Məhkəmə qərarları › İş №e-2(004)-2403/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2403/2022

10.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2403/2022 10.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun bərpa edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun bərpa edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və övladları 11 iyun 2004-cü il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 97A, 41 saylı mənzilə istifadə hüququnun bərpa edilməsi və onların həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı dünyasını dəyişmişdir. Bundan sonra da iddiaçı övladları ilə qeyd edilən ünvanda Cavabdeh mərhum oğlu X10 ilə xx.xx.2003-cü il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra iddiaçı ünvan 1 ünvanına gəlin köçmüş və həmin ünvanda yaşamağa başlamışdır. Həmin ünvanda iddiaçının övladı – 11 iyun 2004-cü il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X11 anadan olmuşlar. Bu dövr ərzində iddiaçı və övladları həmin qeyd olunan mənzildə yaşamışdır. Lakin xx.xx.2020-ci il tarixdə iddiaçının həyat yoldaşı X10 beyninə qansızma nəticəsində yaşamağa davam etmişdir. 2021-ci ilin sentyabr ayında iddiaçı mərhum ərinin il mərasimindən qayıtdıqda qayınatası Cavabdeh tərəfindən heç bir söz deyilmədən mənzilin açarlarının dəyişilməsinin və həmin mənzilə buraxılmadığının şahidi olmuşdur. Bundan sonra iddiaçı məcbur olaraq həmin binanın yuxarı mərtəbəsində yerləşən mənzildə kirayə yaşamaq məcburiyyətində qalmışdır. Hal-hazırda da həmin mənzildə kirayədə yaşayır. İddiaçı ilə cavabdeh yaxın qohumluq münasibətlərində olduğundan, yəni iddiaçı- İddiaçı atası ilə cavabdeh dayı oğlu-bibi oğlu olduğundan mübahisənin məhkəmədənkənar həllinə cəhd göstərilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının və onun övladlarının qeyd edilən mənzildə yaşamaqlarına icazə verilməmişdir. Habelə iddiaçı mərhum əri ilə birlikdə nikah dövründə həmin mənzildə yaşadığı dövr ərzində qeyd edilən mənzili əsaslı təmir etmiş, mənzilə kifayət qədər xərclər çəkilmişdir. Bununla yanaşı iddiaçı və onun ailə üzvlərinin cehiz əşyaları, şəxsi əmlakları və birgə nikah dövründə əldə olunmuş əşyalar həmin mənzildədir. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil2 İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun bərpa edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək ərizəsində qeyd etmişdir ki, İddiaçı Cavabdeh mərhum oğlu X10 ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Evləndikdən sonra iddiaçı cavabdehə məxsus Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən gəlin köçmüşdür. Sonradan cavabdehin razılığı ilə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 97A ünvanında yerləşən 41 nömrəli mənzilə qeydiyyata düşmüşdür. Cavabdehin oğlu vəfat etdikdən sonra öz şəxsi iradəsi ilə həmin mənzildən çıxaraq başqa mənzilə köçmüşdür. İddiaçının həmin mənzildən ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Olmayan hüququn isə bərpası mümkün deyildir. Həmin mənzil cavabdehə məxsusdur və mülkiyyətçinin qanunla qorunan hüquqları Konstitusiyamızda, Avropa İnsan Hüquqları Konvensiyasında, Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsininin qərarlarında öz təsbitini tapmışdır. Belə ki, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 97A ünvanında yerləşən 41 nömrəli mənzilə istifadə hüquqlarının bərpa edilməsi və onun uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə izahatında bildirmişdir ki, iddia ərizələrində də göstərdikləri kimi 2003-cü ildən iddiaçı ailə üzvləri ilə birlikdə həmin bu mübahisəli mənzilə köçmüş və orada yaşamışdır. Yəni faktiki olaraq cavabdeh mənzili iddiaçı və onun ailə üzvlərinə vermişdir. Mənzildə yaşadıqları dövrdə də xərc çəkilmiş, təmir işləri aparılmışdır. Göründüyü kimi, həmin mənzildən öz evləri kimi istifadə etmişlər. Bu günə kimi də iddiaçının əşyaları həmin mənzildədir. İddiaçının və onun ailə üzvlərinin həmin mənzildən çıxarılması ilə bağlı onlara hər hansı məlumat verilməmişdir. Birdən-birə açarlar dəyişilmişdir. Kifayət qədər araşdırma aparılmışdır. Qarşı tərəf də qismən razılaşır ki, iddiaçı ailə üzvləri ilə birlikdə orada yaşadığı dövrdə mənzildə təmir işləri aparılıb. Əlavə olaraq iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, mənzilə istifadə hüququ yaranmadığına görə onun bərpa olunmasından söhbət gedə bilməz. Bunu etirazlarında da ətraflı qeyd etmişlər. Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın-1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəları tətbiq edilməlidir. Belə ki, cavabdehin keçmiş gəlini onun ailə üzvü deyildir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında da qeyd olunduğu kimi, mülkiyyətçinin razılığı ilə onun mülkiyyətində olan mənzilə qeydiyyatın olması istifadə hüququnun yaranması demək deyil. Əlavə olaraq iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-535/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnamədən görünür ki, X12 ilə X6 arasında xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Nəsimi VVADQ şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 479 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X7 X2 yanında qalması qət edilmişdir. İş materiallarında olan AZ-İİ 271534 nömrəli Ölüm haqqında Şəhadətnamənin notarial qaydad təsdiq olunmuş surətinə əsasən X10 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 300 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 3 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-359/69 saylı Arayışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən X10 və X3 nikahı haqqında 28 dekabr 2003-cü il tarixdə 44 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Süleymanova soyadı verilmişdir. Nikaha R.Cavabdeh xx.xx.2020-ci ildə ölməsi ilə xitam verilmişdir. İş materiallarında olan 3 nömrəli Mənzil İstismar sahəsindən verilən xx.xx.2022-ci il tarixli, 43 nömrəli Arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 97A, 41 saylı mənzildə Cavabdeh qeydiyyatdadır. Gəlini İddiaçı, nəvələri X9, X11 həmin ünvanda qeydiyyatda olsalar da hal-hazırda orada yaşamırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı, X9, X1 ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar olunmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 97A, 41 saylı mənzil Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Beləliklə, iddiaçının izahatından və məhkəmə baxışı zamanı müəyyən edilən işin digər hallarından aydın olmuşdur ki, iddiaçı köçürülməklərini tələb etdiyi mənzildə X10 ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olduqdan sonra yaşamağa başlamışdır. Göründüyü kimi, mübahisəli mənzillə bağlı hüquq münasibəti 28 dekabr 2003-cü ildən sonra yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia ərizəsinin məzmunundan da aşkar surətdə görünür ki, iddiaçı mübahisəli evə özünün və uşaqlarının istifadə hüquqlarının tanınmasını və həmin mənzilə köçürülmələrini xahiş etmişdir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanunla Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri öz yetkinlik yaşına çatmayan, uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə İddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da İddiaçı qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, mövcud iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddianın “iddiaçının azyaşlı uşağının mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, işin materiallarından da göründüyü kimi, iddiaçı ilə cavabdehin mərhum oğlu X5 birgə nikahlarından doğulmuş 11 iyun 2004-cü il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X11 anaları İddiaçı yanında qalır. Məhkəmə hesab edir ki, İddiaçı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi rədd edilməli olduğundan, 11 iyun 2004-cü il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X4 yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından, o cümlədən, hazırda iddiaçının yanında qaldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar