Məhkəmə qərarları › İş №e-2(004)-2306/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2306/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2306/2024 05.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-nin nümayəndəsi X4, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 və X7 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı və X9 cəlb edilməklə, "qaraj sahəsinin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı və X9 cəlb edilməklə, "qaraj sahəsinin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində inşa edilən 119 saylı yaşayış binasının -1 mərtəbəsində yerləşən 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsinin müvafiq qaydada ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəmə tərəfindən "xxxx" ASC, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı və X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb edilmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehlə arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində inşa edilən 119 saylı yaşayış binasının -2 mərtəbəsində yerləşən 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsinin müvafiq qaydada ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdelə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə inşa edilən binanın qaraj sahəsinin üst mərtəbəsində yerləşən qaraj sahəsinin iddiaçının mülkiyyətinə verir. Həmin qaraj sahəsi binanın 119 nömrəli evin qaraj sahəsi hesab olunur. İddiaçı isə qarajı qəbul edib dəyəri olan 20.000 manatı müqavilə ilə müəyyən edilmiş qaydada cavabdehə ödəyir. Cavabdehlə bağlanmış 05 iyul 2007-ci il tarixli müqavilənin 2.2.-ci bəndində "Sifarişçi"nin vəzifələri öz əksini tapmışdır. Həmin vəzifələr müqavilənin 2.2.1.-ci bəndinə əsasən Binanın aşağıda göstərilən tikintiquraşdırma işlərini layihə-smeta sənədlərinə uyğun olaraq qüsursuz və qüvvədə olan tikinti norma-qaydalarına, qəbul edilmiş standartlara müvafiq olaraq yüksək keyfiyyətlə yerinə yetirərək qarajı "Payçı”ya təhvil vermək, müqavilənin 2.2.3-cü bəndinə əsasən Qarajı bu müqavilə ilə müəyyən edilmiş müddətdə təhvil vermək, müqavilənin 2.2.4-cü bəndinə əsasən qarajın üzərində "Payçı"nın (iddiaçının) mülkiyyət hüququnun tanınması üçün zəruri sənədlərin hamısını "Payçı"ya təhvil verməkdən ibarətdir. Cavabdehlə bağladığı müqavilənin şərtlərinə uyğun olaraq yeraltı dayanacaq (qaraj) sahəsinin dəyəri onun tərəfindən "xxxx" MTK-ya tam ödənilmişdir. Bu barədə "Abidə” MTK tərəfindən 15 noyabr 2008-ci il tarixli 102 a saylı arayış verilmişdir. Yeraltı dayanacaq (qaraj) sahəsinə dair xx.xx.2007-ci ildə müqavilənin bağlanmasının səbəbi həmin tarixdə cavabdeh "xxxx" MTK ilə xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən yuxarıda qeyd olunan binadan mənzil almağı olmuşdur. Belə ki, "xxxx" MTK ilə bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə görə iddiaçı "Payçı" olaraq 119 saylı binada yerləşən 158 saylı mənzil üçün "Sifarişçi qismində "xxxx" MTK-ya 55.300 (əlli beş min üç yüz) ABŞ dolları pul ödəməyi öhdəmə götürmüş və həmin vəsaiti xx.xx.2007-ci il tarixdə MTK-ya ödəmişdir. Bununla bağlı "xxxx" MTK tərəfindən iddiaçıya xx.xx.2007-ci il tarixli qəbz və xx.xx.2013-cü il tarixli arayış verilmişdir. "xxxx" MTK tərəfindən 119 saylı binada yerləşən 158 saylı mənzilin iddiaçıya təhvil verilməsinə baxmayaraq, həmin binanın alt sahəsində yerləşən 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsi indiyə kimi ona təhvil verilməmişdir. Bu barədə dəfələrlə "xxxx" MTK-nın rəhbərliyinə müraciət etsə də, bu lazımi nəticə verməmişdir. İddiaçı tərəfindən MTK-ya sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsinin müəyyən edilmiş qaydada ona təhvil verilməsinə dair məktub göndərilməsinə baxmayaraq, həmin məktub MTK-nın rəhbərliyi tərəfindən ididaçıya məlum olmayan səbəblərdən cavablandırılmamışdır. Hesab edir ki, "xxxx" MTK tərəfindən dəyərini ödədiyi avtomobil saxlanması üçün 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsini iddiaçıya təhvil verilməməklə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Göründüyü kimi, 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsinin dəyərini tam ödəməklə iddiaçının həmin əmlaka sahiblik və istifadə etmək hüququ yaranmışdır. Müqavilə üzrə pay haqqını tam ödədiyi 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsi cavabdeh tərəfindən iddiaçıya müvafiq qaydada təhvil verilmədiyindən, həmin əmlak üzərində mülkiyyət hüququnu həyata keçirməkdən məhrum olmuşdur. Hesab edir ki, həmin hüquqları məhkəmə tərəfindən bərpa olunmalı və 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsinin müvafiq qaydada ididaçıya təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MTK-ya həvalə edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, verilmiş iddia həm hüquqi cəhətdən, həm də faktiki cəhətdən əsassızdır. Üçtərəfli razılaşmaya "xxxx" QSC, "xxxx" MTK, "xxxx" ASC arasında bağlanılıb. "xxxx" MTK tərəfindən həmin əmlaklar "xxxx" QSC-yə, daha sonra prezidentin 2017-ci il tarixli fərmanı ilə dövlət əmlakının səmərəli idarə edilməsi üçün "xxxx" ASC-yə verilmişdi. "xxxx" MTK da problemli borcların əvəzində məhkəmə qərarı ilə "xxxx" QSC-yə vermişdir, daha sonra bu razılaşma ilə "xxxx" ASC-yə vermişdir. Bu razılaşmada "xxxx" MTK tərəfindən "xxxx" ASC-yə verilən satılmamış sahələr öz əksini tapır. Razılaşmanın birinci bəndinə baxdıqda görülür ki, yaşayış binasında satılmamış 58 ədəd mənzil, 55 ədəd qaraj, 2740 m² ticarət zalları “Aqrarkredit" QSC tərəfindən "xxxx" ASC-nin balansına verilir. "xxxx" MTK-nın eskiz layihəsində bütün sahələr öz əksini tapır. İddiaçı müqaviləsində qaraj sahəsi qeyd olunub. Sahənin İddiaçı satılması ilə bağlı müqavilə, arayış və digər sənədlər onda şübhə yaradır. Yeni sədr həmin müqavilələr haqqında məlumatının olmadığını bildirir. Maliyyə arayışında daimi istifadə qeyd edilib, eləcə də müqavilədə hansı qarajın verilməli olması göstərilməmişdir. İddiaçı ilə bağlanılmış müqavilə "xxxx" MTK tərəfindən qəbul edilmir. Bu müqavilə "xxxx" MTK tərəfindən ilk dəfə bu proses zamanı görünür. Ödənişlə bağlı qəbzlər və arayışdan da görünür ki, həmin ödənişlər Arif Mədətovun rəhbərliyi dövründə olub. Həmin sənədlərin saxta olub-olmaması şübhə altındadır. Qeyd olunan ərazidə kifayət qədər qaraj var və hansı qarajın iddiaçıya satıldığı müəyyən edilmir. Həmçinin ididaçı 17 illik müddət ərzində bir dəfə də olsun qaraj ilə maraqlanmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, onlara olan borclarına görə Abidə MTK-nın əmlakları Üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına verilmişdir. Onlara Abidə MTK tərəfindən göndərilmiş məktuba əsasən 6 qaraj öncədən satılmış kimi qeyd edilmişdir. Həmin qarajları da Abidə MTK onlara verməmişdir. 1714 saylı Fərmana əsasən də onlar həmin əmlakları ASK ASC-yə təhvil vermişlər. Onlar onlara 55 qaraj və 85 mənzil təhvil vermişlər. Sonra ASK ASC tərəfindən orada tikinti işləri aparılmış və yeni layihəyə əsasən dəyişikliklər edilmişdir. Məktubla onlar 30 qarajın verilməsini istəmişlər. Onlar da oraya baxış keçirmiş və aktla 30 yeni qaraj vermişlər. Orada olan qarajların ümumi sayı 85-dir. Onlarda hazırda həmin əmlaklardan heç biri yoxdur. 6 qaraj havada qalmış olur. İddiaçıya qaraj Cavabdeh MTK-nın dövründə cavabdeh tərəfindən satılmışdır. İddianın təmin edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, irəli sürülmüş iddiada bir sıra qaranlıq məqamlar mövcuddur. xx.xx.2016-cı il tarixli akt var. ASK ASC yaradılmazdan əvvəl Abidə MTK-nın əmlakları “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının balansına keçmişdir. Burada iddiaçının soyadı qismində fərqli soyad qeyd edilmişdir. Fərmanlar, protokollar və digər sənədlər tərtib edilmişdir. İlk öncə onlara Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən 55 qaraj verilmiş, daha sonra aparılmış layihələndirmə işləri nəticəsində 30 qaraj da onlara verilmişdir. 1 saylı İnzibati- İqtisad Məhkəməsinin 2017-ci ildə çıxarmış olduğu qətnamədə qeyd edilən 120 ədəd qaraj smetaya uyğun olaraq qeyd edilmişdir. Lakin faktiki orada 85 qaraj olmuşdur. “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatı arasında razılaşmaya əsasən təhvil-təslim aktında da qaraj, qeyri-yaşayış sahəsi və mənzillərin mövcud olması əks olunmuşdur. Məsələn, mövcud olan 100 mənzildə 58% onlara verilmişdir. Burada 6 qaraj barədə hər hansı qrafa yoxdur. İddianın rədd edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirdi ki, o, hüquqi şəxs olan Abidə MTK-nın təsisçilərindən biridir. Abidə MTK da onlara məxsusdur və onun təsisçi kimi bütün səlahiyyətləri qüvvədədir. Bu dövlət tərəfindən də təsdiq edilmişdir. Ümumilikdə orada 79 qaraj olmuşdur. İddiaçı onlardan mənzil və qaraj almışdır. Müqavilədə nömrənin göstərilməməsinin səbəbi həmin vaxt qarajlara nömrələrin qoyulmamasıdır. Çünki nömrələmə prosesi yeni baş vermişdir. O, ona qaraj satan zaman orada qarajların nömrələri olmamışdır. İddiaçının maliyyə arayışı və ödəniş qəbzi də var. İddiaçının özünə ona verilməli olan qarajı göstərmişdir, bu -2 mərtəbədə, onun mənzilinin altında olan sahədə olmalıdır. İddiaçıdan qaraj üçün 20000 manat almış və ona qaraj satmışdır. Maliyyə arayışının və kassa mədaxil orderinin kötükləri vardır. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2007-cü il tarixli müqavilədən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində inşa edilən 119 saylı evdə 6-cı mərtəbədə yerləşən 4 otaqlı 158 kv.m mənzili Cavabdeh MTK İddiaçı təhvil verməyi, İddiaçı isə Cavabdeh MTK-ya hər kv.m 350 manat olmaqla 55.300 manat ödməyi öhdəsinə götürür. Cavabdeh MTK-nın 172 nömrəli xx.xx.2007-ci il tarixli mədaxil orderinə qəbzdən müəyyən edilir ki, İddiaçı Cavabdeh MTK-ya 55.080 ABŞ dolları ödəniş etmişdir. Cavabdeh MTK-nın xx.xx.2013-cü il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh MTK-ya məxsus binanın 119-cu mənzilinin sahibi İddiaçı aldığı 4 otaqlı mənzilin qiymətini tam ödəmişdir. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədən müəyyən edilir ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə inşa edilən binanın qaraj sahəsinin üst mərtəbəsində yerləşən qaraj sahəsinin İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə Cavabdeh MTK-ya isə 20.000 manat ödəməyi öhdəsinə götürür. Cavabdeh MTK-nın xx.xx.2008-ci il tarixli 102 a saylı arayışından müəyyən edilir ki, İddiaçı avtomobil dayanacaq hissəsindən daimi istifadə üçün dəyərini tam ödəmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2017-ci il tarixli 2-2(81)-100/2017 saylı qətnaməsindən müəyyən edilir ki, iddia tələbi təmin edilərək, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən 31892827,51 (otuz bir milyon səkkiz yüz doxsan iki min səkkiz yüz iyirmi yeddi manat alli bir qəpik) (əsas borc 25 988 533,32 manat; faiz borcu 5 904 294, 19 manat) manat və 6510672,99 (altı milyon beş yüz on min altı yüz yetmiş iki min doxsan doqquz qəpik) (əsas borc 6010 782 ABŞ dolları, faiz borcu 499 890,99 ABŞ dolları) ABŞ dolları kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbi cavabdehin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə, Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan binaya (ümumi sahəsi 6943 kv.m olan mənzillər, ümumi sahəsi 2780 kv.m olan qeyri-yaşayış sahəsi, 120 ədəd yeraltı dayanacaq) yönəldilməsi, "xxxx" MTK-nın yuxarıda qeyd edilən əmlaklar üzərində hüquqlarına xitam verilməsi və "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində hüquqları tanınması, cavabdehin üzərinə qeyd edilən əmlakın "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə təhvil verilməsi öhdəliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyi qoyulması, borc tələbinin yuxarıda göstərilən əmlakların "xxxx" MMC tərəfindən qiymətləndirilmiş cəmi 20728800 (iyirmi milyon yeddi yüz iyirmi səkkiz min səkkiz yüz) manat dəyəri çıxıldıqdan sonra, borcun 21 647 513,16 (iyirmi bir milyon altı yüz qırx yeddi min beş yüz on üç manat on altı qəpik) manat məbləğində qalan hissəsi cavabdeh "xxxx" MTK digər əmlaklarına yönəldilməsi və həmin əmlaklar hesabına borc tutularaq "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 4 dekabr 2017-ci il tarixli, 1704 nömrəli fərmanın icrası ilə bağlı "xxxx" MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2019-cu il tarixli razılaşmanın c) bəndinə əsasən müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(81)-100/2017 saylı qətnaməsi əsasında qətnamədə göstərilən daşınmaz əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" QSC-nin adına hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış təqdim olunmuşdur. Həmin arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası (torpaq sahəsi 0,346904 ha, torpaq sahəsinin mülkiyyət növü dövlət torpağı, torpaq sahəsi üzərində hüququn növü - istifadə hüququ) üzərində "xxxx" QSC-nin müvafiq olaraq mülkiyyət və istifadə hüquqlarının qeydiyyatı aparılmışdır. Həmin yaşayış binasında yerləşən cəmi 143 ədəd mənzillərdən 85 ədədi "xxxx" MTK tərəfindən müxtəlif vaxtlarda müxtəlif şəxslərə satılmış, 58 ədədi hazırda satılmamış qalmışdır. Razılaşmanın e) bəndində qeyd olunur ki, fərmanın icrası ilə bağlı yuxarıda qeyd olunan əmlakın "xxxx" ASC-nin və "xxxx" QSC-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasında razılaşdırılmış qaydada "xxxx" MMC audit şirkəti tərəfindən qiymətləndirilməsi aparılmış və 28 avqust 2019-cu il tarixli rəyə əsasən həmin çoxmərtəbəli yaşayış binasında yerləşən, satılmamış 6713 m² olan 58 ədəd mənzilin, 55 ədəd qarajın, 2740 m² ticarət zallarının ümumi bazar dəyəri 13025000,00 manat dəyərində müəyyən edilmişdir. Fərmanın "xxxx" MTK ilə bağlı hissəsində icrasını təmin etmək məqsədilə tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: 1. "xxxx" MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0,346904 ha torpaq sahəsində olan yaşayış binasında yerləşən satılmamış 6713 m² olan 58 ədəd ənzil, 55 ədəd qaraj, 2740 m² ticarət zalları (qeyri-yaşayış) qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş ümumi 13025000,00 manat dəyərindən kreditor və vergi borcları (razılaşmanın 2-ci və 3-cü bəndlərinə əsasən) çıxıldıqdan sonra xalis dəyərində "xxxx" QSC tərəfindən "xxxx" ASC-nin balansına verilir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən edilir ki, satılmayan ümumi sahəsi 6713 kv.m olan 58 ədəd mənzil və ümumi sahəsi 2740 kv.m olan qeyri-yaşayış sahəsi. Sahəsi 990 kv.m olan 55 ədəd qaraj qiymətləndirici şirkət Davud Mamedov tərəfindən 13.025.000 manat dəyərində kreditor və vergi borcları çıxıldıqdan sonra "xxxx" QSC tərəfindən "xxxx" ASC-nin balansına veriləcəkdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından müəyyən edilir ki Davud Mamedov MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına uyğun olaraq 1 ədəd qarajın dəyəri 21.032 manat qiymətləndirilərk ümumilikdə 630.960 manat dəyərində 30 ədəd qaraj "xxxx" QSC tərəfindən "xxxx" ASC-yə təhvil verilmişdir. (-1-də 12 ədəd, -2-də 17 ədəd, -3də 1 ədəd) "xxxx" QSC, "xxxx" ASC və Cavabdeh MTK-nın nümayəndələri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə yerləşən tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasında invertarlaşdırma işlərinin aparılması barədə xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, layihə dəyişikləri nəticəsində -1 mərtəbədə 12 ədəd, -2-ci mərtəbədə 17 ədəd, -3-cü mərtəbədə 1 ədəd qaraj olan yeni sahələr yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh MTK (payçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən İddiaçı Bakı şəhəri Yasamal rayonu M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə inşa edilən binanın qaraj sahəsinin üst mərtəbəsində olan qaraj sahəsi üçün 20.000 manat ödəməyi, Cavabdeh MTK isə təhvil verməyi öhdəsinə götürmüşdür. Belə ki, iş materiallarında olan Cavabdeh MTK-nın sədri A.S.Mədətov tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən qarajın dəyəri tam ödənilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmçinin məhkəmə hazırki mülki iş üzrə xx.xx.2024-cü il tarixdə tərəflərin və işdə iştirak edən şəxslərin iştirakı ilə yerində həmin sahəyə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qaraj sahələri layihədə qeyd edilən kimi nömrələnmişdir. “-1” mərtəbədə 12 nömrələnməmiş qaraj mövcuddur. Üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Hüseynov X2 cavab olaraq bildirmişdir ki, "xxxx" mərtəbəsində yerləşən 8 qarajın təyinatı sonradan dəyişdirilmişdir, həmin sahə divarın arxasında qalmışdır. Onlar da qaraj sahəsi olmuşlar. Ümumi qaraj sayı 91 olmuşdur. “-3”-cü mərtəbədə layihə ilə 36 qaraj göstərilmiş, "xxxx"-ci mərtəbədə isə 43 qaraj olmalı olsa da, qaraj sayı faktiki olaraq 35-dir. Abidə Mənzil Tikinti Kooperativi 6 qarajı özü satmışdır. Ona görə də, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı həmin qarajların dəyərini ümumi borcdan silə bilməmişdir. Üçüncü şəxs X9 bildirdi ki, 20000 manat məbləğində pulu İddiaçı almışdır. Buna dair qəbz və maliyyə arayışı da var. O da məbləğin ödənilməsini imzası ilə təsdiq etmişdir. İddiaçı yaşadığı 3-cü blokun altında qarajın verilməsini nəzərdə tutmuşdur, lakin qarajlar həmin vaxt nömrələnmədiyindən müqavilədə dəqiq nömrə göstərməmişdir. İddiaçıya verilmiş qaraj "xxxx" mərtəbəsində olmuşdur. İddiaçı ilə də -2 mərtəbəsində qarajın verilməsi razılaşdırılmışdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında podrat müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Burada ağlabatan müddət öhdəliyin mahiyyətindən, həcmindən, mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2007-ci il tarixli müqavilənin bağlandığı andan cavabdeh üzərinə düşən öhdəliyi 17 ildən artıq müddət ərzində icra etməməsi müqavilənin ağlabatan müddətdə icra edilməməsi kimi hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ilə xx.xx.2007-ci il tarixli müqaviləni Cavabdeh MTK adından həmin dövrdə Cavabdeh MTK-nın sədri Arif Mədətov imzalamışdır. Hazırda isə müəyyən edilir ki, X9 Cavabdeh MTK-nın təsisçilərindən biridir. Qeyd edilməlidir ki, hazırki mülki iş üzrə X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmə iclaslarında iştirak edərək yuxarıda göstərilən müqavilənin özü tərəfindən imzalandığını və etibarlı olduğunu bildirmiş, həmçinin mübahisəli sahəyə yerli baxışda iştirak etmiş və iddiaçıya təhvil verilməli olan sahəni göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi, qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində notarial qaydada müqavilənin təsdiq edilməsi yalnız mövcud və daşınmaz əmlakın dövlət reyestri üzrə qeydiyyatı aparılmış əmlak üzərində ola bilər. Habelə məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında istinad etdiyi razılaşma ilə bağlı qeyd edir ki, Cavabdeh MTK (payçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2017-ci il tarixli, 1704 nömrəli fərmanın icrası ilə bağlı Cavabdeh MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2019-cu il tarixli razılaşmadan əvvəl bağlanmışdır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını tam verdiyi qaraja sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin qarajı iddiaçıya təhvil verməkdən yayınması qanusuz olmuşdur. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Mülki Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaları öz təsbitini tapmışdır. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı qarajın ona təhvil verilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X12rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 05 iyul 2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində inşa edilmiş 119 saylı yaşayış binasının -2 mərtəbəsində yerləşən 1 avtomobil üçün nəzərdə tutulmuş və üçüncü şəxslərin istifadəsində olmayan 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə edilməlidir. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 05 iyul 2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində inşa edilmiş 119 saylı yaşayış binasının -2 mərtəbəsində yerləşən 1 avtomobil üçün nəzərdə tutulmuş və üçüncü şəxslərin istifadəsində olmayan 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar