Məhkəmə qərarları › İş №e-2(004)-2466/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2466/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2466/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Cavabdeh Gökhan Kutlunun iştirakı ilə, İddiaçı cavabdeh Gökhan Kutluya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gökhan Kutluya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış müqavilə üzrə 2022-2023-cü təhsil ili üzrə ödənməmiş, 6,500 (altı min beş yüz) manat miqdarında əsas borcun, ona uyğun hesablanmış 2,600 (iki min altı yüz) manat miqdarında dəbbə pulu və dövlət rüsumu qismində ödənilmiş 111 (yüz on bir) manat dövlət rüsumu olmaqla, yekunda 9,211 (doqquz min iki yüz on bir) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı filialı və Kutlu Gökhan arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” 04 avqust 2016-ci, 15 sentyabr 2021-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən İddiaçı Bakı filialı Kutlu Gökhanın X3yə müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Aralarında bağlanmış sonuncu müqavilənin 5.1-ci maddəsinə əsasən 1 (bir) tədris ili üçün təhsil haqqı 6000 (altı min) manat təşkil edir. Həmin Müqavilənin 5.4-cü maddəsinə görə, Lisey inflyasiya və digər iqtisadi proseslərə görə Təhsil Haqqını dəyişmək hüququnu özündə saxlayır. Məhz bu maddəni rəhbər tutaraq Lisey 2022-2023-cü il üzrə təhsil haqqını 8,500 (səkkiz min beş yüz) manat miqdarında müəyyən etmiş, müqavilə şərtlərinin yenilənməsi ilə əlaqədar Valideyn dəfələrlə Liseyə dəvət olunmuşdur. Aralarında bağlanmış müqavilənin müvafiq maddələrinə əsasən, Lisey tərəfindən çağırıldıqda Valideyn 5 iş günü ərzində Liseyə yaxınlaşmalıdır. Lakin Valideyn bu öhdəliyinə də riayət etməmiş, xəbərdarlıqlarla yanaşı, Liseyin əməkdaşlarının da zənglərini cavabsız qoymuş, Liseyə hər hansı məlumat verməmişdir. Bu günə qədər də dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq Valideyn nə müqaviləni yeniləmiş, nə də mövcud borcunu ödəmişdir. Buna baxmayaraq şagird bu günə qədər Lisey tərəfindən göstərilən təhsil xidmətlərindən faktiki olaraq istifadə etməkdədir. Müqavilə yenilənməsi və borcun ödənilməsinə dair Valideynə xx.xx.2023, xx.xx.2023, xx.xx.2024-cü il tarixli xəbərdarlıqlar ünvanlanmışdır. Həmçinin Təhsil haqqının artırılması ilə əlaqədar Liseyin müvafiq əmri mövcuddur . Həmin əmrdən çıxarış bu ərizəyə qoşma Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: qismində əlavə edilir. Beləliklə, Lisey tərəfindən xidmətlər faktiki olaraq 8.500 manat illik təhsil haqqı əsasında göstərilmiş, cavabdeh də bu qiymətlər əsasında xidmətlərdən bu günə qədər yararlanmışdır. Valideynin müqavilə yeniləməkdən boyun qaçırması, Liseyə hər hansı məlumat verməməsi, müraciət və zəngləri cavabsız qoyması öhdəlikdən yayınma hesab olunur. Məhkəmə iclasında iştirak edən cavabdeh Gökhan Kutlu izahatında bildirmişdir ki, iddia tələbi ilə qismən razıdır. X1 9 ildir İdrak liseyində təhsil alır. Təhsil xidmətinin göstərilməsinə dair hər il məktəblə onun arasında müqavilə təzələnir. Müqaviləyə əsasən hər il sentyabr ayının 15-dək təhsil haqqı ödənilməlidir. 2023-cü ildə məktəblə onun arasında müqavilə bağlanmasa da, o məktəbə 2000 manat məbləğində ödəniş etmişdir. 6500 manat pul tələbini qəbul edir, borcunu hissə-hissə ödəyəcəkdir. Lakin dəbbə pulu ilə razı deyil. Dəbbə pulu hissəsində iddia tələbinin təmin olunmamasını xahiş edir. İddia tələbini qismən qəbul etməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı "İdrak” Liseyi ərizə ilə məhkəməyə müraciət edərək, iştiraklarının qeyrimümkün olduğunu bildirərək, baxış iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq olunan: 15 sentyabr 2021- ci ildə İddiaçı (bundan sonra ümumi təhsil müəssisəsi), ilə X4 (bundan sonra şagird) və Kutlu Gökhan (bundan sonra valideyn adlandırılacaq) müəyyən şərtlərlə müqavilə bağladılar. Bu müqaviləyə görə “Lisey” şagirdə rus bölməsi üzrə yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, “valideyn” isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürür. 01 fevral 2023-cü il tarixli İddiaçı “İllik təhsil haqqı qiymətləri barədə” əmrindən görünür ki, Azərbaycan və Rus bölməsi üzrə İ-İV siniflərin illik təhsil haqqı – 8000 (səkkiz min) manat, Azərbaycan və Rus bölməsi üzrə V-Xİ siniflərin illik təhsil haqqı – 8500 (səkkiz min beş yüz) manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Kutlu Gökhanın 2023-2024-cü təhsil ili üzrə Liseyə olan əsas borc 6500 (altı min beş yüz) manat, dəbbə pulu üzrə borc 2600 (iki min altı yüz) manat, ümumilikdə 9100 (doqquz min yüz) manat borcu vardır. 27 mart 2024-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən müqavilənin yenilənməsi üçün 5 iş günü ərzində Liseye yaxınlaşmağı xahiş etmiş, əks təqdirdə şagirdin dərslərə buraxılması dayandırılacaq və aralarında bağlanmış müqaviləyə xitam verilməsi barədə cavabdeh Gökhan Kutluya xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzinə əsasən məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 111 (yüz on bir) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında təhsil xidmətinin göstərilməsi barədə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən İddiaçı Bakı filialı Kutlu Gökhanın X3yə müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Aralarında bağlanmış sonuncu müqavilənin 5.1-ci maddəsinə əsasən 1 (bir) tədris ili üçün təhsil haqqı 6000 (altı min) manat təşkil edir. Həmin Müqavilənin 5.4-cü maddəsinə görə, Lisey inflyasiya və digər iqtisadi proseslərə görə Təhsil Haqqını dəyişmək hüququnu özündə saxlayır. Məhz bu maddəni rəhbər tutaraq Lisey 2022-2023-cü il üzrə təhsil haqqını 8,500 (səkkiz min beş yüz) manat miqdarında müəyyən etmiş, müqavilə şərtlərinin yenilənməsi ilə əlaqədar Valideyn dəfələrlə Liseyə dəvət olunmuşdur. Tərəflər arasında 2023-2024-cü il təhsil il üzrə müqavilə bağlanmasas da, müqavilə münasibətləri davam etdirilmişdir, 06 aprel 2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh 2000 (iki min) manat məbləğində liseyə ödəniş etmişdir. Hazırda iddiaçı borcun və dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi 6500 manat məbləğində borcun ödənilməsi hissəsində əsaslıdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın dəbbə pulunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilə üzrə hesablanmış 2600 manat dəbbə pulunun tənasübsüz yüksək olmasını nəzərə alaraq, dəbbə pulunun məbləğinin azaldılmasını və 190 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 87 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, сavabdeh Gökhan Kutludan 6500 (altı min beş yüz) manat məbləğində əsas borc və 190 (bir yüz doxsan) manat dəbbə pullu olmaqla, cəmi 6690 (altı min altı yüz doxsan) manat pul və ödənilmiş dövlət rüsumunun 87 (səksən yeddi) manat hissəsi tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Gökhan Kutludan 6500 (altı min beş yüz) manat məbləğində əsas borc və 190 (bir yüz doxsan) manat dəbbə pullu olmaqla, cəmi 6690 (altı min altı yüz doxsan) manat pul və ödənilmiş dövlət rüsumunun 87 (səksən yeddi) manat hissəsi tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar