Məhkəmə qərarları › İş №e-2(004)-2182/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2182/2025

25.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2182/2025 25.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh ASC "xxxx" Bankının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh ASC "xxxx" Bankına qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh ASC "xxxx" Bankına qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 dekabr 2022-ci il tarixdə cavabdeh xxxx ilə İddiaçı arasında bağlanmış XB-K1 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı cavabdeh ASC-nin Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı işlədiyi dövrdə heç bir intizam pozuntusuna yol verməmiş, kollektivdə həmişə müsbət işçi olaraq fərqlənmiş, öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini daim vaxtında və vicdanla icra etmiş, işlədiyi dövrdə barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. xx.xx.2024 tarixdə iş yerində İddiaçıla filialın kiçik referenti Firuzə İbrahimi arasında kiçik insident olmuş, lakin insident dərhal həll olunmuş, işçilərin bir-birilərinə qarşı şikayəti olmamışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə İddiaçı Baş ofisdən dəvət olunaraq onunla söhbət aparılmış, yaxşı işçi olması diqqətinə çatdırılaraq bir daha iş yoldaşı ilə arasında belə bir hadisəyə yol verməməsi tapşırılmış və məsələnin bitdiyi, işinə davam edə biləcəyi bildirilərək prosedur tələbi səbəbi ilə izahat verməsi tələb olunmuş, İddiaçı isə hər şeyin yolunda getdiyini düşünərək onların diktəsi ilə F.İbrahimi ilə aralarında kiçik insident olması, hazırda aralarında heç bir kinin (mübahisənin) olmadığı barədə izahat vermişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə hər iki ildən bir əmək müqaviləsi yeniləndiyindən həmin tarixdə yenidən onunla əmək müqaviləsi bağlanılmış və yeni əmək müqaviləsi üzrə əmək haqqına 20 manat əlavə edilmişdir. xx.xx.2024-cü il tarixdə son iş günündə baş ofisdən və filial direktorundan işdən çıxarıldığını eşitmiş, iş gününün sonunda kadrlar şöbəsinin işçisi Anar adlı şəxs imzalaması üçün iddiaçının elektron poçt ünvanına öz xahişi ilə işdən çıxma ərizəsini göndərmiş və imzalayıb geri göndərməyi tələb etmiş, İddiaçı isə bundan imtina etmişdir. Sonra kassanın İddiaçı Daşqın adlı işçiyə təhvil verilməsi tələb edilmiş, kassa Daşqınla birgə sayılaraq təhvil verilmişdir. Günün sonunda kassanı Daşqın adlı işçi, direktor və baş mühasib bağlamışlar. xx.xx.2025-ci tarixdə İddiaçı işə gəlib 1 saat işlədikdən sonra filial direktoru yanına çağıraraq ərizəsini öz xoşu ilə yazmasını tələb etmiş, F.İbrahimini də 10 gündən sonra işdən çıxardacaqlarını bildirmişdir. İddiaçı isə nə özünün, nə də Firuzənin işdən çıxarılmasının tərəfdarı olmadığını bildirmişdir. Sonra kassadan çıxmağı tələb olunmuş, lakin iddiaçı filialı iş gününün sonunadək tərk etməmiş, mətbəxdə və zalda gözləmiş, iş günün sonunda ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarıldığı bildirilmişdir. Beləliklə də səbəbsiz yerə iddiaçının 12 illik ideal karyerasına və işgüzar nüfuzuna xələl gəlmişdir. Nəticə etibarı ilə cavabdeh müəssisənin (işəgötürənin) xx.xx.2025ci il tarixli, XB-Kİ-6.1.2025-001 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, ya xud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Lakin, hazırkı mübahisə üzrə heç bir əsaslandırılmış əmr mövcud deyil. Ümumiyyətlə iddiaçının hansı pozuntuya yol verdiyi, onun yol verdiyi pozuntunun müəssisədə işin və ya xidmətin normal ahəngini hansı şəkildə pozduğuna dair əmrdə heç bir cümlə (əsaslandırma) mövcud deyil hazırkı mübahisə üzrə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli XB-Kİ-6.1.2025-001 nömrəli əmrdə isə işçinin yol verdiyi pozuntuların Əmək Məcəlləsinin 71-ci maddəsinə uyğun olaraq müəssisədə işin və ya xidmətin normal ahəngini hansı şəkildə pozmasına dair heç bir əsaslandırma və ya sübut yoxdur. Xitam əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilsə də işçinin yol verdiyi pozuntunun nədən ibarət olması, onun işdən çıxarılma səbəbinin izahı verilməmiş, beləliklə də AR Əmək Məcəlləsinin70-ci maddəsində qeyd edilmiş əsasların hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İddiaçı haqlı olaraq işə bərpa olunma tələbi ilə müvafiq dövlət qurumlarına şikayət etməyə başlamış, həmçinin, təşkil edilmiş mediasiya prosesində cavabdeh təşkilatın nümayəndəsi “işçinin kassanı gec bağladığı üçün işdən azad edildiyini” şifahi olaraq bildirmiş, lakin əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq əmrdə bu əsaslandırma öz əksini tapmamışdır. İddiaçıla F.İbrahiminin arasında baş vermiş kiçik mübahisə zamanı qeyd edilən maddədə göstərilən əsaslardan heç biri baş verməmişdir. Məhz elə bu səbəbdən də işəgötürən dərhal bir bəhanə ilə çıxış etmək məcburiyyətində qalmış, mediasiya prosesində İddiaçı işdən çıxarılma səbəbi cavabdeh təşkilatın nümayəndəsi tərəfindən iş yerində baş vermiş kiçik mübahisə kimi deyil, həmin hal təhrif olunaraq “İddiaçı tərəfindən kassanın gec bağlanması” kimi diqqətə çatdırılmışdır. Amma alınmış izahatdan da aydın görünür ki, izahat iki şəxsin arasında yaranmış mübahisədən dolayı alınmış, izahatda işçi qarşısında kassanı gec bağlaması ilə bağlı heç bir sual qpyulmamış və izahatda ümumiyyətlə bu məsələyə toxunulmamışdır. İşəgötürən heç bir səbəb olmadan sadəcə gətirdiyi bəhanə ilə işçini işdən azad etməklə AR ƏM-nin 69-cu maddəsinin (əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) 1-ci bəndinin də tələbini pozmuşdur. Belə ki, AR ƏM-nin qeyd edilən maddəsinin 1-ci bəndində qeyd edilir ki,“İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər”. Yəni, həmin maddə işçinin öz daxili iradəsi əsasında işdən çıxma barədə ərizə verilməməsinin mümkünlüyünü özündə ehtiva edir. Lakin, hazırkı mübahisə üzrə işəgötürənin təyin etdiyi filial rəhbəri və həmin rəhbərə bilavasitə tabe olan kadrlar şöbəsinin əməkdaşı iddiaçını işdən çıxma barədə ərizə yazmağa məcbur etmiş, iddiaçı bundan imtina etdikdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişlər. İddiaçı əvvəllər də fərqli banklarda işləmiş, işlədiyi dövrdə barəsində nəinki heç bir inzibati tənbeh tədbiri tətbiq edilməmiş, hətta xəbərdarlıq belə almamış və kollektiv arasında böyük hörmət qazanmışdır. Sonuncu iş yeri olan "xxxx" Bankı ASC-nin Xaçmaz filialında işlədiyi dövrdə də xəbərdarlıq almamış, barəsində heç bir inzibati tənbeh tədbiri tətbiq edilməmiş və həmişə filialın müdiri tərəfindən işinin peşəkarı kimi tanınmışdır. 2023-cü ildə İqtisadıyyatın Tənzimlənməsi ixtisası üzrə dövlət hesabına magistraturaya daxil olmuş, Bankda yerdəyişmə olmadığından təhsilini dayandırmaq məcburiyyətində qalmış və bu barədə heç bir şikayəti olmamışdır. Himayəsində anası və 2 yaşında olan azyaşlı uşağı vardır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ASC "xxxx" Bankın nümayəndəsi və vəkili Vəkil3 izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan işçi İddiaçı ilə işəgötürən ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən müəyyən edilir ki, İddiaçı müddətsiz əmək müqaviləsi əsasında ASC "xxxx" Bankın Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına İddiaçı əmək kitabçasının surəti əlavə edilmişdir. İş materiallarında olan ASC "xxxx" Bankın xx.xx.2025-ci il tarixli XB-Kİ-6.1.2025-001 nömrəli əmrinə əsasən müəyyən edilir ki, ASC "xxxx" Bankın Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin əsasını İddiaçı, F.H.İbrahimin yazılı izahatları ..... təşkil edir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən müəyyən edilir ki, mübahisə üzrə mediasiya təklifi barədə bildiriş xx.xx.2025-ci il tarixdə göndərilmiş, xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. İş materiallarında olan ASC "xxxx" Bankın xx.xx.2025-ci il tarixli BO-XO-4.2.2025- 004XB-K1-6.1.2025-001 nömrəli əmrinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan xx.xx.2025-ci il tarixli XB-Kİ-6.1.2025-001 nömrəli əmr yeni redaksiyada verilmiş, əmrin hazırlanmasında texniki xətaya yol verilməsi əsası ilə əmrin əsasından İddiaçı, F.H.İbrahimin yazılı izahatları sözlərinin çıxarılması qərara alınmışdır. Əsas kimi Bankı "xxxx" filialının direktoru M.C.Əliquliyevin xidməti məktubu .... əlavə edilmişdir. İş materiallarında olan ASC "xxxx" Bankın Xaçmaz filialının direktoru X1 İdarə Heyətinin sədrinə ünvanlanmış məktubundan qeyd edilmişdir ki, ASC "xxxx" Bankın Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixdə Bankın kassasını bağlanmasını gecikdirməsi və kassanı 19:45-də bağlaması barədə izahat verməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 186-cə maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. Əmək Məcəlləsinin 186-cı maddəsinin (əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, işçi İddiaçı ilə işəgötürən ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı müddətsiz əmək müqaviləsi əsasında ASC "xxxx" Bankın Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsinə işə qəbul edilmişdir. ASC "xxxx" Bankın xx.xx.2025-ci il tarixli XB-Kİ-6.1.2025-001 nömrəli əmrinə əsasən ASC "xxxx" Bankın Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin əsasını İddiaçı, F.H.İbrahimin yazılı izahatları ..... təşkil edir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən mübahisə üzrə mediasiya təklifi barədə bildiriş xx.xx.2025-ci il tarixdə göndərilmiş, xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. ASC "xxxx" Bankın xx.xx.2025-ci il tarixli BO-XO-4.2.2025-004XB-K1- 6.1.2025-001 nömrəli əmrinə əsasən mübahisə predmeti olan xx.xx.2025-ci il tarixli XB-Kİ- 6.1.2025-001 nömrəli əmr yeni redaksiyada verilmiş, əmrin hazırlanmasında texniki xətaya yol verilməsi əsası ilə əmrin əsasından İddiaçı, F.H.İbrahimin yazılı izahatları sözlərinin çıxarılması qərara alınmışdır. Əsas kimi Bankı "xxxx" filialının direktoru M.C.Əliquliyevin xidməti məktubu .... əlavə edilmişdir. ASC "xxxx" Bankın Xaçmaz filialının direktoru X1 İdarə Heyətinin sədrinə ünvanlanmış məktubuna əsasən ASC "xxxx" Bankın Xaçmaz filialının “müştəri xidməti şöbəsi”ndə "xxxx" vəzifəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixdə Bankın kassasını bağlanmasını gecikdirməsi və kassanı 19:45-də bağlaması barədə izahat verməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan əmr əsaslandırılmamışdır. Həmçinin, məhkəmə iclaslarında əmrin əsaslılığı sübuta yetirilməmişdir. Cavabdehin arqumenti qisməndə göstərilir ki, işçinin işdən çıxarılmasının əsası qismində xx.xx.2024-cü il tarixdə kassanın bağlanmasını gecikdirməsi çıxış edir. Sözügedən arqumentə münasibətdə məhkəmə qeyd edir ki, kassanın bağlanma vaxtına dair hər hansı qanuni əsas və ya cavabdeh bankın daxili qaydası mövcud deyildir. 29 dekabr tarixinin ilin sonuncu iş günü olması nəzərə alınmaqla son maliyyə əməliyyatlarının işçi tərəfindən icra edilməsi iş vaxtından artıq işləyən işçinin mənafeyinə uyğun olmasa da bankın mənafeyinə uyğundur. Kassanın gec bağlanması halı mövcud olmuşdursa da, bu o deməkdir ki, işçi iş vaxtından artıq işləmiş və işəgötürən qarşısında əmək funksiyalarını müqavilədə nəzərdə tutulmuş iş saatından artıq yerinə yetirmişdir. Kassanın gec bağlanmasının işəgötürənin hansı qanuni maraqlarına ciddi zərər vurması, nəticədə Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən dispozitiv şərtlərin yaranması barədə cavabdeh tərəfindən heç bir ağlabatan mülahizə bildirilməmişdir. Nəzərə alınır ki, iddiaçı ümumiyyətlə kassanı gec təhvil verməsi xüsusatını qəbul etməməklə bildirir ki, əslində ona rəhbərlik tərəfindən işdən çıxarılacağı bildirildiyindən və təhvil-təslim tələb edildiyindən o, kassanı həmin gün saat 17 radələrində təhvil vermişdir. Bundan əlavə, mübahisə predmeti olan əmrə sonradan düzəliş edilməsi və işin faktiki əsasını təşkil edən halların (izahatlar) əmrdən çıxarılmasının texniki səhv olması ağlabatan deyildir. Nəzərə alınmalıdır ki, kadr resursu geniş olan işəgötürən qismində bankın mübahisə predmeti olan əmrə işin faktiki hallarına uyğun “xəta”nı səhvən daxil etməsi, mübahisə üzrə mediasiya prosedurası başladıqdan dərhal sonra əmrə düzəliş etməsi anlaşılan deyildir. Əmrin ilkin versiyası bəlkə də işçi barədə hər hansı intizam tədbirinin tətbiq edilməsinə əsas ola bilsə də, sonraki versiyası işçinin intizam məsuliyyətini tam aradan qaldırır. Bu o deməkdir ki, prezumpsiya olaraq iddiaçının iddia ərizəsində göstərdiyi faktiki xüsusatlar həqiqətə uyğundur, bunun əski işəgötürən tərəfindən sübuta yetirilmir. İşçi barədə əvvəllər hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Məsələ əgər kassanı gec bağlamaqdırsa da, işəgötürən ilk dəfə baş vermiş bu hala görə hansı səbəbə digər tənbeh tədbirlərini (xəbərdarlıq, töhmət, şiddətli töhmət və s.) deyil, ən ağır tənbeh tətbiq etməsinin zəruriliyi nə əmrdə, nə də məhkəmə iclaslarında əsaslandırılmamışdır. Əgər kassanın gec bağlanması işəgötürənin mənafeyinə ciddi zərər vura bilərsə, bununla bağlı kassir məsuliyyət daşıyan kimi, digər vəzifəli şəxslər də məsuliyyət daşımalıdırlar. Əgər pozuntu varsa da, subyektlərə (rəhbərlik, işçilər) fərqli münasibətlərin sərgilənməsi subyektlərin qanun qarşısında bərabərliyi prinsipinə uyğun olmamaqla diskriminasiyaya səbəb ola bilər. ASC "xxxx" Bankın Xaçmaz filialının direktoru X1 İdarə Heyətinin sədrinə ünvanlanmış məktubunda bir cümlə ilə işçinin izahat verməkdən imtina etdiyini qeyd etsə də, bu barədə digər işçilərin iştirakı ilə hər hansı akt tərtib edilməmiş, faktla bağlı (əgər baş vermişdirsə) digər işçilərin izahatları alınmamış, izahat verilməməsinin səbəbləri qeyd edilməmiş, iddiaçı olan işçiyə izahat verməsi barədə işəgötürən tərəfindən təklif edilməsi sübuta yetirilməmişdir. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin tərəfi kimi formal olaraq bərabər olmasına baxmayaraq, faktiki münasibətlər, işəgötürənin üstün səlahiyyətləri (sərəncam hüququ, texniki, maddi, maliyyə, kadr imkanlarının üstünlüyü və s.) baxımından işçi və işəgötürən bərabər deyildir, işəgötürən üstün (güclü) tərəfdir. Sübutetmə yükü baxımından mülki iş üzrə araşdırma nəticəsində qənaətə gəlinir ki, işçi İddiaçı iş yoldaşı olan F.H.İbrahimlə aralarında yaranmış xırda konfliktə görə məhz iş yerinin rəhbərliyi ilə şəxsi münasibətlər zəminində qanunsuz olaraq işdən çıxarılmışdır. Məhkəmə mülki işə iddia tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, şəxsi mülahizələr əsasında məhkəmədə müvafiq mövqe formalaşdırılmağa çalışılmışdır. Məhkəmə isə izah edir ki, işçinin barəsində tətbiq edilən intizam tədbirinin qanuniliyi və əmələ münasibətdə proporsionallığı sübuta yetirilməlidir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan cavabdehin üzərindədir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Müəyyən edilir ki, mübahisələndirilən əmr qanunsuzdur və ləğv edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh xxxxn İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli XB-Kİ-6.1.2025-001 nömrəli əmri ləğv edilməli, İddiaçı vəzifəsinə işə bərpa edilməli və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı hesablanaraq cavabdeh xxxx tərəfindən İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh ASC "xxxx" Bankına qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xxxxn İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli XB-Kİ-6.1.2025-001 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilsin. Məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı hesablanaraq cavabdeh xxxx tərəfindən İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar