Məhkəmə qərarları › İş №e-2(004)-2410/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2410/2023

08.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2410/2023 08.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, K 317 saylı əmri ləğv edib, Azərsu ASC-nin X5 İdarəsi Avtomatka və metrologiya şöbəsi Xətai sukanal idarəsi üzrə suölçən cihazların quraşdırılması təmin və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndisi vəzifəsinə bərpa olunmağı, ona vurulmuş maddi ziyana görə 10000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Azərsu ASC-nin X5 İdarəsi Avtomatka və metrologiya şöbəsi Xətai sukanal idarəsi üzrə suölçən cihazların quraşdırılması təmin və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndis ştatı üzrə xx.xx.2021-ci il tarixli 50k N-li əmri ilə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq müqaviləyə xitam verilmişdir. Hesab edir ki, AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən onun işdən azad olunması qanunsuzdur. Belə ki, hal-hazırda qeyd olunan X5 İdarəsi fəaliyyət göstərir, büdcə təşkilatı deyil və hesab edir ki həmin idarənin ən təcrübəli işçilərindən, yaxşı mütəxəssisi olmuşdur. Əsassız yerə müqaviləni uzatmayıblar. Hazırkı iddia ilə işəgötürən tərəfindən kobud şəkildə pozulmuş hüquqlarının bərpa olunmasını istəyir və ona görə də məhkəməyə iddia ilə müraciət edir. İşəgötürən tərəfindən bu Əmək müqaviləsinin müddəti başa çatarkən əvvəldən nəzərdə tutulmuş müddətdə ona xəbər edilməli idi və müqavilə ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir. Cavabdeh təşkilatda işlədiyi dövrdə aldığı əmək haqqının məbləği normal olmuş və qanunsuz olaraq əmək fəaliyyəti dayandırıldığı üçün hazırkı dövrə qədər həmin pul vəsaitindən məhrum olmaqla maddi ziyana uğramışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 16 avqust 2012-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə işə qəbul olmuşdur. 2019-cu ilə qədər Xətai Sukanal İdarəsində işləmişdir. 2019-cu ilin 3 iyun tarixində Cavabdeh ASC-nin sədrinin məktubuna əsasən yerdəşiyməyə görə onu X5 İdarəsinə göndərmişlər. Oraya gedən vaxtdan X5 İdarəsinin rəhbəri onunla şəxsi-qərəzlik etməyə başlamışdır. İlk olaraq ona heç bir günahı olmadan xəbərdarlıq etmişdir. Servis sistemi var idi, orada işçilər 1 gün işə gedirdilər, 1 gün evdə olurdular. Lakin o 30 gün işləyirdi. Heç bir şikayət olmadan X1 Yoxlama Komissiyası gəlib yoxlama aparmış və ona qeyri-qanuni xəbərdarlıq edilmişdir. İkinci dəfə 5-6 ay sonra işləməyən smart tipli sayğacları mexaniki sayğaclarla dəyişdiyi üçün ona töhmət verilmişdir. Daha sonra 2020-ci ilin oktyabr ayında işləməyən elektron sayğacların dəyişdirilməsi ilə bağlı qrup rəhbərləri göstəriş vermişdir. Ona qrup rəhbəri tərəfindən iş əmri verilmiş, onun əsasında da anbardan 15 diametrli mexaniki sayğac verilmiş və o sayğacları əvəz etmişdir. 2021-ci ilin mart ayında X1 Yoxlama Komissiyası gəlib ona demişdir ki, niyə elektron sayğacları 15 diametrli mexaniki sayğaclarla əvəz edib. O isə bildirmişdir ki, iş əmri olub və o iş əmrini icra etmişdir. Bu səbəbdən ona şiddətli töhmət vermişlər. Bildirmişdir ki, elektron sayğacların 15 diametrli mexaniki sayğacla əvəz olunması ilə bağlı qadağanı ona göstərsinlər. Bundan sonra o Cavabdeh ASC-nin rəhbərliyinin yanında olmuşdur. Ona bildirilmişdir ki, xasiyyətnamə gətirsin. Həmin vaxtı onların qrup rəhbəri dəyişmişdi. Əhməd müəllim adlı bir nəfər qrup rəhbəri oldu. 8 ay qeyri-qanuni, əmrsiz işlədi. 2021-ci ilin 11 iyunda ona xasiyyətnamə yazdığını, X5 İdarəsindən götürməli olduğunu bildirmişdir. İdarəyə gələndə kadr şöbəsinin mütəxəssisi ona əmək kitabçasını vermiş və bildirmişdir ki, işdən xaric olunur, onun əmək müqaviləsinin müddəti uzadılmayıb. Onlar yerdəyişmə edəndə Cavabdeh ASC onları aldatmış, bildirmişdir ki, ərizə yazın, işdən çıxın, onlarla əmək müqaviləsi davam edəcək. Sonra onlarla bir illik müqavilə bağlamış, 3 ay ona sınaq müddəti vermişlər. O 5-ci il idi ki, həmin vəzifədə işləmişdir. 1 il tamam olandan sonra qeyri-qanuni olaraq, onunla şəxsiqərəzlik edərək onun müqaviləsini uzatmamışlar. Əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilib. Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilib. xx.xx.2019-cu il tarixdə Cavabdeh ASC-nin yerdəyişmə ilə bağlı məktubu var. Nazirlər Kabinetinin Cavabdeh ASC-nin strukturunda göstərilir ki, X5 və Xətai Rayon Sukanal İdarəsi hüquqi, fiziki şəxs deyil. Onların VÖEN-ləri eynidir. Əmr veriləndə bu məktub nəzərə alınmayıb. O 5 dəfə prezidentə, Mehriban xanıma şikayət ərizəsi yazmışdır. Onun işi bacarmadığını bildirirdilər. Lakin idarədə onun necə işçi olduğu haqqında hər kəsin məlumatı var. 30 gün işdə olmuşdur. Necə ola bilər ki, Xətai Rayon Sukanal İdarəsində işləyə bilmiş, lakin X5 İdarəsində işləyə bilməmişdir. Şəxsən özü mühəndis ola-ola sayğacı çilingərsiz dəyişmişdir. X2 də müraciət etmişdir. Ona cavab verilmişdir ki, onları yoxlaya bilməzlər. İnsan resurslarına da müraciət etmişdir. Son dəfə dekabr ayında Prezident Aparatında işlər müdiri qəbul emişdir. Ona bildirmişdir ki, məhkəməyə müraciət etsin. Ondan sonra məhkəməyə müraciət etmişdir. O işdən azad olumağı ilə bağlı heç bir bildiriş almamışdır. Sonuncu dəfə iş yerindən xasiyyətnamə istədiyində, ona kadrlar şöbəsindən işdən azad olunmağı bildirilmişdir. Bundan öncə isə ona qeyri-qanuni olaraq şiddətli töhmət verilmişdir. Həmçinin kadrlar şöbəsinin işçisi onu təhqir etmiş və ona onunla işləmək istəmədiyini bildirmişdir. Bundan sonra məcburiyyət qarşısında qalaraq cənab Prezidentə və Mehriban xanım Əliyevaya 5 dəfə şikayət ərizəsi yazmışdır. Şikayət ərizələrinin hamısına eyni məzmunda cavab verildiyinə görə, keçən ilin dekabr ayında Prezident Aparatında qəbulda olmuş və ona məhkəməyə müraciət etməyi təklif edilmişdir. Bundan sonra mediasiya prosesini keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Yəni iddianın gec verilməsinin səbəbi bu olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Qarşı tərəf müəyyən məsələləri düzgün qeyd etmir. İddiaçı bir il yox, iki il işləyib. xx.xx.2019-cu il tarixdə işə daxil olub, xx.xx.2021-ci il tarixdə işdən azad olub. Cavabdeh ASC-nin Xətai Rayon Sukanal İdarəsinin müvafiq şöbəsində işləyib. Sonra Cavabdeh ASC-də struktur dəyişikliyi olub. Sayğac quraşdırılması üzrə olan qruplar X5 İdarəsinin nəzdinə verilib. Buna görə də müqavilələrə xitam verilib, 600 nəfərə yaxın işçi X5 İdarəsinə yeni əmək müqaviləsi ilə işə götürülüb. xx.xx.2019-cu ildə X5 İdarəsinə daxil olub. Ondan əvvəl Cavabdeh ASC-nin başqa qurumunda başqa əmək müqaviləsi ilə işləyib. Mediasiyada olarkən də iddiaçıya izah etmişdir ki, Xətai Rayon Sukanal İdarəsi ayrı qurumdur, onlar ayrı. Onun bağladığı əmək müqaviləsi ilə başqa qurumda çalışa bilməz. Ona görə də həmin müqaviləyə xitam verilib, yeni əmək müqaviləsi bağlanılıb. İddiaçının yaşı da çoxdur, işi də ağırdır, işində də özü qeyd etdiyi kimi nöqsanlar olub. Yeni gənc kadrlardan istifadə məqsədilə, iddiaçının da pensiya yaşının çoxdan keçməsini nəzərə alaraq müqavilənin müddəti uzadılmamışdır. xx.xx.2019cu ildə Xətai Rayon Sukanal İdarəsində olan əmək müqaviləsinə xitam verilmişdir. Yenidən onların idarəsində Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü bəndinə əsasən xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə onların idarəyə işə daxil olub, 2 il sonra da işdən azad olunub. Əmək müqaviləsi müddətli əmək müqaviləsidir. 1 illik bağlanılıb. İdarə rəisi Eyvaz Hüseynovdur. Həmçinin əlavə etmək istəyir ki, iddiaçı özü də əmək kitabçasını aldığını qeyd etmişdir, məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Heç bir barışıq əldə edilməmişdir. Həmçinin bildirmək istəyir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilməli olduğu vaxtdan təxminən 1 il yarım sonra verilmişdir, yəni iddia müddəti ötürülmüşdür. Bundan başqa təmsil etdiyi qurum tərəfindən iddiaçının əmək müqaviləsinə müddət bitdiyinə görə, onun yaşı ilə əlaqədar qanuni formada xitam verilmişdir. İddiaçının işdən azad oluması ilə bağlı hər hansı bir pozuntuya yol verilməmiş, onunla bütün haqqhesab məsələləri görülmüş, bütün prosedur qaydalara əməl edilmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Cavabdeh ASC-nin X5 İdarəsinə ünvanladığı yerdəyişmə haqqında məktubdan görünür ki, Xətai Rayon Sukanal İdarəsinin işçisi İddiaçı X5 İdarəsinə metrologiya üzrə mühəndis vəzifəsinə təyin olunmasının müvafiq qaydada həll edilməsi tapşırılmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin Xətai Rayon Sukanal İdarəsinin xx.xx.2019-cu il tarixli 32-k saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin 05-ci bəndindən görünür ki, İddiaçı – suölçən cihazların quraşdırılması və istismarın nəzarət qrupunun metrologiya üzrə mühəndis ilə bağlanmış əmək müqaviləsi AR ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2019-cu il tarixdən ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin X5 İdarəsinin xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması haqqında 124-k saylı əmrə əsasən İddiaçı onunla bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən suölçən cihazların quraşdırılması sahəsinə 12-ci dərəcə ilə metrologiya üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh ASC-nin Xətai Rayon Sukanal İdarəsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2012-ci tarixli əmək müqaviləsinə AR ƏM-nin 69-cu maddənin 3-cü bəndinə əsasən (işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatdan görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi xx.xx.2019-cu il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Bildiriş xx.xx.2019-cu il tarixdə imzalanmışdır. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh ASC-nin X5 İdarəsinə suölçən cihazların quraşdırma sahəsinə 12-ci dərəcə ilə metrologiya üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olmaqla əmək müqaviləsinin müddətinin qutardığı tarix xx.xx.2020-ci il müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh ASC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu tarixli əmək müqaviləsinə AR ƏM-nin 73-cü maddənin 1-ci bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar) xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh ASC Xətai Rayon Sukanal İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı Xətai Rayon Sukanal İdarəsində kommersiya şöbəsində mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh ASC X5 İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, M-68/2019 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ASC X5 İdarəsinin suölçən cıhazların quraşdırma sahəsinə 12-ci dərəcə ilə metrologiya üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi qarşılıqlı razılıq əsasında xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək bir il müddətinə bağlanmışdır. İş materiallarında olan Cavabdeh ASC X5 İdarəsinin xx.xx.2019-cu il tarixli 58 nömrəli İntizam məsuliyyəti barədə Əmrindən görünür ki, Cavabdeh ASC X5 İdarəsinin Xətai SKİ üzrə suölçən cihazların quraşdırılması təmiri və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndisi İddiaçı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh ASC X5 İdarəsinin xx.xx.2021-ci il tarixli 102 nömrəli İntizam tənbehi barədə Əmrindən görünür ki, Cavabdeh ASC X5 İdarəsinin Xətai SKİ üzrə suölçən cihazların quraşdırılması təmiri və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndisi İddiaçı şiddətli töhmət elan edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, siz-İddiaçı yaşa görə təqaüddədir. Lakin hal-hazırda X5 İdarəsinin Avtomatika və metrologiya şöbəsinin Xətai Sukanal İdarəsi üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndisi vəzifəsində işləyir və əmək funksiyasını layiqincə yerinə yetirə bilmədiyi üçün xx.xx.2021-ci il tarixində rəhbərlik tərəfindən ona intizam tənbehi tətbiq edilmişdir Məlumat üçün bildirilir ki, onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti AR ƏM-nə əsasən tənzimlənir. İş materiallarında olan Cavabdeh ASC X5 İdarəsinin xx.xx.2021-ci il tarixli Bildirişindən görünür ki, Azərsu” ASC X5 İdarəsinin Xətai SKİ üzrə suölçən cihazların quraşdırılması təmiri və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndisi İddiaçı onunla bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin b bəndi ilə xitam veriləcəyi barədə xəbərdar olunmuş və işçi İddiaçı bildirişlə xx.xx.2021-ci il tarixdə imza etməklə tanış olmuşdur. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə verərək İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa tələbi”nə dair icraat üzrə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı işəgötürənin (Cavabdeh ASC X5 İdarəsi) 11 iyun 2021-ci il tarixli 317 k saylı əmri ilə tərəflər arasında olan əmək müqaviləsinə xitam verilmişdir. Hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etsə də qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Fərdi əmək mübahisələri üzrə iddia müddətinin tətbiq edilməsi AR ƏM-nin 296-cı maddəsi ilə nizama salınır. Həmin maddənin 1-ci və 2-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsində qeyd edilmişdir ki,

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndində qeyd edilmişdir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 73.1-ci və 73.2-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işəgötürən Cavabdeh ASC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu tarixli əmək müqaviləsinə AR ƏM-nin 73-cü maddənin 1-ci bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar) xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, K 317 saylı əmri ləğv edib, Azərsu ASC-nin X5 İdarəsi Avtomatka və metrologiya şöbəsi Xətai sukanal idarəsi üzrə suölçən cihazların quraşdırılması təmin və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndisi vəzifəsinə bərpa olunmağı, ona vurulmuş maddi ziyana görə 10000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, ilk növbədə iş materiallarında olan Cavabdeh ASC X5 İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, M-68/2019 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ASC X5 İdarəsinin suölçən cihazların quraşdırma sahəsinə 12-ci dərəcə ilə metrologiya üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir və müqavilədə əmək müqaviləsinin qarşılıqlı razılıq əsasında 1 il müddətinə yəni müddətli bağlandığı qeyd olunmuşdur. Həmin müqavilə İddiaçı tərəfindən imzalanmışdır. İddiaçı imzası onun müddətli əmək müqaviləsinin bağlanılmasına razılığının ifadəsidir. Bundan sonra xx.xx.2019-cu il tarixli, M-68/2019 saylı əmək müqaviləsinə əsasən müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Cavabdeh ASC X5 İdarəsinin Xətai SKİ üzrə suölçən cihazların quraşdırılması təmiri və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndisi İddiaçı ilə xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi rəhbər tutularaq əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Sözügedən əmək münasibətlərinə gəldikdə isə İddiaçı Cavabdeh ASC X5 İdarəsində xx.xx.2019-cu ildə işə qəbul olunmuş və xx.xx.2021-ci il tarixdə isə əmək münasibətlərinə xitam verilmişdir. İş materiallarından da görünür ki, İddiaçı ilə Cavabdeh ASC X5 İdarəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə bir dəfə 1 il müddət tamam olduqda yenilənmişdir. Belə ki, AR ƏM-nin Məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Lakin daha sonra işəgötürən işçinin əmək müqaviləsini 2-ci müddətə uzatmamışdır. Belə ki, iş materiallarında olan Cavabdeh ASC X5 İdarəsinin xx.xx.2021-ci il tarixli Bildirişindən görünür ki, Azərsu” ASC X5 İdarəsinin Xətai SKİ üzrə suölçən cihazların quraşdırılması təmiri və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndisi İddiaçı onunla bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin b bəndi ilə xitam veriləcəyi barədə xəbərdar olunmuş və işçi İddiaçı bildirişlə xx.xx.2021-ci il tarixdə imza etməklə tanış olmuşdur. Bundan əlavə iş materiallarında olan Cavabdeh ASC X5 İdarəsinin xx.xx.2019cu il tarixli 58 nömrəli İntizam məsuliyyəti barədə Əmrindən görünür ki, Cavabdeh ASC X5 İdarəsinin Xətai SKİ üzrə suölçən cihazların quraşdırılması təmiri və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndisi İddiaçı xəbərdarlıq edilmişdir. Habelə Cavabdeh ASC X5 İdarəsinin xx.xx.2021-ci il tarixli 102 nömrəli İntizam tənbehi barədə Əmrindən görünür ki, Cavabdeh ASC X5 İdarəsinin Xətai SKİ üzrə suölçən cihazların quraşdırılması təmiri və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndisi İddiaçı şiddətli töhmət elan edilmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh ASC X5 İdarəsinin Xətai SKİ üzrə suölçən cihazların quraşdırılması təmiri və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndisi İddiaçı ilə əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi ilə xitam verərkən qanunvericiliyin tələblərinə tam riayət etmişdir və bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Həmçinin iş materiallarına əlavə edilən Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixdə iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa tələbi”nə dair icraat üzrə iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizədə qeyd olunmuşdur ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı işəgötürənin (Cavabdeh ASC X5 İdarəsi) 11 iyun 2021-ci il tarixli 317 k saylı əmri ilə tərəflər arasında olan əmək müqaviləsinə xitam verilmişdir. Hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etsə də qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Fərdi əmək mübahisələri üzrə iddia müddətinin tətbiq edilməsi AR ƏM-nin 296-cı maddəsi ilə nizama salınır. Həmin maddənin 1-ci və 2-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Odur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi ilə xitam verilməsi əsaslı olduğundan və iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar