaviləsinə əsasən, Cavabdeh MMC iddiyaçıya Kıbrısda yerləşən Kipr Elm Universitetinə (X3)“accounting and finance” ixtisası üzrə təhsil almaqla bağlı məsləhətçilik xidməti göstərilməsi və universitet qəbulu xidmətini öz üzərinə götürmüş, sifarişçi isə bu xidmətə görə müqavilədə göstərilən 1500 manat məbləği ödəməyi öz öhdəliyinə götürmüşdür. İddiaçı tərəfindən müqavilədə qeyd olunan 1500 manat cavabdehə ödənilmiş, daha sonra isə xx.xx.2024-cü il tarixldə 6800 manat pul vəsaiti universitetin hesabına köçürülmüşdür. İddiaçı hazırki iddia ərizəsi müqavilə üzrə və təhsil haqqı olaraq universitə görə ödədiyi vəsaitlərin, həmçinin ona dəymiş maddi ziyanın əvəzinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iddia tələbini ödənilmiş təhsil haqqı və xidmət haqqının tutulması hissəsində əsaslı hesab edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən, Bu müqavilənin öhdəlikləri İcraçı tərəfindən pozularsa, İcraçı zəruri tərcümə, təsdiq və notarius xərcləri xaric olmaqla məsləhət xidmətinə görə alınan məbləğin 100 %-ni geri qaytarmalıdır. İşin hallarından görünür ki, cavabdeh iddiaçıya Kipr Elm Universitetinə qəbul edilməsi ilə bağlı xidmətlər göstərilməsi ilə bağlı müqavilə bağlamış, lakin cavabdeh müqaviləfə nəzərdə tutulmuş universitetə deyil, Kipr Aydın Universitetinə qəbul xidmətini həyata keçirmişdir. İş materiallarında olan Kipr Aydın Universiteti tərəfindənCavabdeh Təhsil Konsultasiya Mərkəzinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı (AA*******) adlı tələbə Edu Max Təhsil Agentliyi vasitəsilə universitetlərinə müraciət etmiş və bununla əlaqədar 4.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Daha sonra iddiaçı hərbi komissarlıqdan möhlət verilməməsi ilə bağlı universitetə qəbuldan imtina etmiş və cavabdehən ödənişin geri qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq cavabdeh vəsaiti geri qaytarmamış, iddiaçıya universitetlə danışıqlar aparıldığını və vəsitin geri qaytarılacağını vəd etmişdir. Universitetin rəsmi qəbul məktubunda Kıbrıs İlim Universitetinin adı qeyd edilsə də, məktubun üzərindəki QR koda daxil olduqda, tələbənin Kıbrıs Aydın Universitetinə qəbul olunduğunu müəyyən etmək olur. Göründüyü kimi cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə zidd olaraq iddiaçının razılığı olmadan onu digər universitetə qəbul etdirməsinə çalışmışdır. Bu hal tərəflər arasında olan yazışmalardan və səs yazılarından da öz təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə ödənilmiş 1500 manat xidmət haqqı və 6800 manat təhsil haqqı ödənişi, ümumilikdə 8300 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin dəymiş maddi zərərin tutulması hissəsinə münasibətdə iddia tələbini kifayət qədər əsaslandırılmış hesab etmir. Belə ki, ona dəymiş zərəri sübuta yetirən mötəbər sübutları (kredit müqaviləsi, ödəniş qəbzləri və s.) iş materiallarına əlavə etməmişdir. Halbuki, qanunvericiliyə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, PulPal MMC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən Abşeron Rayon Vəkil Bürosuna 320 manat məbləğində pul ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, hüququ yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə məhkəmə hesab edir ki, iş üzrə xüsusi qərardadın çıxarılmasına əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəyə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zamanı proses iştirakçılarının əməllərində cinayətin əlamətləri aşkar edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən 8300 (səkkiz min üç yüz) manat pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 103 (bir yüz üç) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 8300 (səkkiz min üç yüz) manat pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 103 (bir yüz üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2148/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2148/2025
11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver