Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2193/2022 27.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi - vəkili Vəkil Qabil oğlunun, Cavabdeh QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-ə qarşı "işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 10.11.2021-ci il tarixli, 21-1082 saylı əmrinin ləğv edilməsi, onun Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsinə bərpa olunması və 10.11.2021-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, həmçinin çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 (iyirmi beş) manat məbləğində pulun və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05 oktyabr 2018-ci il tarixdə onunla cavabdeh "Access Bank" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış PERSORD18-07985 saylı əmək müqaviləsinə əsasən, o həmin bankda Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 05 oktyabr 2018-ci il tarixdə qüvvəyə minmişdir. Cavabdeh bankın X9 X10 Gashikulina tərəfindən imzalanmış 21-1082 saylı, 10 noyabr 2021-ci il tarixli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə 10 noyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərimi yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda (qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi) əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmrin çıxarılmasına əsas kimi 04.11.2021-ci il tarixli "Yoxlamanın nəticələrinə dair" akt göstərilmişdir. "Yoxlamanın nəticələrinə dair" 04.11.2021-ci il tarixli akta əsasən guya o, kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın, o cümlədən informasiya təhlükəsizliyi, kommersiya sirrinin, habelə bank sirrinin qorunması üzrə öhdəlikləri pozmuşdur. Onunla cavabdeh qurum arasında, yalnız əmək müqaviləsi bağlanmış, kommersiya sirri rejiminin tətbiqi barədə ayrıca olaraq hər hansı bir razılaşma bağlanmamışdır. Bu səbəbdən də hansı razılaşmanın tələblərini pozduğu və bu pozuntunun nədən ibarət olması ona aydın deyil. Bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş informasiya təhlükəsizliyi, kommersiya sirri, habelə bank sirrinin qorunması üzrə öhdəliklərini pozmamışdır. Belə ki, o, 07 oktyabr 2021-ci il tarixdə öz xahişiylə işdən çıxmaqla bağlı ərizə yazaraq bankın İnsan Resursları Departamentinə təqdim etmiş və bu barədə öz işlədiyi Plastik Kartlar Departamentin müdir müavini Rəşid Xanməmmədova məlumat vermişdir. Bundan təxminən 5-6 gün sonra Rəşid Xanməmmədov ona zəng edərək banka məxsus hard diskin onda olub-olmadığını soruşduqda, o, işlətdiyi hard diskin özündə olduğunu bildirmişdir. Bundan da 2-3 gün sonra şöbə müdiri Sevinc Əliyeva ona hard diski gətirməyini tələb etmiş, o, İnformasiya Təhlükəsizliyi Departamentinin, İnsan Resursları Departamentinin və işlədiyi Plastik Kartlar Departamentinin müdirlərinin iştirakı ilə hard diski təhvil vermişdir. Onlar ondan hard diski nəyə görə bankdan kənara çıxarmağı və iş kompüterini nəyə görə şifrələdiyi barədə izahat yazmağını tələb etmişdilər. O izahat yazaraq hard diski orada olan şəxsi məlumatlarının və öz vəsaitiylə aldığı, banka aid olmayan kompüter proqramlarının şəxsi kompüterinə köçürməyi səbəbindən apardığını, iş kompüterini isə o, işdə olmadığı müddət ərzində kompüterə başqa şəxslərin daxil olmasının qarşısını almaq üçün şifrələdiyini bildirmişdir. Həmin vaxt hard disk xüsusi proqram vasitəsi ilə yoxlanılmış və hard diksdən heç bir məlumatın silinmədiyi aşkar olunmuşdu. Bundan təxminən bir həftə sonra İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri onu yenidən çağıraraq ondan hard diskdə olan iki faylın şifrəsini soruşmuşdu. O da həmin faylların şifrəsinin hard diskdə olan mətn faylının içərisində olduğunu bildirmiş, həmin vaxt hard diskdə fayllar yoxlanılmış və fayllarla bağlı heç problemin olmadığı aşkar edilmişdir Bundan bir müddət sonra X12 sədr müavini Andrey Zainulin onu çağıraraq hard diskdə aşkar olunan banka aid məlumatların hansı əsaslarla onda olduğunu soruşmuş, o da təxminən iki il əvvəl Plastik Kartlar Departamentinin müdiri Sevinc Əliyevanın və müdir müavini Rəşid Xanməmmədovun göstərişi ilə iş kompüterində olan əməliyyat sisteminin surətini hard diskə köçürdüyünü, məlumatların bir surətini də Rəşid Xanməmmədova verdiyinmi, əməliyyat sisteminin içərisində hansı məlumatların olduğunu bilmədiyini demişdir. Bundan sonra A.Zainulin həmin hard diski başqa nə zaman bankdan kənara çıxardığını soruşduqda, o işlədiyi vəzifənin xüsusiyyəti ilə əlaqdar olaraq bankomatların proqram təminatları da həmin hard diskdə olduğundan bankın işi ilə bağlı həmin hard diski hər zaman özüylə gəzdirdiyini bildirmişdir. Bundan sonra 10 noyabr 2021-ci il tarixdə işdən azad olunmağı barədə əmr ona təqdim olunmuş, həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, onunla bank arasında bağlanmış əmək müqaviləsinin 7.4-cü bəndində göstərilmişdir ki, Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz.Yuxarıda da qeyd etdiyi kimi onda olan banka məxsus hard diski tutduğu vəzifənin xüsusiyyətləri ilə əlaqdar bankın işi ilə bağlı hər zaman özüylə gəzdirmişdir. Həmin hard diskdə olan bankın müştərilərinə aid plastik kartların məlumatları yoxlanılarkən, həmin kartların bəzilərinin istifadə müddətinin çoxdan bitdiyi, aktiv olan kartlarla isə hər hansı qeyri-qanuni əməliyyatların aparılmadığı müəyyən olunmuşdur. Bir daha qeyd edir ki, onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş informasiya təhlükəsizliyi, kommersiya sirri, habelə bank sirrinin qorunması üzrə öhdəliklərini pozmamış, banka aid olan kommmersiya sirri təşkil edən məlumatları hər hansı formada yaymamış, əmək fəaliyyəti nəticəsində işəgötürən hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh "xxxx" QSC iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasını əsaslandırarkən, hard diskdən heç bir məlumatın silinmədiyini və fayHarda heç bir problem olmadığına istinad etmiş və bildirmişdir ki, banka məxsus hard diski, tutduğu vəzifəsinin xüsusiyyətləri ilə əlaqədar olaraq hər zaman özü ilə gəzdirmişdir və bu səbəbdən, bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş informasiya təhlükəsizliyi, habelə bank sirrinin pozulması üzrə öhdəliklərini pozmamışdır. İddiaçı bunları əsas tutaraq qeyd edir ki, o, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilə bilməz. Etirazın əsaslandırılması üçün bir sıra məsələlərin qeyd edilməsi vacibdir.Bu məsələlərə aiddir. A) Bankda saxlanılan və Banka məxsus məlumatlar Bankın sahəsindən kənara çıxarılması qadağan edilmişdir, b) Banka məxsus informasiya aktivlərindən onun biznes məqsədlərindən kənar istifadəsinə yol verilmir, c) ümumi parolun başqa bir şəxsə bəlli olması əlaməti aşkar edilmədən parolun dəyişilməsi və bu barədə X1 üzrə İnzibatçısına məlumat verilməməsi üzrə öhdəliklərini yerinə yetirilməmişdir. Bankın işi üçün tələb olunmadığı halda elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatların Bankın sahəsindən kənara çıxarılmasının qadağan edilməsinə baxmayaraq X7 tərəfindən bu qadağa pozulmuşdur. Bank qeyd edilən kommersiya sirlərinin sahibi olaraq Kommersiya sirri haqqında Qanunun 5.0.1 və 5.0.2-ci maddələrinə əsasən hüququ var ki, kommersiya sirrinin rejimini müəyyən etsin, habelə həmin sirlərdən istifadə etmək, müqavilə əsasında başqa şəxslərə vermək, mülki dövriyyəyə daxil edilmənin digər üsullarını müəyyən etsin və tətbiq etsin. İlk növbədə, iddiaçının kommersiya sirri rejiminin tətbiqi barədə ayrıca olaraq hər hansı razılaşma olmadığı iddiasına cavab olaraq qeyd edilməlidir ki, tərəflər arasında 09 iyul 2020-ci il tarixində Kommersiya sirri rejiminin tətbiqi barədə Razılaşma ("Razılaşma") imzalanmışdır. "Kommersiya sirri haqqında" Qanunun 10-cu maddəsi kommersiya sirri rejiminin əmək müqaviləsində və ya kommersiya sirrinin rejiminə əməl etmək barədə razılaşmada müəyyən edilməsinə icazə verir. Bank da burada qeyd edilmiş hüquqlarına uyğun olaraq kommersiya sirri rejimini 04.10.2018-ci il tarixli Əmək Müqaviləsinin ("Əmək Müqaviləsi") 7.4-cü bəndində, Razılaşmada və Davranış Kodeksində müəyyən etmişdir. Bildirilir ki, iddiaçının bank sirri, kommersiya sirri, o cümlədən müştərilərin fərdi məlumatları ilə yüklü edilmiş hard diski Bankdan kənara çıxarması həmin məlumatları cavabdehin nəzarətindən kənara çıxarması hesab olunur. Belə olduğu halda həmin məlumatların kənara çıxarılması cavabdehin həmin məlumatlar üzərindəki kommersiya sirri rejiminə əməl edilməsinə nəzarət edə bilməməsinə səbəb olur. Bu da cavabdehin Kommersiya sirri haqqında Qanunun 5-ci maddəsində qeyd edilən hüquqlarının pozulması deməkdir. Əmək Müqaviləsinin 7.4cü bəndində isə qeyd edilmişdir ki, “Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz."Lakin iddiaçı öz iddia ərizəsində də qeyd etdiyi kimi, banka məxsus hard diski “hər zaman özü ilə gəzdirmişdir". İddiaçı bunu onunla əlaqələndirmişdir ki, bu, onun işinin xüsusiyyəti Hə əlaqədardır və buna hüququ vardır. Bununla əlaqədar qeyd edilirki, Bank sirri və kommersiya sirri təşkil edən məlumatların hər bir halda bankda saxlanılması vacibdir. Bankın işi üçün tələb olunduğunu əsas gətirərək, İşçinin müvafiq kommersiya sirri təşkil edən məlumatları özü ilə hər zaman gəzdirməsi isə aşkar surətdə kommersiya sirrinin pozuntusu sayılmalıdır. Eyni qaydada, İşçinin yalnız işinin xarakterini ümumi olaraq əsas gətirməklə müvafiq hard diski Bankdan kənara çıxarması da kommersiya sirri rejiminin, o cümlədən Əmək Müqaviləsinin 7.4-cü bəndinin pozuntusu deməkdir. Həmçinin, Davranış Kodeksinin "Müştəri gizliliyi və konfidensiallığı" bəndi işçinin evdən işlədiyi vaxt kommersiya sirlərindən istifadə qaydalarını müəyyən etmişdir. Həmin bəndə əsasən işçilər müştərilərin şəxsi və məxfi məlumatlarını qanunvericiliyə müvafiq qaydada qorumalı və istifadə etməlidir. Bütün bunlardan isə aydın görünür ki, Bank heç bir zaman iddiaçıya bu kateqoriya məlumatları, xüsusilə də bank tərəfindən mühafizə altına alınmalı olan bu cür kommersiya sirlərini şəxsi və ya kənar elektron poçt ünvanına göndərməsinə, habelə Bankın nəzarətindən kənara hər hansı bir yolla çıxarılmasına icazə verməmişdir.İddiaçı isə bütün bu qaydaları pozmuş və kommersiya sirlərini Bankın nəzarətindən kənara çıxarmışdır. Banka məxsus informasiya aktivlərindən onun biznes məqsədlərindən kənar istifadəsinə yol verilməməsinə baxmayaraq X7 tərəfindən bu qadağa pozulmuşdur. İddiaçı iddia ərizəsində həmçinin qeyd etmişdir ki, hard diski özünün orda olan şəxsi məlumatlarının və özünə aid proqramların şəxsi kompüterinə köçürməsi səbəbindən aparmışdır. İlk növbədə qeyd edilir ki, iddiaçı iddia ərizəsinin əvvəlində, həmçinin izahatında hard diski özü ilə aparmasının səbəbi kimi, "özünün orda olan şəxsi məlumatlarının və özünə aid proqramların şəxsi kompüterinə köçürməsi"ni, iddia ərizəsinin başqa bir yerində isə buna səbəb kimi, "onun işinin xüsusiyyəti ilə əlaqədar zərurət olduğu"nu qeyd etmişdir və bu özlüyündə ziddiyyət yaradır. İddiaçı 05 oktyabr 2018-ci il tarixində "xxxx" QSC-nin "İnformasiya Təhlükəsizliyi" Qaydalarını imza etməklə həmin Qaydaların ikinci bəndindən irəli gələrək "Banka məxsus informasiya aktivlərindən yalnız bankın biznes məqsədləri üçün istifadə etməsi"-nə dair vəzifəni öz öhdəliyinə götürmüşdür. Həmçinin, Davranış Kodeksinin "Şəxsi biznes fəaliyyəti və digər məşğulluq" bəndi işçinin iş vaxtı ərzində fəaliyyət qaydasını müəyyən etmişdir. Həmin bəndə əsasən işçi "xxxx" üçün iş vaxtında hər hansı özəl iş yerinə yetirməməli və Bankın elektron rabitə alətlərindən şəxsi mənfəət üçün istifadə etməməlidir. Lakin, İddiaçı öz iddia ərizəsində Banka məxsus olan hard diskdən öz şəxsi məlumatlarının saxlaması və banka aid olmayan kompüter proqramlarını şəxsi kompüterinə köçürmək məqsədi ilə istifadə etdiyini qeyd etmişdir. Beləliklə, işçinin iş vaxtı ərzində Banka məxsus olan kompüterə Banka aid olmayan proqramların yüklənməsi, daha sonra Banka məxsus hard disk vasitəsi ilə kənara daşınaraq şəxsi kompüterinə köçürməsi açıq şəkildə qeyd olunan vəzifə öhdəliklərinin pozuntusu hesab olunur.Ümumi parolun başqa bir şəxsə bəlli olması əlaməti aşkar edilmədən parolun dəyişilməsi və bu barədə X1 üzrə İnzibatçısına məlumat verilməməsi "xxxx" QSC-nin "İnformasiya Təhlükəsizliyi" Qaydalarına əsasən hər bir işçi bu qaydaların 5-ci bəndindən irəli gələrək şəxsi və ümumi parolların məxfiliyini təmin etmək və parolların başqa şəxsə bəlli olması əlaməti aşkar edilmədən parolları dəyişməmək, habelə qeyd olunan iltizamda göstərilən öhdəliklərdən hər-hansı biri pozulduqda bu barədə dərhal "xxxx" QSC-nin İnformasiya Təhlükəsizliyi üzrə İnzibatçısına məlumat vermək öhdəliyi daşıyır.İddiaçı hər hansı bir xəbərdarlıq etmədən və ya sonradan şəxsi təşəbbüsü ilə heç bir məlumat vermədən 11.10.2021-ci il tarixində Banka məxsus hard diski şifrələmişdir. Eyni əməli təkrar, 15.10.2021-ci il tarixində törədərək Bankın sistem disklərini şifrələməyə cəhd etmiş və cəhd nəticəsində kompüterin əməliyyat sistemini sıradan çıxarmışdır. Beləliklə, şəxs Bankın sisteminin şifrəsini dəyişməklə "İnformasiya Təhlükəsizliyi" Qaydalarından irəli gələn vəzifə öhdəliklərini, əməliyyat sistemini zədələməklə isə Əmək Müqaviləsinin 7.1-ci yarımbəndində qeyd olunan "İş vaxtı ərzində onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin maşın, mexanizm, avadanlıq, cihaz, alət, qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına dair" öhdəliyinin pozuntusuna yol vermişdir. Yuxarıda qeyd edilənlərə əsasən, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Qabil oğlu iddiaçının izahatı ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X5 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış PERSORD18-07985 saylı 04 oktyabr 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh QSC-də Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsinə qəbul edilmişdir. Cavabdeh QSC-nin 10.11.2021-ci il tarixli 21-1082 nömrəli əmrinə əsasən, Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilmişdir. Əmrdə onun verilməsi üçün əsas kimi 04.11.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” akt göstərilmişdir. Cavabdeh QSC-nin əməkdaşları-İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis İsmayılova Rəna İlqar qızı, Risklərin İdarə edilməsi üzrə icraçı direktor İsmayılov Orxan Vilayət oğlu və İnformasiya Təhlükəsizliyi üzrə menecer X8 tərəfindən tərtib edilmiş 04.11.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” aktda göstərilmişdir ki, 15.10.2021-ci il tarixində İnformasiya Texnologiyaları tərəfindən Kartları üzrə Aparıcı Mütəxəssis/X2 Timur Eldaroviçə məxsus komputerin əməliyyat sisteminin sıradan çıxması ilə əlaqədar İnformasiya Təhlükəsizliyinə məlumat daxil olmuş, yoxlama aparılmış və kartlar üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışan İddiaçı 11.10.2021-ci il tarixda, saat 13:16-da Banka maxsus hard diski şifrələdiyi, 15.10.2021-ci il tarixdə şifrələdiyi hard diski Bankdan kənara çıxardığı, 15.10.2021-ci il tarixdə sistem disklərini şifrələməyə cəhd etdiyi və cəhd nəticəsində komputerin əməliyyat sistemini sıradan çıxardığı aşkarlanmış, İddiaçı izahatında hard diski Bankdan kənara çıxardığını bildirmiş və müvafiq hard disk Banka geri qaytarmışdır. Hard disk Bank tərəfindən yoxlanılarkən onda olan məlumatların bank sirri, kommersiya sirri, o cümlədən müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədlər olduğu müəyyən olunmuşdur. Yoxlama nəticəsində aşkar edilmiş pozuntu faktları işçi İddiaçı Eldaroviç (kartlar üzrə aparıcı mütəxəssis/texniki administrator) tərəfindən işçi ilə Cavabdeh QSC arasında bağlanmış kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın, o cümlədən informasiya təhlükəsizliyi, kommersiya sirrinin, habelə bank sirrinin qorunması üzrə öhdəliklərin pozuntusu kimi qiymətləndirilir. İş materiallarında olan 12.11.2021-ci il tarixli Aktdan müəyyən olunur ki, kartlar üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışan İddiaçı on atəqdim olunan İS-20210000 saylı, 04.11.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” akt ilə tanış olmuş, lakin imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 09.07.2020-ci il tarixli Razılaşmadan müəyyən olunur ki, Cavabdeh QSC ilə İddiaçı arasında kommersiya sirri rejiminin tətbiqi barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan izahatda İddiaçı qeyd edir ki, “D” diskində və xarici sərt diskin içində şəxsi xarakterli məlumatlar olduğundan, onlara parol qoyulmuşdur.“C” diskində həmçinin şəxsən tərəfindən, bankomatların tam diaqnostikası üçün köçürülmüş və bank təqdim etdiyi proqramların standart dəstinə daxil olunmamış proqramlar var. Sistem faylları “C” sistem diskin xassələrini dəyişmək cəhdi zamanı avtomatik silinmişdilər. Xarici daşıyıcı şəxsi məlumatların surətə aldığına görə,evdə idi. Xəstəxanadan sonra məzuniyyətdə olduğundan və tutduğu vəzifəni azad etmək istəyi haqqında yazılı bildirişə görə və nəticədə bu kompüterdən gələcək məqsədlərində istifadə etmək lazım olmadığından, kompüterin nasaz olduğu haqqında məlumat verməmişdir. İş materiallarında olan 15.11.2022-ci tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı oğlu hüquqi xidmətlərə görə Sumqayıt Regional Vəkil Bürosuna 300 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 03.03.2022-ci il tarixli 2022-MŞİH-11321 nömrəli arayışdan görünür ki, İddiaçı oğlu tərəfindən mediasiya xərci olaraq 50 manat məbləğində pul ödənilmişdir. Kommersiya haqqında Azərbaycan Respublikası qanunun 2.0.1-ci maddəsinə əsasən, kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Kommersiya haqqında qanunun 2.0.7-ci maddəsinə əsasən, kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır. Kommersiya haqqında qanunun 4.2-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir. Banklar haqqında Azərbaycan Respublikası qanunun 41.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. Banklar haqqında Azərbaycan Respublikası qanunun 41.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Banklar haqqında Azərbaycan Respublikası qanunun 41.5-ci maddəsinə əsasən, bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyriqanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar Cavabdeh QSC ilə İddiaçı arasında 09.07.2020-ci il tarixdə bağlanmış “kommersiya sirri rejiminin tətbiqi barədə” Razılaşmanın 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar "Kommersiya sirri" şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Qaydalara və Razılaşmaya müvafiq olaraq kommersiya sirri hesab edilir və kommersiya sirrinin işçi tərəfindən yayılması qadağandır. Razılaşmanın 5-ci bəndində əsasən, kommersiya sirri bankın yazılı razılığı olmadan heç bir halda (Azərbaycan Respublikasının Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tələb edilən hallar istisna olmaqla) üçüncü şəxslərə açıqlana bilməz. Razılaşmanın 10-cu bəndinə əsasən, işçi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Razılaşmaya əsasən, Kommersiya Sirrinin tam məxfiliyinin qorunması və kommersiya sirrinin yalnız Razılaşma və Əmək Müqaviləsi çərçivəsində istifadə edilməsi üzrə məsuliyyət daşıyır. Razılaşmanın 11-ci bəndinə əsasən, kommersiya sirrini üçüncü şəxslərə açıqlayan işçi Bank qarşısında tam maddi məsuliyyət daşıyır və sonuncu iş yeri və vəzifəsi üzrə orta aylıq əmək haqqının 24 misli həcmində vəsaiti, habelə olduğu təqdirdə Kommersiya Sirrinin açıqlanması nəticəsində Banka dəymiş zərəri tam həcmdə Banka ödəməlidir. Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin 7.4-cü bəndində əsasən, bankın işi üçün tələb olunmadığı halda işçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz. Əmək Müqaviləsinin 7.6-cı bəndinə əsasən, işçi işəgötürənin kommersiya, istehsal və bank sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericiliklə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 10-cu maddəsinin “d” bəndinə əsasən, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə əsasən, qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, PERSORD18-07985 saylı 04 oktyabr 2018-ci il tarixli əmək müqaviləsi əsasında İddiaçı Cavabdeh QSC-də Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh QSC-nin 10.11.2021-ci il tarixli 21-1082 nömrəli əmrinə əsasən, Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilmişdir. Əmrdə onun verilməsi üçün əsas kimi 04.11.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” akt göstərilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı 11.10.2021-ci il tarixda, saat 13:16-da Banka maxsus hard diski şifrələməsi, 15.10.2021-ci il tarixdə şifrələdiyi hard diski Bankdan kənara çıxarması işin mübahisəsiz halıdır. İddiaçı bu halı izahatında onun işi ilə əlaqədar olması ilə əsaslandırmışdır. Lakin İddiaçı qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizlin saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, iddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinin kobud pozuntusu öz təsdiqini tapmamış və cavabdeh tərəfindən buna dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, işçinin hard diski Bankdan kənara çıxarması, eləcə də yoxlama nəticəsində aşkar edilmiş pozuntu faktları kommersiya sirrinin yayılması kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə araşdırması ilə eyni zamanda müəyyən olundu ki, iddiaçı rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışdığından, onun əmək funksiyalarının icrası ilə bağlı hard disk daima onun yanında olmuş, işlədiyi müddət ərzində buna qarşı hər – hansı irad bildirilməmişdir. Qeyd olunanları cavabdehin nümayəndəsi də məhkəmə iclasında bildirmişdir. Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də cavabdeh, Cavabdeh QSC bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh T.Eldaroviç tərəfindən Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri məlumatların yayılması, yəni məlumatın başqa şəxslərə açıqlaması halı müəyyən edilməmiş, həmçinin bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də Cavabdeh QSC bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərdən açıq-aşkar göründüyü kimi iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmamışdır, yəni, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsinin nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halları olmadığından və buna dair hər hansı sübut məhkəməyə təqdim olunmadığından iddia təmin edilməli, Cavabdeh QSC-nin “işdən azad olunma barədə” 10.11.2021-ci il tarixli, 21-1082 saylı ləğv edilməli, İddiaçı Cavabdeh QSC-nin Kartlar üzrə aparıcı Mütəxəssis (Texniki Administrator) vəzifəsinə bərpa edilməli və Cavabdeh QSC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Bundan əlavə ödənilmiş mediasiya xərcinin yarısı 25 (iyirmi beş) manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh QSC-nin “işdən azad olunma barədə” 10.11.2021-ci il tarixli, 21-1082 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh QSC-nin Kartlar üzrə aparıcı Mütəxəssis (Texniki Administrator) vəzifəsinə bərpa edilsin və Cavabdeh QSC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Ödənilmiş mediasiya xərcinin yarısı 25 (iyirmi beş) manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2193/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2193/2022
27.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver