Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2450/2024 14.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı qanun üzrə “vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizələri əsasında ataları X9 ölümü ilə bağlı mirasın açılması və iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 53 saylı notariusu X4 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizələri əsasında ataları X9 ölümü ilə bağlı iddiaçılara vərəsəlik işinin açılması öhdəliyinin Bakı şəhəri 53 saylı Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X16 18 avqust 2023-cü il tarixində ölmüşdür. Onun ölümündən sonra miras açılmalıdır. Bununla əlaqədar iddiaçılar mirasın açılması üçün X9 yaşadığı yer üzrə Bakı şəhəri 53 saylı Notariat ofisinə müraciət etmişlər. Bakı şəhəri 53 saylı Notariat ofisinin notariusu Səma Ələkbərovanın 18 mart 2024-cü il tarixli 1519 və 1520 saylı məktubları ilə iddiaçıların barəsində “Elektron Notariat informasiya Sistemin"də notariat hərəkətlərinin dayandrılması ilə bağlı müraciət olduğundan onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Hesab edir ki, notariusun hərəkətləri qanunsuzdur, iddiaçıların ərizələri əsasında mirasın açılmasından və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunması üçün əsaslar olmamışdır. Təkzib olunmaz faktlar ondan ibarətdir ki, X16 18 avqust 2023-cü il tarixində ölmüşdür. İddiaçılar mərhum X20 övladları olaraq mirasın açılması barədə notariusa müraciət etmək hüquqları olmuşdur. Cavabdehin imtina məktublarında “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsilə notariat hərəkətlərini aparmaqdan imtina etməli olduğu əsaslardan heç biri qeyd olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 53 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının səlahiyyətli nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş emişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 369368 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 15 avqust 2023-cü il tarixdə ölmüşdür. 7 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında arayışdan görünür ki, X2 Alagöz Nəcəfxan qızı arasında nikah bağlanmış və nikah haqqında 01 dekabr 1998-ci il tarixdə 978 nömrəli akt qeydi tərtib edilmişdir. 7 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən təkrarən verilmiş AZ- İİ seriyalı 369374 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 09 avqust 1996-cı il tarixdə ölmüşdür. AR Ədliyyə Nazirliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinin İddiaçı1 və İddiaçı2 ünvanladığı 18 mart 2024-cü il tarixli məktublardan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X13 məxsus miras əmlaklara vərəsəlik şəhadətnaməsi verilməsinə dair xx.xx.2024-cü il tarixdə daxil olan müraciətə cavab olaraq bildirmişdir ki, “X7”ində notariat hərəkətlərinin dayandırılması ilə bağlı müraciət olduğundan vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qeyri-mümkündür. X3 Notariat Ofisinə ünvanladığı **********618 nömrəli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə atası X16 ölmüşdür. Mirasın tərkibi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən torpaq sahələri, ünvan 5, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 78, ünvan 2 ünvanında yerləşən əmlaklar ondan irs qalmışdır, mirası qəbul edir. X1 Notariat Ofisinə ünvanladığı **********983 nömrəli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə əri X16 ölmüşdür. Mirasın tərkibi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən torpaq sahələri, ünvan 3 3095-ci məhəllə, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 78, ünvan 2 ünvanında yerləşən əmlaklar ondan irs qalmışdır, mirası qəbul edir. X1 Notariat Ofisinə ünvanladığı **********982 nömrəli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X8 miras qalmış bütün əmlaklar üzrə mülkiyyət hüququnu qəbul edir. Ona ər-arvadın ümumi əmlakdakı paya mülkiyyəti hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 78 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2022-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə X9 adına qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2020-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə X9 adına qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq xx.xx.2021-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə X9 adına qeydə alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 384 nömrəli sərəncamına əsasən X13 fərdi yaşayış evinin tikintisi üçün Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 8-də ayrılmış 600 kv.m torpaq sahəsində yerləşən sahəsi 101,4 kv.m olan 3 yaşayış otağından və 46,7 kv.m olan 2 köməkçi otaqlarından ibarət 2 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınması qərara alınmışdır. Məhkəmə sorğusuna əsasən notariat ofisindən daxil olmuş xüsusi qeyd barədə məlumatlardan görünür ki, 01 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsindən İddiaçı2, İddiaçı2 və X6 barəsində notariat hərəkətlərinin aparılmasının dayandırılması ilə bağlı müraciət daxil olmuşdur. Məhdudiyyətin tətbiqi ilə bağlı müvafiq qərar istənilmiş, təqdim olunduğu halda “ENİS”-ə yerləşdiriləcəkdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda miras qoyma hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən, əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən, əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Həmin qanuna əsasən notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər. Həmin Qanunun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 107-ci bəndinə əsasən, miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Kredit alınması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqlar məhdudlaşdırıldıqda və kreditor barədə məlumat, daşınmaz əmlakın təsviri bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışa əsasən məlum olduqda, notarius kreditora bildirir ki, borc alanın vərəsələrinə vərəsəlik şəhadətnaməsi verilmişdir. Əmlak üzərində məhkəmə və ya istintaq orqanları tərəfindən həbs qoyulmuşdursa, vərəsəlik şəhadətnaməsinin verilməsi həbs götürülənədək dayandırılır. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ataları X16 xx.xx.2023-cü il tarixdə ölmüş və Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən iddiaçılara dair vərəsəlik işinin açılmasından imtina edilmişdir, hazırda isə iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizələri əsasında ataları X9 ölümü ilə bağlı iddiaçılara vərəsəlik işinin açılması öhdəliyinin Bakı şəhəri 53 saylı Notariat Ofisinin üzərinə qoyulmasını xahiş edir. Belə ki, məhkəmə hesab edir ki, Bakı şəhəri 53 saylı Notariat Ofisi notariat işlərinin aparılmasından imtina edərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsində göstərilən notariat hərəkətlərini aparmaqdan imtina edilməsi və ya dayandırılması üçün əsaslar mövcud olmamışdır. Odur ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli və iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizələri əsasında ataları X9 ölümü ilə bağlı vərəsəlik işinin açılması öhdəliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizələri əsasında ataları X9 ölümü ilə bağlı vərəsəlik işinin açılması öhdəliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2450/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2450/2024
14.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver