Məhkəmə qərarları › İş №e-2(004)-2190/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2190/2022

13.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2190/2022 13.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, maneənin aradan qaldırılması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, maneənin aradan qaldırılması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslndırılmışdır ki, xx.xx.2013-cü il tarixdə cavabdehin oğlu X7 ilə onun arasında Yasamal rayonu qeydiyyat şöbəsində 1092-ci nömrəli aktla nikah bağlanmışdır. Həmin nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. O və uşaqları ünvan 1 ünvanda qeydiyyatdadırlar. Faktiki olaraq o, uşaqları və yoldaşı həmin mənzildə yaşayırlar. Onun bütün cehizləri həmin mənzildədir. Mənzil dörd otaqdan ibarətdir. Lakin son bir ildə onun qaynanası Cavabdeh ilə münasibətləri korlanmışdır. Cavabdeh onun həmin evdə yaşamağını istəmədiyini birldirmişdir. Ona görə də o və uşaqları məcburi olaraq həmin evdən çıxaraq atasının evində yaşamaq məcburiyyətində qalmışdır. Onun əri isə həmin evdə yaşamaqda davam edir. Əri belə vəziyyətdə iki ev arasında qalmışdır. O, dəfələrlə anasına ailəsini evə buraxılmasını xahiş etsə də anası maneçilik törədir və bildirir ki, onu və uşaqları evində görmək istəmir. Artıq o görür ki, onun yoldaşı da bu vəziyyətdən mənəvi psixoloi olaraq yorulmuşdur. Onun ailəsi hər dəqiqə dağıla bilər. O, uşaqlarını atasız böyütmək istəmir. Eyni zamanda onun bütün cehiz əşyaları həmin evdədir. Artıq ailəsinin qorunması və uşaqlarının rifahı üçün o mənzilin ona aid hissəsində yaşamaq üçün şərait yaradılması, həmin mənzilə onun və uşaqlarının köçməyinə maneçilik törətməməsi üçün cavabdehə imkan verilməməsi ilə əlaqədar Mediasiya şurasına müraciət etmişdir. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin əsasən İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2). O əri ilə boşanmamış, həmin mənzildə qeydiyyatdadır və bütün əşyaları həmin mənzildədir. O və uşaqları ərinin ailə üzvüdür və qeydiyyata düşəndə mülkiyyətçinin razılığı əsasında qeydiyyata düşmüşdür. Göstərilənlərə əsasən ünvan 2, 2 nömrəli mənzilə onun, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 və mənzildən istifadə etməklərinə maneçilik törətməyin Cavabdeh qadağan olunması; həmin mənzilin bir otağını onun və ailə üzvlərinin (əri, uşaqları) istifadəsinə verilməsi, umumi istifadədə olan dəhliz, balkon, mətbəx, sanitar qovşağının Cavabdeh ilə birgə istifadənin müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildirişlər cavabdehin qeydiyyatda olduğu yer üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı, 888648 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X2 xx.xx.2013-cü il tarixdə nikaha daxil olmu, nikah bağlandıqdan sonra ərə Mirzəyev, arvada Mirzəyeva soyadı verilmişdir. AZ-İİİ seriyalı, 482872 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Şəhadətnamənin ata qrafasında X7, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. AZ-İV seriyalı, 125446 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Şəhadətnamənin ata qrafasında X7, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2, 2 saylı mənzil xx.xx.2014-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə cavabdehin oğlu X7 ilə nikaha daxil olmuş və hazırki mübahisə predmeti olan ünvan 2, 2 saylı mənzilə gəlin köçərək orada yaşamışdır. İddiaçı sözü gedən mənzilə gəlin köçərkən öz cehiz əşyalarını da, həmin mənzilə gətirmişdir. Daha sonra iddiaçı ilə cavabdehin oğlunun birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı övladları da həmin mənzildə doğulmuşdur. İddiaçı ilə cavabdeh arasında münasibətlər pisləşdiyindən iddiaçı həmin mənzili tərk edərək, valideynləri ilə yaşamağa başlamışdır. Hazırda İddiaçı məxsus cehiz əşyaları cavabdehə məxsus mənzildədir. İş materialları ilə həmçinin o da müəyyən edilmişdir ki, iddiaçı mənzilə gəlin köçən zaman hazırki iddia predmeti olan mənzil MTK-nın balansında olmaqla cavabdeh tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilmiş, daha sonra isə xx.xx.2014-cü il tarixdə həmin mənzilə mülkiyyət hüququ əldə etmiş və hazırda cavabdehin mülkiyyətindədir. İddiaçı hal-hazırda mübahisəli mənzildə pasport qeydiyyatındadır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırda qüvvədə olan 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli qərarında mülkiyyətçi ilə yazılı razılaşmasının bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mülkiyyətçinin razılığı kimi şərh olunmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il qərarına əsasən» mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.» Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdehin ailə üzvü olan oğlu arasında olan nikah pozulmamış, iddiaçı ailə qurduğu vaxtdan öz cehiz əşyaları ilə birlikdə cavabdehin razılığı ilə (razılığı əsasında) ona məxsus mənzilə pasport qeydiyyatına alınmaqla gəlin köçərək, son dövrədək orada ailə üzvləri ilə birlikdə yaşamaqla birgə təsərüfat aparmış və bununla da, iddiaçının, cavabdehin ailə üzvü sayılan oğlunun, ailə üzvü (arvadı) olaraq, sonuncunun yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə hüququ yaranmışdır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı övladları xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 ilə birlikdə Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilə köçürülməli və mənzildən istadəyə görə maneəçilik törətməsi Cavabdeh qadağan edilməlidir. Məhkəmə iddia tələbinin mübahisəli mənzilin bir otağını iddiaçının və ailə üzvlərinin (əri, uşaqları) istifadəsinə verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi digər hissələrdə təmin edildiyindən və sözü gedən tələb isə əsassız olduğundan, təmin edilməməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı övladları xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 ilə birlikdə Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilə köçürülsün və mənzildə istadəyə görə maneəçilik törətməsi Cavabdeh qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar