Məhkəmə qərarları › İş №e-2(004)-2399/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2399/2025

20.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2399/2025 20.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına olan istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 1 saylı evin, 51 saylı mənzilinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)- 2399/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-2787/2025 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, mülki iş iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbi “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 1 saylı evin, 51 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən qeydiyyatdan çıxarılması” formasında müəyyən etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 1 saylı evin, 51 saylı mənzili Cavabdeh1 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Cavabdehlə iddiaçı arasızda Daşınmaz əmlakın alqı-satqı müqaviləsi Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusunda həyata keçirilib. Həmin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 1 saylı evin, 51 saylı mənzilinə dair iddiaçının adına 06 sentyabr 2023cü il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 1 saylı evin, 51 saylı mənzili keçmiş mülkiyyətçi Cavabdeh1 tərəfindən iddiaçıya satılmış və digər cavabdeh olan ailə üzvləri də mənzilin satılmasına razılıq verərək, mənzildən qeydiyyatdan çıxmalarını öhtələrinə götürmələrinə baxmayaraq, hal-hazıra qədər qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin harada yaşaması məlum deyil. Cavabdehlər Bakı şəhəri,Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 1 saylı evin, 51 saylı mənzilini mənzilini tərk edib getsələr də, bu günə qədər cavabdehlərin bu ünvana pasport qeydiyyatı formal olaraq qalmaqdadır. 4 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 1 saylı evin, 51 saylı mənzilində pasport qeydiyyatındadır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı satıcı Cavabdeh1 tərəfindən alıcı İddiaçı satılmışdır. Müqavilə satıcı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X1 tərəfindən imzalanmışdır. İş materiallarında olan Çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan arayışa əsasən müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən ünvan 1 ünvanı satıcı Cavabdeh1 tərəfindən alıcı İddiaçı satılmışdır. Müqavilə satıcı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X1 tərəfindən imzalanmışdır. ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Cavabdehlər mənzilin satılmasına razılıq verərək, mənzildən qeydiyyatdan çıxmalarını öhdələrinə götürmələrinə baxmayaraq, hal-hazıra qədər qeydiyyatdan çıxmamışlar. Nəticədə, cavabdehlər üzərlərinə götürdüyü öhdəliyə əməl etməmişlər. Yuxarı instansiya məhkəməsi kimi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-2787/2025 nömrəli qərardadında qeyd edilənn hüquqi mövqeyə əsasən, mübahisənin qanuni əsasının öhdəlik hüquq münasibətləri təşkil edir. Sözügedın hüquqi mövqeyə görə cavabdehlər mənzildən qeydiyyatdan çıxmaqla bağlı üzərlərinə götürdükləri öhdəliyə əməl etməmişlər. Odur ki, mübahisənin qanuni əsası qismində MM-in 385, 390.1 və 390.5-ci maddələrinin dispozitiv şərtləri çıxış edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Mənzildə formal qeydiyyatda olmaq istifadə hüququnun yaranmasının əsası qismində çıxış edə bilməz. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına olan istifadə hüququnun itirilmiş hesab edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxarılmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına olan istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına olan istifadə hüququnun itirilmiş hesab edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxarılsınlar. Qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından qeydiyyatından çıxarılması üçün hüquqi əsas təşkil etsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar