Məhkəmə qərarları › İş №e-2(004)-2343/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2343/2023

05.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2343/2023 05.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədirliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 cəlb edilməklə cavabdeh "xxxx" MMC-ə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 cəlb edilməklə cavabdeh "xxxx" MMC-ə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 31 yanvar 2023-cü il tarixli K-14/1306 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsi imzalanmış, müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi 1 (bir) il müddətinə bağlanmışdır. İddiaçı analıq məzuniyyətinə çıxmış və 2020-ci ildə yenidən işə çıxaraq əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1 -ci bəndinə əsasən, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqavləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşə başladığı tarixdən sonra, iddiaçının dəfələrlə müəssisədə işin normal axışma maneə törətməsinə, digər əməkdaşları təhdid və qeyri-etik ifadələrlə təhqir etməsinə baxmayaraq, tərəflərindən onun fizioloji-psixoloji vəziyyəti və xanım olması, himayəsində 2 azyaşlı övladının olması və həyat yoldaşının (keçmiş) da rabitəçi olmasını nəzərə alaraq ona bir müddət intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Lakin, iddiaçının hərəkətləri dözülməz hal aldığından onun digər xanım əməkdaşlarla münaqişə yaratması, iş ahəngini pozması və onları qeyri-etik ifadələrlə təhqir etməsi nəticəsində ona xx.xx.2021-ci il tarixli K- 1554 saylı əmrlə əmək və icra intizamını kobud şəkildə pozuğu üçün sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. "xxxx" MMC-nin 6 saylı Rabitə Xidmətləri Mərkəzinin rəhbərliyi tərəfindən də iddiaçı ilə hərəkətlərində dönüş yaratması ilə bağlı profilaktik söhbətlər aparılmış, lakin bu söhbətlər heç bir fayda verməmişdir. Bütün yuxarıda qeyd edilənlərdən sonra iddiaçının digər bir ATS-ə keçirilməsi qərara alınmış və iddiaçının özü də bununla razılaşmışdır ki, orada da iddiaçı əməkdaşlarla - münaqişə yaratmışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərcə, ƏƏSMN-nin X8 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-/-3387/202 saylı məktubunda müddətli əmək müqaviləsinin bağlanmasına dair bildirişin qüvvədə olduğu qeyd edilmişdir ki, bu da iddiaçının 2022-ci ilin dekabr ayında həmin orqana göndərdiyi müraciətlərə əlaqədar olmuşdur, çünki iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək müqaviləsi bildirişi də həmin gün yəni xx.xx.2023- cü il tarixdə verilmişdir. Odur ki, iddia tələbinin rədd olunması barədə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o Bakı Rabitə Kollecini bitirdikdən sonra xx.xx.2008-ci il tarixli əmrlə X7 3 ay sınaq müddəti ilə 4-cü dərəcəli elekrtik mantyoru vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixli əmrlə Qobustan EATS-544-də 5ci dərəcəli elektrik mantyoru təyin edilmişdir. xx.xx.2013-cü il tarixli əmrlə Səngəçal ATS-544-ə 5ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir. 2013-cü il tarixdən analıq məzuniyyətinə çıxmışdır. 2020-ci ilin dekabr ayının 7-sinə kimi məzuniyyətdə olmuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, 2018-ci ildə o, analıq məzuniyyətində olmuşdur. İşdən çıxması ilə bağlı 2018-ci ildə heç bir ərizə yazmamış, müqavilə də bağlamamışdır. Həmin vaxt işçilərdən məlumatı olmuşdur ki, "xxxx" İstehsalat Birliyinin MMC olması ilə əlaqədar bir çox işçilərin ərizə əsasında işdən çıxarılması, sonradan yenidən işə qəbul olunması ilə bağlı sənədləşmə aparılmışdır. Ancaq onu bununla bağlı heç kim işə çağırmamış, ərizə almamış və müqavilə də bağlamamışdır. Hesab edir ki, o, uzun müddətdir ki, yəni 15 il ildir ki, həmin müəssisədə çalışır. Onunla müqavilə müddətsiz bağlanmalı idi. Bu səbəbdən müddətin bitməsi ilə işdən çıxarılması barədə əmr əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, İddiaçı xx.xx.2008-ci il tarixli əmrlə X7 3 ay sınaq müddəti ilə 4-cü dərəcəli elekrtik mantyoru vəzifəsinə işə qəbul edilmişdir. O müddətdən də elektrik montyoru olaraq çalışmışdır. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 məlumat verilsə də heç bir üzrlü səbəb olmadan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki iddia təmin edilməlidir. İş materiallarında olan Bakı Telefon Rabitəsi X4 Telefon Qovşağının K/Ə-60 saylı, xx.xx.2008-ci il tarixli əmri ilə İddiaçı Qobustan EATS-544-ə 3 ay sınaq müddətinə 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Bakı Telefon Rabitəsi X4 Telefon Qovşağının K/Ə-158 saylı, xx.xx.2013-cü il tarixli əmri ilə İddiaçı xx.xx.2013-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək qismən ödənişli sosial məzuniyyətin verilməsi əmr edilmişdir. İş materiallarında olan Bakı Telefon Rabitəsi MMC-nin X5 K/Ə-1465 saylı, xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı qismən ödənişli sosial məzuniyyətindən geri qayıtması ilə əlaqədar onun 07 dekabr 2020-ci il tarixdən əmək fəaliyyətinə başlanılması əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 105 saylı Sərəncamı ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin təşkilatihüquqi forması dəyişdirilərək Bakı X9 Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 1268 saylı əmək müqaviləsinin surətindən görünür ki, V.Ə.X6 Qovşağı EATS-544- Səngəçal, 5-ci dərəcəli elektrik mantyoru vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X9 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 01 saylı bildirişdən görünür ki, 29 yanvar 2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə İddiaçı məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X9 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 1/Ş/RXM6 saylı əmrindən görünür ki, müddətli əmək müqaviləsinə xitam verilməsi əsası ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı şəxsən ona məxsus əmək kitabçasını işdən çıxdığı üçün təhvil almışdır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasından müəyyən olunur ki, İddiaçı X10 qobustan EATS-544-ə 3ay sınaq müddəti ilə 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə xx.xx.2008-ci il tarixdə işə qəbul olmuşdur. xx.xx.2009-cu il tarixdə 5-ci dərəcəli elektrik montyoru təyin edilmişdir. xx.xx.2012-ci il tarixdə öz ərizəsinə əsasən vəzifəsindən azad edilmişdir. xx.xx.2013-cü il tarixdə Səngəçal EATS-544-ə 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı Telefon Rabitəsi istehsalat birliyi yenidən təşkil edilməklə Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. xx.xx.2018-ci il tarixdə öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2018-ci il tarixdə Bakı Telefon Rabitəsi MMC X5 Səngəçal EATS/544-ün stansiyasına 5-ci dərəcəlielektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı Telefon Rabitəsi MMC-nin strukturununu yeni redaksiyada təsdiq edilməsi barədə xx.xx.2018-ci il tarixli 0071 nömrəli iəmrinə əsasən 6 saylı Rabitə Xidmətləri Mərkəzinin “stansiya qurğuları istismarı şöbəsinin Qobustan EATS/1544 stansiyasına (əməliyyatçı) vəzifəsinə keçirilib, elektrik montyoru vəzifəsinə keçirilib. xx.xx.2023cü il tarixdə müqavilə müddətinin bitməsi əsası ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin İddiaçı ünvanlanmış məktubun məzmunundan görünür ki, onun “Bakı Telefon Rabitəsi" MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılmış və ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Bakı Telefon Rabitəsi MMC-nin xx.xx.2021-ci il tarixli İntizam tənbehinin verilməsi haqqında əmrdən görünür ki, Bakı X9 Məsuliyyətli Cəmiyyətinin 6 saylı Rabitə Xidmətləri Mərkəzinin Stansiya qurğularının istismarı şöbəsinin EATS 544-ün (Qobustan) elektrik montyoru İddiaçı əmək və icra intizamının kobud şəkildə pozuntusuna yol verdiyini, ona verilən hüquqlardan sui-istifadə etdiyini nəzərə alaraq ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, iddiaçı xx.xx.2008-ci il tarixdən Bakı Telefon Rabitəsi X4 Telefon Qovşağında elektrik montyoru vəzifəsinə işə qəbul olunmuş, həmin vaxtdan Birliyin tabeliyində olan müxtəlif EATS-lərdə elektrik montyoru olaraq çalışmış, 2013-2020-ci il tarixlərində analıq məzuniyyətində olmuşdur. 29 yanvar 2018-ci il tarixində işdən öz ərizəsi ilə çıxması barədə ərizə ilə bağlı sübut tədim olunmamış, bir gün sonra, yəni 30 yanvar 2018-ci il tarixdən onunla bir illik müqavilə bağlanılması ilə bağlı müqavilə olsa da, iddiaçı onun tərəfindən belə bir müqavilə bağlanılmadığını, həmin vaxt analıq məzuniyyətində olduğunu bildirmiş, bu hal iş materialları ilə də sübuta yetirilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2018-ci il tarixdə iddiaçının işdən çıxma barədə ərizəsinin əsli məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin iradə və motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, o həmin vaxt analıq məzuniyyətində olmuşdur, demək ki onun bir illik müddətə münasibətdə motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Göründüyü kimi, əmək müqaviləsinin müddətli bağlanmasına işçinin razılığı yoxdur, Ona görə də əmək müqaviləsinin müddətə dair şərti (2.1-ci bənd) uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır. Odur ki, həmin müəssisədə (təşkilati hüquqi forması dəyişdirilmiş) 15 ilə yaxın daimi xarakterli əmək fəaliyyəti göstərmiş İddiaçı ilə əmək müqaviləsi müddətin bitməsinə görə ləğv oluna bilməz. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edi edir ki, iddia təmin edilərək, cavabdeh "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 1/Ş/RXM6 saylı əmri ləğv edilməli, İddiaçı işdən çıxarıldığı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə "xxxx" MMC -də əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 1/Ş/RXM6 saylı əmri ləğv edilsin. İddiaçı işdən çıxarıldığı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə "xxxx" MMC -də əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar