Məhkəmə qərarları › İş №e-2(004)-2260/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2260/2024

25.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2260/2024 25.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İHakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının sahibliyində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal – 2 yaşayış massivinin 7-ci Alatava küçəsi 70 nömrəli evin 174 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər nikah münasibətləri olmuşdur. Həmin nikahdan iki uşaqları var. Sonradan məhkəmə qətnaməsi ilə nikah ləğv edilmişdir və birgə nikahdan anadan olmuş uşaqlar anaları ilə qalmışlar. İddiaçı uzun müddət Xüsusi Dövlət Mühafizə Xidmətində (hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) xidmət etmişdir. İddia ərizəsinə əlavə edilmiş 12 dekabr 2012-cü il tarixli 274 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında iddiaçıya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal – 2 yaşayış massivinin 7-ci Alatava küçəsi 70 nömrəli evdə 174 nömrəli mənzil verilmişdir. İddiaçı, cavabdeh və birgə nikahdan anadan olmuş uşaqlar həmin mənzilə pasport qeydiyyatına düşməklə orada yaşamağa başlamışlar. 2016-cı ildə cavabdeh və uşaqlar həmin mənzili tərk etmişlər. Hal-hazırda iddiaçı yenidən nikaha daxil olmaqla həmin mənzildə yeni ailəsi ilə birgə yaşamağı planlaşdırır. Buna baxmayaraq cavabdehin həmin mənzilə istifadə hüquqlarının qalması əhəmiyyətli narahatlıq yaratmaqdadır. Bu səbəbdən də cavabdehin mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, tərəflər arasında nikah 2015-ci ildə pozulmuşdur. Tərəflər bir yerdə yaşamırlar. Bununla əlaqədar məhkəmə hazırlıq iclasında aparılan araşdırma zamanı onun və sədrlik edənin sualına cavab olaraq cavabdeh həmin mənzildə yaşamadığını etiraf etmişdir. Onların məhkəməyə təqdim etdikləri Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh həmin mənzildə yaşamır. Hal-hazırda iddiaçı yenidən ailə qurmuş və ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Cavabdeh həmin mənzildə 3-4 ay yaşamışdır. Bu da müqavilənin bağlandığı vaxtdan bir müddət sonraya, 2012-2013-cü illərə təsadüf edir. Sonradan cavabdeh Nərimanov rayonunda, keçmiş qayınatasının evinə köçmüş, yaşamış, həmçinin orada gözəllik salonu işlətmişdir. Cavabdeh həmin mənzildə yaşamamasının səbəbini hündürlükdən qorxması ilə əlaqələndirmişdir. Ona verilən məlumata əsasən, iddiaçı və cavabdeh arasında nikahın pozulması da bununla bağlı olmuşdur. Hətta cavabdeh iddiaçının atasına məxsus olan evdən icra qaydasında çıxarılmış və hazırki iş üzrə mübahisə predmeti olan mənzilə qayıtmamışdır. Tərəflər arasında nikah 2017-ci ildə pozulmuşdur. Cavabdehin həmin mənzildə 3-4 ay yaşamasını cavabdeh məhkəmə hazırlıq iclasında özü etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Nümayəndə izahatında bildirmişdir ki, qeyd edilən mənzil tərəflərin birgə nikahda olduqları müddətdə onlara yaşamaları üçün verilmişdir. Tərəflərə həmin mənzil verilənə qədər onlar iddiaçının atasına məxsus olan evdə yaşamış, birgə təsərrüfat aparmışlar. Tərəflər arasında nikahın pozulmasının səbəbi iddiaçının həyatında başqa qadının olması olmuşdur. Belə ki, iddiaçı cavabdeh ilə birgə nikahda olduqları dövrdə həmin qadını evə gətirmişdir. Mənzil verilən gündən tərəflər davamlı olaraq həmin mənzildə yaşamışlar. Tərəflər arasında nikah pozulduqdan sonra cavabdehin həmin mənzildə yaşaması ilə bağlı barışıq sazişi imzalanmışdır. Bugünkü gündə də cavabdehin cehiz əşyaları həmin mənzildədir. Lakin bir müddət sonra iddiaçı cavabdehin yaşadığı otağın açarlarını dəyişmişdir. Həmin mənzil iddiaçıya ailəsi və uşaqlarına görə verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, vəkili ilə razıdır, əlavəsi yoxdur. Sonuncu dəfə həmin mənzildə qızı ailə həyatı qurana qədər yaşamışdır. Nikah pozulandan sonra 2021-ci ilə qədər həmin mənzilə gedib-gəlmiş və həmin mənzildə yaşamışdır. Nikah pozulduqdan sonra da həmin mənzildə yaşamağa davam etmişdir. Bir müddət sonra iddiaçı otağın açarını dəyişmiş və onu mənzilə buraxmayacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, iddiaçıya mənzil kirayə müqaviləsi əsasında yaşamaq məqsədi ilə verilmişdir. AR Mənzil Məcəlləsinə əsasən, xidməti mənzil özgəninkiləşdirilə bilməz. “Hərbi qulluqçuların statusu haqqında” qanunda xidməti mənzilin hərbi qulluqçulardan hansı şərtlərlə alınması göstərilmişdir. Həmin şərtlərdən biri onun digər mənzillə təmin edilməsidir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən mənzillə təmin edildikdən sonra, xidməti mənzil ondan alına bilər. Xidmət müddəti bitdikdən sonra da şəxs xidməti mənzildə yaşamağa davam edir. Şəxsin həmin mənzildən istifadə və sahiblik hüququ vardır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə faktiki yaşamır. Vətəndaş Cavabdeh həmin mənzildən pasport qeydiyyatından çıxarılması məsələsi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin səlahiyyətləri xaricindədir. İş materiallarında olan AZ-İ seriyalı 254102 nömrəli Nikahın pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 25 yanvar 2017-ci il tarixdə 30 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına İsmayılova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti (kirayə verən) ilə kirayəçi İddiaçı (kirayəçi) arasında imzalanmış xx.xx.2012-ci il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən bu müqaviləyə görə kirayə verən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 yaşayış massivinin 7-ci Alatava küçəsi, 70 nömrəli evdə 174 nömrəli mənzildə yerləşən Dövlət Mənzil Fonduna aid, ümumi sahəsi 93,6 kv.metrdən, yaşayış hissəsi 81,1 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, xidmət müddətinə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən kirayəçinin ailə üzvləri kimi özü, həyat yoldaşı X2, qızı X7 və oğlu X8 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8751/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı İlyas oğlu və Cavabdeh arasında 25 yanvar 2005-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları, İddiaçı İlyas oğlundan xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında Cavabdeh xeyrinə alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-606/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadına əsasən iddiaçı X2 və cavabdeh İddiaçı ərizələrinin təmin olunması, iddiaçı X2 və cavabdeh İddiaçı arasında bağlanmış aşağıdakı məzmunlu : “cavabdeh iddiaçını öz iddia tələblərindən imtina etməsi müqabilində aşağıdakıları öhdəsinə götürür: - iddiaçı X1 uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülməsinə icazə verməsini və iddiaçı X1 uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzild yaşamasına, normal istifadə etməsinə maneə yaratmamaq vəzifəsini öhdəsinə götürür” barışıq sazişinin təsdiq edilməsi, iddiaçı X1 cavabdeh İddiaçı qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mülki iş üzrə tərəflər İddiaçı və Cavabdeh 25 yanvar 2005-ci il tarixdə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti (kirayə verən) ilə kirayəçi İddiaçı (kirayəçi) arasında imzalanmış xx.xx.2012-ci il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 yaşayış massivinin 7-ci Alatava küçəsi, 70 nömrəli evdə 174 nömrəli mənzildə yerləşən Dövlət Mənzil Fonduna aid, ümumi sahəsi 93,6 kv.metrdən, yaşayış hissəsi 81,1 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün xidmət müddətinə kirayəçinin sahibliyinə və istifadəsinə verilmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin nümayəndəsi X6 izahatı ilə müəyyən edilir ki, iddiaçıya mənzil kirayə müqaviləsi əsasında yaşamaq məqsədi ilə verilmişdir. Xidmət müddəti bitdikdən sonra da şəxs xidməti mənzildə yaşamağa davam edir. Şəxsin həmin mənzildən istifadə və sahiblik hüququ vardır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kirayəçinin ailə üzvləri kimi həyat yoldaşı X1, qızı X4 və oğlu X5 da kirayəçi İddiaçı kimi istifadə hüquqları tanınmışdır. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8751/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikahın pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında Cavabdeh xeyrinə alimentin tutulması qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının sahibliyində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal – 2 yaşayış massivinin 7-ci Alatava küçəsi 70 nömrəli evin 174 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti (kirayə verən) ilə kirayəçi İddiaçı (kirayəçi) arasında imzalanmış xx.xx.2012-ci il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin 1.2-ci bəndinə əsasən kirayəçi İddiaçı ilə yanaşı onun ailə üzvü kimi həyat yoldaşı X1 da istifadə hüququ tanınmışdır. Bu baxımdan X1 ünvan 2 ünvanında yerləşən 174 saylı mənzili üzərində istifadə hüququ xx.xx.2012-ci il tarixdə yarandığından istifadə hüququna xitam verilib-verilməməsinin müəyyən edilməsi zamanı 1 oktyabr 2009-cu ildən etibarən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri ilə bağlı müddəaları nəzərə alınacaqdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində qeyd edilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin normanın məzmunundan çıxış edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında nikah pozulduqda, cavabdehin həmin mübahisəli mənzilə istifadə hüququna da xitam verilmişdir. Belə ki, tərəflər arasında nikah 2016-cı il tarixdə pozulmuş, cavabdeh uzun müddətdir ki, həmin mənzildə yaşamır. İşin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh mübahisəli evdən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqələrini kəsmişdir. Onun mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Yaranmış vəziyyətdə cavabdehin mənzildə yaşamadığına baxmayaraq, onun mənzilə formal qeydiyyatının və istifadə hüquqlarının saxlanılması iddiaçının mənzil üzərində qanuni sahiblikdən irəli gələn hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Buna görə də, cavabdehin iddiaçının sahibliyində olan yaşayış evindən istifadə hüquqları itirilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən 174 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən 174 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar