Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2444/2024 28.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı1, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “İddiaçı1lə Cavabdeh2 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi ev 11, 107 saylı mənzilə dair bağışlama müqaviləsinin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi ev 11, 107 saylı mənzilinə dair bağışlama müqaviləsinin də əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş Çıxarışın ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat pulun cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi ev 11, 107 nömrəli mənzil hazırda Cavabdeh1 mülkiyyətindədir. Belə ki, həmin mənzil ilkin olaraq İddiaçı3 tərəfindən qohumu X2 adına 20 iyun 2002-ci ildə alınmışdır. 2006-cı ilin aprel ayında İddiaçı1 Cavabdeh2 ilə ailə qurarraq rəsmi nikah bağlamışdır. Cavabdeh1 Cavabdeh2 anasıdır. 2006-cı ildə həmin mənzili X1 Ruslan İsmayıloviçin adına bağışlama yolu ilə sənədləşdirmişdir. Təxminən 2008-ci ildə Cavabdeh1 övladı Cavabdeh2 ilə İddiaçı1 nikahlarını pozacağı adı ilə onları təhdid edərək kürəkənini məcbur etmişdir ki, həmin mənzili qızına bağışlasın. Nikahın pozulacağından ehtiyat edərək İddiaçı1 mənzili arvadına bağışlamışdır. 2018-ci ildə isə yenə də qaynana nikahlarını pozacağı adı ilə yenidən təhdid edərək mənzili qızının adınadan öz adına bağışlama yolu ilə keçirmişdir. Nikahın pozulacağından ehtiyat edən İddiaçı1 buna razılıq vermişdir. Qızının nikahını pozacağı ilə çoxlu sayda əmlaklar cavabdeh tərəfindən ələ keçirilmişdir. Daha ələ keçirməli əmlak qalmayanda isə həqiqətən 2022-ci ilin yanvar ayında qızı ilə İddiaçı1 nikahının pozulmasını məhkəmə vasitəsi ilə həyata keçirmişdir. Beləliklə, Cavabdeh1, qızı Cavabdeh2 İddiaçı1lə nikahda olmasından istifadə edərək mənzili və digər əmlaklarımızı təhdid yolu ilə ələ keçirməklə, hüquqdan sui-istifadə etmiş və əsassız varlanmışdır. Bildiririk ki, həmin mənzil 2002-ci ildə iddiaçılar tərəfimizdən alınmışdır və həmin mənzili təmir etdikdən sonra 2003-cü il tarixdən həmin mənzildə yaşayırlar. Mənzil iddiaçılar tərəfindən əsaslı olaraq təmir edilib. Mənzilin dəyəri və təmir xərcləri iddiaçılar tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən həmin mənzilə görə heç bir vəsait ödənilməmişdir. Cavabdeh həmin mənzildə bir gün belə yaşamamışdır. Hal-hazırda da həmin mənzildə iddiaçılar yaşayırlar. Həmin mənzil X2 adına "xxxx" MTK-dan 20 iyun 2022-ci il tarixli 20/107 nömrəli müqavilə əsasında alınmışdır. Hal-hazırda binanı idarə edən “Nəsimi-6 ” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 09 yanvar 2024-cü il tarixli 181 saylı arayışında göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr. Cavadxan küçəsi ev 11, 107 saylı mənzilin saxlanılması və istismarı üçün nəzərdə tutulan kommunal xidmət haqqı İddiaçı3 tərəfindən ödənilir. Həmin Cəmiyyətin 11 yanvar 2024-cü il tarixli 184 saylı arayışında göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, Cavadxan küçəsi ev 11, 107 saylı mənzil İddiaçı3 və İddiaçı2 tərəfindən 2003-cü ildə təmir edilib və həmin tarixdən mənzildə yaşayırlar. Nəticə etibarı ilə mənzil təhdid yolu ilə əldə edildiyindən mənzilin bağışlama müqavilələri etibarsız hesab edilmnəli və daşınmaz əmlakın dövlət reyestrindən mənzilə dair verilmiş çıxarışlar ləğv edilməlidir. Bu səbəbdən, iddianın təmin edilməsi xahiş edilir. İddiaçılar İddiaçı1 məhkəmə iclasında iştirak edərək iddia ərizəsində göstərilən xüsusatları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia ərizəsində göstərilən xüsusatları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasını xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan çıxarışın surətinə və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mənzil Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339-cu maddəsinin başlığı bu qaydada müəyyən edilmişdir: hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə predmeti olan müqavilələr üzrə etibarsızlığın qeyd edilən əsasları müəyyən edilmir. Məhkəmə iddiaçının vəkilinə izah edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe əsas götürülməklə hazırki mübahisə predmeti üzrə müqavilələr etibarsız əqdlər deyil, mübahisələndirilən əqdlər kateqoriyasına aid olduğundan əqdlər bağlandığı andan deyil, yalnız mübahisələndirildiyi andan etibarsız hala gəlir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Məhkəmə izah edir ki, mənzilin əvvəllər iddiaçıya məxsus olması öz-özlüyündə mübahisə predmeti olan bağışlanma müqavilələrinin etibarsızlığına dəlalət etmir. “Müqavilə azadlığı” prinsipinin şərtləri çərçivəsində mülki hüquq münasibətlərinin obyektlərinin etibarlı əqd əsasında özgəninkiləşdirilməsi mümkündür. Mülki iş üzrə sübutların təqdim edilməsi məqsədilə ümumilikdə 3 (üç) hazırlıq iclası keçirilsə də, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən xüsusatları təsdiq edən sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, sübutetmə funksiyası həyata keçirilməmişdir. İddia tələbi üzrə ümumiyyətlə məhkəməyə sübut təqdim edilməmiş, əsaslı mülahizələr bildirilməmişdir. Bu səbəbdən, məhkəmə iddia ərizəsində qeyd edilənləri mülahizə xarakterli olduğunu nəzərə alır. İddiaçı tərəf cavabdehlər tərəfindən ona edilmiş təhdidləri (əgər baş vermişsə) sübut edəcək biləcək əsaslı material təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, tərəflər 16 il müddətində nikahda olmuşlar. Hətta ilk bağışlanma baş tutandan (2008-ci il) 14 il müddətə nikah münasibətləri mövcud olmuşdur. Mənzilin sonuncu əldə edən cavabdehin mülkiyyətinə keçəndən (2018-ci il) 4 il müddətinə nikah münasibətləri davam etmişdir. Məhkəmə araşdırmasını zamanı müəyyən edilmişdir ki, bir müddət əvvəl digər mülki iş üzrə hazırki mülki iş üzrə cavabdeh (mülkiyyətçi) iddiaçılara qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia qaldırmış və iddia tələbi təmin edilmişdir (həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır). Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçılar hazırki iddia tələbi üzrə MM-in 354.2-ci maddəsində müəyyən edilmiş 1 (bir) illik kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişlər. Belə ki, ən azından tərəflər arasında nikahın pozulmasının üzərindən iddia qaldırılan vaxta kimi 3 ilə yaxın müddət ötmüşdür. Məhkəmə tərəflərə izah edir ki, hakim qanundan və sübutetmədən (çəkişmə) asılı olmaqla müvafiq qanuni və əsaslı qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlər nəzərə alınmaqla, ödənilmiş məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək iddia tələbi sübuta yetirilmədiyindən və əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabainet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2444/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2444/2024
28.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver